Azərbaycan müstəqillik qazanandan sonra yalnız bir dəfə
Cənubi Qafqaz regionunda Qərbin yürütdüyü siyasətin əsas
konturlarına dair yazılı təminat alıb və beynəlxalq mövqelərini
həmin platformaya uyğunlaşdırmağa çalışıb.
Əlbəttə, kimsə dövlətlərarası razılaşmalara, yaxud rəsmi
qəbullardakı quru diplomatik təbəssümlərə istinad edərək bütün
münasibətlərin hüquq müstəvisində qurulmalı olduğuna bizi
inandırmağa çalışır, lakin hamıya bəllidir ki, geopolitika,
təhlükəsizlik, iqtisadi maraqlar və bu kimi fundamental məsələlər
ağ kağıza köçürülüb açıq, yaxud gizli danışıqların predmeti olmur.
Bunlarla hər ölkənin siyasi elitası özü məşğul olur və dünyada elə
iki dövlət tapılmaz ki, onların dostluğu, yaxud düşmənçiliyi yazılı
sənədlərdən kənara çıxmasın.
Lakin qeyd etdiyimiz o tək bir hadisə 2003-cü ildə Amerikanın
ölkəmizdəki səfiri Enn Dörsinin zamanında baş verib və ədalət
naminə deyək ki, təcrübəsinə, cəmiyyətlə yaxından ünsiyyət qurmaq
qabiliyyətinə görə Ağ Evdən təyinat alanlar içərisində xanım
diplomat kişi həmkarlarından bir boy daha yuxarı idi.
Xatırlayırsınızsa, transmilli layihələrin uzun bir yol keçərək
reallığıa çevrildiyi həmin illərdə ABŞ-ın bölgədə maraqları
sırasında birinci yerə enerji məsələləri, yaxud Əfqanıstanda
anti-terror əməliyyatlarına dəstək problemi deyil, məhz ərazi
bütövlüyü və suverenlik prinsipləri qoyulmuşdu. Razılaşın ki,
Qafqazı ikiyə bölüb onun cənub hissəsinə sahiblənmək istəyən
beynəlxalq oyunçular üçün Sovetlər Birliyindən miras qalmış
münaqişələri hər hansı bir şərtlə çözmədən nə neft-qaz uğrunda, nə
də demokratik islahatlar yolunda uğur əldə etmək mümkün
deyildi.
Təəssüf ki, onlar da idarəolunan xaos, yaxud münaqişələr
vasitəsilə maraqlarını sürdürmək siyasətinə üstünlük verdilər.
Bəli, Amerika soyuq müharibədən sonra postsovet məkanında
geopolitik arxitekturanın dəyişməsində mühüm rol oynadı və 1991-ci
ildən bu yana onun iştirakı olmadan ənənəvi mənafe savaşlarındakı
balansı təmin etmək, hər hansı dünyəvi layihəni gerçəkləşdirmək
qeyri-mümkün idi. Yüz il əvvələ qayıdaraq SSRİ-nin yaranması
ərəfəsində burada hökm sürən şəraiti dəyərləndirmək istəsək,
görəcəyik ki, Britaniya ordusunun da daxil olduğu internasional
burjuaziya elementləri Qafqazlara yalnız neft anbarı kimi baxırdı.
Azadlığına təzəcə qovuşmuş və milli elitaları, silahlı qüvvələri,
dövlətçilik ənənələri çox zəif olan hakimiyyətlərin xarici
müdafiəyə ehtiyacı hava-su kimi duyulurkən, onlar qarşılarında əsil
sümürgən yadelli işğalçılar görmüşdülər və belə vəziyyət uzun
müddət davam edə bilməzdi. Ona görə bolşeviklər yeni imperiyanın
fasadını tökən kimi Qərb şirkətlərini - nobelləri, rotşildləri -
qovub buradan çıxardı, sonra isə İranda onların şah rejimi ilə
birgə payına da əlini qoydu.
Tarixin ondan nəticə çıxarmayanda təkrarlandığını nəzərə alaraq,
21-ci əsrin birinci onilliyində hadisələrin məhz həmin vektor üzrə
inkişaf etdiyini görə bilərik. Amerika Barak Obama dönəmində xarici
siyasət hədəflərini kəskin dəyişdi. Belə təəssürat yaranırdı ki,
Corc Buşun hakimiyyətindən tam fərqli olduğunu göstərmək üçün yeni
prezidentin komandası keçmiş uğurların hamısının üstündən xətt
çəkmək niyyətindədir.
Gürcüstanın 2008 avqust məğlubiyyətindən sonra Qafqazda qüvvələr
nisbəti büs-bütün Rusiyanin xeyrinə dəyişdi. Düzdür, bütün avropalı
siyasətçilər və onların toplaşdığı qurumlar bu günədək həmin məşum
hadisələrdən şimal qonşumuzu diskreditasiya etməkdən ötrü istifadə
edir, ancaq nəticə dəyişmir və Abxaziya-Cənubi Osetiya cütlüyünü
müstəqil subyektlər kimi öz təhlükəsizlik qanadının altına alan
ruslar onu birdəfəlik götürdüklərini heç kəsdən gizlətmirlər.
O vaxta qədər mövcud olan mühüm formatlardan biri - GUAM da
artıq siyasi xəritədən silinib. Avropa Şurasında çıxışı zamanı
Azərbaycan prezidenti Ukraynanın Yanukoviç dönəmini xatıraladaraq,
onların yollarının ayrılmasının səbəblərini açmağa çalışmışdı.
Onsuz da Özbəkistanın bu qurumdan çıxması, üstəlik, adı yeni
üzvlükdə hallandırılan Rumıniya və başqalarının bura can atmaması
fonunda öz cazibədarlığını xeyli itirmiş GUAM son illər tamamilə
iflasa uğrayaraq dövriyyədən çıxıb. Halbuki ona siyasi və maddi
sərmayə qoyan Birləşmiş Ştatlar MDB-yə alternativ təşkilat kimi
açıq-məxfi dəstəyini bu "yaralı ölkələr birliyi"ndən heç zaman
əsirgəməmişdi. Ərazilərinin 20 faizini itirmiş üç respublika ilə
müqayisədə yeganə Ukrayna öz bütövlüyünü qoruya bilmişdi, o da indi
Qərb-Rusiya qarşıdurmasının hesabını artıqlaması ilə ödəyir.
Kənardan baxanda belə təəsürat yaranır ki, hazırkı Ağ Ev
administrasiyası Cənubi Qafqazın geopolitik müstəvisində fəal
hərəkət etməkdənsə, onu daha əlverişli zamanlara təxirə salıb. Ona
görə də Tiflisə gəlib anti-Rusiya inqilablarını müdafiə etməyə
çalışan Buşla müqayisədə Obamanı bu regionda görən olmayıb. Hətta
vaxtilə simpatiya bəslədikləri Saakaşvilini də sonda taleyin
ümidinə buraxıb getdilər və onun islahatçı, Qərbpərəst komandasını
təqib və həbslərdən xilas etməyə zərrə qədər də çalışmadılar.
Niyəsi özlərinə yaxşı bəllidir, ancaq İvanişvili iqtidarı nə qədər
Avroatlantik dəyələrə sadiq olsa da, Şevardnadze irsini, keçmiş
sovet mirasını qazıyıb tarixə atmaqda qızılgül inqilabçılarının
misilsiz rolunu danmaq və onları meydanda tək qoymaq düzgün
deyildi.
Qərb etibarsız partnyor imici qazanmaqdan qorxmalıdır, çünki
yenigürcülər, yaxud yeniazərbaycanlılar hətta şərqi avropalılardan
da fərqli olaraq ən çətin şəraitdə, kolonial maraqların tüğyan
elədiyi bir mühitdə Qərbin ayrılmaz siyasi hissəsi olmağa can
atırlar.
Gürcülərlə paralel Azərbaycanda da Amerikanın əvvəlki
mövqelərdən geri çəkildiyini görə bilərik. Faktlar amansız olur,
deyirlər. Adicə səfir təyinatının aylarla sürməsinə nə ad vermək
olar? Kimsə bunu Konqresin sərt prosedurları ilə əsaslandırmağa
çalışa bilər. Amma yadınızdan çıxmayıbsa, 2012-ci ildə Metyu
Brayzanın məruz qaldığı çətin imtahandan öncə Bakıda səfirliyi az
qala müvəqqəti işlər vəkillliyi səviyyəsinə endimişdilər. Belə
statusla böyük uğurlara imza atmaq qeyri-realdır və kimsə MKİ-nin,
yaxud Mossadın buradakı gözəgörünməz qüvvələrinin mifik gücünə
arxalanmasın. Axı elektron casusların ən böyüklərindən biri elə öz
idarəsinə itaətsizlik göstərib çoxdandı Moskvada oturmurmu?
Hələ bu azmış kimi son səfir, neft diplomatiyasının peşəkar
ustası qocaman Riçard Morninqstarın yol verdiyi kobud səhvlər az
qala dövlətlərarası qalmaqala səbəb olacaq, onun "arzulanmaz şəxs"
kimi ölkədən qovulması ilə nəticələnəcəkdi. Uzun illər Birləşmiş
Ştatlara yeni müstəqillik qazanmış ölkələrlə necə davranmağın
məsləhətlərini ver, yol göstər, ən sonda da belə aqibətlə üzləş.
Özü də bütün bunlar Azərbaycan üçün çox mühüm olan 2013-cü ildə baş
verirdi. Müstəqilliyin əldə olunduğu 22 il ərzində özünü Amerikanın
daxili tərəfdaşları kimi qələmə verən partiya və hərəkatlar
birdən-birə qütblərini dəyişərək rusiyalı milyonçuların ittifaqına
keçmişdilər və siyasi səhnə tamamilə açılmışdı. Qərb isə prosesləri
müşahidəçi qismində seyr edirdi. Kimsə iddia edə bilər ki,
hakimiyyətin dəyişməsi planları və Moskvanın layihəsində yer
alanların iqtidara gətirilməsi ssenarisi mahiyyətcə bütün
dairələrin marağına işləyirdi. Ancaq ağılı başında olanların hamısı
belə bir ideyanın Qərbin on illər ərzində Azərbaycanda qurulmuş
dayaqlarının tamamilə sarsılmasına və Xəzərdən, eləcə də
Qafqazlardan əlini üzməyə səbəb olacağını yaxşı bilməmiş deyillər.
Belə polietnik bir regionda və postkonflikt sindromundan əziyyət
çəkən cəmiyyətlərdə birləşdirici qüvvə olmaq asan məsələ deyil. Ona
görə nə Amerika, nə də rəsmi Moskva İlham Əliyev hakimiyyətini
devirməyi düşünmür, onunla yaxından əməkdaşlığı yeganə
alternativsiz yol sayırdılar.
Lakin Amerika siyasi elitasının son illər bölgəyə təşrif buyuran
təmsilçilərinin ranqı da nikbin uzaqgedən nəticələr çıxarmağa imkan
vermir. Xanım Klintonun səfəri zamanı Qarabağ cəbhəsində məlum
atışma olmasaydı, sabiq dövlət katibinin gəlişini hətta
siyasətçilər də unudardı. Yaxud onun müavini Uilyam Börns.
Qarşılıqlı səfərlər haqqında da eyni fikirləri söyləmək
mümkündür. Prezident İlham Əliyev ən çətin şəraitdə NATO ilə
əməkdaşlıq formatını dağıtmır, müharibə gedən bir ölkədə -
Ukraynada keçirilən təlimlərə hərbçiləri göndərməkdən vaz keçmir,
enerji layihələrini Qərbin xeyrinə genişləndirməkdə davam edir,
lakin Ağ Evdə qəbul olunanlar isə Maydan inqilabının baniləri olur.
Doğrudanmı, iflasa uğrayan "Yaxın qonşuluq" siyasəti, yaxud "Şərq
tərədaşlığı" planı yalnız Avropanı narahat etməlidir, Ağ Evin
qayğısını isə yalnız blogerlər, üsyan nəzəriyyələri və dövlətləri
ələ verən "beşinci element"lər təşkil etməlidir? Müttəfiq saydığın
ölkəni bir ovuc demokratiya emissarlarına, yaxud açıq casuslara
qurban vermək dünyada təkbaşına idarəçilik iddiaları ilə uzlaşmır.
Ya ədalətli hakim olub bütöv bir xalqla əməkdaşlıq edəcəksən, ya da
yeni "Varşava pakt"ları ilə üz-üzə qalacaqsan. Rusiya Qərbin öz
dəyərlərindən sapdığı yerdə daha yaxşı lövbər salıb tankını-topunu
yerləşdirə bilir.
Amerika Qafqazlarda möqelərini itirir və onun "müqəddəs yeri"
boş qalmır. "Con Kerri 907-ci düzəlişin əsas müəlliflərindən biri
olub"- bu sözlər Azərbaycanın 2-ci hakimiyyət adamına məxsusdur.
İndi nəinki sıravi adamlar, eləcə də yüksək dövlət adamları "soyuq
müharibə"dən sonra heç bir sabit prinsip və daimi dəyərlər
tanımayan Qərbdən narazılığını gizlətmir. Bu isə 90-cı illərdə çox
böyük eyforiya ilə Qərbə açılan qolların bağlanması deməkdir.
Adamlar avrotəmirdən çıxardıqları ölkəni indi Qərblə bölüşmək
istəmirlər!