Təcrübə siçanlarının qəfəsinə şaftalı qoxulu ətir vururlar. Siçanlar reaksiya vermir. Siçan nə bilsin?
Sonra qəfəsə cərəyan buraxırlar. Siçanlar qorxub, hərəsi bir deşiyə qaçır.
Hər gün müxtəlif saatlarda qoxudan sonra cərəyan, fasilə, sonra yenə qoxu, cərəyan... – proses aylarla davam edir.
Aylar sonra qəfəsə ətir vurulan kimi siçanlar qorxub, hərəsi bir deşiyə qaçır.
Cərəyəna gərək yoxdu daha, siçanlar ətirdən qorxurlar.
Siçanlar bu qorxuyla cütləşib balalayır. Yox, yeni doğulmuş siçanlardan şaftalı iyi gəlmir, səbirli olun. Balaları valideynlərdən ayırıb başqa qəfəsə salırlar.
Qəfəsə şaftalı ətri vurulur.
Dəhşət! – Bala siçanlar şaftalı qoxusunu duyan tək qorxub hərəsi bir deşiyə qaçır.
Cərəyana ehtiyac yoxdu.
DNT testləri nəticəsində bəlli olub ki, sonrakı nəslin DNT-sinə metilasiya əlavə edilib. Yəni, valideyndəki qorxu genetik olaraq balaya keçib.
Canımızda iki cür qorxu var: biri qazanılmış, biri genetik.
***
2008-in martında düşdük mühasirəyə. Onlarla şəhid verdik.
Dadaşov vardı. Sumqayıtdan. Qorxudan sarılıq keçirmişdi-nədi, o gündən sonra gecələr yerinə “qaçırırdı”.
O martdan beş mart sonra görüşdük, dedi, Ömər, qəribədi, televizorda atışma səhnəsi görəndə, ya hardansa güllə səsi gələndə, ya qəfil maşın maşına dəyəndə işəmək tutur məni.
İki gün əvvəl görüşmüşük, uşağı olub, 3 yaşı var. Deyir, Ömər, qəribədi, televizorda atışma səhnəsi görəndə, ya hardansa güllə səsi gələndə, ya qəfil maşın maşına dəyəndə uşaq dönür dəliyə. Sanasan, kimsə çimdikləyir bunu.
Qorxu genetik keçib uşağa.
Hamımızda var bu qorxu. Hiss etmirik, üstünə düşmürük. Məsələn, Allah xofu. Canımızda, qanımızdadı. Genetik yaddaşımızdadı.
Polis qorxusu. Əslində bəzi adamların qəzəbi də bu qorxudan yaranıb.
Qorxu həm də yaşanmışlardan – ümidsilik, uğursuzluq – doğur.
Qorxu psixoloji xəstəlikdi.
Məsələn, qaranlıq qorxuludu, çünki qeyri-müəyyəndi. Qorxudan daha çox, şübhəlidi. Bu, fərdin qeyri-müəyyənlikdən qazandığı qorxudu. Xəstəlik deyil. Biri də var, əvvəldən var olan qaranlıq. Genetik: ya birbaşa ailədən, ya ta qədimdən.
Qorxular böyük mənada iki cürdü: zərərli və xeyirli.
1. Xeyirli qorxu: Piyada zolağı olmayan yerdən keçmək.
2. Zərərli qorxu: İŞİD-i düşünüb kinoteatra getməmək, uşağı bağçadan, məktəbdən saxlamaq və özünətəcrid. Təhlükəsizlik psixozu.
Bəzən də olur ki, absurd vəziyyət yaranır. Məsələn, mən ildırımdan qorxuram, amma qapı döyüləndə gözlükdən baxmıram, birbaşa açıram. Təyyarə qorxusu olan adam bir də görürsən maşınların gur hərəkəti olan yolları elə keçir ki... Halbuki avtomobil qəzalarında tələf olanların sayı təyyarə qəzalarında həlak olanlardan qat-qat çoxdu.
Potensial təhlükələr var. Bu təhlükələrdən qorxmaq yox, onlarla mübarizə üsulu tapmaq, əvvəlcədən görmək, hiss etmək, ondan qaçmağı öyrənmək, təhlükə anında nə edəcəyini bilmək lazımdı.
Qorxudan qurtulmaq üçün psixoloji yenilənməyə gərək var.
Unutmayaq, bu, gələcək nəsillər üçün təhlükəlidi.
Biz qorxuları yenib, tərtəmiz yaddaş verməliyik uşaqlara...