Türkiyədə ermənilərin aztirajlı, ancaq tanınmış bir
qəzeti var. Adı "Aqos" qəzetidir. Xatırlayırsınızsa, baş redaktoru
Hrant Dinki bir neçə il öncə küçədə öldürdülər və bu hadisəni
Türkiyədə əməlli başlı ermənilərin təbliğat kampaniyasına
çevirdilər. "Həpimiz erməniyik!" deyənlərin bağırtılarını yəqin ki,
xatırlamış olardınız.
Həmin qəzetin keçmiş yazarı, hazırda türklərin "Yeni Şafak"
qəzetinin yazarı olan Aris Nalçı 10 gün öncə T24 adlı saytda Dağlıq
Qarabağa səyahətindən yazıb. Dağlıq Qarabağı müstəqil cümhuriyyət
adlandırıb, orada ermənilərin Kobanidə olduğu kimi öz evlərinin
təhlükəsizliyini qoruduğunu anlatmağa çalışıb.
Türkiyə Cümhuriyyətinin vətəndaşının separatçı bir bölgəni və
Azərbaycan ərazisinin ayrılmaz parçasını müstəqil bir cümhuriyyət
kimi tanıması, Azərbaycan dövlətinin icazəsi olmadan bir bölgəyə
səyahət etməsi özlüyündə rəsmi Türkiyənin münasibət bildirməsini
zəruri edən bir faktdır və Azərbaycanın Xarici İşlər Nazirliyi
yəqin ki, istirahətinə haram qatıb bu faktın Türkiyədəki
həmkarlarından izahatını tələb edəcəklər. Çünki burada söhbət
ayrıca bir ermənidən deyil, Azərbaycan əleyhinə fəaliyyət göstərən
və onun qanunvericiliyini pozan Türkiyə Cümhuriyyətinin erməni
əsilli vətəndaşından gedir.
Maraq doğuran digər məsələ isə Kobani ilə Dağlıq Qarabağın
müqayisəsindən gedir. Guya hər ikisində adamlar öz evlərini
qoruyurlar və onların hər ikisinin bu mübarizəsini haqlı sayır.
Maraqlıdır ki, həm Kobanidə, həm də Dağlıq Qarabağda mülki əhali
deyilən bir anlayış demək olar ki, ciddi qəbul olunmur. Hər
ikisində də terrorçular söz sahibidirlər. Kobanidəki əhalinin
əksəriyyəti Türkiyənin sərhəd bölgələrinə sığınıb, Dağlıq Qarabağın
mülki əhalisi isə: statistikaya görə 60 min azərbaycanlı erməni
vəhşiliyindən qurtularaq Azərbaycanın digər rayonlarında
məskunlaşıb, 100 minə yaxın erməni əhalisinin çoxu isə iqtisadi
vəziyyətin ağırlığına görə ya xarici ölkələrə gedib, ya da
Ermənistanın siyasi və iqtisadi sferasında aparıcı mövqeləri işğal
edərək orada məskunlaşıb. Hər dəfə məgər Ermənistanda Dağlıq
Qarabağ klanının ölkə siyasətini və iqtisadiyyatını işğal etməsi
barədə ittihamların səsləndiyini duymuruqmu?
Əlbəttə, Dağlıq Qarabağda az sayda mülki əhali var, bunların da
yaşamı məhz terrorçulara xidmət sferası ilə bağlıdır. Ona görə də
Kobanidə İŞİD terrorçu qrupu kürd terrorçu qrupu ilə üz-üzə gəlib,
Dağlıq Qarabağda isə erməni terrorçiları ilə Azərbaycan dövlətinin
ordusu üz-üzədir.
Bu necə müstəqil respublikadır ki, heç Ermənistanın özü cəsarət
edib, onu rəsmən tanımır? Ona görə də hər iki misalda müqayisəni
aparanda bunu guya məsum insanların öz təhlükəsizliyini qoruması
kimi təqdim etmək, əslində, terrora və terrorçulara haqq
qazandırmaq niyyətindən irəli gəlir.
Burada ən düşündürücü və üzücü məsələ budur ki, bir erməni
Nalçı, minlərlə türk Ağılçıya öz yalanını oxutmağa cəsarət edə
bilir. İndi anlaşıldımı niyə bir əsr müddətində yalançı "erməni
soyqırımı" rahatlıqla dünya insanına sırına bildi?