Beş ildir ki, hər gün
metroyla gedib-gəlirəm. Avtobusun yönünə görə metroya bir tərəfdən
düşürəm, əks tərəfdən çıxıram.
Çıxışda yan-yana iki piştaxta
var. Hər ikisi kitab satırdı. Dərsdən, işdən, gəzintidən
yorğun-arğın qayıtdığım hər axşam bu simaları görməyə elə
alışmışdım ki, doğmalaşmışdıq. Arada onlardan kitab alırdım, söhbət
edirdik. Bu iki nəfərdən nisbətən gənc olanı dindar birinə
bənzəyir. Romanlar, uşaq kitabları ilə yanaşı dini kitablar, dua
kitabları da satardı. Dünyəvilik və mənəvilik yanaşı düzüləndə
xoşuma gələrdi.
Eynəkli əmi isə - beş ildə bir dəfə də adını soruşmamışam – həm
də qəzət satırdı. Həftədə bir neçə dəfə qəzeti ondan alardım. Bu
adam elə bil, bu məkanın bir parçası idi. Boş olanda özü də qəzet
oxuyardı. Zəif, orta yaşlı bir adamdı, eynəyin arxasındakı gözləri
həmişə parlayardı. İstər-istəməz başını qaldırar, üzümə
gülümsəyərdi.
Bu iki adamı bazara çevrilmiş metronun "bazar adamları"ndan
fərqləndirən mədəniyyət və hörmət Çin mallarından deyil, kitabdan,
qələmdən gəlirdi.
Bu gün isə eynəkli əmini uşaq oyuncaqları satan gördüm, əlində
həmişəki kimi qəzet yox idi. Elə bil, başqa adamdı. Yanındakı
satıcı isə kitabların yerinə qadın paltarları satırdı. Üzündə
çaşqınlıq vardı. Gecə sarayında yatıb, gündüz küçədə oyanan nağıl
qəhəmanına bənzəyirdilər. Olduğu yeri tanımır, amma ayağa durub
irəliləməli qəhrəman.
Gəl indi o qəhrəmanlara başa sal ki, sizdən başqa burdakı başqa
satıcıların işi qanuna uyğundur, siz isə qanunu pozmusunuz. Çin
istehsallı alt paltarı, harda hazırlandığı bəlli olmayan kosmetik
maddələr, nə olduğu bilinməyən ətirlər satmalısınız.
Onlar kimi mən də çaşqınam. Vaqonlara zorla özünü salan azyaşlı
dilənçilər, metronun pilləkənlərində meyvə, kontur satan qadınlar
qanuni fəaliyyətdədirlərmi? "Ana—bacı" söhbətinin pik nöqtədə
olduğu ölkədə axşamlar metro çıxışlarında avtobus gözləmək mümkün
deyil. Özünə "müştəri" axtaranlar qəşəng maşın tıxacı yaradır.
Sabah onun yerini alacaq balaca dilənçi isə soyuqda oturub qəpik
yığır. Gecələr Bakı tərs üzünü göstərir. Əgər illah da
qanunsuzluqla mübarizə edəcəyiksə, kitabçı əmidən başqa çox mətləb
var.
Tez-tez dilə gətirməyi sevdiyimiz, yeni kəşf etdiyimiz bir hiss
var – empatiya. Nə qədər özümüzü işlərinə qadağa qoyulan kitab
satıcılarının yerinə qoysaq da, anlaya bilmrik. Çünki metroda kitab
oxumaq hələ qadağan deyil. Biz oxucular hardan olsa kitab alacağıq,
harda olsa oxuyacağıq. Bəs eynəkli əmi bir də harda kitab
satacaq?