Yasa hər kəs həssasiyyətlə yanaşır, yas hadisəsinin və
məclislərin əhəmiyyəti böyükdür; hətta qanunvericilik belə yaxın
ailə üzvlərinin vəfatı səbəbilə məhkumlara qısa müddətlik icazənin
verilə biləcəyi nəzərdə tutur.
Yasda israfın olmasının ictimai təhlükə törədən bir yanı yoxdur.
İçki içilmir, rəqs olunmur, səs-küy salınmır. Digər tərəfdən, yas
məclislərinin sayı da əslində toy məclislərinin sayından daha
çoxdur: çünki indi getdikçə oğlan-qız toyu üçün sadəcə bir məclis
təşkil olunduğu halda insanlar adətən ayrı-ayrı dünyadan köçür və
hərəsinə azı 3 məclis (3, 7, 40, daha sonra - il) qurulur.
Demək, yas məclisləri istehlakı artırır, istehlakın artması da
bu məsələdə pozitiv nəticələr yerinə mərhumun ailəsi üçün
məsrəflərə səbəb olur. Odur ki, yas məclislərinin sayının
azaldılması, ya da orda istehlak olunan qidaların azaldılması
sosial dövlət məqsədlərinə uyğundur.
İslam dininə görə, mərhum ailəsi heç bir məclis qurmaz, onların
qohumları bu işlə məşqul olmalıdır. Uzaq yerlərdən gələn qonaqlar
istisna olmaqla, digərlərinə yemək verilmir. Yas məclisinə gələnlər
özləri ilə qənd, halva kimi qidalar gətirir ki, çay süfrəsi üçün
belə mərhum ailəsinin xərci çıxmasın. Bu uyqulmanın xeyri, xüsusilə
ailə başçılarının və ailəni saxlayan insanın itkisində məlum
olur.
Bununla belə, dövlətin dini dövlət olmadığı, azad, demokratik
olduğu nəzərə alınarsa, hakimiyyət orqanlarının insanların
mədəniyyət, iaşə, istirahət kimi tədbirlərə qarışması düzgün
deyildir. Toy və yas məclisləri də bu tədbirlər silsiləsinə
aiddir.
Ümumiyyətlə, yas məclisi də müxtəlif aspektlər baxımından
qiymətləndirilə bilər. İnsanların bir arada toplanmaları səbəbilə,
bir tərəfdən bu, sərbəst toplaşma azadlığının formasıdır. Toplantı
sırasında insanların nə yeyib içdikləri də, ümumi azadlıq (hərəkət
sərbəstliyi) hüququnun icrasıdır. Hüquq elmi ümumi azadlıq hüququna
məhdudlaşdırmanın gətirməsi üçün bəzi səbəblərin varlığını tələb
edir. Bunların sırasında iğtişaşların qarşısının alınması, ictimai
(can və mal) təhlükəsizliyin qorunması, ümumi sağlamlığın
qorunması, ümumi əxlaqın qorunmasını göstərmək mümkündür. Demək,
toy, ya da yas məclislərində israf arzu olunmaz bir şey olsa da,
dövlət qanunvericilik vasitəsilə bu məsələlərə qarışmamalıdır,
ancaq israfın azaldılması üçün təbliğat və həvəsləndirmə həyata
keçirə bilər. Bunun əksi ancaq totalitar və avtoritar dövlətlərdə
tətbiq oluna bilər.
Lakin bu məsələnin bir də belə bir tərəfi var. Toy və yas
məclislərində israfın artmasında əsas günahkarlar şadlıq
saraylarının və mərasim evlərinin sahibləri və ya işlədənləridir.
Mənfəətlərini artırmaq məqsədi ilə bunlar daim yemək menyusunu və
bunun nəticəsidə də qiyməti artırırlar. Onsuz da o yeməklərin böyük
bir hissəsi yeyilməyib, digər məclislərdə istifadə olunur. Məsələyə
bu baxımdan yanaşıldıqda, məclis salonu sahibi baxımından, bu,
sahibkarlıq fəaliyyətinin icrasıdır və dövlətin biznes fəaliyyətinə
geniş formada müdaxilə etmə imkanları var. Burda istehlakçı (mərhum
ailəsi) hüquqlarının qorunması, xidmətin standartlara cavab verməsi
kimi şərtlər tətbiq oluna bilər. Məsələn, mərasim zallarında
bugünkü minimal qiymət 10 manatdan başladığı nəzərə alınsa, bu
qiymət Tarif Şurası tərəfindən tənzimlənə bilər və 6-10 manat arası
müəyyənləşdirə bilər. Sahibkarlar da bu qiymət daxilində yas
məclisinin süfrəsini tənzimləyə bilər.
Lakin bu tənzimləmə yenə də həyətində çadır quraraq yas məclisi
keçirənə heç cür aid edilə bilməz, o şəxslər istədikləri formada və
məzmunda yemək menyusunu seçə bilərlər.
Belə olan halda həll yolu nə olmalıdır?
Yas məclislərində israfı önləmək üçün dövlət sosial reklamlara
üstünlük verməli, mərasimləri idarə edən din adamları da müvafiq
təbliğat keçirməlidir.
Düşünə bilərsiniz ki, mollalar ancaq yasda oxunan Qurana görə
alacağı pulu düşünür və onlardan belə bir altruist addım gözləmək
bəlkə də sadəlövlükdür. Lakin vicdanlı din adamları yenə də vardır
və bu məsələdə onların məsuliyyəti böyükdür.