Fransızların "pilləkəndə hazırcavablıq" adlandırdıqları
vəziyyət belə Serj Sərkisyanın son aylarda yaşadığı rüsvayçılığı
izah etməkdə acizdir.
Dümanın həmvətənlərinin tapıntısı bir xalq üçün deyil, bəşəri
məzmun daşıyır, amma onu fərdlərə də tətbiq etmək olar. Fransız
"formul"unun mahiyyəti budur ki, əgər bir şəraitdə ağır
məğlubiyyətə məruz qalırsansa, hətta alçaldılırsansa, onda dərhal
göstərə bilmədiyin reaksiyanın yerini sonrakı illər "xəyali
cavablar" tutur və günün birində tərcümeyi-halının ən ağır səhifəsi
sənin üçün doğmalaşır, qəhrəmanıq hekayətinə çevrilir. Erməni
prezidentini son aylar ərzində təqib edən Nazarbayevin silləsi hələ
uzun müddət onun hakimiyyəti və təmsil etdiyi dövlət üçün qorxulu
kabus olaraq qalacaq.
Ötən ilin əvvəlində Avrasiya İqtisadi Birliyinə qəbul üçün "yol
xəritəsi" alan Ermənistan üç dəfə təxirə salınandan sonra nəhayət
ki, bu qurumun üzvüdür. Onsuz da cəmiyyətdəki etirazları heç bir
vəchlə yatırmaq mümkün deyildi, indi onun üzərinə yeni İttifaq
müqaviləsi ətrafındakı qarşıdurmalar da əlavə olunub. Sosial
gərginliyin və meydanlardakı etirazların siyasi nəticələrinin
olmaması bir ayrı söhbətin mövzusudur. Lakin xalqı gömrük rüsumları
ilə sakitləşdirmək, yaranmış təcridolunmadan tamamilə çıxarmaq
mümkün deyil.
Bəs başqa alternativlər vardımı, yaxud Sərkisyanın imzası ilə
iqtisadi müstəqilliyini tam itirdiyi elan olunan bir dövlətin bir
vaxtlar üzvü olduğu "Şərq tərədaşlığı"nın sonu necə oldu?
Nə qədər qəribə də olsa, hətta indiki vəziyyətdə belə ermənilər
Brüsseldən müsbət cavab alacaqlarına bel bağlayırlar. Almaniyanın
bu ölkədəki səfiri bəyan edib ki, artıq öz seçimini Rusiyanın
yaratdığı birliyə etmiş bir dövlətin Qərbin fəal ticarət partnyoru
ola bilməyəcəyi aydındır. Lakin bütün körpülər hələ yandırılmayıb.
Əgər əvvəl başqa assosiativ saziş üzərində iş aparılırdısa,
yaranmış yeni şəraitə uyğun Ermənistan üçün başqa çərçivə sənədi
təklif olunacaqdır. Onun şərtləri tam bəlli olmasa da, ehtimal ki,
Avropa Birliyi təkcə Gürcüstanın hesabına Cənubi Qafqazda nüfuzunu,
yaxud dayaqlarını qoruya bilməyəcəyinə əmindir. Ona görə də fərqli
yollarla illər ərzində üzərində iş aparılan, lakin 2013-cü ilin 29
noyabrında Ukraynanın başının bəlası olan sammitdən sonra iflasa
uğramış tərəfdaşlığı bərpa etməyə çalışırlar.
Birliyin region üzrə səlahiyyətli nümayəndəsi Herbert Salberin
uzun fasilədən sonra yenidən təşrif buyurması fonunda hamı üçün
maraqldır ki, Qərbin bu bölgəyə yanaşması və yeni konsepsiyası
nədən ibarət olacaq?
Xatırlamağa dəyər ki, əvvəlki fransız səfiri Filip Leforu bu ilin
iyun ayında əvəz edən hazırkı qərbli diplomat bölgə ilə yaxından
tanışdır və xüsusi olaraq münqaşələrin həlli üzrə ixtisalaşmış
adamdır. O, hər üç Qafqaz ölkəsində 2006-cı ildən başlayaraq
dəfələrlə olub və rəsmi təyinatından sonra ilk dəfə 3 ay öncə
buraya təşrif buyurub. Ekspertlər o zaman qeyd edirdilər ki, Avropa
Bilriyi iqtisadi platformada fəaliyyət göstərməsinə baxmayaraq,
bundan sonra Qarabağ və Gürcüstanın məlum problemləri üzrə fərqli
siyasətini Salber hesabına həyata keçirməyə çalışacaq.
Avrokomissarlığın xarici işlərinə baxan Ketrin Eşton da bu əminliyi
artıran bəyanatlar verərək, yeni şəxsin üzərindəki mühüm missiyadan
bəhs etmişdi. Lakin Rusiya ilə konfrontasiya və Putin İttifaqının
gələcək planları Qərbin Qafqaz siyasətini kökündən dəyişməyi tələb
edir.
Sizcə, hazırda Ukraynadakı müharibəni görən hansı postsovet
ölkəsi növbəti qurban olmaq üçün namizədliyini irəli sürər?
Moldovanın prezidenti Nikolay Timofti ilə Putinin son söz dueli
axırıncı MDB toplantısının əsas hadisəsinə çevrildi və bu siyasi
atışmanın müşahidəçiləri soyuq bir nəzərlə təkcə "dəyirmi masa"dakı
toqquşmanı deyil, ondan sonrakı davanı gözləyirdilər. Rəsmi Kremlin
planları özünü çox gözlətmədi. Dünən Lavrov sanksiyaçıların və
anti-rus barrikadasının menyüsünə daha "sanballı" tezis verdi.
Əslində, ondan öncə Rusiya prezidentinin dilindən səslənmiş "biz
Avropa ilə əməkdaşlığın əleyhinə deyilik, lakin baxır hansı şərtlə"
bəyanatı bir az da inkişaf etdirilərək daha təhülükəli mahiyyətdə
moldovanların qarşısına qoyuldu. Lavrov bildirdi ki, əgər Moldova
Qərbin tərəfdaşlığı yolunda siyasətini hüquqi müstəvidə davam
etdirəcəksə, onda Dnestryanı bölgənin müstəqilliyi və onun
təhlükəsizliyinin təminatı yeni Avrasiya Biriliyinin əsas qayğısı
olacaq.
Qaranlıq heç nə qalmadı ki? Rusiyanın dünyaya verdiyi mesajı
başa düşməyənlər oldumu?
Bax, yeni arxitektura budur. 90-cı illərdə təzə müstəqilliyini
qazananda güclü Qərb öz istədiyi kimi bölüşdürməyib dünyanı? İndi
zaman və qüvvələr nisbəti dəyişib və nəinki ərazisi işğal olunmuş
dövlətlər, o biriləri də bundan nəticə çıxarmalıdır. Demək, ərazi
bötövlüyü tam şəkildə qorunaraq saxlanan ölkələr - Orta Asiya
dövlətlərinin də hər biri anlamalıdır ki, türk vahidliyindən, yaxud
başqa abstrak ideallardan başları dumanlanıb Türkiyənin
periferiyasına yuvarlanmağa can atmasınlar. Axı onsuz da hamı bilir
ki, rus əsgəri oradan getsə, özbəklər, taciklər, qazaxlar,
qırğızlara elə bir düşmənçilik yapacaqlar ki, hamı Rusiyaya sülhü
bərpa etmək üçün təzədən yalvarmalı olacaq. Bir də 23 ildir o
ölkələrin başında rahat oturan rəhbərlərin belə geosiyasi reverans
edib yeni ittifaqlara can atmaları nəyə lazımdır ki? Məgər
hakimiyyətlərinə təhlükə var? Qətiyyən yoxdur. Ona görə İslam
Kərimov nəinki cənub qonşusunun xoşuna gəlməyə, eləcə də öz siyasi
sabahı naminə MDB kimi sabit və təhlükəsiz bir qurumu dağıdan
Poroşenkoya qarşı yüklənməkdə haqlıdır. Məhz öz məntiqi
üzərində.
Bəs 20 faizi yaralanmış Ukrayna, Azərbaycan və Gürcüstan nə
etsin? Avropa Birliyi onların bütövlüyünə zəmanət vermir və real
olaraq hər üç ölkəni təhlükəyə atan da məhz Qərb olub. Biz
inqilabların ixracından və ya son dövrlər dəbdə olan terminlə
desək, xaos nəzəriyyələrindən danışmırıq. Bəli, kəşfiyyat
məlumatları olmadan da gizli deyil ki, gürcülər Ukrayna cəbhəsində
ruslara qarşı savaşda avropalıların adından ya döyüşür, ya da
maddi, mənəvi və hərbi yardımları göstərməkdə xüsusi canfəşanlıq
göstərirlər. Dəqiq bəllidir ki, Tiflisdən hansı kommuniksiya
vasiətələrilə Ukraynaya silah və texnika daşınır. Necə deyərlər, bu
ölkə Qərbin ikinci Normandiya cəbhəsidir, lakin bu dəfə keçmişdəki
müttəfiqləri olan ruslara qarşı. Ancaq bu qlobal savaşın taleyini
həll etməkdə çox cüzi köməkdir. Belə savaşla rusları məğlub edə
bilməzlər. Bir də ki, onsuz da beşdə biri ələ keçirilmiş ölkələr
arasındakı əvvəlki bağları artıq qoruyub saxlamaq da mümkün
olmayacaq.
Sərkisyan isə hətta yeni İttifaqda da özünü yetim saymaqda davam
edir. Günlər öncə onun Nazarbayev əleyhinə kəskin ittihamları
dediklərimizə sübutdur. Qazax prezidentini türk şovinizmində və
azərbaycanlılarla milli həmrəylik göstərməkdə suçlayan bu adam
Ermənistanın gələcək faciələrini yazmağa ünvan tapıb. Sən demə,
Avrasiyadakı təşəbbüslərinin və iqtisadi planlarının da qarşısını
alan varmış. Növbəti türk xofu və ermənilərin əbədi kabusu.
Nazarbayevin zərbəsi, sən demə, təkcə onun Azərbaycan prezidenti
və xalqı ilə dostluğuna görə deyil, həm də böyük tarixi köklərə və
vahid türk ideallarına bağlıymış. Ermənistan rəhbəri Putinə şikayət
məktubu hazırlayır. Lakin o, yaxşı bilir ki, İlham Əliyevin
diplomatik qələbəsini, həmçinin ermənilərin indi başında dayanan
adamın böyük şahmat taxtasında siyasi piyada olduğunu göstərən
məktubunu yazmağa gücü çatmır.
Elə prezidentliyi davam etdirməyə də. Ölkənin birinci kreslosu
bu adam üçün əzab yerinə, elektrik stuluna çevrilib. Liderliyin
mənəvi hakmiyyət olduğunu, insanların təfəkkür və düşüncə aləmində
özünə yer etməyi bacarmağı ermənilər yaxşı bilirlər. Lakin nə
edəsən ki, 1-ci adam indi orada ən sonuncu şəxsdir. Sözün bütün
mənalarında.
Müdafiə naziri Ohanyan isə milli düşüncədəki pessimizmi
ört-basdır etmək üçün bir vaxtlar eyni səngəri bölüşdükləri
rəhbərinə müraciətlə deyib ki, onlar Qarabağ məsələsini
diplomatların öhdəsinə veriblər, lakin istənilən zaman onu geri ala
bilərlər. Halbuki Sərkisyanın hansı miqyasda diplomat olduğunu
bütün dünya bilir. Onun adı gələndə Tiqran da qəbirdə çevrilir.
Ermənilər deyir ki, Sərkisyanı ona yazılıb verilən hazır mətnlər
pis günə qoydu. Ancaq hamı bilir ki, o, heç üzündən də yaxşı oxuya
bilmir. Ona görə tribuna birilərinin ucalığını, başqalarının isə
aşağılığını ətrafa nümayiş etdirir! Belələrini silahla yox, kürsü
ilə öldürürlər!