İran Azərbaycanının ölkəmizdə də tanınan yazarı, "Ədəbi
Azadlıq" müsabiqəsinin qalibi Ruqəyyə Kəbirinin Axar.az-a
göndərdiyi bu analitik yazının indiki informasiya savaşı
boğanağında önəmini nəzərə alıb oxucularımıza təqdim
edirik.
Bütün dünyanı öz vəhşilikləri ilə vahiməyə salan "İraq Şam İslam
dövləti" terrorçu qruplaşmasının baş kəsməkdən, qan tökməkdən başqa
daha hansı vəhşilikləri və ağlasığmaz əməlləri var? Bu yazıda həmin
suala cavab tapacağınızı güman edirik.
"Nikah cihadı, yoxsa cihad cariyəsi?"
Bu günlər ağlımı qarışdıran mövzular çox olsa da "nəfs nikahının
cihadı" və "livat cihadı" (Livat - Sodom - qeyri-ənənəvi cinsi
əlaqə. - red) kimi sözləri oxuyanda, deyirəm, bəlkə gözlərim
karıxır, yaxud ağlım bu sözlərin mənalarını başqa sözlərlə çaş
salır?
Nikah cihadının (seksual inqilab – red.) xəbərini oxuduğumda
dəfələrlə özümdən soruşdum: "Qadın insandır, yoxsa cinsəl istəkləri
təmin edən bir makina?"
Barbarlıq dönəmini arxada qoyub, zamanın XXI yüzilində yaşasaq
belə, dünyanın bütün olaylarıyla bərabər, cinsəl istəklər -istər
gizli, istərsə aşkar - və bu istəklərdən törənmiş modern səviyyədə
insan alveri, özəlliklə qadın və uşaq, həmişə söz qonusu olub.
Bu günlər fotbol üzrə Dünya Çempionatı və İŞİD terrorçularının
hərəkatı məkanca ayrı-ayrı yerlərdə olsalar da, zamanca eyni vaxtda
üz verir. Üstəlik, günümüzdə futbol və qadın ticarətinin xəbərləri,
bir-birilə çiyinbəçiyin getsə də, futbol və onun arxa planındakı
qadın ticarətindən hələ söz açmıram. Qadın ticarətinə görə ətraflı
tədqiqatlar gərəkirsə də, ancaq bu yazının söz qonusu, rəsmi bir
fitva kimi yox, lakin ağızlarda gəzən nikah cihadının (İşidlər
hər hansı şəhəri alandan sonra orda elan edirlər ki, ərsiz və subay
qızları az müddət üçün onların əsgərlərinin nikahına gətirsinlər
ki, onlar cinsəl istəklərini şəriət yoluyla yerinə
yetirsinlər) elanıdır.
Günümüzə qədər özünü göstərdiyi kimi cihad, savaş və dava-dalaş
işləri dünyanın hər yerində, o cümələdən Ortadoğuda da kişiyana
işlərdən biri sayılıb. Kişilər güya ki, yalnız savaş qürurlarını
deyil, cinsi istəklərini də əldə etməlidirlər. Hər hansı bir yolla
olur-olsun, ancaq həm savaş şəhvəti, həm də cinsi şəhvətin hər
hansı bir döyüşən kişinin ruh-rəvanını dincəldib onu
gücləndirdiyini deyirlər. Kişi olmadığıma görə yəqin ki, bu qonuda
artıq söz-sovum ola bilməz. Ancaq oxuyub eşitdiklərim əsasda:
Cihadül-münakihə, ya nikah cihadı, birinci dəfə 2013-cü ildə
Suriyanın iç savaşlarında Məhəmməd əl-Ərifi adlı vəhabi bir molla
tərəfindən dini bir töhfə kimi fitva formasında "Nüsra cəbhəsi"
savaşçılarının nəfinə Tvitterdə yazılmışdı. Hərçənd Məhəmməd
əl-Ərifi bu tvitin onun tərəfindən yazılmasını dandığına rəğmən,
Suriyada Bəşər Əsədin əleyhinə döyüşən savaşçıların içində rəsmi
bir fitva kimi yayılmışdı. Elə bu fitvanın ardınca Tunis,
Çeçenistan, Səudiyyə Ərəbistanı ölkələrindən nikah cihadına görə
qadınlar Suriyadakı savaşçıların cəbhələrinə göndəriliblər.
Nikah cihadına gedib və bu cihaddan boylu qayıtmış 15 yaşlı
Ayişə ölkəsi Səudiyyə Ərəbistanına dönüncə vəhabi müftiləri,
Ayişəni nikah cihadının çempionu elan etdilər. Ayişə Suriyadan
qayıdıb gələndən sonra demişdi: "Bəkarətimi İslam dininə təqdim
eləyib və bətnimdə boylu qaldığım çocuq gələcəkdə İslam dininin
adlı-sanlı cihadçılarından biri olacaq". Üstəlik, sonralar
"Əlcəzirə" xəbər agentliyinin Qadətül-oveys adlı qadın xəbərçisinin
Suriyada "nikah cihadı"na qatılması bir çox jurnal və xəbər
agentliklərinin manşetinə çevrilmişdi.
"Nüsra cəbhəsi" savaşçılarının vəhabi müftiləri təkcə nikah
cihadıyla kifayətlənməyib "nəfs nikah cihadı" və "livat cihadı"na
da yol açıblar.
"Nəfs nikah cihadı" (cinsəl "oyuncaqlarla nəfsi sakitləşdirmə. –
red.) əsasında, savaşçılar cinsi istəkləri sarıdan korluq
çəkməsinlər deyə, kifayət qədər cihadçı qadın olmadığı halda Qərb
ölkələrindən gələn eynicinslilərlə də əlaqədə olmaq imkanı
veriblər.
"Livat cihadı"nın (eynicinslilərlə əlaqənin "şəriətən"
qanuniləşdirilməsi. - red) təməli, birinci dəfə 2009-cu ildə,
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin-Nayifin terrorunda
qoyuldu. Bu cihada görə, bir çox intihari əməliyatlarda
(kamikadzelik. - red.) istişhadi şəxs (kamikadze. –
red.) partlayış maddəsini öz məqədində (düz bağırsaq. -
red.) daşımalıdır. Bu istıqamətdə partlayış maddəsinin çox
həcmli olduğu üçün... Sözün və işin dalısını özünüz anlaya
bilərsiniz!
Birinci dəfə Abdullah Həsən İsiri adlı bir şəxs partlayış
maddəsini öz məqədində daşımışdı.
Vəhabi müftilərinin buyuruqlarına görə, nikah cihadı və bu kimi
cihadlar, cənnətin yolunu cihadçı qadınlar üçün açır.
Artırmalıyam ki, "livat cihadı"nın doğru olub-olmadığını
vurğulaya bilmədiyim halda ortaq xəbərləri müxtəlif saytlardan
oxuduğumu diqqətinizə çatdırıram.
Xəbərləri oxuyub, çox pis hislər yaşasam da, hər nəyə rəğmən,
İraq ölkəsində İŞİD terrorçuları sonuncu model silahlarını bədəvi
xəncərləriylə barışdırıb, modern müsəlsəlləriylə günahsız insanları
güllələyib, başlarını xəncərlə bədənlərindən ayırıb, İraq
torpağının çox yerlərini insan qanına bələyiblər.
Burada ən çox diqqətimi çəkən mövzü bir anda və bir məkanda
modernizmlə bədəviyyətin bir araya gəlib, barışması olub. Get-gedə
qudrət şəhvəti İŞİD terrorçularının istər rəhbərliyində, istərsə də
təkbətək savaşçılarında şiddətlənib, günahsız insanların ölümü
onların şəhvətini soyutmayıb deyə, hicum üzrə birbəbir aldıqları
şəhərlərdə nikah cihadı elan edirlər.
Mədəniyyət başlanğıcından bəri qadınların hər cürə qabalıq və
zorakarlığa məruz qaldığı üçün tarixin səhifələrində az-çox söz
getsə də, bu məsələ bütün mədəniyyətlərdə danılmaz bir məsələdir.
Cinsi zorakarlığa məruz qalmış qadınlar tarix boyu tapdalanıb və
hər zaman tarixin yazılmamış səhifələrində yer alıblar.
İŞİD terrorçularının nikah cihadı isə onların baş kəsmələrindən,
son model avtomatik silahlarla insanları sıraya düzüb, cansız
nişangahlar kimi onların başlarını nişan alıb, daş-torpağa güllə
yağdıran kimi üstlərinə güllə yağdırıb, qan tökmələrindən heç də
geri qalan deyil.
İŞİD terrorçuları bəlkə də Hitler kimi insanın soyunu nişan
alıb, yeni bir soyqırımı salıb, nikah cihadı adıyla öz soylarını
bütün dünyaya yaymaq istəyirlər.
"İraq Şam İslam" və Suriya dövlətinin daiyəsində olan
terrorçular təkcə Şiə və yaxud İslam dininin ayrı-ayrı şöbələrinə
cihad elan etməyib, bütün insanlıq əleyhinə savaş fərmanı veriblər.
XXI yüzillikdə bu səviyyədə insan öldürüb, ərləri ölmüş qadınları
və əqrəbaları qırılmış qızları cariyə-kölə kimi az bir müddət
sürəsində nikahlarına salıb ya onları özlərinə halal bilməkləri
əsrimizin bütün humanizm prinsiplərindən uzaqdır.
Məncə, hər zaman və hər yerdə bütün savaşlarda saysız-hesabsız
insan ölsə də, ancaq savaşların şeytani üzü kişilərdən çox
qadınları nişan alıb, savaşların can üzücü həqarəti yalnız və
yalnız qadınların üzərinə ağnayır. İraq qadınlarını düşündüyümdə,
özümü o qadınlarla özdəş sanıb, onların təhqir hislərinə qapılıb,
bütün varlığımla tarixin tamam savaşlarına nifrət elan edirəm.
Sabir demişkən:
"Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət,
Deldadiyi-irfanları neylərdin, ilahi?!