Yuxarı

Anarın Elina yazısında diqqətçəkən nüans

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xalq yazıçısı Anar Elinadan yazdı” başlıqlı xəbəri görəndə sevindim. Dedim, nə yaxşı, daha bir ziyalımız Elina özünü atarkən onu qolundan “tutmağa”, xilas etməyə çalışıb. Sonra gördüm, yox, Anar müəllim Elinanın yox, adı istintaqda hallanan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın qolundan “tutub”, onu kresloda saxlamağa çalışır. Yekə bir təəssüf! Mən “təəssüf” sözündə iki “ə” və “s” hərfi yazdım, siz hərəsindən 10 ədəd yazdığımı düşünə bilərsiniz.

Anarın yazısı böyük ajiotaj doğurdu. Halbuki soyuq başla oxuyanda görürsən ki, orada yanlış cümlə yoxdur: adam deyir ki, “belə bir faciə olub, bundan dərs çıxarmalıyıq və ən azından istintaqın bitməsinə qədər Xalidə Bayramovanı ittiham etməməliyik”. Bəs biz niyə bu yazıya etiraz edirik?

Çünki Anar bu yazını Elina üçün deyil, Xalidə Bayramova üçün yazıb.

Onun bir dost kimi Xalidə Bayramovanı müdafiə etməyə də tam haqqı çatır. Amma bir ziyalı kimi əvvəlcə Elinanın faciəsinə ağrımalı idi. Özü də 20 gündən sonra yox, vaxtında - aprelin 6-da, Elina canını tapşıranda!

Yəni Anar dost vəzifəsini yerinə yetirdi, ziyalı vəzifəsini yox!

Onun 20 gündən sonra belə bir yazı yazıb ağrıdığını deməsi haqlı olaraq bu təəssüratı yaradır: Anarı Elinanın ölümü deyil, Xalidə Bayramovanın çətin duruma düşməsi narahat edib. Belə çıxır ki, Xalidə xanımın adı bu işdə hallanmasaydı, Elina heç Anar müəllimin yadına da düşməyəcəkdi.

Ümumiyyətlə, Elina faciəsi sadə bir nümunə deyil. Ölkənin bir çox məktəbində mövcud olan neqativliklərin – narkotik maddənin, şprislərin tapılması, iki yeniyetmənin porno videosunun yayılması, müəllimin şagirdi döyüb öldürməsi və başqa hadisələrin sınma nöqtəsi idi.

Niyə bu qədər olaylardan sonra xalq şairlərimiz, xalq yazıçılarımız çıxıb ziyalı mövqeyi sərgiləmədi? Niyə məktəblərə gedib, öz millətinin balalarına tövsiyə vermədi, dərdlərini dinləmədi?

3-4 hekayə, 5-6 şeir yazmaqla iş bitmir ki! Adı üstündə - sən XALQIN şairisən, XALQIN yazıçısısan. Sənin missiyan xalqın yanında olmaq, ictimai-mənəvi problemlər zamanı çıxış yolu göstərməkdir, hansısa məmuru müdafiə etmək yox!

Yəni Elinalara vəkillik etmək lazımdır, Xalidələrin özünə vəkil tutmağa maddi imkanı da çatır, sosial statusu da.

Hazırda gənc yazıçılar, şairlər daha çox ziyalı missiyasını öz üzərlərinə götürüblər, cəmiyyətdəki problemlərə, çatışmazlıqlara dərhal reaksiya göstərirlər. Sələflərimiz xələflərindən bu məsələdə nümunə götürməlidir. Özünüz və ədəbiyyat üçün cild-cild romanlar, poemalar yazmısınız, sağ olun, amma xalq üçün, özünü pəncərədən atan Elina üçün heç olmasa iki cümlə status yazın.

Yazın ki, övladlarımız pəncərədən təbiətin gözəlliyinə baxsınlar, torpağın dərinliyinə yox.

Tarix
2019.04.26 / 14:49
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla