Yuxarı

Astan Şahverdiyev dünən onları da öldürdü

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Astan Şahverdiyev vəfat etdi. Ancaq ötən gün gördüm ki, vəfat edən təkcə deputat Astan Şahverdiyev deyil, həm də insan taleyinə olan həssaslığımızdır.

Aydındır, Astan Şahverdiyev ömrünün 70-ci ilində ya vəlvələdən, ya zəlzələdən yanlış bir ifadə işlətmişdi. Buna görə hər kəsin (şəxsən mənim də) haqlı iradı ilə üzləşdi. Daha sonra isə fikrini yanlış ifadə etdiyini, peşman olduğunu dəfələrlə deyərək, üzr istədi.., ötən gün isə dünyasını dəyişdi.

Deməyim o ki, Astan Şahverdiyevin ömrü dayandı, toplumun ona yönəlmiş təhqir yağışı dayanmadı. İndi nəinki mərhumun, hətta ailəsinin də ünvanına küçə söyüşləri söymək hansı əxlaqa sığır? Onun şüursuz şəkildə “otxod” deməsi böyük cinayətdir, yoxsa toplumun şüurlu şəkildə onu, ailəsini o dünyasını dəyişəndən sonra küçə sözləri ilə söyməsi? Biz nə vaxt bu qədər amansızlaşdıq?

Astan Şahverdiyev sadəcə bir nümunədir. Ölünü söyməklə bağlı analoji vəziyyət müğənni İlhamə Quliyeva öləndə də müşahidə olundu. Bütün gün İlhamənin mahnılarını dinləyənlər onun qəbrini, ölüsünü-dirisini söydülər. İlhamə Quliyeva demişkən, bu toplum millətə “çuşka”, “acından ölən” deyənləri 2 gün sonra 10 min verib toya çağıran cəmiyyətdir. Yəni bu qədər unutqan bir toplumun bu qədər kinli olması da qəribə bir paradoksdur.

Konstitusiya qanunlarını çıxmaqla, insanlarımız 3 əsas “qanunlar toplusu” ilə yaşayır: dini qanunlar, oğru dünyasının qanunları və yazılmamış fərdi qanunlar.

İndi gəlin, bu 3 kateqoriyanın sözügedən məsələ ilə bağlı “qanunlar toplusu”na baxaq.

Fərdi qanunlar

Özü üçün fərdi həyat qanunları müəyyən etmiş istənilən şəxs və ya ateist, nihilist, buddist bir şəxsə qarşı mübarizəsini yalnız bir yerə qədər aparır – o şəxs məğlub olana qədər. Daha oturub, məğlub-ölü rəqibinin yeddi arxa dönəni, səkkiz gedib qayıtmayanını söymür.

Kriminal aləm

Əksəriyyətin barmaqarası yanaşdığı “oğru dünyası”nda belə, kimliyindən asılı olmayaraq, ölən insanı təhqir etmək yanlış hesab edilir.

(Ötən gün gördüm ki, bizim toplumun hətta oğru dünyasından belə götürəcəyi bəzi mənəvi keyfiyyətlər var).

Din

Peyğəmbərin ölüləri söyməklə bağlı hədisi var. Hədisdəki “söyməyin” sözü ölünün xoşa gəlməyən əməllərini açıb tökməklə onun xeyirsiz biri olduğunu ortaya qoymaqdır. Ölüləri bu cür anmaq hədislə qadağan olunub.

Yekun: Hər üç sinfin sözügedən məsələ ilə bağlı öz “qanunları” var. Yəni bu toplum, əslində, ölüyə hörmət məsələsində yüksək həssaslıq nümayiş etdirməlidir.

Amma etdirmir. Səbəb nədir? Səbəb odur ki, biz nə sevgimizdə səmimiyik, nə də nifrətimizdə. Ya da başqa bir paradoks ifadə ilə deyim: biz bir-birimizə səmimi-qəlbdən nifrət edirik. Qərb dünyası yadplanetlilərlə dil tapmağa çalışır, biz isə bu balaca ölkədə eyni dildə danışsaq da, bir-birimizi başa düşə bilmirik.

Müdirinə əsəbiləşib bir-birini qıran sərnişinlərlə eyni avtobusdayıq. Gün gələcək, bu davaya sürücü də qoşulacaq və sükan sahibsiz qalacaq. Onda qəzaya uğrayıb sonu görünməyən uçuruma yuvarlanacağıq.

Tarix
2018.04.16 / 13:07
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla