Bir neçə il öncə "Sən türk kişisisən" adlı məqaləmdə
indi yazacağım mövzuya toxunmuşdum.
Bəzilərimizin Qanlı, bəzilərimizin isə Şanlı adlandırdığımız 20
Yanvar faciəsinin növbəti ildönümünü milli birlik nümayiş etdirərək
başucalığı ilə yola saldıq, qarşıdan isə Xocalı soyqırımı
yaxınlaşır. Amma bu faciələrə tədrisimizdə və ədəbi
nümunələrimizdəki ürəkaçmayan münasibəti gördüyüm və narahat
olduğum üçün yenidən toxunmağı nəzərə aldım. Çünki bu cür hallara
sistemsiz münasibət göstərib təbliğini edərək özümüzə xeyirdən çox,
ziyan vurmuş oluruq. Bu ağır düşmən zərbələrindən 20 ildən çox
zaman keçir, amma hələ də nəyi necə və harda təqdim edəcəyimizin
yolunu tapa bilməmişik, məncə. Bu dəfə də, 4 yaşlı qızımın
xəbərlərdə erməni sözü eşidərkən "Ata, ermənilər bizim
uşaqlarımızı, kişilərimizi öldürüb e", - deyərək qaçıb gizlənməsi
məni bu yazını yazmağa vadar etdi.
Bəli, Xocalı soyqırımı bir xalqın bir xalqa qarşı törətdiyi ən
qəddar, insanlıqdan uzaq bir qətliamdır. Bunu hamımız bilir, ən
yüksək səviyyədə də dünyaya çatdırıb erməniləri ifşa etməyə
çalışırıq. Onu dəqiq bilirəm ki, kim nə deyir desin, kimin əlindən
nə gəlir, onu da etməyə çalışır. İstər ölkəmizdə, istərsə də
xaricdə. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu təbliğatlar
planlaşdırılmamış şəkildə həyata keçirilir və eyni hədəfə
vurmadığından sanki bumeranq kimi özümüzə dəyir. Bu cür təbliğatlar
aparıldıqda ideoloqlarla yanaşı, sosioloqların və psixoloqların da
fikrinin nəzərə alınmasını vacib sayıram. Çünki siyasət yerli və
xarici yöndə aparıldığı kimi, milli mənafeyi əks etdirən təbliğat
da yerli və xarici olaraq bölünməlidir. Əcnəbilərə düşmənimiz
haqqında danışarkən nəyi deyiriksə, öz övladlarımıza onun eynisini
demək heç də doğru deyil.
20 ildir ekranlarımızda bu faciələri açıq və çılpaqcasına təqdim
etməklə yetişməkdə olan gəncliyin ruhunu tapdaladığımızın, qürurunu
sındırdığımızın fərqində belə deyilik. Yadınızdadırsa, Azərbaycan
torpaqlarının işğal olunması daha çox 1992-ci il fevral ayındakı
Qaradağlı və Xocalı soyqırımlarından sonra sürətləndi. Ermənilər
tərəfindən təbliğat elə qurulmuşdu ki, həmin hadisə həmin gündən
başlayaraq məlum videolarla göstərilməyə başladı. Və beləcə, döyüşə
hazırlaşan bığ yeri təzəcə tərləmiş gəncin kadrlardakı vəhşiliyi
görüb istər-istəməz bədəninə üşütmə düşdü. Sonra isə əsir düşməmək
üçün erməni adı eşidən kimi qaçmağa başladı. Elə bu da erməninin
istədiyi idi... Və beləcə, el arasında "erməni qan gördü",
"ermənilər toyuqdur" deyib ermənini güc hesab etməyən millət
erməninin gücündən və əzazilliyindən qorxub torpaqları
boşaltdı.
Hə, bizə onda çatdı ki, sən demə, erməni yüz illərdir ki,
uşağının qulağına "türk sənin düşmənindir" deyə pıçıldayır və bu
ruhda böyüdür. Ən böyük bəlamız hamı işləyəndə yatmağımız və
sonradan oyanıb onları təkrar etməyimiz və bu təkrarda da yanlış
etməyimiz olan xüsusiyyətimizi yenə yaşatmağımızıdır. Beləcə, o
gündən biz də başladıq uşaqlarımıza bağçadan, ibtidai sinifdən
ermənilərin bizim başımıza gətirdiyi oyunlardan, bizi necə
öldürməyindən, məhv etməyindən can-dildən danışmağa. Orta məktəb
müəllimlərinin əksəriyyəti plan doldururlarmış kimi Xocalı faciəsi
yaxınlaşdımı, Xocalı faciəsindəki tükürpədici şəkilləri düzərək bir
sərgi düzəldir, bir az interaktiv metodlardan yararlana bilən
müəllimlər isə video lenti tapıb körpəcə uşaqlara izlədirlər. Bu,
bağçadan ta 11-ci sinif şagirdlərinə qədər göstərilir.
Yeniyetmələrə, bəlkə də, bu cür təbliğatla nəsə demək olar, amma
12-13 yaşına çatmayan uşaqlara bu cür təbliğat anti-təbliğatdır. Bu
birmənalıdır. Zənn edirəm ki, əksəriyyətiniz mənimlə razılaşar,
razılaşmayanlar da bir-iki babat psixoloqla məsləhətləşsə pis
olmaz, ən azından məsələnin mahiyyətini anlayar. Çünki bəzən
mübahisə məqamlarında əks fikirdə olan dostlarımız deyir ki,
ermənilər uşağa qundaqda deyir: "Türk bizim düşmənimizdir". Bəli,
mən də razı. Amma gəlin, mahiyyətə baxaq: o, uşağına deyir ki,
sənin düşmənin kimdir, mən də deyirəm, bax, düşmən bizim başımıza
hansı oyunlar açıb, gör bizi nə günə qoyub? Zənn edirəm ki, fərq
aydındır...
Digər bir tərəfdən də bəzən bağçada uşaqlara bu mövzuda elə
şeirlər öyrədirlər ki, deməyə söz tapmırsan. Məsələn, 4 yaşlı bir
uşağın "Ağla, qərənfil, ağla" şeirini deməsi heç bir metodikaya
sığmır. Çünki uşaq şeir deyəndə sevinə-sevinə, nazlanaraq ifadə
edir. Hələ şeiri deməmişdən öncə yerində nazlanması,
əzilib-büzülməsi və "ata, şeirdən qabaq belə etməliyik", - deyib
şeirə başlaması, yaşının hələ bu cür məsələləri anlamamasından
xəbər verir. Gəl indi bir uşağın ədalarla şeiri deməyi və şeirin
daşıdığı mənanı uzlaşdır görüm, necə uzlaşdırırsan!
Deməli, tədqiqatlar zamanı alimlər, birələri bir bankaya salıb
qapağını açıq qoyurlar. Görürlər ki, bu birələr bankadan neçə dəfə
yüksəyə tullanaraq qaçırlar. Sonra bankanın ağzına qapaq qoyurlar
və bir müddət belə saxlayırlar. Tullandıqca başları qapağa
dəydiyindən, bir müddətdən sonra artıq daha az hündürlüyə
tullanmaqla kifayətlənirlər. Araşdırmaçılar qapağı götürəndən sonra
görürlər ki, artıq birələr bankanın ağzından yuxarı tullana
bilmirlər. Ora qədər tullanıb-düşürlər. Yəni "boyları" qədər...
İnsan da belədir, bir insana onun kim olduğunu daha tez-tez desən,
həmin insan buna inanacaq və öz daxilindəki potensialdan xəbərsiz
böyüyəcək. Necə ki, özünü toyuq balası hesab edən qartal edirdi.
Hə, o da var ki, toyuq balası da, qartalın yanında böyüsə, ən
azından qartalın xarakterini götürəcək, toyuğun yox.
Buna görə də, əziz müəllim dostlar, əziz təhsil işçiləri, siz
Allah, bu cür yalançı və ya zərərli təbliğat formasından vaz keçin,
gəlin, sizli-bizli düşünən və qanan insan yetişdirək. O, ağlı
kəsəndə onsuz da, həyatı dərk edəcək. Yadıma gəlir ki, sovet
təhsilində almanlar nə qədər vəhşi, qaniçən kimi təqdim edilsələr
də, sonda "bizimkilər" qalib gəlirdi. Yeri gələndə ruh yüksəkliyi
yaratmaq üçün bədii obrazları belə böyük qəhrəmanlar kimi təqdim
etməkdən də istifadə etməliyik.
Hörmətli bağça, məktəb direktorları, bəlkə siz iclaslarda bu
məsələyə son qoyasınız. Heç olmasa ibtidai siniflərdə bu cür
tədbirlərin keçirilməsinə icazə verməyəsiniz.
Əziz həmkarlarım, gəlin biz tənbəlliyin daşını atıb yaradıcılıq
nümayiş etdirək, yeni bir ideya meydana gətirək, ən azından o
tədbirləri qəhrəmanlarımızın şücaətləri ilə əvəz edək, ruhu
yüksəldək, coşduraq, insanlığı oyandıraq ki, gələcəyimiz kor,
qorxaq, cılız, gözüqıpıq, özgüvənsiz böyüməsin.
P.S. Əminəm ki, bunu oxuyan hansısa bir vətəndaşımız etdiyim bu
təklifi düzgün anlayıb, yanlış qənaətə gəlməyəcək. Bir uşağı
formalaşdırarkən onun qüsurlarını, zəif nöqtələrini üzünə vurmaq və
daima tənqid edib alçaltmaq doğru yanaşma deyil. Həmin uşaq
böyüyəndə qorxaq, namərd, şəxsiyyəti qüsurlu olur. Ona onun böyük
olduğunu, güclü olduğunu, saf qan sahibi olduğunu deyin ki,
özgüvəni və heysiyyəti zədələnməsin.