III Bakı Beynəlxalq Kitab Sərgisinin son saatlarına çata
bilmişdim. Hələ də "iş başında" bir neçə stend var idi. Təxminən
alacağım kitabları bilirdim. Tapa bildiklərimi aldım. Gözümə
"Metis" nəşriyyatının çap etdiyi "Beşpeşe" kitabı dəydi. Bənövşəyi
çiçəklərlə bəzənmiş kitabın üz qabığı müşəmbəyə bənzər
materialdandı. Belə material çətin ki cırılsın, ya da islansın!
Bəlkə elə buna görə kitabın qiyməti başqalarından bir az
yüksəkdi.
Şərikli kitab
Lakin kitabın diqqət çəkən tərəfi onun hansı materialdan
hazırlanması deyil, müəllifidir. Daha doğrusu, müəllifləri. Bəli,
nə az, nə çox, romanın beş müəllifi var. Endirim fürsətini də
qaçırmayıb kitabı aldım. Elə həmin axşamdan oxumağa başladım.
Layihənin rəhbəri və ideya müəllifi Bülent Ermendir. O öz sahəsində
şöhrət tapmış beş yazıçıya müraciət edib. Şərtə görə, hər bir
yazıçı öz üslubundan vaz keçmədən o birinin qaldığı yerdən davam
etməli idi. Hər birinə iki ay vaxt verilmişdi.
Murathan Munqan
Romana başlayan Murathan Munqandır. Üslubun gözəlliyi, dilin
təmizliyi, sürükləyici təhkiyəsi ilə oxucunu asanlıqla əsərə
bağlayır. Munqan həm də özündən sonra yazacaq həmkarlarına
irəliləyəcək izlər qoymalı idi. Bunları da edib – teatr təhsili
alan gənc qız Zəhra, onun intihar etmiş anası, cinayət şübhəsi,
atası və qeyri-adi nənəsi, müəlliminə olan ümidsiz məhəbbəti. Sonda
isə yeni obraz Fıratın adını çəkib haqqında heç nə demədən ilk
hissəni bitirir.
Faruk Ulay
Fıratı romana daxil etmək isə hekayələri ilə tanınan, Amerikada
yaşayan Faruk Ulayın öhdəsinə düşüb. İkinci hissəyə başlayarkən
oxucu ilıq sudan buzun içinə atılmış kimi bir hiss yaşayır.
Murathan Munqandan fərqli olaraq, Faruk bəyin üslubu daha
kəskindir. Türkcəsi təmiz deyil və həddən artıq marka adı çəkir.
Mineral sudan tutmuş maşın markalarına qədər bir dəstə ad. Fəsil
boyunca Zəhranın ancaq bir neçə saatı təsvir edilir.
Elif Şafak
Səhnəyə üçüncü çıxan yazar Elif Şafakdır. Xəfif depressiyalı
qadın yazar tövrü ilə olayları toparlamağa çalışır. Düzünü desək,
nağılvarı dili ilə səhifələri ard-arda çevirə bilir. Öz üslubuna
sadiq qalaraq qəhrəmanı keçmişi, ata-anası ilə üzləşdirir. Şafak
atasından küskün bir həyat keçirdiyindən Zəhranın atasına olan
hisslərini çox inandırıcı cümlələrlə təsvir edib. Hər zaman etdiyi
kimi şahanə bir qadın obrazı da yaradıb – Vedia xanım.
Cəlil Oker
Dördüncü yazar dedektiv kitabları ilə tanınan Cəlil Okerdir.
Mənim ən çox sevdiyim və inandığım hissə bu oldu. Cəlil bəyin ilk
işi Elif Şafakın yaratdığı Vedia xanımı bir kənara itələmək olub.
Daha sonra da əvvəlki hissələrdə adı çəkilən, bir dedektiv yazarı
olan Rıdvan obrazını yaratmağa başlayıb. Onun peşə qayğıları,
yaradıcılıq prosesi, qorxuları, sevgisi, qısqanclığı və çarəsizliyi
inandırıcı təsvir olunub. Romanda oxucuya büsbütün çatdırıla bilən
yeganə obraz Rıdvandır. Bunda yazıçının şəxsi təcrübələri də
əvəzsiz olub.
Pınar Kür
Romana nöqtə qoyan yazar isə Pınar Kürdür. Pınar xanım dəcəllik
edib oyuncaqları otağa dağıdan uşaqlarına dərs vermək istəyən ana
ədası ilə yazıb. Sanki bir an öncə bitirmək istəyib. Bu səbəbdən də
oxucunun bəzi sualları cavablanmamış qalır.
Şou sənətçiləri
Yazarların hər birinin bacardığı bir şey var. Oxucunu
gərginlikdə saxlamaq. Bu kitab hər kəsin öz alətində mükəmməl ifa
etdiyi orkestrə bənzəyir. Kitabda da belə bir cümlə var: "Yazarlar
da şou sənətçiləridir. Onların səhnəyə çıxmaması bu gerçəyi
dəyişdirə bilməz". Hər biri özünü təsdiqləmiş yazıçılar öz adları
ilə risk edib, həmkarlarına güvənib və bir anlıq da olsa eqonu
kənara qoyub. Ancaq düşünmədən dura bilmirsən. Murathan Munqan tək
başına romana davam etsəydi, ortalığa necə bir əsər çıxardı? Bu,
heç vaxt cavabını bilməyəcəyimiz suallardan biridir.
Eyni layihə Azərbaycan ədəbiyyatında
Mənim kitabxanama əlavə olunan bu kitabın dördüncü nəşridir.
Kitab bestseller olmayıb. Türkiyə ədəbiyyatı bu kitabla daha bir
mərhələni keçib. "Beşpeşə" ədəbiyyatsevərlər, xüsusən roman
həvəskarları, nəzəriyyəçilər və kolleksionerlər üçün mühüm bir
parçadır.
İstər-istəməz "bizdə niyə yoxdu o əjdahadan?" sualı ağlıma
gəlir. Bir-biri ilə rəqabət aparmağa çalışan nəşriyyatlardan biri
yazarları başına toplayıb belə bir layihə həyata keçirə bilər. Bu,
həm maraqla qarşılanar, həm də ədəbi çevrələrdə bir hərəkətə,
müzakirəyə səbəb olardı. Ancaq sonra ayrı-ayrı yazarların qırğına
çıxacağını düşünəndə ardıcıl olaraq ikinci sual da yarandı:
"Sənə əjdaha lazımdır?"