…Adından bəllidir - Yaxın
Şərq. Kaş ki, uzaq olaydı. Çox uzağa getməyək, götürək Uzaq Şərqi -
gündoğan Yaponiyanı.
Nə Avropadakı maliyyə böhranı, nə Yaxın Şərqin qan gölünə
çevrilməsi, nə də Amerikanın riyakar siyasəti bu məmləkəti
maraqlandırır.
Sadəcə, bu bizim taleyimizdir - Yaxın Şərq.
Harada bir bəla, zülm, insanlığa cinayət olsa gəlib bu regionu
tapar. Qəzzadan Bağdada qədər, Hələbdən Şama kimi insanların zülmü
ərşə bülənd olub. Boşdan "iraq olsun" deməyiblər. Yaxın Şərqdə
"iraq olsun" söylənəcək bəşəri cinayətlər törədilir.
Kim bilir Müaviyə, Mussolini və yaxud şah Qacar bu dərəcədə
olmazın işgəncələrə əl atmayıblar. XXI əsrin ilk 15 ilinin dərslik
üçün tarixini yazmağa gərək yoxdur. İndi Suriyada, Qəzzada, İraqda
olan qətliamları genosid kimi tanımağa nə ekspertlər lazımdır, nə
də Avropa Haaqa Məhkəməsi. Aç Yutub sosial şəbəkəsini və bax -
köhnə əyyamlara qayıtmışıq.
Artıq son model silaha, F16 qırıcı təyyarələrinə, Xirosimaya
atıln bombalara ehtiyac qalmayıb. Çünki VIII əsr silah-sursatının
ixracına başlanıb. Suriya və İraqda qılınclar, xəncərlər, nizələr
işə düşüb.
***
İŞİD qətliamları media və dünya siyasətinin gündəmini elə zəbt
etdi ki, Qəzzada öldürülən körpələr unuduldu. Görəsən, bu il
Fələstində neçə uşaq məktəbə gedə bilməyəcək? Neçə suriyalı nişanlı
gəncin həyatı qəsb edildi? Neçə iraqlı ata əlində çörək evə
qayıdarkən güllələndi?
Bu suallar cavabsız qaldığı qədər, Yaxın Şərq xalqlarını,
onların siyasətçilərini, aydınlarını, başbilənlərini qınamaq
lazımdır. Qınamaq lazımdır ki, illərlə davam edən bu zülmlərə qarşı
niyə birgə vətəndaş həmrəyliyinə çağırış olunmur?
Azərbaycan xalqı 20 Yanvar hadisələrinin ertəsi günü yumruq kimi
idi. Hamı yeknəsəq şəkildə rus işğalının törətdiyi cinayətlərə
"yox" deyirdi. Milyonlar Şəhidlər Xiyabanına axışırdı…
Ölkəsində ən kritik dönmədə milli birlik olmayan toplumların
sabitlik içində yaşayışı nonsensdir. Bu mənada Yaxın Şərqin yaxın
gələcəkdə alovu çətin ki, sönə. Bizə yalnız bunu demək düşür - iraq
olsun!!!