Bu günlər Orta Doğunun
hadisələri ağlımı qarışdırıb. "Nobel" Sülh ödülü beş paraya dəyməz
bir qara pula dönüşüb ağlımda. Həmin hadisələr göstərdi ki,
kapitalizmin törəmələrinə silahların satışı üçün sülh sözü
oyuncaqdan başqa bir şey deyilmiş. Bir zaman faşizmin soyqırımına
məruz qalan insanlar, indisə Qəzzada fələstinlilərə öz gücünü sübut
etdirmək üçün üç həftədən çoxdur ki, gecə-gündüz onların başına od
yağdırırlar. Aşuvits zülmünün mirasçıları indisə keçmiş tarixin
acığını uşaq, böyük, qarı, qoca və... ümumiyyətlə, silahsız
insanlardan açıb və beləliklə, nazismin qaz sobalarında öldürülmüş
valideynlərinin faciəlrinə yeni məna bağışlayıb, özlərinin ən böyük
düşməni sayılan Adolf Hitlerin yəhudilərə qarşı zülmlərini öz
zülmlərində itirib-batırmağa çalışırlar.
Vəhşət və qorxu yaratmaq məsələsi günümüzdə dünyanın böyük güc
sahiblərinin adi siyasətinə çevrilib. Bu arada uşaqlar, qadınlar və
günahsiz insanlar antibəşəri siyasətçilər və silah dəllalları üçün
qurban payı hesab olunur. Bu günlər dünya rəhbərlərinin və habelə
Birləşmiş Milltələr Təşkilatının gözləri qabağında müdafiəsiz
Qəzzada üz verən cinayətlər, Aşovitsdə və Daxauda üz vermiş
cinayətlərdən heç də əksik deyil. İndisə Qəzza, Orta Doğunun 360
kilometr boyunda qətlgahı sayılır. Fələstinli həkimlərin dediyinə
görə, bu sətirlər yazılan zaman, yəni 23 gün qeyri-bərabər bir
savaş sürəsində 1200 fələstinli və 53 İsrail əsgəri öldürülüb və
minlərlə yaralı, yayın bu cızlamasında susuz və elektiriksiz
xəstəxanalarda ölüm intizarı çəkirlər. Bildirildiyinə görə, onların
yüzdə əllisi on beş yaşından aşağı yeniyetmələrdən ibarətdir.
Amerikanin Prinston elmi mərkəzinin yəhudi soylu ustadı Riçard
Falkın (Richard Falk) illər öncə, Qəzzada üz vermiş bəşəri faciəni
Holokastla ölçməsi, demək heç də yersiz deyilmiş. Bir ayrı yazıçı
isə Qəzzada üz verən cinayətləri ikinci dünya savaşında, 1943-cü
ildə, Varşava şəhərinin Gettosunda üz verən insani faciələrindən
əskik saymır. Bu üzdən ikinci dünya savaşında, faşist dövlətinin
ölüm ordugahlarında və qaz kameralarında babası və habelə
ailəsindən çoxlu adam can vermiş yəhudi soylu yazıçı, Jean-Mois
Braitberg İsrail dövlətindən istəyir, Yad Vashem muzeyində, yadbud
lövhələrinin içində, babasına aid olan lövhəni, Qəzzada üz verən
cinayətlərə görə muzeydən götürsün. Jean-Mois Braitberq İsrail
dövlətinə yolladığı məktubda yazır: "Uşaqlıq çağlarımdan, ölüm
qərargahlarından can qurtarmış insanların arasında yaşamışam.
Onların qollarına döyülmüş nömrələri görmüşəm. Onların işkəncə
xatirələrini dinləmişəm, çarəsiz əzablarının və kabuslarının şahidi
olmuşam. Ölüm qərargahlarından can qurtarmış insanların çəkdiyi
müsibətlərdən bu nəticəni almışam ki, daha belə cinayətlər baş
verməməlidir. Yer üzündə heç bir insan soy, məzhəb, din və... başqa
şeylər üzündən ayrı insana nifrət bəsləməməlidir. Heç kim insanın
birinci haqqı, hörmət və əmniyyətlə yaşamağının üstündə oyun
qurmamalıdır".
Bu günlər, şuva (ivritcə Holokast anlamında) varisləri, yenidən
2008-ci ilin cinayətlərini təkrar edib və Qəzza millətilə
qeyri-bərabər bir savaş başlayıblar. Bu savaşda dünya milltələrinin
etirazı, üstəlik birləşmiş millətlər təşkilatının bəyanatları belə,
İsrailin vecinə deyil. Ancaq bütün dünyada, buracan coğrafi
sərhədləri bəlli olmayan bir dövlət-millət ancaq və ancaq
İsraildir. Bir də bütün Qəzza millətini HƏMAS təşkilatı adlandırıb,
silahsız insanların başına atəş açan yenə həmin rejimdir.
Qəzza hadisələrilə bağlı bir para ictimai-siyasi görüntülər məni
"soy" və "soyqırımı" sözlərini yenidən mənalandırmağa yönəldir.
Düşünürəm ki, coğrafya, torpaq, soy, din və bu kimi özəlliklər, biz
insanlara nə üstünlüklər verə bilər? Hansı ölçülər səbəb olur ki,
"bəzi" soyqırımına etiraz edən insanlar Qəzzaya yetişəndə, orada
baş verən cinayətlərin önündə dodaqlarına sükut damğası vurub,
günahsız insanların ölümünə göz yumub, qulaqlarını ədalətsiz
haraylarını eşitməkdən yayındırırlar? Öz-özümə soruşuram:
insanlığın ölçü və meyarı nədir? Yaşam haqları nə deməkdir? Dindir?
Soydur? Torpaqdır?.. Yoxsa dövlətlərin arxa pilanlarının oyununa
girib və bilər-bilməz onların büsatında oynamaqdır?! İnsani bir
ölçü və meyarı necə və hardan tapmaq olar?!
Məncə, insan və insaniyyət ölçüsü qətiyyən professional
siyasətçilərin və silah dəllallarının ölçüsü ola bilməz. Şübhəsiz
ki, hansısa bir din, soy və torpaq ata-babalarımızdan, əski
əcdadımızdan bizə qalmış bir mirasdır. Qəzzadakı soyqırımı Xocalı
soyqırımından necə ayırmaq olar? İŞİD-in cinayətlərinə məruz qalmış
İraqın hansısa nöqtəsində yaşayan insanlar, Kərkükdəki Azərbaycan
kökənli şiələrin ölümü, Mosul qadınlarına xitnə (qadınlarda sünnət.
- Red.) hökmü yürütmək kimi, kəsinliklə cinayətdən başqa bir zad
ola bilməz. Torpaq, soy və din nə insana üstünlük verə bilər, nə də
ayrı-ayrı insanların ölümünə (dünyanın hər harasında olur, olsun)
haqq qazandıra bilər.
Həm dünən Aşovitsdə və Daxaudakı yəhüdilərə qarşı faciələrin,
həm də bu gün Qəzzada ərəblərə qarşı baş verən cinayətlərin kodları
şübhəsiz ki, birdir. Tarix birincisini yazıb, ikincisini də
yazacaqdı.