"Obama ailəsi və Səməd Vurğun…"
Bu yazacağım yazının adı da ola bilərdi. Amma o yazını
yazmadım. İndiki qeydlərimin adını isə sonda yazacam. Hələlik
fikirlərimi Sizinlə bölüşmək istəyirəm:
Bu günlərdə bir tədbirdə eşitdim ki, Səməd Vurğunu Türkiyədə
yaxşı tanımırlar. Ölməz şairimizi qardaş Türkiyədə tanıtmaq
lazımdır. Azərbaycanın ilk Xalq şairi, Azərbaycanda Akademiyanın
açılmasına səbəb olan üç alimdən biri və həmin Akademiyanın həqiqi
üzvü, poeziyamızın akademiki olmaqla bərabər filosofu, psixoloqu,
dramaturqu, Yazıçılar İttifaqının sədri olmuş ən populyar siması,
azərbaycanlıların 7-dən 77-yə hər kəsin əzbər bildiyi şeirin
müəllifi böyük Səməd Vurğunu, doğrudanmı, Türkiyədə tanıtmaq
lazımdır?!
Müasir Türkiyə Nazim Hikməti də, Səməd Vurğunu da hələ bundan sonra
tanıyacaq da, sevəcək də, bunun çətinliyi yoxdur, burada bizim
üzərimizə elə də bir iş düşmür. Əsas məsələ Səməd Vurğunu müasir
dünyanın siyasi mərkəzlərindən biri olan Amerikada tanıtmaqdır.
Bax, indi gəldik əsas məsələnin üzərinə.
Azərbaycanlı Yusif ağanın oğlu Səməd Vəkilov 1948-ci ildə Bakıda
"Zəncinin arzuları " adlı bir poeziya nümunəsi qələmə almışdı.
Vurğun təxəllüslü bu şair yana-yana, həyəcan təbili çalaraq,
yuxusuna haram qatıb, gündüz dincliyini pozub, qaradərili
insanların tapdalanan hüquqlarını müdafiə edərək yazmışdı:
O, kürsüyə sinə gərdi. Danışmadı susdu bir dəm,
Çatıb qara qaşlarını, fikrə getdi o bir anlıq;
(Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq,
Qarşısında boyun büküb,səcdə qılır bütün aləm…)
Salon heyrət içindədir…Sükut edir başdan-başa.
Qara zənci kürsüdədir, ona min göz baxır yerdən…
Bir şeyriyyət tablosudur seyr etdiyim bu tamaşa,
Nə mənalar oxuyuram dalğın baxan o gözlərdən!..
Elə bil ki, bir dəfə də, yarandığı gündən bəri
Ağız açıb o gülməmiş, nəşələrə biganədir.
Dodağında səslənməmiş ürəyinin nəğmələri,
Talan olmuş şəhər könlü top dağıtmış viranədir.
Burada qırx-əllinci illərin Amerika zəncisindən söhbət gedir.
Əgər kimsə düşünür ki, bu, iki min on dördüncü ilin sonundakı
Amerika zəncisi haqqındadır, bu mənlik deyil, mən bunu bilmərəm.
Bunu Uca Yaradan və Uca Yaradanın fitri istedad verdiyi Səməd
Vurğun bilər. Məncə, heç siz də bilməzsiniz. Qayıdaq "Zəncinin
arzuları"na, daha doğrusu, həmin poemada Azərbaycanın Xalq şairinin
Amerikaya xəbərdarlığına:
Dolan bulud boşalacaq!-
Bu hökmüdür təbiətin!
Qara zənci ağız açır:
- Mən zənciyəm, həm də rəssam
Otuz ildən bir az da çox övladıyam bu sənətin,
Məni yalnız insan deyil, bir də şair doğmuş anam.
Amerika- Yeni dünya mənim doğma vətənimdir,
Babamın ağ sümükləri çürümüşdür bu torpaqda…
Dəniz mənim, hava mənim, torpaq mənim, göy mənimdir!
Arzularım yuva salmış bər budaqda, hər yarpaqda.
Mən sevirəm öz yurdumu bir müqəddəs məhəbbətlə,
Rəssam könlüm vurğunudur hər axşamın, hər səhərin,
Yaratdığım tablolarda hüsnü vardır, şəfəqlərin…
Vaxtınızı çox almayım!
Deyin mənim bu sənətlə ,
Bu hünərlə yaşamağa yer üzündə haqqım varmı?
Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmı?
Onun qara gözlərindən bir ildırım çaxdı keçdi,
Ürəyinin qızıl qanı ürəyimdən axdı keçdi.
…Amerika, hər qərarı, hökmü verən zaman olur,
Bil ki, qullar dünyasının intiqamı yaman olur.
Bu sətirlər yazılanda Amerikanın nəinki birinci adamı, birinci
xanımı qaradərili idi, heç yüzüncü dərəcəli adamı da qaradərili
deyildi. İndi dünyanın birinci dərəcəli dövlətinin birinci dərəcəli
adamı qaradərilidir və biz onu tiribunalarda çox görürük, çox
eşidirik, ondan eşitmək istədiklərimizi eşitməsək də.
Artıq zənci tribunadan vüqar ilə düşüb enir,
Onun dolğun gözlərində min bir ümid şölələnir.
O, ölümə zəfər çalan bir xəstə tək ayılmışdır,
Onun səsi bu kürsüdən dünyalara yayılmışdır.
Mənim yadıma gəlir ki, 70-ci illərdə məktəbimizin bir tədbirində
Səməd Vurğunun "Zəncinin arzuları" poemasından bir parça
söyləmişdim və sonda "Biz dünyaya sülh istəyirik! Vyetnam
məktəblilərinin, afrikalıların, Amerikada yaşayan qaradərilili
insanların hüquqlarını müdafiə edirik!" demişdim. İndi düşünürəm:
nədən mən və mənim kimi yüzlərlə məktəbli bunları söyləyirdi. Nədən
Amerika məktəbliləri Qarabağdan didərgin düşən azərbaycanlı
məktəblilərin hüquqlarını müdafiə etmirlər?! Bəlkə biz daha böyük
millətik, daha hümanist, daha dünyəvi düşünənik? Ya bəlkə əksinə,
daha sadəlövh, emosianalıq?! Nədən biz Səməd Vurğun bayraqdar
olmaqla qaradərililərin hüquqlarını müdafiə edirdik, onlar
qarabağlıların hüquqlarını müdafiə etmək lazım olduğunu heç
ağıllarının ucundan belə keçirtmirlər?! Bunu onlardan soruşmaq
lazımdır, ya bizdən?!
Bu arada indi xəbər verildi ki, ABŞ-da Ağ Evə Yeni il yolkası
gətirilib. Ölkənin birinci xanımı Mişel Obama iki qızı və iki iti
ilə birgə at arabasında gətirilən şam ağacını təhvil alıb, onu
iyləyib. Beləliklə, Ağ Evdə və ölkədə Yeni il şənliklərinə start
verilib. Ağ Evə Yeni il gəlib, Qara bağa da gələr...
Yazının adını da deyim: "Zəncinin arzuları" və ya
azərbaycanlıların Qarabağ arzusu...