DƏYİŞİM KABUSU
Qohum, dost, iş yoldaşı və ya qonşu ilə ünsiyyətə başlarkən
verdiyim ənənəvi suala bir çox hallarda aldığım ən yayğın cavabdan
başlamaq istəyirəm. Bu kateqoriyadan olan insanlarla ünsiyyətim
adətən aşağıdakı sualla başlar: "Nə var, nə yox!"
Cavab nədənsə, əksər hallarda arzuladığım kimi olmur: "Sağ ol,
dəyişən bir şey yox!"
"Dəyişən bir şey yox!" ifadəsi yalnız suala qarşı nəzakətli
üslub ortaya qoymaq və ya real vəziyyəti göstərmək üçün səslənmir,
sadəcə, cavab verənin içimini, mahiyyətini, arzusunu qabarıq
göstərir. Bu, sıradan bir düşüncə mühafizəkarlığı deyil, düşüncənin
paslanmasıdır, durğunluğa olan izahedilməz bir sevgidir. Dünyada
texnoloji dəyişim Qərb insanı üçün hər an, hər gün "Dəyişən bir şey
olmalıdır!" imperativi ilə hərəkət istiqaməti müəyyənləşdirdi.
Dünən və bu gün arasında ən azı fizioloji dəyişikliyə uğrayan insan
düşüncə dəyişikliyini də bir vəzifə borcuna çevirməyə başladı. Şərq
aləmində isə əsas etibarilə fizioloji dəyişimdən, qocalmadan o
tərəfə bir hərəkətlənmə müşahidə olunmadı.
Siyasətdən, dindən başlamış tarixə baxışa qədər, insana
münasibətdən tutmuş millətə və dövlətə baxışa qədər, addım-addım
dünənki bir çox görüşlərimi dəyişdim. Artıq əvvəlki kimi aşırı
milliyətçiliyin insana faydası olmadığını, fərdin hüquqlarından
başlamayan hansısa dəyərin gec-tez iflasa uğrayacağını, insana da,
vətənə də, millətə də xidmətin Yaradanın rizasını qazanmaq üçün
edilməsinin zəruriliyini dərk etdim. Biri əqidəmi çək-çevir etdi,
biri keçmişdəki sözlərimi, biri mövqeyimi xəyanət kimi tanıdı,
ancaq hər dəfə öz bildiyim, inandığım kimi, istədiyim kimi, heç
nəyə aldırmadan yeniliyə doğru dəyişdim. Çünki problemlərinin böyük
əksəriyyəti çözülməmiş bir cəmiyyətin dəyişməsi üçün hər bir fərdin
özünün düşüncəsinin, baxışlarının çağın tələbinə uyğun dəyişməsinin
qaçılmaz olduğunu anlamışdım. Bəlkə də bu xarakterimə görə
Avropada, Türkiyədə, Rusiyada rast gəldiyim azərbaycanlılardan
soruşduğum birinci sual bu olur: "Bu cəmiyyət səni dəyişdimi?"
Çünki bizlərdən fərqli olaraq burada insanın düşüncəsinin
yeniləşməsini əngəlləyən elə bir ciddi faktor görünmür. Burada
əksinə, həm dəyişmək, həm də dəyişməmək üçün ən münbit şərait var
və işləmədən belə sosial müavinət sistemi ən yazıq, statik insanı
belə qorumaq gücünə sahibdir. Bununla belə, yaşadığı ölkənin
yazılmış və yazılmamış qaydalarını kəşf edərək, burada nüfuz
sahibinə, mülkiyyət və peşə sahibinə çevrilən hər bir
azərbaycanlıya fəxrlə baxmağa dəyər, deyə düşünürəm. Bu minvalla
xaricdə yenicə tanış olduğum azərbaycanlıdan hansı sahədə
ixtisaslaşdığını dərhal soruşuram və dəyişən, yeni mühitə dərhal
adaptasiya olunan həmvətənlərimə xüsusi sayğı göstərirəm. Artıq
onun ideoloji, siyasi cinahı zərrə qədər məni maraqlandırmır,
sadəcə Almaniyada, Fransada, Türkiyədə, Lüksemburqda, Rusiyada
faydalı bir insana çevrilib-çevrilməməsi faktı insanı daha çox cəlb
edir.
Öncədən söz verdiyim kimi, qısa bir girişdən sonra bu yaxınlarda
dilçi-siyasətçi Kamil Vəlinin ahıllıq çağında yazdığı məlum
təhqiramiz yazısına burada epizodik bir münasibət bildirməyi zəruri
sayıram. Ona görə yox ki, həmin yazıda şəxsimi hədəf alan hansısa
konkret məqamlar vardı. Əksinə, adətən bizdə insanlar adlarının
çəkilmədiyi, ancaq hədəfə alındıqları yazıları görməzdən gələrək,
mübahisəyə girməkdən çəkinməyə üstünlük verirlər. Səmimi deyim ki,
həmin yazıdakı müxalifətin dəyərləndirməsini, qeyri-ədəbi, söyüş
üslubunu da sakit qarşılayıram. Çünki hər bir siyasi kimlik
daşıyıcısı olan insan, bu gün iqtidarı də, müxalifəti də
doğru-yanlış təsnifləndirə bilər, mənasız bir söz oynatma
müqayisəsində kimisə əl-müxalifət, kimisə əl müxalifəti kimi görə
bilər. Bu ittihamlar bəlkə də o adamları əsəbləşdirə bilər ki,
onlar üçün müxalifət adlanmaq həyati əhəmiyyət daşıyır və bu
statusu zədələyəcək bütün hücumlarıı dəf etməyi özünə borc bilir.
Bizim düşüncəmizə görə, bu günün Qarabağın itirildiyi, hüququn
aliliyiyinin ən uca dəyərə çevrilmədiyi bir Azərbaycanda kiminsə
iqtidarda olması ilə müxalifətdə olması arasında mənəvi həzz
baxımından heç bir fərq yoxdur. Rəhmətlik nənəmin vaxtilə dediyi
sözün qüvvəti, biri çox yediyinə görə ayaqyoluna iki dəfə gedir,
digəri az yediyinə görə bir dəfə gedir.
Bu gün Ukrayna hadisələrindən sonra ən cahil adama da bəlli oldu
ki, müstəqilliyi tam təminat altında olmayan ölkələrdə aşırı
iqtidar lovqalığı da, aşırı barışmaz müxalifətçilik qüruru da bir
işə yaramaz. Vətən parça-parça olandan sonra kiminsə öz əqidəsinin
bötüvlüyündən bəhs etməsi pafosdan başqa bir şey ifadə etməz.
Demokratiya uğrunda mübarizə şüarının da cəmiyyətdə necə rezonans
yaratdığını xüsusi izah etməyə də artıq lüzum qalmamış. Dünyada
kimin hansı prinsiplərin müdafiəçisi olduğunu ayırd etmək də xeyli
mürəkkəbləşib. Artıq hər kəs ABŞ-ın da demokratiyanın müdafiəçisi
olması barədə şüarlarını gülüşlə qarşılayır, guya islam
prinsiplərinin müdafiəçisi kimi özünü təqdim edən İŞİD-in də
törətdiyi vəhşiliyin necə anti-islam mahiyyət daşıdığını görür,
Avropa Birliyinin də iqtisadi maraqları üçün Rusiyanın işğalçı
siyasətinə necə yumşaq münasibət ortaya qoymasının səbəbini rahat
anlayır. Azərbaycanda demokratiyanın olmasını tələb edən dünyanın
onlarla böyük beynəlxalq təşkilatı var, ancaq illərdir Avropanı,
ABŞ-ı dolaşıram, inanın, məmləkətimizdə demokratiyanın olmasını
səmimi şəkildə istəyən hansısa təşkilata, dövlətə rast gəlmədim.
Hamının tələbinin altından bir Qarabağ itkisini görürsən, iqtisadi
pay tamarzılığını görürsən. O zaman ağlı başında olan hansısa
vətənsevərin, insansevər demokratın, üzünü öz cəmiyyətinə doğru
tutaraq, onun düşüncəsinin demokratikləşməsinə çalışmasından başqa
bir yolu qaldığını görmürsən.
Məhz mənim də həmin yazıya cavab verməyimi zəruri edən sadəcə
aşağıdakı məqamdır: İllər keçməsinə baxmayaraq, Azərbaycan
müxalifətində ahıl yaşlı və elm adamı statusunu qabardan bir şəxsin
ittihamının əsas motivi yenə də dəyişimə qarşı etirazdır. Və bu
etirazı da, əxlaq, namus, əqidə, iman kimi terminlərin altında
bəyan edir. İttihamın da əsas sualları budur ki, niyə əvvəlki
illərdəki kimi eynisini düşünmürsünüz, niyə iqtidara münasibətiniz
bizimki kimi deyil, niyə tutuquşu kimi iyirmi beş il öncə
söylədiklərinizi təkrarlamırsınız?
Ələbəttə, otuz il öncəki dünyanın texnoloji dəyişimini kimsə
inkar edə bilməz. Azərbaycanda hansısa evi mobil telefonsuz,
bilgisayarsız, internetsiz təsəvvür etmək olmur. Həmi texnoloji
dəyişim siyasətin mövcud olduğu məkandan fərqli bir yerdə baş
vermir ki?.. Siyasətdə də ən başlıca faktor, ən ciddi tələb
dəyişimdir. Xüsusilə də bizim kimi başdan-ayağa problemlərlə dolu
bir regionda və ölkədə formal da olsa hakimiyyətə gəlmək iddiası
ortaya qoyan siyasətçilər üçün bu dəyişim qaçılmazdır.
Əlbəttə, dəyişməyən davranışlar da var siyasətdə. Fikrimcə,
dəyişməyən davranışlara əxlaqı, mərdliyi, məsuliyyəti aid etmək
doğru olardı. Hamıya tanış simalardan gətirəcəyim nümunələrə diqqət
yetirin. Əbülfəz Elçibəyin siyasət düşüncəsində müəyyən
yanlışlıqlar görə bilərsiniz. Ancaq atdığı elə mərd addımlar var
ki, bunlar siyasətüstü qiymət tələb edir. Xatırlayıram, Dudayevin
xahişi ilə xaricə çıxış üçün Azərbaycan təyyarəsini Rusiya
xəbərdarlığına rağmən, ona vermişdi. Xatırlayıram, iqtidardan
getməsində ən ciddi rol oynamış Rəhim Qazıyevin məhkəmə prosessi
zamanı onun vəkili Həqiqət xanımla Kələkidəki evində görüşünü.
Vəkil yüz min manatdan artıq bir vəsaitin silah alınması üçün
xərclənməsindən prezidentin xəbəri olub-olmadığının yazılı
təsdiqini xahiş edirdi ki, bu ittiham müttəhimin üzərindən
götürülsün. Əbülfəz bəy, hansısa düşmənçilik duyğusuna qapılmadan,
yazılı şəkildə təsdiqlədi ki, belə bir vəsaitdən xəbəri olub. Bunun
adına da mərdlik deyə bilərsiniz.
Yaxud Əbülfəz bəy xəstə olanda Heydər Əliyev birbaşa xəbər gündərdi
ki, harada, necə istəsə müalicəsi üçün hər şeyi etməyə hazıram.
Eləcə də Nəcəf Nəcəfovun müalicəsi üçün atdığı addımlar. Bunun da
adına mərdlik deyə bilərsiniz.
Son dövrlərdə Prezident İlham Əliyevin Gürcüstanın sabiq
prezidenti Mixail Saakaşviliyə hakimiyyətdən gedəndən sonra
göstərdiyi münasibəti də məhz mərdlik kateqoriyasına aid edirəm. Öz
ölkəsində həbs olunmaq təhlükəsi yaşayan sabiq prezident dar
məqamında belə bir münasibəti bəlkə də heç gözləmirdi. Mülki
geyimdə, şəxsi arabası ilə gəldiyi Azərbaycanda Gürcüstan
hakimiyyətinin narazılıq etmə ehtimalı da gözardı edilərək, necə
hörmətlə qarşılandığını gördük.
Ancaq namərdlik nümunələri də az deyil. Elçibəyin əleyhinə
kiminsə çıxmasına hər zaman siyasətin qaydaları içində baxmağa
çalışmışam. Hamı borclu deyildi ki, onun hər bir siyasi görüşünü
paylaşsın. Ancaq onun xəstə vaxtında, jurnalistlərə şəxsən diqtə
edib əleyhinə iyrənc yazıları yazdırmağın adı da namərdlik idi.
Hakimiyyətin bütün üzvlərinin istefa verib getdiyi bir vaxtda bu
gün sədaqət simvolu kimi özünü təqdim edən ahıl bir
siyasətçi-alimin yeni hökmdarın mərhəmətinə ümid edərək
kreslosundan yapışmasının da adı namərdlik idi. Ona görə də bu cür
müqayisələrin davam etməsi, əslində sədaqət, əxlaq, namus
iddiaçılarının daha pis vəziyyətə düşməsinə gətirib çıxaracaq. Və
ən acınacaqlısı da budur ki, Azərbaycanda elmi dəyəri olmasa da,
elmi titulları olan şəxslər özündənmüştəbeh cavablar verməkdən
zərrə qədər utanmırlar. İrad bildirənlərə dərhal cavab verirlər ki,
sənin ağırlığın qədər mənim kitablarım var. Yaxud da mən filankəslə
tanış olandə sən aşırmalı şalvar geyirdin.
Nədənsə, Azərbaycanda xeyli titul sahibi var ki, yazdığı
kitabları kiloqramla təqdim edirlər. Halbuki otuz-qırx illik
maklaturanın içindən faydalı, orijinal, yadda qalan bir cümlə, bir
fikir belə təqdim etmək iqtidarında deyillər.
Bu gün bizlərin iqtidarçılığı da, müxalifətçiliyi də Azərbaycanı
gözləyən təhlükələr fonunda elə bir ciddi imtiyaz və ya hansısa
fəxarət ifadə etməz. İnanın ki, fikir, düşüncə, mənəvi dəyərlər
baxımından cəmiyyətimizin geriliyinin tək səbəbi dəyişimə qarşı
hətta Avropanı, Amerikanı, Türkiyəni görüb-gəlmiş az-çox savadlı
adamların da aqressiv, barışmaz bir davranış sərgiləməsidir.
Müdriklərdən birinin hikmətli cümləsini xatırlayıram: Fikirlərini
heç dəyişdirməyən kimsələr, gerçəklikdən çox, özlərini sevənlərdir.
İndi özünü sevən azərbaycanlıları gerçəkliyə baxmağa
istiqamətləndirən bir siyasət anlayışına tələbat var. Gerçəklik isə
İraqdır, Liviyadır, Misirdir, Suriyadır, Ukraynadır və başqa-başqa
eşitdiyimiz, duyduğumuz məkanlardır. Özümzü sevməyin əleyhdarı
deyiləm, ancaq gerçəklikləri görməzsək, sevməyə özümüzü belə
tapmaya bilərik.
Bir daha bildiyiniz sualı təkaralayıram: "Nə var, nə yox?" Cavab
istəmirəm, sadəcə cavab üzərində düşünməyiniz yetərlidir...