...Balaca bir Avropa ölkəsindəydim. Nə əraziləri bizim
ərazilər qədər genişdir, nə sərvətləri bizimki qədər başdan aşan.
Qonşularına nisbətən yoxsul yaşayırlar. Ancaq Allah gözəllik verib!
Hansı daha üstündür? Təbiət, yoxsa burda yaşayan
insanlar?
Demək çətindir! Çünki bu anlayışlar bir-biriylə çox bağlıdır. Bu
gözəlliyi qoruyan və yaradanların daxilən pis, çirkin adam olması
ağlabatan deyil. Necə ki, öz hasarının içində cənnət yaradıb ətrafı
zibilxanaya, çirkab gölməçəsinə, polietilen torbalar səhrasına
çevirən və ya minillərlə xalqın gözünü oxşamış dənizi kilometrlərlə
çəpərləyib şəxsi malına çevirənlərin yaxşı demirəm, normal adam
olmadığına inanmaq çətindir...
Bir ölkə boyu gedəsən, bir dənə kəsik ağac, çöllərin üzünü
"ağardan" torba yağışı, zibilxana, harada imkan düşdü qurulmuş
səliqəsiz restoran-çayxana, yolun tozuna bələnmiş mer-meyvə, qida
satışxanaları görməyəsən!.. Üstəlik ərazinin çox hissəsi
meşəlik!
İnsan əliylə süslənməmiş bir qarış torpaq görünmür; bu azmış
kimi, evlərin pəncərələri, eyvanların məhəccərləri, yol qırağı
dirəklər də çiçəklərlə bəzədilmiş! Cənnət də elə belə olmalıdır,
bundan artığını təsəvvürə gətirə bilmirsən!
Meşəyə gedirsən, bir saat, iki saat gəz, bir dənə sınıq budaq,
yaralanmış, yəni qurudulub kəsilməsinin əsası qoyulmuş ağac tapmaq
mümkün deyil! Elə bil burda ağaclar nə quruyur, nə kəsilir! Fısdıq,
çökə, qayın ağacları göyə dəyir. Hamısı da elə bil ilan boğazından
çıxıb - dümdüz!
Yadima düşdü ki, Azərbaycanın cəmi beş-altı faizi meşədir. O da
kağızın üstündə, statistikada... Kritik dərəcədə azdır.
Səhralaşmanın astanasındayıq. Buna baxmayaraq, əksər kəndlərimizdə
indinin özündə də bütün tikintilər, ev materialları əlçatandadırsa,
yerli meşələrdən gətirilir. Qənaət deyilən şey də ki, Allaha şükür,
yoxdur. Məsələn, tavana elə şalbanlar atırlar ki, ikisi-üçündən bir
normal evin üst milləri çıxar... Bundan əlavə, qaz olan kəndlər
istisna, rayonun on minlərlə əhalisi ilin yeddi-səkkiz ayı odun
yandırır, on iki ay hər həyətdə hər gün, ya günaşırı təndir alışır,
yaz ağzı ot tükənəndə yeni tumurcuqlayan ağacların qol-budağı
budanıb qoyun-quzuya verilir, çəpər, toyxana, yasxana, kömür
kürələri, qapı-pəncərə sexləri, yeni dəbə düşmüş mebel, parket
sexləri... hamısı gözünü bu tükənməkdə olan yazıq meşələrə
dikib...
Dağlar əriyib gedərdi, ancaq meşələr kolluqlara çevrilsə də hələ
dözür...
Onu da bilirik ki, ev və ya mebel materialı, xammalı axtaranlar
meşəyə girəndə ilk növbədə ağacların düzünü, düyünsüzünü
axtarırlar. Kəsib yıxdıqlarını bəyənməsələr, ordaca qoyub daha
yaxşısını baltalamağa başlayırlar. İçi çürük, yəni putul, əyri,
cinsi bilinməyən ağaclar kimsəni ilgiləndirməz!.. Bir ömürdü bütün
Azərbaycan boyu bir meşə qirğınının şahidiyəm...
Təkcə meşələrimiz yaşamır bu faciəli taleyi... Onüç-ondörd il
öncə dostlarım məni dilə tutub quş ovuna aparmışdılar. Ekologiya
işinə nəzarət edən mütəxəssislərin iştirakıyla Qızılağac qoruğuyla
sərhəd olan, quşun çox olduğu bir yerə getmişdik. Dağılışdıq
qamışlığa. Mənə də qamışların arasında ovçular üçün düzəldilmiş bir
yer göstərdilər. Gəzməyə ehtiyac yox idi. Üstümdən keçən quşlara
atacaqdım... Bütün günümüz orda keçdi. Əlbəttə, unudulmaz bir
istirahətdir. Ancaq indiyədək hər dəfə yadıma düşəndə ürəyimi sıxan
bir başqa olayın da şahidi oldum o gün.
Söz yox, ovumuz uğurlu keçdi, sonra yığışıb ocaq yandırdıq,
günümüzün çoxunu süfrə başında keçirdik; ancaq gördüm bura ov yeri
deyil, müharibə meydanıdır. Bütün gün ətrafda ara verməyən atışma
gedir. Onlarla güllə səsi birdən! Hər tərəfdən! Buna quş dözər?
Qızılağac olmasın, Azərbaycan boyda quş qoruğu olsun. Bu qırğından
quş qurtarar? Quş cənnəti deyilən bu cəhənnəmə bir də hansı "ağlı
başında olan", həssas quş qayıdar? Gəlməyimə peşman olmuşdum. Ancaq
nə olsun? Qulağını tıxamaqla, gözünü yummaqla bu qırğın dayanmır
ki! Payiz başlanandan yazın ortasınadək davam edir.
O mənim birinci və sonuncu quş ovum oldu...
İndi daha yollar boyu çöl quşları az satılır. Bilmirəm quş
azalıb, ya o vəhşiliyin qarşısı alınıb. İkinci varianta az
inanıram...
Niyə biz öz dünyamızı başımıza dar edirik! Quşlar da, vəhşi
heyvanlar da bizdən üz döndərir... Bəlkə bulaqlarımızın quruması,
çöllərin üzümüzə bozarması, bərəkətimizin çəkilməsi elə buna
görədir?.
Hamısı bir-biriylə bağlı məsələlərdir. Meşə bir örnəkdir. Meşəyə
girən əli baltalı düzün üstünə cumur, cəmiyyətdəki əli
baltalıların, əli silahlıların, əli qələmlilərin, əli fərmanlıların
düzlərə cumduqları kimi! Hədəf düzlükdür!
Bakıda ağacların düz ucalmaq şansı azdir, aydındır, Bakı küləyi
imkan verməz. Ağacı da qaya parçasına çevirib yaşadır. Ancaq niyə
küçələrimiz də əyri-üyrü olmalıdır? Bakının böyür başında , gözəl
relyefi olan yerlərimizdə salınan qəsəbələrdə də normal planlaşma
yoxdur. Hamısını "Güllü dərə" kimi tikirik! Hətta təməli düz
qoyulan küçələr də gec-tez əyiləcək. Düzlüyə uzun müddət dözə
bilmirlər, iştah imkan vermir... Vəhşi, quduz, cəzasız ehtiras!..
Düzlükdən qorxan və ona düşmən olan ehtiras!