Bir həftədir ki, "Qanun" nəşriyyatında gedən vergi yoxlamaları,
nəşriyyatın bağlanma ehtimalı ətrafında müzakirələr gedir.
Yazarlar, tərcüməçilər, naşirlər münasibət bildirir. Aşağıdakı
sözlər sadəcə bir oxucuya aiddir. Sadiq oxucuya...
Bu yazını yazarkən qələbəliyin içində qeyb olmuşam. Dörd il
öncəni düşünürəm. Ölkənin ən qərbindən ən şərqinə gəldiyim günləri,
tünlükdən, insan axınından qorxduğum günləri. Bugünki möhkəm
dostluqlarım, fikir müəllimlərim, çevrəm və özünəgüvənim yox idi.
Əlimi boşluğa uzatdım və ilk dostlarımı "Qanun" nəşriyyatın
simasında kitablarda tapdım. O günə kimi heç vaxt kitaba pul
verməmişdim. Və beləcə kitabxanamın təməli atıldı. Bu gün müxtəlif
nəşriyyatlardan, müxtəlif dillərdə kitablar var o rəflərdə. Ancaq
"Qanun" o rəflərə ilk övlad kimi əzizdir.
Bir il sonra kitab sərgisində Şahbaz Xuduoğlu və əməkdaşlarla
tanış olduqdan sonra nəşriyyat içində çap avadanlıqları və
bilgisayarlar olan daş bina deyil, nəfəs alan, gülən, qayğıkeş
insanlar idi. Həmin gündən sonra o binaya çox getmişəm. Tələbə
yoldaşlarımla, bəzən tək başına. Məlum keçidin yanından kiçik
cığırla nəşriyyata doğru gedəndə bura dünyadan ayrılmış bir yer
kimi gəlib mənə. Deyirlər, uzaqlarda - eyni düşüncəli, eyni duyğulu
insanların bir-birini bir sözdən başa düşdüyü ölkə var. Bu cığırla
irəliləyəndə o ölkəni düşünmüşəm. "Bəlkə o ölkə çox uzaqda deyil"
demişəm.
"Qanun" deyəndə
İlk Orxan Pamuk kitabımı xatırlayıram – "Mənim Adım Qırmızı".
Daha sonra "Qara Kitab" nəşriyyatın mənə Gənclər günü
hədiyyəsi.
Nəşriyyatın səhifəsi üçün bir şəkli Səlcuqa (nəşriyyatın
əməkdaşı) dəfələrlə çəkdirib sildirməyimi xatırlayıram.
Tələbə bileti, şəxsiyyət vəsiqəsi ilə gedib nəşriyyatdan
əli-qolu dolu çıxmağımızı xatırlayıram.
Başqa bir sərgidə Günel Mövludla söhbət etməyimizi, ondan kitab
almağımı və imzalatmağımı, yarmarkalardan birində Rəşad Məcidin
bizə Qismətin "Meqapolis Hüzünlərini" hədiyyə etməsini, qızlarla
imza üçün necə şairin başına toplaşmağımızı xatırlayıram.
Şahbaz bəyin məni Pərviz Cəbrayılla tanış etməsini, imzalı "Yad
Dildə"ni, birlikdə İskəndər Palanın qaldığı otelin foyesində yazarı
gözləməyimizi, İrandakı məhbus şairlər Şəhriyar Del Gerani və Fərid
Hüseyn üçün BMM-də toplaşmağımızı xatırlayıram.
Şahbaz bəyin hər soruşduğum kitab haqqqında ərinmədən məlumat
verməsini, rahat–rahat şikayətlərim haqqında onlara yazmağımı,
"Gənc, bu kitabı oxumusanmı?", "Bu kitabı oxumağın məsləhətdi"
deməsini xatırlayıram.
Yarmarkalardan bir digərində tərcüməçi və yazıçı Nəriman
Əbdürrəhmanlı ilə tanışlığımız, qısa söhbətimiz və mənə hədiyyə
etdiyi iki kitabını xatırlayıram.
BDU-un Jurnalistika fakültəsində partalara düzülən kitabları,
qaça-qaça özümü çatdırdığım sərgi və yarmarkalarda əlində kitab
gördüyüm gəncləri və bu mənzərələrin məndə yaratdığı sinə dolusu
rahatlıq hissini xatırlayıram.
"Qanun" nəşriyyatın, kitabların, sərgi və yarmarkaların, imza və
görüş günlərinin sayəsində tanıdığım bir-birindən işıqlı gəncləri
xatırlayıram.
"Qanun" biz gənclərə mühit yaradıb, bizim üçün nəfəsliyə
çevrilib. Mənzərəni sərgiləyə bilməsə də, mənzərədən parçalar
göstərən ayna olub. Əli kitablı birini görəndə ona qarşı məndə
güvən hissi yaranır. Düşünürəm ki, biz onunla uzaqdakı o ölkənin
sakinləriyik.
P.S. Yazı duyğulu alındı. Çünki bir duyğunun təsiri ilə yazılıb
- əndişə.