Yuxarı

Gəncəli Ədalətin başına pul yağdıranda qazaxlılar qalxdı…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süleymana qalmayan dünya Ədalətə qaldı...

Ədalətin Yurdu... Ədalət özü elə Yurddu da... Ədalət Yurddu da, Vətəndi də... Sazın, sözün vətəni, saf, təmiz hissin vətəni, elin-elatın vətəni...

Yurdum, Vətənim Ədaləti dinləyirəm bu sətirləri yaza-yaza. Dipdiridi, sözü-söhbəti yerində, Qara Sazı bağrının başında, xəyalı göylərdə, gözləri başının üstündəki işıq haləsinə baxa-baxa böyük sənətin heykəlini yapır... Saza can verir...

Mən müsəlman Şərqinin və bütün türk ellərinin tanıdığı, Sazın Tanrısı Dədə Ədalətdən əvvəl 11-12 yaşlı “qarabəniz, cəlimsiz, qayışbaldır, od parçası” balaca Ədaləti tanımışam. Atamın xatirələrindən. Danışırdı ki, biz Gəncədə oxuyurduq. Bir gün qazaxlı tələbələrdən eşitdim ki, Ağköynəkdən bir balaca uşaq gətiriblər, sazda elə “Yanıq Kərəmi” çalır, gəl görəsən, od ələyir. Dostum Məhərrəmlə getdik deyilən çayxanaya. Ondan sonra vaxtını öyrənmişdik, nə vaxt bu uşaq gəlirdisə, ora gedirdik. Bir dəfə Ədalət çaldı-çaldı, daha “qan eləyirdi” demək olar. Çayçı şabaş üçün, sifariş üçün ayrıca miz qoymuşdu, pulu onun üstünə yığırdılar, iki nəfər də nəzarət edirdi. Birdən pullu, içən filankəs (atam onun adını deyirdi) uşağı sazqarışıq götürüb pulların üstünə qoyu. Bunun da ayağında bir cırıq postal, özü də topuqlarına qədər toz içində. Kişi pul bağlamasını açdı, tökdü bunun başından, pullar xəzəl kimi Ədalətin ayağına, yəni mizin üstünə, həm də yerə səpələndi. Baxdım ki, Məhərrəmin yarımçıq stəkanı əlində qalıb. Stəkanı alıb, nəlbəkinin içinə qoydum, dedim, “dur, getdik”. Məhərrəm dedi, “hara gedirik, hələ bundan sonrası daha da maraqlı olacaq”. Mən də dedim, “bəs Qurbanov bilsə nə olacaq?”

Qurbanov rektor idi, mən Həmkarlar Komitəsinin sədri, Məhərrəm də Komsomol Komitə katibi. ”Dur” dedim. Birbaş yataqxanaya gəldik. Dostum dedi ki, maraqlıydı, heyf dərslər tökülüb qalıb. Bu oturdu oxudu, mən elə bil uşağın çalğısından, oxumasından havalanmışdım, ya ruhum ayağa qalxmışdı , nəydi, bilmədim, nə oxuya bildim, nə yata bildim, elə hey fırlandım. Məhərrəm də seminarları yazdı, saat 4-də, 5-də güclə yatdıq. Səhər ayıldıq ki, gecikmişik, özümüzü auditoriyaya yetirdik. Aha, rektordan yoxlama! Birinci məndən soruşdular: “Mansurov, niyə gecikmisiz, harada idiniz?”

Tez dedim ki, dünən dərsdən gedəndən Məhərrəm oturub oxuyur, gecə 4-ə, 5-ə qədər seminar yazıb, işığı söndürməyib deyə, yata bilməmişik, səhər yuxuya qalmışıq. Dekan dedi: “Gətirin dəftərləri bura”. Baxdı, üç seminar, hərəsindən 5-6 səhifə səliqəylə yazılıb, “əyləşin ” dedi.

Getdilər. O gün bütün Gəncə o gecədən danışırdı. Gəncəli lotu Ədalətin başına pul yağdıranda qazaxlılar durub ayağa, şəmkirlilər, tovuzlular, Gədəbəydən kim varmış... Bütün Gəncəbasar meydanı olub ora, nə isə... Çayxana çalxalanıb, hökumət başlarının üstünü alıb, bir neçə tələbə də varmış orada...

50-ci illərin Gəncəsi 11-13 yaşlı Ədalətin yanıqlı, “daşdan su çıxardan” səsini də eşitmişdi. Sonra o səsi xainlər zəhərləyib batırıb, ya da yaşın keçid dövründə özü itib. O yanğı da barmaqlarına gəlib. Bir də atam söyləyirdi ki, tələbəydik, bizdə pul nə gəzirdi, cəmi ikicə dəfə köynəyinin cibinə nəmər qoymuşam. Çalanda mis kimi bərk, qaynar olurdu bədəni, elə bil əl yandıracaq qədər isti. “Bu cezv məqamı ilə bağlıydı”deyirdi atam. Bir də deyirdi ki, 9 yaş kiçik idi Ədalət məndən, cılız idi, amma hünəri böyük idi.

Hünər haralara gətirdi Ədaləti! Aşıq Ədalət təkcə sazı çiynində ucalara qaldırmadı. O, bütün elat mədəniyyətini, folklor dəyərlərimizi, aborigen mental düşüncəmizi, sənət əxlaqımızı dünya səhnəsinə daşıdı!

Yaşın ixtiyarlasın, şöhrətin bəxtiyarlasın, qocalasan, ucalasan, pulun-paran... kimsəyə ehtiyacın olmasın, adamlar sənə salam verəndə sevinsinlər ki, bu gün nə gözəl gün oldu, ONA rast gəldim, sənlə görüşənin müşkülü asan olsun, bəxti sevinsin. Amma sən dədə yurdunun qapısından içəri girəndə ayağıyalın uşağa dönəsən, kövrələsən, əyilib bir daşın üstündə oturub duyğulanasan, gözlərin nəmlənə... Bax budu Yurdu olmaq, bəlkə də bu, həm də Yurd olmaq deməkdi! Yurd Ədalət Yurd yeri oldu. Qədim Qazax elində bir qibləgah da artdı.

Qazağın daha bir Yurd Daşı Səməd Vurğunun 80 illik böyük, təntənəli yubleyi idi. Tədbir Yuxarı Salahlıdan başlayacaqdı. Atamla Salahlıya gəldik. Mən orada tədbir başlayana kimi nələr gördüm... İnsanlar yol boyu işləyirdi, səliqə, səhman, təmizlik... Hətta su maşını gəldi, ağacların yarpaqlarına qədər yudular. Daha dözə bilmədim, tələbə-jurnalist idim, guya haqq-ədalət axtardım. Dedim, ”ay ata, bu kəndə niyə belə baxırlar, bizim kəndə heç baxmırlar”. Dedi, ”bu kəndi Səməd xoşbəxt eləyib. Hər onun yubleyində bu kəndə dövlət pul ayırır. Hətta evinin damı köhnələnin damını təzələyirlər ki, kənardan pis görünməsin”.

Gördüklərim mənə nağıl kimi gəlirdi. Atam gülə-gülə yazmağıma işarə edərək dedi: “Sən də Səməd Vurğun kimi ola bilsən, onda bir gün Daş Salahlının daşlarını da yuyarlar”.

O gündən ürəyimdə gizli bir sirr yarandı. Heç kimə deməyəcəyim bir sirr. Səməd Vurğun kimi olmaq! Amma mən nəinki bu dünyada, heç o dünyada da Səməd Vurğun kimi ola bilmərəm, o məqama çatmaram. Qazaxdan Dədə Ədalət o məqama yaxınlaşdı. Onun yeri Səməd Vurğuna yaxın yerdədi. Məzarı da ziyarətgah...

Ədalətin ölümsüz çalğısında biz nəsil insanların həyatı var, uşaqlıq dünyası var, uşaqlıq dünyasının bəxtəvərliyi var. Bu sazı dinləyəndə bizim ata-anamız cavan olur, sağ olur, ruhumuz sağlam olur...

Evimiz təmir olunanda boya ustası aynabəndimizin iki qarşı-qarşıya divarına, bir tərəfə Səməd Vurğunun, bir tərəfə Aşıq Ədalətin şəkillərini həkk eləmişdi. Görəndə sevindim. Elə bildim atam belə istəyib. Məlum oldu ki, ustanın öz yaradıcılığıdı. Usta dedi: “Dərdin alım, bu mənim çörək ağacımdı, bu şəkilləri hansı evə yaraşdırmışam, əlavə nəmər almışam, dədən də əlavə bir iyirmibeşlik verdi”.

Usta gedəndən sonra təzəcə universitet qurtarıb, ədəbiyyat müəllimi işləyən böyük bacım dedi ki, 25 manat niyə verirdin, ay ata, nəmər 5 manat, 10 manat olar. Atam gülə-gülə “sən danışma, – dedi, - sən Səməd Vurğunun çörəyini yeyəcəksən”.

Mən də bacım deyəni deyəndə, atam özünəməxsus yumorla dedi ki, bu 25 manat hərlənib hər gün bu evə gələcək. O kişilər Allahın sevdiyi, bərəkət verdiyi kişilərdi.

Pulu deyə bilmərəm, o evdə mənə gələn fikirlər heç yerdə gəlmir. Nə yazmışamsa, o aynabənddə yazmışam. Ailə qurdum, Bakıda neçə yerdə yaşadım, yazılarımı isə həmişə dədəm evində yazdım. 2000-ci ilə qədər iki divar arasında, iki şəkil arasında az-çox nə yazmışam, o məhsuldu. Səməd Vurğun o dünyada, Aşıq Ədalət bu dünyada, mən də o dünya ilə bu dünyanın arasında...

Rüstəm Kamal 2006-cı ildə yaradıcılığım haqqında “Birinci Kitab”ıma ön sözdə “Natəvan Dəmirçioğlu nəsrində... əsərlərin sujeti... həyat-ölüm sxemi üzrə qurulur” yazmışdı. Yeri gəlmişkən, “Səməd Vurğuna daş atanlara niyə cavab vermirsən?” deyənlərə deyim ki, daşınıza, torpağınıza qurban olum, daş da ataram, nüvə silahı da... Sözdən kəskin, böyük silahmı var?! 2-3 ideologiya töküntüsünün dediklərinimi deyirsiniz? Onlar əsas obyekt deyillər. Düyün orda olsa kəsmək asandır. Mətləb tamam ayrıdır. Dədə Ədalətin Yurdu məsələsi də eləcə... Bunları dərindən bilmək hər gün öz içində şəhid olmaq deməkdir... Belə...

Bu dünyada nə qədər sirr var... Dədə Ədalət indi Səməd Vurğun kimi böyük ruhlardan biridir... Ədalətin özü də, ruhu da Tanrı nəzarətindədi.

Bizim nəsil Azərbaycan insanının canlı şahidi olduğu Azərbaycan musiqi tarixində, daha dəqiqi, solo ifaçılıq sənətində Habilin kamanını, Kamil Cəlilovun qaboyunu, Çingiz Mehdiyevin nağarasını, Bəhram Mansurovun tarını, Vəli Qədimovun klarnetini, Rəmişin gitarasını, Aftandil İsrafilovun qarmonunu və bu siyahının əvvəlində Aşıq Ədalətin sazını sənət hadisəsi hesab etmək olar.

Mənim iş yoldaşım, mərhum jurnalistimiz Ustad Ədalətin ölümsüzlüyünü ifadə etmək üçün belə demişdi: ”Yəqin bir gün Əzraili də kövrəldəcək Ədalət. ...Əzraili ...işindən-gücündən ayıracaq, sazın Məcnunu eliyəcək Ədalət”.

Amma yox! Göylərin qərarı, qanunu dəyişməz. Əzrail gəldi, “işini-gücünü” gördü, Tanrının əmrini yerinə yetirdi, Ədaləti aparıb getdi... Məsələnin qəribə tərəfi isə odur ki, Əzraildən sonrakı dünya Ədalətdə qaldı, Ədalətlə qaldı, Ədalətə qaldı... Süleymana qalmayan dünya Ədalətə qaldı! Ona görə Ədaləti belə dipdiri dinləyirəm bu sətirləri yaza-yaza.

Dünya Ədalətsiz olmasın heç!

2017-ci il.

Tarix
2019.01.27 / 13:46
Müəllif
Natəvan Dəmirçioğlu
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla