Dünən səhər oyanan kimi öz könül saflığı ilə oruc tutan
anama zəng etdim...
Anam qatı dindar olmasa da, yaylığını bağlayar, yaşmağını tutar,
yas mərasimlərinə gedəndə lap çadrasını da örtər. Amma bu çadranın
hicabdan fərqi onun artıq min illərdir özümüzünküləşməsidir. Hicab
yox, örpəkdir. O, sadəliyi ilə dinə inanar. Uşaqlığımdan görmüşəm
ki, sağlamlığı imkan vermədiyindən həmişə oruc tutmağa cəhd etsə
də, baş ağrılarından dözə bilmədiyi üçün bir-iki günlə bu sevdasına
son qoymuşdu. Amma son vaxtlar müalicədən sonra, deyəsən,
bacarır.
Hə, Anama zəng etmişdim axı. Yarıyuxulu olsa da, onun bayrmanı
təbrik etdim. Anamınsa cavabı başqa cür oldu:
- Mən də səni təbrik edirəm, amma bizdə bayram bu gün deyil
axı... Deyirlər, 29 iyuldadır.
Bir az zarafatlaşdıq, gülüşdük. Az qalırdım başlayam yenə
elmdən, fəlsəfədən, dindən danışam. Anamın inancına sayğı və
məhəbbətimdən dolayı və onun dünayın bu siyasi proseslərindən başı
çıxmadığını xatırlayıb fikrimdən daşındım.
Bir anlıq düşündüm, bir bayram ki, ana ilə balanın ortaq bayramı
ola bilmir, onda kimin və necə bayramı olur? Nə cür bayram olur?
Rəhmətlik Cəlilin "Mən kiməm? Anam Kimdir? Sualları andım. Cavab
bəlli idi. Amma məhz bu cavab da məni təşvişə saldı...
Sonra sosial şəbəkələrdə xəbərləri izlədim. Yenə həmin dərd.
Qulu İbrahimlinin paylaşımında Üzeyir Hacıbəylinin "Filankəs"
imzası ilə hələ 1915-ci ildə yazdığı məqaləsini gördüm. Məqalənin
ilk cümləsi belə idi: "Bu nədəndir ki, bizim bayramlar ikiləşib,
birisi bir gün və o biri də onun səhərisi olur? Bunun adına nə
deməli? Və bunun mənası nədir?" Bu cümlədən 100 il keçsə də, hər
şey eyni idi. Hələ bu harasıdır? İftar məclislərindən birində bir
oruc tutanın iftarını açması, birinin isə "hələ 15 dəqiqə var", -
deyib məclisə bölücülük salması birləşdirici missiya daşıdığı
deyilən dinin sayəsində baş tutmuşdu.
Axşama qədər istər virtualda, istərsə də realda bu cür
müzakirələrin içində oldum. Anamın səhərki tənqidindən sonra kimisə
təbrik etmək arzusunda olmadım. Amma axşamdan bir-iki oruclu
dostuma zəhmət çəkib təbrik mesajı yazmışdım. Çünki aclıqla
özlərini imatahana çəkməyi bacaranlara böyük hörmətim var. Amma
telefonuma gələn təşəkkür və "bahəm" tipli mesajlardan fərqli
olaraq özünü "mömin" bəndə hesab edən birinin ərinmədən sadəcə, "bu
gün bayram deyil, bayram sabahdır", - yazması lap ürəyimi ağrıtdı.
Çünki anamdan fərqli olaraq bu "əməlisaleh" bəndə oxumuş ziyalı
idi. Sözüm onda yox ki, o, anamdan savadlı idi. Sözüm ondandır ki,
o anamdan fərqli olaraq hansısa qruplaşmanın üzvü idi. Həm də
bilərəkdən. Hələ dəyərli ziaylımız Fazil Mustafanının öz
statuslarında Şeyxülislamın əksinə gedərək bayramın məhz bu gün
olmasını ifadə edən yazıları isə lap dəhşət idi. Şeyxülislamın işi
məhz dinlə məşğul olmaqdır. Bir növ bu onun işidir. Amma bir
deputatın dini çağırışları, kimlərisə dəstəkləyici fikirləri artıq
parçalanmadan və bu parçalanmanın dərin izlərindən xəbər verir. Axı
bir millətin övladlarını, bir ailənin üzvlərini birləşdirə bilməyən
bir hadisə necə bayram ola bilər? O bayram ki, min illər keçməsinə
baxmayaraq, gününü tam dəqiq müəyyənləşdirə bilmirik. İnsan bu
qədər inkişaf etsə də, hələ də simvolik günün, saatın belə qrubanı
olmuşuq. Yazımın adını "Ananı baldan ayıran bayram" qoymuşam. Bu o
demək deyil ki, anamın bayramı 29-da, mənimki 28-dədir. Əslində,
ananın bayram etdiyi bir hadisəni oğulun bəşəriyyətin faciəsi hesab
etməsi bir faciədir. Axı kimdir müqəssir? Ana bayram edir, oğul isə
anasının, əzizinin bayram adlandırdığını heç qəbul belə etmir. Ən
böyük sual burdan doğur, görəsən, anamı düz yoldadır, balamı?
Sualın cavabını şeyxlər və siyasi şeyx arzusuna düşənlər düşünsün.
Amma mənim yadıma gəlir ki, Novruz bayramını, Xıdır Nəbi bayramını,
Çərşənbə bayramını anamla mən eyni gündə qeyd edirik.
Təbriklərimizi qarşılıqlı şəkildə bir-birimizə ünvanlayırıq.
Bu hadisəni xatırlayıb səmimi duyğularla gülümsündüyüm halda,
yenə kədərlənirəm. Axı elə balalar da var ki, anasının Novruzu
bayram kimi qeyd etməsinə baxmayaraq, hansısa bir dini qruplaşmanın
üzvüdür və Novruzu bayram hesab etmir. Nəsə mən yenə çaşbaş qaldım.
Belə çıxır ki, elə Novruz da ananı baladan "ayıran" bayram imiş...
Elə burda düşünürəm ki, bayram etmək çox vacibdirmi?
Azərbaycanlılar bu Ramazan bayramı ilə bağlı dörd yerə bölünür:
Birincisi, bayramı 28 iyulda qeyd edənlər, ikincisi 29 iyulda,
üçüncüsü bayram etməyənlər, amma bayram edənlərə hörmətlə
yanaşanlar, bayramı 28-də, 29-da keçirənləri təbrik edərək onlara
xoş arzular söyləyənlər, dördüncüsü isə ümumiyyətlə bayram
etməyənlər, bayram edənlərə də xoş baxmayanlar. Məncə, elə
birləşdirici mövqedə duranlar məhz ücüncülərdir. Çünki onların
düşüncəsi Mövlanə Cəlaləddinin düşüncəsidir: "Gəl... Gəl, nə
olursan ol, gəl!.. İstər kafir, istər məcusi, istər inanan ol,
gəl... Bizim dəgrahımız ümidsizlik dərgahı deyildir".
P.S. Bayramın hansı gün olmasından asılı olmayaraq, öz nəfsini
imtahana çəkməyi bacaranlara böyük hörmətim var. Bu ayini yerinə
yetirmək böyük iradə istəyir. Nə fərqi var ki, kimin üçünsə bayram
deyil, bunu bayram edənlər və bundan məmnun olanlar var. Bir nəfər
belə qəlbən sevinirsə, mənim üçün bayramdır.