Hər həftə onun adına bağlanan kitabların
prezentasiyasına toplaşmaq ənənəsi yaxın tarixdə qalıb. Təkcə bu
fakt onu tərənnüm edən əsərlərin bir çoxunun sadəcə "irəli getmək"
üçün yazıldığını sübut edir.
Lakin əksinə olsaydı da mahiyyyət dəyişməyəcəkdi. 20 il əvvələ
qayıdıb ona yönələn kütləvi xalq nəzərləri ilə 2014-cü ilin
gerçəklərindən Heydər Əliyevə baxmağın arasındakı kəskin fərqin
günahını insanların ayağına yazmaq olmaz. Çünki böyük adamlar
zamanı qabaqlayır və müqəddəs varlıqlar kimi hər dövr yeni obrazda,
ayrı biçimdə xəyallara qayıtmağı bacarırlar. Amma Mehriban xanımın
dediyi kimi, Ulu Öndərin bütün insani keyfiyyətlərini və liderlik
istedadını tam açıb təhlil edən kitablar hələ yazılmayıb. Bunun
səbəbi qələm ustalarımızın ədəbi-bədii gücünün yetərsizliyi deyil,
sadəcə, Ulu Öndəri sona qədər dərk etmək və böyüklüyünün sirrini
anlamaq qeyri-mümkündür.
Bəzən ekrana, efirə və mediaya, yaxud ictimai mərasimlərə
yansıyan süni və şit təbliğat yarışlarının qabağında Heydər Əliyevi
bütləşdirməyə çalışanların böyük bir ordusunu görürsən. Məramından
asılı olmayaraq, belə səhnələr onun əleydarları kimi Liderin
tarixdəki yerinə heç bir təsir göstərmir. Ancaq onun
ilahiləşdirilməsi, fövqəl-xüsusuiyyətlərinin qabardılması və bir
şəxsiyyətin simasında Yer üzünə göndərilmiş siyasi peyğəmbər
fikirləri adamları Allahdan uzaqlaşdırmır, Tanrının varlığına
şəkkaklıq yaratmır. Əksinə, Heydər Əliyevin dünyasını anlamağa
çalışarkən adamlar Yer üzünün mövcudluğunun ilahi bir
qanunauyğunluğa tabe olduğuna daha çox inanırlar.
Əylisdən olan Əkrəm on illərlə gördüyü yuxusunu qələmə alarkən
Sovetlər dönəmində Rəhbərin millətimizi təbəə və ya rəiyyət yerinə
qoyduğunu, adamlardakı xəbisliyi, eqoizmi daha çox
stimullaşdırdığını iddia etməyə çalışmışdı. Halbuki bu absurd
mülahizənin əsassızlığını təkcə onun öz yaradıcılığının çiçəklənən
dövrünün məhz 70-ci illər epoxasına düşdüyü sübut edir. On minlərlə
sadə əmək adamının qəhrəmanlıq mərtəbəsinə ucalmaları,
elmi-intellektual elitanın məhz o dövrdə formalaşması da xalqın
mənən böyüməsinin gerçək nümunələridir. Onun adı ilə zirvələrə
yüksələn, medallar qazanan,yaxud siyasi uğura can atan hər kəs
məgər özündəki ali keyfiyyətləri səfərbər etmirdimi?
Bəli, o fikir doğrudur ki, Heydər Əliyevə münasibət insanlıq və
mənəvi kimlik məsələsidir. Necə deyərlər, əyardır, testdir. Yüksək
adamlar ondakı böyüklüyü, balacalar isə Heydər Əliyevin yalnız
dabanlarını görə bilirlər!
Həyatının son illərində Liderin bütün fiziki halı onu sevənlərin
və məchulluq axtarışında olanların baş yaşantısıydı. Ağır-ağır
nəfəs alan bir insanı sona qədər təqib edərək hər günkü pulsunu,
ürək döyüntülərini sayır və bir adamın nəbzilə ölkəsinin gələcəyinə
diaqnoz qoymağa çalışırdılar. Halbuki unudurdular ki, bu məmləkət
1993-cü ildə reanimasiyada can üstə olanda bütün fiziki varlığını
Vətənə köçürən yalnız bir adam vardı. Ona görə Azərbaycanı nəfəs
boğuqluğundan, ürək çatışmazlığından xilas edəndən sonra gedib
Klivlenddə qəlb əməliyyatına girməklə öz şəxsi ömrünü 5 ildən artıq
uzatmaq mümkün olmadı. Deyirlər, Heydər Əliyev o zaman
tərcüməçisinə bərk-bərk tapşırıbmış ki, ürəyinə kardiostimulyator
qoyularkən palatada onu sona qədər müşayiət etsin. Kim bilir,
sirrini heç kəsə verməyən Lider nədən belə edib, onun həyatına bir
cihazla zaman limitinin qoyulacağı şübhəsini dağıtmaqmı istəyib,
lakin bir fakt gün kimi aydındır - Ulu Öndərin qəlbini sürətlə
döyündürən və ona ruh verən yalnız bir qüvvə vardı - Vətən!
Rəhbər və əlil arabası! Bu söz birləşməsini tarixdə öz bətnində
daşıyan xeyli birinci şəxs olub. Yox, 700 minlik ordu ilə ərazilər
fəth edən Əmir Teymuru nəzərdə tutmuruq. Elə ötən əsr Franklin
Ruzvelt İkinci Dünya Müharibəsində ölkəsini arabadan idarə etməyə
məcbur qalmamışdımı?
Amerika prezidenti millətini ağır iqtisadi-siyasi böhranlardan
çıxarandan sonra həyatının sonlarında iflic xəstəliyi qazansa da,
xalqının ona münasibəti dəyişmədi. Britaniyanın fəxri Uinston
Çörçill də təkcə ingilislərə deyil, əlindəki sehrli əsaya dayanaraq
yeriməli olmuşdu. Kütləvi şüurda Liderin obrazı qərblilərə az
əhəmiyyətli ola bilər. Şərq mentallığı isə Rəhbəri belə görkəmdə
qəbul etmək istəmir. O nöqteyi-nəzərdən yanaşanda, Heydər Əliyevin
bütün fiziki və mənəvi varlığının həmin mükəmməllik etalonuna
çevrildiyini və Tanrının sona qədər bu obrazı qoruyub saxlamağa ona
imkan verdiyini heç kəs inkar edə bilmir. Tək bircə dəfə Respublika
sarayında ağır can krizinə məruz qalsa da, səhnəni, tribunanı və
tarixi şax vüqarla, sərkərdə yenilməzliyilə tərk etməyi bacarmış,
kütləvi xalq nəzərində əbədi ayaqda olması ilə qala bilmişdi.
Oturub onun ölümünü gözləyənlər 12 dekabrda bir də onu anladılar
ki, Heydər Əliyevin cismani yoxluğu heç nəyi dəyişmir. Dünyadan
köçmək bütün bəndələrin məhkumluğu, yaxud mükafatıdır. Necə
deyərlər, haqq işidir. Diriliş isə yalnız SEÇİLMİŞLƏRƏ
məxsusdur.
2003-cü ilə qədər ona atılan daşların hamısı geri qayıtdı. Çünki
bir insanın cisminə məğlub olanlar onun ruhu qarşısında da aciz
qaldılar. Heydər Əliyevin "ölüm günü" anlayışı o qədər şərtiləşdi
ki, Azərbycanın hər yerində onun nişanəsini görənlər bir
şəxsiyyətin izini tarixdən yox eləmək üçün bütöv bir məmləkəti
torpaqla bərabərləşdirməyə məhkum idilər. Sizcə, haradan
başlayaydılar dağıtmağa?
Yəqin, ikiyə bölünməyimizin simvolu olan Gülüstan sarayından.
Sonra iqtisadi təməl daşlarına, məsələn, Xəzərin estakadalarına,
limanlara, neft kəmərlərinə keçəydilər. Ən sonda elektrik
stansiyalarını yox edib bir ölkəni zülmət qaranlığa bürüyəydilər.
Axı bütün bunlar Heydər Əliyev deməkdir. Hətta fiziki kor olanlar
belə Ulu Öndərin dövlətini görürlər.
Yəqin diqqət etmisiz, xalqa başçı olanların bir çoxu siyasi
kursunu ədəbi-poetik priyomlar, folklor, yaxud mifologiyanın sehrli
gücü ilə reallaşdırmağa çalışır. Bunlar dövləti yönləndirməyin
təbii-doğal haqlarıdır və hamı tərəfindən qəbul olunub. İnkişaf
etmiş cəmiyyətlərdə geniş yayılmış bir ənənə - Allahdan öz
taxt-tacına yardım istəmək, Yerusəlim divarlarına dualar bağlamağın
bir hikmətli mənası vardır, demək. Şah İsmayılın öz xalqına
xitabını göz önünə gətirin, yaxud sayın Ərdoğanın yüksək ilhamla
söylədiyi nəzm nümunələrinin əleydarlarının belə şah damarına necə
işlədiyini xatırlamağa çalışın.
Dövlət həm də millətin mənəvi-ruhi ehtiyaclarını ödəyən
cihazdır, hə, lap elə musiqi alətidir. Heydər Əliyevsə cəmi bir
dəfə-böyük siyasi müharibəni qazanandan sonra özünün inşa etdirdiyi
Gülüstan sarayında bir parça şeir oxumuşdu. Körpələrimizin dilini
açan həmin misralar sanki Ulu Öndərin özü üçün yazılmışdı. O, 7
illik fasilədən sonra yenidən hakimiyyət birinciliyinə qayıtmış,
varlğını həsr etdiyi məmləkəti ilə bütövləşməyi bacarmışdı.
Misraların sonunda "ayrılarmı könül candan" deyərək, qəhərlənən
Lider bununla öz taleyini, cismində və ruhunda daşıdığı Vətəni hər
kəsə anlada bilmişdi.
Bax budur, Heydər Əliyevin canı - heç zaman torpağından qopub
ayrılmayan canı - can Azərbaycanı!