Yuxarı

Adam molla

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə yaxın qohumum Vaqif dünyasını dəyişdi. Xəbəri eşidəndə çox sarsıldım. Ağlımdan keçən və dilimə gələn söz bu oldu: "Heyf, ölməli adam deyildi".

Rəhmətlik xeyirxah adam idi. Hər kəsin işinə yarayardı. Ali təhsili vardı. Gənclik illərində o qədər də böyük olmayan vəzifələrdə çalışmışdı. Respublikamız müstəqilliyini elan etməzdən öncə o öz "müstəqilliyini elan etmişdi". Savadı və dini bilgiləri imkan vermişdi ki, kənddə mollalıq etsin. Onun rəhmətlik atası Mürşüd müəllim də kəndin mollası olmuşdu. Amma əvvəlcə öz evində, 30-cu illərdə isə kənddə tikilən məktəbdə müəllimlik, yaşının ahıl vaxtlarında isə mollalıq etmişdi. Bizim tərəflərdə heç kəs ona Molla Mürşüd deməzdi. Ona Mürşüd müəllim deyərdilər, elə indi də elə xatırlayırlar. Elə indi haqq dünyasına qovuşmuş oğlu Vaqif də kəndin sayılan-sevilən mollası olsa da, hər kəs onu başqa adla, Usta Vaqif kimi çağırardı. O, həqiqətən də usta idi, sözün bütün mənalarında.

Vaqif dünyasını dəyişən gün kənd cavanlarından kiminsə evinin hörgüsünü hörürmüş. Gündüz qızmar günəş altında işləyən Usta Vaqif həmin günün axşamı DÇ-nın növbəti İran–Argentina oyununa da baxıb. Qonşusu Əflatun kişi ilə həyətdə oturub futbolu seyr edib, İranın son anda uduzması könlüncə olmayıb. Gündüz qızmar havada işləməsi təzyiqinin qalxmasına səbəb olubmuş. Qonşu ilə sağollaşıb öz həyətinə keçib, evə qalxıb, yatıb dincəlmək istəyib. Hüzr yerində qonşuların mənə söylədiyinə görə, Əflatun kişi deyirmiş ki, futboldan 2 saat keçəndən sonra Vaqif kişinin halı pisləşib, təzyiqi qalxıb, deyilənlərə görə, beyninə qan sızıb və bir neçə saat koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.

Qəribə olanı da o idi ki, rəhmətlik Vaqif həm yas məclislərində, həm də usta kimi işlədiyi yerdə heç kəslə qiymət danışmazdı.

- Usta nə alacaqsan?

Suala, eləcə gülüb:

- At deyil, dəvə deyil, nə versən onu, səninlə nə qiymət söhbəti? - deyərdi...

Təkcə qohumlar yox, hər kəs onun bu cavabını eşidərmiş. Kənddə çox adamın evini tikib. Yas mərasimində onu da öyrəndim ki, tikdikləri evə gəlin gətirib, o evdə nəvə toyu edənlər də var ki, hələ də onun zəhmətinin haqqından nə qədərsə verməyib. Yaxınlarına:

- Görünür, imkanı yoxdur, olsa gətirib verər, heç nə olmaz, - deyərmiş.

Gözü tox idi. Kasıb olsa da, mənəvi dünyası çox zəngin idi. Onu heç acı danışan görmədim. Kəndin başqa mollaları xüsusi xətt saxlayıb, geyimlər geyib, hüzrdən-hüzrə gözə dəysələr də, bu adam daim insanların içərisində idi.

Geniş mütaliəsi vardı. İdmana marağı böyük idi. Qan bağlayar, küsülüləri barışdırardı.

Bəzən onu qınayanlar da tapılırdı:

- Vaqif düz eləmir. Savadı, ürəyi təmizliyi var. Ölü götürür, yas mərasimlərini yola salır, heç kəsə qiymət oxumur, özünü adiləşdirir, - deyərdilər. Onu adiləşməkdə qınayanlar həm də deyərdi:

- Boş vaxtı olanda axşama qədər bağda domino, şahmat oynayanların yanında oturur. Bu azmış kimi, hələ özü də oynayır...

Bəzən ölüsü düşənlər kənardan daha titullu molla gətizdirərdi. Məşədi, Kərbəlayi, Həci titullarını adlarının qarşısına düzənlər yas məclisində fatihə verib, nohə deyənlər, hədis danışıb, dini sualları cavablandıranlar, arada Məşədi Vaqifə tərəf baxar, "Məşədi yəqin ki, dediklərimizi təsdiq edər", - deyə onun böyüklüyünü, savadını və təmiz adam olmasını təsdiqləyərdilər.

Mən indi haqq dünyasında olan bu kişini çox, lap çox istəyirdim. Bu istək onun gənclik illərində yaxşı futbol oynaması, millətimizin , ölkəmizin tarixini bilməsi, mütaliəsi, təmənnasızlığından irəli gəlmişdi. On il bundan qabaq mənə ərklə, "sənə işim düşüb" dediyi yadıma düşür.

- Quranın cüzvilərini cilidləmək lazımdır, nəşriyyatla əlaqən var, edə bilərsən? Amma sənə buna görə pul verilməyəcək, - xəbərdarlığını da yaddan çıxarmadı.

Edərəm dedim, etdim də. "Çox sağ ol, - dedi, - sən çox savab iş gördün".

Özü də belə idi, ümumi kənd üçün görülən işdən heç nə ummazdı.

Bir-iki ilin söhbətidir. Yenə də kənddə hansısa məclisdə imkan tapıb hər kəsin eşidəcəyi tərzdə:

- Bilirsən də kənddə yeni məscid tikdik. Hər kəs imkanı olan köməyi etdi. Sənin, bir də Malikin (sinif yoldaşım, dənizçi, 15 ildir xaricdə işləyir, ara-sıra kəndə gəlir) boynuna bir iş düşür, onu edin. "Baş üstə, - dedim. - Nədir?" Demədi. "Qoy hələ Malik də gəlsin, ikinizə birlikdə deyərəm", - dedi. Və o bizi Maliklə heç vaxt bir yerdə görə bilmədi...

Tarix
2014.06.25 / 17:52
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla