Nəyi fərqlidir ki, bu əsrin Spartakın
erasından?
Siyasiləşmiş Nobel mükafatının 2014-cü ildəki laureatlarıının
kim olacağı bəlkə də diqqətimi bu qədər çəkməzdi, nəinki onun
narahat dünyamızda çox uğurlu namizədlərə təqdim olunması tunelin
sonunda görünən kiçik bir işıq oldu.
Neyrofizioloqlar Con Okif və onun ər-arvad tələbələri May Britt
və Edvard Mozero tibb sahəsində uzunmüddətli tədqiqatların nəticəsi
olaraq insanlığın fiziki xilası üçün mühüm uğura imza atdılar və
münsiflər heyəti onların misilsiz əməyini qiymətləndirmək qərarına
gəldi. Fəzada hərəkətin orientasiyasına cavabdehlik daşıyan
hüceyrəni kəşf edən alimlər təcrübi siçovul üzərində sübuta
yetiriblər ki, harada olduğumuzu təyin edən və koordinat
sistemimizi bizə xəbər verən biokamplar vasitəsilə insan bir
ünvandan başqasına gedir və şüurlu hərəkətini təmin edir.
Kəşfin gələcək tibbi inqilablara necə yol açacağı və müxtəlif
beyin xəstəliklərindən əziyyət çəkən insanlara hansı yardım
göstərəcəyi ilə işimiz yox. Sıraları sürətlə genişlənən
yaddaşsızlıq və altsqeymerli pasientlər üçün əsil xilas eliksirinin
tapıldığına dair əminliklərə də heç bir şübhə etmirik. Lakin
doğrudanmı, insanlığın və bəşəriyyətin gələcəyi ona "yol xəritəsi"
hazırlayan "beyin fəhlələri"nin ixtira edilməsi, funksionallığını
itirən hüceyrələrin bərpası ilə özünün əbədi həllini
tapacaqdır?
Cəmi bir neçə gün öncə dünyada təhlükəsizliyə cavabdehlik
daşıyan əsas qurumun tribunasından müxətlif ölkə başçılarının
qarşılıqlı ittihamlarla dolu nitqini dinlədik. Sülh missiyasına
hələ başlamamış 6 il öncə buna görə ödüllənmiş Barak Obama Rusiyanı
İŞİD təhlükəsindən də böyük şər qüvvə adlandıraraq dövlətləri ona
qarşı birləşməyə çağırırdı. Amerika rəhbərinin yüksək natiqlik
qabiliyyətinə və sürətli nitq modelinə heyranlığınızı bir anlıq
kənara qoyub onun beynindəki növbəti planları təyin etməyə
çalışanda sahib olduğunuz rahatlığın və çevrənizdəki sülhün nə
qədər kövrək xarakter daşıdığına əmin olacaqsız.
Soyuq müharibədən təzəcə çıxmış xalqlar yenidən Şərq-Qərb
qarşıdurmasına doğru sürüklənməkdədir. Sanksiyalarla məhdudlanmış
iqtisadi bağların və hərəkəti yasaqlanmış insanların əvəzində
Avropa qitəsində hərbi texnikanın, silahın, sursatın, qırıcı
təyyarə və vertolyotların sayı artır. Bütün bunları qarşılıqlı
demonlaşdırma təbilğatı ilə elə əsaslandırmaq mümkündür ki,
millətlər növbəti savaşı yeganə xilas yolu kimi qələmə versinlər və
başqa alternativlər haqda düşünməsinlər. Çünki ötən əsrin
milyonlarla insan itkisi bəşəriyyəti heç bir dərsə sahib
eləməyib.
Obama gülümsünərək ikinci bəlanı barmağı ilə göstərəndə,
Keniyadakı nənəsini xatırlayıb "islamın insanlara sülhü
öyrətdiyini" anladanda BMT salonundakıların xəyalları onları
Afrikanın vəhşi florası və faunasına aparırdı. Adama elə gəlirdi
ki, dünyanın bir nömrəli qaradərilisinin niyyəti hər kəsi təmiz
uşaqlıq illərinə qaytarmaq, qayğısız, mehriban və unudulmaz
keçmişlərini onlara yenidən yaşatmaqdır. Lakin Obama Yaxın Şərqdə
tüğyan edən terroru bütünlüklə məhv etməyin vacibliyindən danışanda
mətləb hər kəsə bəlli oldu. Amerika islamla müharibə etməsə də,
İslam Dövləti ilə vuruşacaq. Lakin İlahidən dəstək almayanları
yerdən yox, göydən vuracaqlar.
Qoy indi hərbi dairələr bir kənara dursun, istənilən mülki insan
hesablasın ki, sıraları getdikcə genişlənən və konkret ünvanları,
dayanacaq nöqtələri olmayan, İraqın və Suriyanın hər yerinə
səpələnmiş cıhadçıları tamamilə qırıb qurtarmaq üçün nə qədər vaxt
və silah lazım olacaq?
Beyninizin naviqasiyasını buna yönəldərkən, axtarış sisteminə
İŞİD-ə qoşulanların həyatı məqsədlərini də müəyyənləşdirməyi
unutmayın. Tutaq ki, əbədi dinclik tapmaq üçün cənnət axtarışında
olan bir qism xəyalpərəst özünü bu vəhşətin içinə atmaqdan
çəkinməyib, bəs təminatlı Qərb ailələrinin övladları hansı motivi
rəhbər tutaraq cəhənnəmin qapısından içəri daxil olub və başkəsən
ordunun qəssablarına çevriliblər? Onların mənəvi-siyasi portretini
hazırlamağa çalışanlar yəqin ki, ilk növbədə Avropada hökm sürən
dəyərlər böhranını, limitsiz azadlığın doğurduğu tüfeyliliyi əsas
göstərəcəklər, lakin bir fakt inkar olunmazdır: İŞİD bütün
cəmiyyətlərdəki mövcud olan antoqonizmin, daxillərdəki canavarlığın
və barbarlıq hissinin, həmçinin mənfəətpərəstlik və hökmranlıq
duyğularının ümumi simvoldur. O, sadəcə bir təşkilatın adı deyil.
Heç kəs onları konkret dinə, millətə bağlaya bilməz. Bu dünya
ordusudur. Ekranlarda gördüyümüz səhnələr hamının qəlbindəki
Şeytanın səhraya buraxılmış formasıdır və Əllədindən fəqli olaraq,
əl-Bağdadi 21-ci əsrdə cini şüşədən çıxarsa da, onu könüllü yerinə
qaytarmaq fikrində deyil.
Əksinə, yayılan xəbərlərə görə, İŞİD İranın nüvə silahı
hazırlamaq texnologiyasını və elmini ələ keçirmək üçün məxfi
qüvvələrlə danışıqlara baş vurub. İndi təsəvvür edin ki, atom
reaktorları içərisində illərlə özünü incidilmiş və atılmış sayan
alimlərdən terror qruplarına yardımlar edilir, Xirosimaya atılan
bombaların hazırlanma üsulları onlara satılır, onda Şərin
hakimiyyəti, xofu və çevrəsində yaşayan dünyanın mənzərəsi hər gün
ölümünü gözləyən hərbi əsirlərdən heç nəylə fərqlənməyəcək.
Müqəddəsliklər məhv olanda səhnəyə peyğəmbərlər çıxır. İsa nə
etdiyini bilməyən insanlığın xilası naminə çarmıxa çəkilmiş,
hamının zülmünü tək cismində yaşayaraq böyük bir din qoyub əbədi
ruha çevrilmişdi. Müsəlman dünyası pisiliklərin, köləliyin,
istismarın, imansılığın və inamsılığın əlindən Tanrı elçisi
Məhəmmədin Allahla ünsiyyəti hesabına qurtula bilmişdi. Lakin indi
o qutsal kitablar qurtuluşa deyil, dünyəvi müharibənin
ideologiyasına, fərqli sivilizasiyaların arasında gedən davanın
başlıca səbəbinə çevrilməkdədir. Dinin xilaskarlıq missiyasına son
qoyulub, məscidin, kilsənin və sinaqoqun cazibə aləminə tapınanlar
bir göz qırpımında qladiatorlara çevriliblər. Nəyi fərqlidir ki, bu
əsrin Spartakın erasından?
Ölümün kultu yaranıb. Ona pərəstiş edənlər hər gün cansız
başlardan ibarət açıq səhra sərgilərində və genosid muzeylərində nə
qədər desən, əylənə bilirlər. Ölüm artıq mədəniyyət hadisəsidir.
Minlərlə adamın intiharı və kütləvi qətllər günahdan daha çox
incəsənət nümunəsinə çevrilib. Dünya özü boyda qəbir evinə dönüb və
ölümün ətri, qoxusu hər yanı bürüyüb.
Ebola virusu da insanlığa cəza olaraq 40 ilin fasiləsindən sonra
yenidən baş qaldırıb. Məlumatlara görə, artıq İspaniyada ilk
qurbanların taxtı hazırdır və ehtimal edilir ki, epidemiyanın
qarşısı alınmasa, 1 milyondan çox adam bu bəladan həyatını itirə
bilər. İndi siz deyin, nobelçi alimlərin kəşfi ölmüş beyinləri,
çürümüş zəkaları və zülmət qaranlığına çevrilmiş mənəviyyatları
haqq yoluna çıxara bilərmi?
İndi Romada 1.2 milyard katolikin, xüsusi olaraq acların,
kimsəsizlərin və istismar olunanların hamısı kimi ad çıxarmış
Fransiskonun növbəti dini moizəsidir. On minlərlə adam müxtəlif
ayinləri icra edərək bəşəriyyəti humanizmə və qardaşlığa səsləyir.
Lakin insanlar kimin mənəvi hakimiyyəti altında olduqlarını sona
qədər kəsdirmək gücündə deyillər.
İkinci Dünya Müharibəsindən sonra hamı birləşib beynəlxalq
hüququn norma və prinsiplərini ərsəyə gətirdilər ki, dinc yanaşı
yaşamanı bərqərar edə bilsinlər. Lakin Hitlerin və Stalinin mistik
obrazı ölümsüzlük qazandı və keçmişin gələcək üzərində
hökmranlığının qarşısını bir kimsə ala bilmədi.
Qloballaşmanın sərhədsizliyi insanları azdırıb. Ona görə bu
üzübağlı, əli bıçaqlı və cəllad baltasından asılı qalmış
bəşəriyyəti xilas etmək üçün üç Nobel mükafatlı alimin kəşfi çox
zəif təsəllidir. Onlar yolunu itirmiş və səhraya - daş dövrünə
qayıtmış adamları oyatmaq, yaddaşlarındakı insafı, mürvəti,
xeyirxahlığı və ədaləti dircəltmək üçün hər kəsin beyninə bir
naviqasiya qurğusu – "putevoditel" - yerləşdirmək gücündə
deyillər.
Cavid deyirdi ki, qorxu bilməyən insan kafirdir! Azmış adamları
xilas etmək indi nə orduların, nə də dinin işi deyil.
Laboratoriyalarda on illərdir ki, canını bizə fəda edən siçovullar
bir hüceyrənin yerini tapıb onu bərpa etməyə yarayacaq, lakin
təbiətin bu cılız varlığı bir gün dil açsa, onu hər cür təcrübəyə
qurban edən yırtıcı məxluqların yaxasından tutub soruşacaq: Yolunuz
hayanadır?!