Əziz Fazil bəy!
Sənin mətbuatda ardıcıl çap olunan ictimai-siyasi məzmunlu
məqalələrin məni sevindirir; bu yaxınlarda işıq üzü görmüş
"Azərbaycanda türk kimliyi və saxta tarix problemi" adlı əsərin də
ciddi bir mövzuya həsr olunmuşdur və onu da məmnuniyyətlə
oxuyacağam; təəssüf ki, bizdə bu növdən olan kitablar seyrək
yazılır, siyasətçilərin sayı çoxalsa da, xeyli özündənrazı məmur,
millət vəkili, təhsillimiz olsa da, dünyanın gedişatını dərk edən,
bu barədə aydın mövqeyi və fikri olan, nəhayət, öz düşüncələrini
normal bir dillə yazıb cəmiyyətə çatdıra bilən adamlar azdır.
Bəlli bir nəzəri, fəlsəfi, siyasi hazırlıq, təcrübə, dünyada
gedən proseslərdən xəbərdarlıq, aydın vətəndaş mövqeyi, cəmiyyətə
sayğı olmasa – yazılan fikirlərin də dəyəri olmaz!
Sənin şablonlara, kütlənin ötəri rəğbətinə uymadan, ictimai
rəyin populyar istəklərindən imtina edərək, bəzən populyar olmayan,
ancaq real inkişafa, həqiqətin aşkarlanmasına istiqamətlənmiş
mövqeyini bəyənirəm. Bu sırada iqtidarla müxalifət arasında
düşmənçiliyə son qoyulması, dözümlülük mühitinin yaradılması,
müstəqilliyin qorunması naminə hakimiyyət uğrunda savaşların
vətəndaş həmrəyliyi müstəvisinə keçirilməsi, iqtidarın xarici
siyasət kursunun dəstəklənməsi kimi, elə fikirlərin və ya iqtidarın
vətəndaşa ədalətli münasibətinin zərurəti, inhisarçılığın
azaldılması, sahibkarlığın inkişafına mane olan əngəllərin aradan
qaldırılması ilə bağlı elə tənqidi qeydlərin və təkliflərin də var
ki, on-on beş il əvvəl olsaydı, birinci mövqeyinə görə müxalifət,
ikinci mövqeyinə görə iqtidar səni gözümçıxdıya salardı. Cəmiyyət
dəyişilməli və tədricən qaragüruhçuluğun yerini aydın düşüncə
tutmalıdır. Buna görə də tərəddüd eləmədən inandığın həqiqətləri
xalqa çatdırmalısan; ziyalının əsas borcu da budur!
Bu girişdən sonra gəlirəm məktubu yazmağımın əsas səbəbinə!
Əziz dostum!
Elə milli məsələlər var ki, ona şübhə yaratmaq və ya onu
gündəlik siyasət məntiqilə, dövlətlərin indiki gücü, nüfuzu və
istəyi prizmasından əsla təhlil etmək və qiymətləndirmək olmaz!
Buna görə də "Bütöv Azərbaycan ideyası: tamam, ya davam?" adlı
məqalən məni təəccübləndirdi. Məqalə təxminən iki ay öncə dərc
olunmuşdu, lakin o vaxt bir kitabımın son fəsilləri üstündə
çalışdığımdan fikrimi başqa istiqamətə dağıtmaq istəmədim. İndi
başım ayılıb və hesab edirəm ki, rəyimi sənə çatdırmalıyam; çünki
sən cəmiyyətdə bəlli bir mövqeyi, hörməti olan, fəal millət
vəkilisən, istedadlı qələm sahibisən və görünür, məqalədəki
mövqeyinə bundan sonra da qayıdacaqsan. Qabaqcadan deyim ki, məncə,
heç bir Azərbaycan vətəndaşı sənin məqaləndəki mövqeyinə şərik
olmamalı, sənin fikrini paylaşmamalıdır; çünki bu mövqe ziyanlı
mövqedir!
Məqalən aksiom kimi təqdim etdiyin fəlsəfi bir girişlə başlanır:
"Bütün hallarda (?) ideyalar bir insanın düşüncəsinin məhsulu olur,
bir qrup və ya zümrə tərəfindən ictimailəşir (ictimailəşdirilir -
S.R.) və inandırıcılığı mənimsənilən halda idealist insan
tiplərinin yetişməsi ilə yaşamaq haqqı qazanır". Məncə, sənin bu
hökmünün Azərbaycanın bütövlük və birləşmək istəyi və ya idealı ilə
qətiyyən əlaqəsi yoxdur. Bir ulus, el – paramparça olandan sonra,
yüzlərlə ailənin, kəndin, tayfanın, nəslin yarısı o tərəfdə, yarısı
bu tərəfdə qalandan sonra qanlı savaşların nəticəsi olan bu yaranın
sağaldılması uğrunda mübarizənin – "idealist insan tipləri"nə nə
ehtiyacı? Xalq üzləşdiyi bəlanı, içində qövr eləyən dərdi hər hansı
"ideya daşıyıcısının" dilindən eşitməyincə anlamır bəyəm? Məncə,
Arazın güneyində və quzeyində yaşayan sadə adamlar da çayın qarşı
tərəfindəki qardaşından ayrı düşdüyünü anlayır, siyasi həllini
təsəvvür eləməsə də, sərbəst get-gəlişi, birləşməyi arzulayır, bu
onun təbii istəyidir ki, bu, istək - ideya sayıldı-sayılmadı -
xalqın ürəyindən çıxan deyil.
Taleyindən, xatirələrindən, həyat şərtlərindən gələn bu təbii
istəyi xalqa heç kim öyərtməyib - nə ən böyük şairlər, nə ən böyük
siyasətçilər! Bütövlük, birləşmək arzusu - ideya anlayışına
sığmayan bir mücadilə yoludur. Ayrılıq ağrısı analarımızın
sızıltıyla oxuduqları "Qaragilə"lərdən, atalarımızın dilindən
düşməyən Təbriz, Marağa həsrətli bayatılardan dolub içimizə!
Əgər bu gün Təbriz haqqında, Araz haqqında əvvəlki həsrətlə,
hərarətlə şeir yazılmırsa və ya yazılanlar insanları əvvəlki kimi
həyəcanlandırmırsa – bu, heç də Azərbaycanda milli bütövlük
istəyinin sönməsi deyil və sənə "Azərbaycanın birləşməsi ideyası da
əslində inandırıcı olmayan, fəlsəfi təməli olmayan, nəzəri
əsaslandırması olmayan bir ədəbiyyat hadisəsi kimi anlaşılmalıdır"
kimi heç bir fəlsəfi, nəzəri, ən başlıcası, milli əsası olmayan
fikir söyləmək haqqı vermir.
Görəsən, çar ordusu Güney Qafqaza girəndə Azərbaycan xanlarının
– xüsusən Gəncə xanı, Quba xanı, İrəvan xanının - ona qarşı
ölüm-dirim savaşları da "ədəbiyyat hadisəsi"ydi? Yüz minlərlə
insanı vətən uğrunda, öz ocağı, kəndi, şəhəri uğrunda savaşa hansı
fəlsəfi təməl, nəzəri əsas aparırdı? Yurdunu qorumaq instiktindən
qədim və əzəli "fəlsəfə" var? O tökülən qanları, "ya vətən, ya
kəfən" deyərək savaşa atılanları unudaraq, o vaxtkı yazışmaları,
görüşləri, diplomatik səyləri, rusları Qafqaza dəvət edən erməni
hiylələrini, xanların öz aralarında və Osmanlı dövləti ilə
yazışmalarını nəzərə almadan və nəhayət, ayrılığın tarixini
obyektiv şəkildə araşdırmadan – birləşmə istəyinin məntiqini və
zərurətini də anlamaq olmaz.
Bütövlük istəyinin əsassızlığını göstərmək üçün – ayrılığı inkar
edir, işğala qurtuluş donu biçirsən: "...Gülüstan və Türkmənçay
müqaviləsinin möhürlərinə Azərbaycanın İran qaranlığından, Səfəvi
cəhalətindən, İslamın təməl mahiyyətindən uzaq qalmasından qurtuluş
və qopma tarixi kimi baxmalıyıq" deyə sovet dövrünün uydurma
"könüllü birləşmə" yalanını təkrar edirsən. Bəlkə Cavad xan öz
yurdundan qopub Sisianovun qucağına atılmışdı, bəlkə İrəvan xanı
çar ordusunun qabağına duz-çörəklə çıxmışdı? Səncə, o savaşlar
qurtuluş və qopma uğrunda aparılırdı? Qurtulmaq istəyən özünü,
ailəsini qurban verərdimi?
Sonra yazırsan: "Buna parçalanma, ayrılma tarixi deməyin hansısa
elmi əsasını həqiqətən görə bilmirəm". Əziz qardaşım, işğalın,
savaşın nəticələri iki yüz ildən sonra da ortada ola-ola bunun elmi
əsasını axtarmaq – Çar Rusiyasının tökdüyü qanlara və işğalçılıq
müharibələrinə haqq qazandırmaqdır ki, buna etiraz olaraq onlarla
ciddi kitab yazılmışdır. Sənin məntiqinlə yanaşsaq, gərək 1918-ci
ildə Çar Rusiyasından qopub müstəqil dövlət qurmağımızı da və onu
bərpamızı da artıq və əhəmiyyətsiz bir iş sayaq. Bu fikrinə "Düşmən
faydası" adlı başqa bir məqaləndə də rastlaşmışdım. Orda da belə
bir qəribə məntiqlə yazırsan ki, guya ermənilər bizim torpaqları
işğal etməklə bizi ayıltmış və bizə "fayda" vermişlər...
Sənin fikrincə, "Gülüstan, Türkmənçay müqavilələrinə rus
işğalının başlanğıcı olmaqla yanaşı, həm də milli dirçəlişin
başlanğıcı, xalqın bir hissəsinin iranlı kimliyindən modern türk
kimliyinə qovuşması kimi baxılmalıdır. Rus işğalla yanaşı bizi
molla mədrəsəsinin içindən çıxarıb məktəbin içinə soxdu. ... Hərbi
biliklərə yiyələnmək imkanı verdi".
Düzdür, Rusiyanın işğal etdiyi Quzey Azərbaycan Avropaya
yaxınlaşdı. Lakin Rusiyanın siyasəti qətiyyən milli dirçəlişə, türk
kimliyinə qovuşmağa xidmət etmirdi. Milli dirçəliş daha çox dünyada
gedən proseslərin, kapitalizmin, Bakı neftinin, rus inqilablarının
və ziyalılarımızın yorulmaz əməyinin nəticəsiydi. İran o vaxt türk
kimliyini Rusiyadakı kimi əzə bilmirdi. İranda bu gün də
azərbaycanlılar öz adlarını qoruyublar, özlərinə türk deyirlər.
Rusiya isə bizə müsəlman, tatar, adırbaydjansı kimi adlar verdi,
yüz illərlə istifadə etdiyimiz ərəb hürufatını dəyişdi, bizi
allahsız elədi. Xaçpərəstlər üçün açdığı məktəblərə biz yalnız
60-70 il sonra ayaq aça bildik, orduda xidmət üçün dinimizdən
imtinanı şərt qoydu.
Rusiya ilə savaşan İran deyildi, rusların və Avropanın Persiya,
yəni Farsistan adlandırdığı, lakin əhalisinin, əsgərinin,
sərkərdəsinin çoxu türk olan Qacar sülalə dövləti idi.
XVIII əsrin ortalarında güclənən fars zehniyyətindən, fars
mərkəzçiliyindən qaçan Azərbaycan türkləri 20 xanlıq yaratmışdılar.
Sənin məqalə boyu təriflədiyin almanlar da həmin dövrdə elə bizim
vəziyyətdəydilər və iç savaşları ara vermirdi. Sonra onların bir
araya gəlmək imkanı oldu və yalnız 1871-ci ildə birləşə bildilər,
bununla belə, bir millət olsalar da, federasiya zehniyyəti davam
etməkdədir.
Azərbaycan xanlıqları da didişmə və özünüdərk dövrünü keçərək
bütöv Azərbaycan dövləti qurmağa doğru gedəcəkdilər. Başqa yolları
yox idi. Bu müzakirələr gedirdi... Təəssüf ki, Çar Rusiyası ilə
savaşlar bu arzunun reallaşmasına imkan vermədi, on xanlıq
Rusiyanın əlində qaldı. Qacar dövlətində türk əhalisinin sayı
azaldı və fars təsiri daha da gücləndi. Bu parçalanma nəticəsində
Quzeydə ruslaşanlar, Güneydə farslaşanlar oldu, fərqli
ideologiyalar, fərqli sistemlər bir xalqın iki parçasını bir-birinə
düşmən etməyə çalışdı. Quzeydə assimilyasiya mexanizmləri işə
düşdü, Güneydə fars şovinizmi ingilis layihəsinə uygun şəkildə türk
sülaləsini hakimiyyətdən uzaqlaşdırdı, türk düşmənçiliyi gücləndi.
Lakin bu – bir milləti iki millət edə bilmədi! Buna görə də
İrandakı türklərə "türk vücudu ilə düşmən fars" damğası vurmaq
olmaz. Biz quzeydə sovet xalqı, güneydə iranlı adları altında milli
kimliyin unutdurulması siyasətinin içində də heç vaxt əsil türk
kimliyimizi unutmadıq. Sovet xalqının bir parçası və ya iranlı
olmaq heç vaxt bizi rusa və ya farsa çevirmədi! Biz yenə Azəbaycan
türküyük, azərbaycanlıyıq - orda da, burda da!
Bu birliyi, bu təməli qoruyan nədir?
Yazırsan ki, almanlardan fərqli olaraq azərbaycanlıların mənəvi
kodunu təyin edən heç bir fəlsəfi məktəb olmayıb. Deyək ki,
belədir, onda onun türklük süurunu, vətən sevgisini, inancını, ailə
və icma bağlılığını, dürüstlüyünü, rəhmdilliyini, Allaha
bağlılığını, insan sevgisini, cəfakeşliyini və yurdu uğrunda
vuruşmaq qabiliyyətini formalaşdıran və qoruyan nədir? Məncə,
dünyanın altıda birini zəbt edən orta əsrlər Rusiyasının da,
Amerikanı, Avstraliyanı vətən edən avropalıların da belə bir
fəlsəfi məktəbləri yox idi. Bu hərəkətliliyin kökündə bir məktəb
dayandı - "güc". Ən böyük fəlsəfi məktəb milli coğrafiyada milli
varlığını, dilini, mədəniyyətini, azadlığını, birliyini qorumaq
istəyidir.
Nikolay Berdyayevin sözləri ilə desək, "millətin öz dövlətini
itirməsi, öz müstəqilliyini və suverenlyini itirməsi – böyük bir
bədbəxtlikdir, millətin ürəyini parçalayan ağır bir
xəstəlikdir".
35 milyonluq Azərbaycan türkünün İranda mövcud olmuş dövlətini
itirməsi belə bir ağır xəstəliklə nəticələnib və onu sağaltmaq üçün
dərman - azadlıq eşqindədir; fəlsəfi kod dediyin də elə bu azadlıq
eşqidir və şükür heç bir assimlyasiya siyasəti o eşqi millətimizin
ürəyindən çıxara bilməyib.
Azərbaycanın Volteri, Russosu, Didrosu, Hüqosu, Hegeli, Qerderi
olmayıb, düzdür. Amma kim deyə bilər ki, insanlığın mənəvi
dəyərləri yalnız Avropa yazarlarının və filofoslarının
yazdıqlarından ibarətdir və onların fikir çərçivəsindədir.
Şərqi hər məsələdə Avropa tərəzisində çəkmək yeni vərdişdir.
Fars, ərəb təsirindən, islam fanatizmindən qopmaq üçün
böyüklərimizin Avropaya üz tutmasını başa düşürük. Biz də bu
yoldayıq. Ancaq bu o demək deyil ki, Avropanın bəlli fəlsəfi
məktəbləri olmadan xalq kimi mövcud olmaq və öz müstəqilliyini,
bütövlüyünü fikirləşmək mümkün deyil. Məncə, nə yaponlar, nə Çin,
nə Koreya müstəqil dövlət, bütöv xalq niyyətlərini Avropa fəlsəfi
məktəblərindən öyrəniblər. Yüz illər boyu Şimal ilə Cənubu
birləşdirmək uğrunda mübarizə aparmış Misir də, iki min il öz
yurduna qayıtmaq arzusuyla yaşayan yəhudi xalqı da bu məktəbdən
keçməyib. Avropanın özündə də millətləşmə ideyasını fransızlar bir
cür başa düşürdü, almanlar başqa cür. Bu günün özündə də xalq,
millət, milli dövlət, dövləti olmayan xalqların taleyi ilə bağlı nə
Avropada, nə Amerikada, nə Rusiyada hamının şəksiz qəbul etdiyi və
ya edəcəyi bir fəlsəfi mövqe, aydın konsepsiya, kod modeli
yoxdur.
"Birləşmənin dini və fəlsəfi təməli olmalıdır" deyərək oxucunu
dağa-daşa salmaq lazım deyil. Dini təməl əsas olsa, müsəlman
ərəblərin 20 dövləti yaranmazdı. Fəlsəfi təməl mücərrəd və dağınıq
bir anlayışdır. Bütün təməllərin başında toplumun bir millət
olduğunu dərk etməsi dayanır. Bir millət olmanın şərtləri içində
qan və din birliyi də var, dil, tale, adət-ənənə, torpaq, ortaq
tarix, ortaq fəlsəfi baxışlar sistemi də. Bunlar olmasa, millət
olmaz. Millət anlayışını dövlət coğrafiyaları ilə məhdudlaşdıran
nəzəriyyələr də var. Ancaq bu fikrin əleyhinə olanlar da kifayət
qədərdir. Hansı dövlətin ərazisində yaşamaq əsas götürülsəydi,
gərək çoxdan Kvebekdəki fransızlar fransızlığını, müxtəlif ölkələrə
səpələnmiş ruslar rusluğunu unudaydı, ərəblər də çoxdan iyirmi
fərqli xalqa çevrilmiş olaydı...
Avropada millətləşmə mərhələsini ən uğurlu keçən, dövlətini
etnik coğrafiyasında quran və sənin dediyin kimi, fəlsəfi
məktəbləri olan xalqlardan biri almanlardır. Bəs niyə o fəlsəfi
məktəblər və almanların "mədəniyyət stereotipləri", "protestant
dinamizmi" ötən əsrdə yüz milyona yaxın insanın məhvi ilə
nəticələnən iki dünya savaşının qarşını ala bilmədi? İnsanlığın və
dünyanın fəlakətlərinə yol açan irqçilik, faşizm, antisemitizm,
işğalçılıq təəssüf ki, "sivil ölkələrin fəlsəfə məktəbləri"nin
dərsləridir və bu dərsləri keçməkdənsə, "savadsız" qalmaq daha
yaxşıdır! Mən hələ şəklini dəyişmiş inkivizasiyadan,
terrorçuluqdan, davam edən səlib müharibələrindən və onların dini
"fəlsəfi" əsaslarından danışmıram.
Birinci Dünya müharibəsindən sonra almanların hansı mənəvi
düşkünlük içində olduqlarını, yəqin ki, bilirsən. Onları bu
depressiya və ümidsizlikdən milliyyətçi ideoloqların təbliğatı
çıxartdı.
Düzgün mıllı ideologiyalar bir çox xalqı dirçəltmiş və
azadlığına qovuşdurmuşdur.
Deməli, millətin içindəki ocağı alışdırmaq olsa, o öz məktəbini
yarada, hədəflərini müəyyənləşdirə və bu hədəflərə çata bilər.
Cəhalət, müqavimətsizlik, öz yolundan sapmaq, ətalət, başqa
millətlərin dilinə, yaşam tərzinə heyranlıq pisdir. Lakin bu, heç
bir millətin anadangəlmə xasiyyəti deyildir; bu, zamanla şəraitin
aşıladığı xüsusiyyətdir. Əsil milli dövlət, milli ideologiya bu
məsələni qısa bir müddətdə həll edə bilər. İstək və bacarıq olsa!
Buna görə biz də Azərbaycan Respublikasını əlli mlyonluq Azərbaycan
türkünün gələcəyinin, birlik və bütövlüyunün təminatı hesab edirik
və onun qorunmasını ən böyük vətəndaşlıq borcu sayırıq.
Bundan ötrü millət ilk növbədə özünə və öz dövlətinə
inanmalıdır. Sənin vəziyyəti real qiymətləndirmək, uyğun şəraiti,
vaxtı gözləmək, istəyini və bu istəyin arxasında dayanan xoş
niyyəti başa düşürəm. Təəssüf ki, bu niyyətini ifadə tərzinlə, yəni
milli ideya qaynaqlarımızdan birinə "tamam" deməyin və bunu təbliğ
etməyinlə razılaşmaq mümkün deyil. Çünki bu mövqeyin real düşüncəyə
dəvət adına milləti tarixi reallıqlardan uzaqlaşdırmağa,
ümidsizləşdirməyə xidmət edir.
İllər uzunu formalaşmış, neçə-neçə nəsil insanın fikir
süzgəcindən keçmiş, uğrunda saysız şəhidlər verilmiş, cəhənnəm
əzablarında, sürgün və mühacirət yollarında belə insanlara güc
vermiş, hava kimi, su kimi yaşam şərtinə çevrilmiş bir ideyanı, bir
milli hədəfi şübhə altına almaq günahdır. Bu elə bir işdir ki,
fərdlərin rəyinə uymaz, bu rəylər heç nəyti dəyişə bilməz.
Mən şəxsən bütöv Azərbaycan Birliyi və ya Dünya Azərbaycanlıları
Konqresi kimi qurumları, bütövlük ideyasını millətimizin siyasi
gələcəyi sayır və bunu "inandırıcılığını itirən" ideyalardan hesab
etmirəm.
1985-ci ildə Sovet Azərbaycanın da müstəqil ola biləcəyi
inandırıcı görünmürdü.
Daha sonra məqalədə oxuyuram: "Bir şairin şeirləşdirdiyi bu
tarix eynilə nəsrləşdirilən, romanlaşdırılan Səfəvilərlə bağlı
tariximiz kimidir. İmperiya gopalogiyasına, iki milyonluq absurd
ərazi işğalına, türk dilinin şahə qalxmasına özümüzü inandırdığımız
kimi, Azərbaycanın 1813-cü ildə və 1828-ci ildə parçalanmasına da o
dərəcədə özümüzü inandıraraq (?) birləşmə idealını tarixi zərurət
olaraq təbliğ etməyə başladıq".
Bu cümlə son vaxtlar dəbə dönmüş bir vərdişin davamıdır;
keçmişimizdə işıqlı heç nə yoxdur, hər şey pis olub, bütün tarixi
şəxsiyyətlərimiz və onların qurduğu dövlətlər, şairlərimiz və
onların yazdığı əsərlər – hamısı anlaşılmaz bir nihilizm, atasını
bəyənməmək xəstəliyi içində gözdən salınır.
Mən heç nəyi ideallaşdırmağın tərəfdarı deyiləm. Ancaq olanı
inkar etmək də doğru deyil. Kimsə Səfəvilərdən rəğbətlə, sevgiylə
danışa bilər, kimsə onu imperiya saya bilər - bütün bunlara
"gopalogiya", "absurd ərazi işğalı", "dilin şahə qalxması" kimi
ironik damğalar basmağa haqqımız yoxdur. Bunlar yaşanmış
tarxilərdir. Səfəvilər də orta əsrlərin böyük dövlətlərindən
biridir. O vaxtın başqa dövlətlərinin öz ərazilərini böyütmək üçün
savaşlarına necə baxırıqsa, ona da elə baxmalıyıq. Fakt odur ki,
Azərbaycan ərazisində və onun hüdudlarından xeyli kənarda Səfəvi
sülaləsinin qurduğu və bir neçə əsr yaşamış bir dövlət olub. İran
imperiyasının varlığını qəbul edirsənsə, min il onu idarə etmiş
türk sülalərinin imperiyasını da qəbul etməlisən! Şiəliyi
qabartması, qardaş savaşları – tarixi səhvlər və faciələrdir. Ancaq
o vaxtkı Şərqdə hansı sülalə, hansı dövlət bu səhvləri etməyib? O
ki qaldı türk dilinə - bəli, Səfəvi dövlətinin ilk çağlarında saray
və ordu dili türk diliydi, əyalətlərə əsasən oğuz bəyləri başçılıq
edirdi. Orta yüzillərdə dövlətlərin etnik yapısını müəyyənləşdirən
əsas şərtlərdən biri ordu diliydi. Ordu türk dilində danışırdısa,
deməli, dövlət də türk dövlətiydi. Xətai türkcə yazırdı və s. Bunu
deməyin Azərbaycanın birlik və bütövlük idealına nə dəxli var?
"Və bir də İranın içərisində beş yüz il, iki yüz il öncəkindən
düşüncə sisteminə görə fərqlənməyən əhali var, bu əhalinin də adı
azərbaycanlılardır. Ayrılma yoxdursa, birləşmə ifadəsini hardan
götürmüşük? Biz İrandan qurtulmuşuq, qopmuşuq". Son iki cümlən
bir-birini inkar edir. Qopmuşuqsa, deməli, ayrılıq var! Ancaq bu
əsas deyil. Əsas odur ki, sən İranda gedən prosesləri, ordakı
xalqların tarixi inkişafını, İran türklərinin ötən əsrdə ara
verməyən azadlıq hərəkatını (hansı xarici ölkə tərəfindən
dəstəklənməsindən asılı olmayaraq!) diqqətdən qaçırırsan. "Cənubi
Qafqaz bizimdir, yenidən bizim olmalıdır" - İran tərəfi bu istəyini
ortaya atanda gərək biz də İranda türk xanədanlığnın və ya
Azərbaycan xanlıqlarının bərpasını tələb edək. Güneyli
qardaş-bacılarımızın bütün təzyiqlərə baxmayaraq keçdikləri inkişaf
yolunu, "haray, haray, mən türkəm!" çağırışlarını, İranda ildən-ilə
güclənən milli şüuru, həbsxanalarda yatan milli fəalların zəhmətini
inkar edən bu yanaşma heç cür qəbul edilə bilməz. Bu gün Güneydə
bizim gözlədiyimiz bir milli azadlıq hərəkatı və inqilab yoxdursa,
bu onların beş və ya iki yüz il öncəki düşüncə sistemindən irəli
gəlmədikləri demək deyildir.
Xalqın birləşmək arzusu heç də Səfəvi ərazisinin qaytarılması və
imperiyanın bərpası anlamına gəlmir. Buna görə də birləşmək
istəyinə qarşı Səfəvi imperiyasının olmadığını sübuta çalışmaq və
ya Səfəvi zehniyyətini molla zehniyyəti ilə eyniləşdirmək
mənasızdır. Bu günkü İrandan fərqli olaraq, Səfəvi dövləti şiə
məzhəbini önə çəksə də, din dövləti deyildi, bir türk sülalə
dövləti idi və savaşa dua oxuyaraq başlamırdılar, saz havası ilə
başlayırdılar. Sarayda din-üləma məclisi yox idi, ölkənin tanınmış
söz-sənət adamlarının toplaşdığı məclislər vardı. Bu gün də Xətai
deyimləri adı ilə Türkiyədə geniş yayılmış türkülər moizə deyil,
Xətainin inanc və qəhrəmanlıq şeirləridir.
Sən də son zamanlar dəbə minmiş bir yolu seçərək hədəfimizi real
və görünən məsafəyə yönəltməyi məsləhət görürsən.
Görünən hədəf nə deməkdir? Bakının zəngin və harın
məclislərindən baxanda neft mədənlərimizdən və çılpaq Qobustan
təpələrindən uzağı görə bilmirsən! Bu rahatlığın içində çoxları var
ki, Qarabağı da uzaq hesab edir; biz bununla barışmalıyıqmı? Biz
Avropa millətləri kimi onlara aidiyyəti olmayan Antraktidanı
bölüşmürük, Ayda ərazi tutmuruq, Marsa uçmağa hazırlaşmırıq – biz
deyirik ki, Arazın o tayı ilə bu tayında eyni millət yaşayır, bu
tayda müstəqil dövlətimiz var, şükür, o tayda da heç olmasa öz
dilimizdə oxumaq imkanımız olsun, normal insan haqlarımız qorunsun.
Dünyada bir millətin öz tarixi torpaqlarında birgə, bərabər, arada
sərhəd olmadan yaşamaq istəyindən yaxın hansı hədəf ola bilər?
Bu gün türk dövlətlərinin parlamenti, əlaqələndirmə şurası,
akademiyası, mədəniyyət nazirliklərinin birliyi var; daha da
yaxınlaşmaq istiqamətində addımlar atılır. Bu birlik də bir
hədəfdir və Avrasiya adlı bir genişlikdə türk dünyasının varlığı
ildən-ilə daha güclü şəkildə görünəcək. İndi biz buna göz yumub
ancaq Bakı ilə Gəncə arasını düşünməliyik? Bu birliklər, bu
əlaqələr hələ zəifdir, başa düşürəm. Ancaq bu, müstəqilliyini
qazanan, yəni yaxın hədəflərinə çatan xalqların iradəsinin
ifadəsidir. Ən böyük fəlsəfi təməl elə bu iradədir!
Əlbəttə, Qarabağda uduzmuşuq, bizi uduzdurublar və bu sorunu
həll etməmiş başqa, daha böyük məsələlərdən danışanda bizi
qınayanlar çox olur. Lakin bu da bir həqiqətdir ki, böyük ideallar
olmasa, kiçik naliyyətlərimizi də qoruyub saxlaya bilmərik.
Bəli, doğrudan da "Güney Azərbaycanda yaşayan insanalar da,
Borçalıda, Dərbənddə yaşayanlar da bizim canı bir, qanı bir
qardaşlarımızıdır... Onların yaşadıqları ərazilərin hüquqlu,
zəngin, dövlət idarəçiliyinə təsir gücü olan vətəndaşlarına
çevrilməsinə kömək etməliyik!" Yaxşı arzudur! Ancaq hansı yolla?
Bütöv Azərbaycan ideyasını unutdurmaq yolu ilə! Milli hədəflərindən
və ideallarından uzaq düşmüş heç kəs başqa bir dövlətin içində nə
qədər zəngin olsa və nə qədər uca vəzifəyə yüksəlsə də, başqa
dövlətin və millətin xidmətçisi olaraq qalacaq.
Keçmişin bütün mirasını qeydsiz-şərtsiz "uğursuz" hesab etmək
olmaz. O keçmiş olmasa, biz də, dövlətimiz də olmazdı.
Bu gün Azərbaycanda milli kimlik mövzusunda kəndirbazlıq
eləyənlər çoxdur. Türk etnosu içindən 1918-ci ildə Azərbaycan
türkləri adı ilə yeni bir kimliklə çıxmağımız barədə fikrinə sözüm
yoxdur, ancaq dünyada oxşar taleyi yaşayanların başqa yanaşmaları
da var. Məsələn, Yəmən Konstitutsiyasında – Ana Yasasında yazılır:
"Yəmən xalqı birdir – o ərəb millətinin bir parçasıdır".
Azərbaycan türkləri də vahid bir xalqdır, lakin o, "türk
etnosundan çıxmamışdır", türk etnosunun bir parçası olaraq
qalır.
Azərbaycanda birləşmə ideyası yalnız dil birliyi, say amili və
ya şiə məzhəbçiliyi ilə bağlı deyildir. Şiə məzhəbçiliyi – sənin
dediyin kimi, fars düşüncə sistemindən yaranmasına, islam aləmində
böyük problemlər yaratmasına, İran türklərinin assimilə edilməsinə
şərait oluşdurmasına baxmayaraq, bütün milləti öz milli kimliyindən
qopara bilməz. İrançı düşüncə və ya şiə təəssübkeşliyi ilə tərziylə
farscı düşüncə tərzini eyniləşdirmək olmaz. İrandakı
qardaşlarımızın özlərini türk, azərbaycanlı saymaqla yanaşı, həm də
iranlı hesab etmələri anlaşılandır. İran ərazi adıdır, türklərin
tarixi vətənidir və bu sözü Farsistan sözü ilə eyniləşdirmək olmaz.
Fars İranın balaca bir əyalətidir. Türklərin qürurla "mən
iranlıyam!" deməsi onların farslaşması kimi qəbul edilə bilməz!
Say, dil, din amilindən başqa, Güney və Quzey Azərbaycan
əhalisinin bir millət olmasını şərtləndirən mədəniyyət birliyi,
yaddaş və qan birliyi, mənəvi, psixoloji dəyərlərin birliyi kimi
çoxlu başqa şərtləri də var ki, İran teoloji sistemi heç vaxt bu
birliyin körpülərini yandırıb türk millətini farsa çevirə bilməz.
Firdovsinin "Şahnamə" zəhəri bacarmayan bir işi mollaların moizəsi
heç bacarmaz!
Son 20 ildə Təbrizlə-Bakı mənən bir-birindən uzaqlaşmayıb, bu
gün onlar real yaxınlığlarını daha yaxşı dərk edirlər. Uzaqlıq
görüntüsü yaradan İran siyasəti və bizim öz xalqımızın istəklərini
arxa plana keçirmək hesabına olsa da, qonşu dövlətlə dinc qonşuluq
münasibətlərini qoruyub saxlamaq istəyimizdir.
Bütöv Azərbaycan ideyası yenidən İran dövlət modeli içinə
qayıdış diqtə edə bilməz! Çünki İran türkləri üçün ayrı model də
mövcuddur və bunu "Bakı-Təbriz-Ankara, fars hara, biz hara?"
şəklində ifadə edirlər.
"Biz bütövlüyümüzün bir ideya kimi əsaslandırılmadığını iddia
edərkən, bu gün İranın şimalında yaşayan qanı qanımızdan, dili
dilimizdən, süuru süurumuzdan olmayan qardaşlarımızın taleyini,
gələcəyini necə görürük?"
Məncə "olmayan" yox, "olan" deməliydin!
Yazırsan: "... ancaq islam tarixinin intriqalarının bir islam
inancı kimi yaşanması Azərbaycan insanının hər zaman qovğalı,
parçalanmış vəziyyətdə olmasının mənbəyi kimi qalacaqdır". Doğrudan
da, ərəb tayfalarının hakimiyyət qovğalarının bu gün türk
toplumlarının düşüncəsinə bu şəkildə təsiri, bu qovğaların əsil
islam inancının yerini tutması tariximizdə faciəli izlər qoymuşdur.
Lakin bu cəhalət sistemi belə milləti bölə bilməz. Necə ki, Quzey
Azərbaycanda və Türkiyədə şiəçilik və sünnüçilik milləti bölə
bilməyib! Günah bu məzhəblərdə deyil. Dünyanın bütün dinlərində
belə məzhəb ayrılıqları var. Günah bu məzhəblərin İrandakı kimi
siyasiləşdirilməsi, din halından qoparılıb dövlət ideologiyasına
çevrilməsidir. Bu durumu dəyişməyin də yeganə yolu İran türklərinin
farslarla yollarını ayırmasıdır.
Bütöv Azərbaycan üçün zəruri ərazini İran, ABŞ bizə verməz,
deyirsən! Təbii ki, verməz! Çünki Azərbaycan türkləri, erməni kimi,
başqalarından torpaq dilənmir. Qonşu torpağını işğal etmək
niyyətimiz də yoxdur; öz torpaqlarımız var ki, bu gün də üstündə
yaşayırıq. Çağdaş Azərbaycan respublikasının ərazıləri Albaniya
adlananda da İranın şimal-qərbində bizdən dörd-beş dəfə böyük bir
ərazi Azərbaycan idi.. İran öz assimlyasiya siyasətini həyata
keçirmək üçün Azərbaycanı – Şərqi Azərbaycan, Qərbi Azərbaycan,
Ərdəbil, Qəzvin, Zəncan, Həmədan ostanlarına böldüsə də, bu
ostanların əsil əhalisi yenə də Azərbaycan türkləridir.
Yazırsan: "Biz İranın iç işlərinə qarışmadan oradakı ideoloji
sistemdən bezmiş, milli duyğusu irançı inanc anlayışından qurtulmuş
intellektual miqrasiyanın sürətlə bizim elmimizin, texnologiyamızın
inkişafına cəlb etmək yollarını düşünməliyik". Gözəl arzudur! Ancaq
bunu necə reallaşdırmaq olar? İrandan gəlmiş kimsəyə vətəndaşlıq və
oturum haqqı vermirik, gələnlər də tələm-tələsik ya İrana
qaytarılır, ya da xarici ölkələrə ötürülürsə, hətta burada ailə
qurmuş güneylilərin də rahat yaşamaq, vətəndaş statusu qazanmaq işi
müşküldürsə, onda həmin inteqrasiyanı nə şəkildə həyata keçirmək
olar?
Daha sonra yazırsan: "İran hər zaman insan qovğasının məkanı
olaraq qalacaq!" Məsuliyyətli proqnozdur! Burda bir şərt
unudulmamalıdır: əgər İranın indiki durumu davam etsə! İrandakı
qovğaların əsas səbəblərindən biri, bəlkə də birincisi onun
tərkibindəki böyük xalqların, farslar istisna, bölünmüş vəziyyətdə
olmalarıdır. Azərbaycan türkləri və türkmən türkləri bölünmüş...
ərəblər, kürdlər, bəluclar... hamısının bir hissəsi İranda, bir
hissəsi onun sərhədlərindən kənarda. İran etnik birlik prinsipi ilə
yaranmış dövlət deyil. Ərazi dövlətidir. Sərhədləri neçə xalqın
ürəyinin başından, yaralarının üstündən, qanlı çaylardan keçir. Bu
cür dövlətlər hətta tərkibindəki xalqalara federativ hüquqlar versə
də, geci-tezi bölünməyə məhkumdur. Biz milli dövlətlərin yaranması
və imperiyaların dağılması erasında yaşayırıq. ABŞ-ı da, Çini də,
Rusiyanı da, İranı da bu tale gözləyir. Tarixin öyrətdiyi
budur!
Azərbaycan ötən yüz ildə üç dəfə "qırılsaq da qurtulaq!"
düşüncəsinin faciəsini yaşadı. Lakin o tarixlər olmasa, millət öz
ruhunu qoruya bilməzdi. Güneylilərin dağlara qalxmamasının bir
səbəbi də budur. Onların bir qismi İranı bütövlüklə öz tarixi
dövləti hesab edir, bir hissəsi də səbrlə, təmkinlə istiqlaliyyət
yollarını arayırlar. Biz onlara kömək edə bilmiriksə, mane olmaq
haqqımız da yoxdur. Sənin məqaləndə isə məntiq belədir ki, hələlik
Bütöv Azərbaycan sözünü unutmalı, Azərbaycan respublikasını əlli il
inkişaf etdirəndən sonra üzümüzü güneyə tərəf çevirməliyik. Mən
şəxsən tərsini düşünürəm. Güneydə özünüdərk, öz haqqını tələb etmək
gücü, milli azadlıq uğrunda mübarizə gücləndikcə, bu Azərbaycan da
güclənəcək, beynəlxalq aləmdə nüfuzu artacaq və türk dünyası ilə
inteqrasiyası da sürətlənəcəkdir. Yeri gəlmişkən deyim ki, biz
tariximizi diqqətlə və dərindən öyrənmədiyimizdən bəzən çox gülməli
nəticələrə gəlirik. Bu gün Azərbaycan tarixçilərinin vacib
işlərindən biri də Azərbaycanın bütövlük uğrunda mübarizə tarixini
yazmaqdır. O tarix yazılsa, onda görərik ki, əslində son iki yüz
ildə Azərbaycanın ağlı başında olan və cəsarətli söz, fikir
sahiblərinin hamısının ruhunda, yazılarında bütövlük istəyi var.
Cəlil Məmmədquluzadə Tiflisdən çıxanda üzünü Təbrizə tutmuşdu.
"Mənə Arazın o tayı, bu tayı lazımdır" deyirdi. Azərbaycanın
quzeyindən Səttarxan hərəkatına yardımlar gedirdi. Məmmədəmin
Rəsulzadə İran inqilabına yardım məqsədilə Tehrana getmiş və orda
inqilabın güzgüsü olan qəzet buraxmışdı. 1920-ci illərin
əvvəllərində Kremlin dəhlizlərində Cənubi Azərbaycan söhbətlərinin
getdiyini də Rəsulzadənin xatirələrindən öyrənirik. 1941-45-ci
illərdə Sovet dövlətinin siyasətinin bir parçası kimi başlanan
hərəkat, yəni ordunun İrana yerildilməsi məhz Azərbaycan
ziyalılarının səyi ilə milli hökumətin yaranması ilə nəticələndi.
Hətta Mircəfər Bağırov da Güney Azərbaycanın İran irticasına təslim
edilməsini faciə kimi qarşılamışdı. İran Azərbaycanı məsələsi
sonrakı illərdə beynəlxalq təşkilatların əsas müzakirə
mövzularından biri olaraq qalmışdı. Azərbaycanın böyük nasirləri və
şairləri hətta Sovet hakimiyyətinin sarsılmaz görünən çağlarında da
Güney mövzusundan əl çəkməmişdilər. O mövzuda yazılan əsərlər -
bağlanan yolları, qırılan körpülərı əvəz eləmişdi. Biz hamımız o
əsərlərin təsiri ilə Azərbaycanın əsl tarixini və bütövlük
ideallarını dərk etmişdik. Bu unudulmuş və ya ölməkdə olan bir
ideya deyildi ki, Xalq Cəbhəsi, Dünya Azərbaycanlıları Konqresi və
ya ayrı-ayrı adamlar onu diri saxlamağa çalışsın və indi də onun
ölüm hökmünü versin!
Sonda bir daha deyirəm: mən sənin bu məqaləni pis niyyətlə və ya
hansısa bir yad təsirlə yazdığına inanmıram, inanmaq istəmirəm.
Ancaq təəssüf ki, niyyətini ifadə tərzin bir hissəsini qeyd etdiyim
bu qədər anlaşılmazlıqlar yaradıb. Sən mənin sözümlə razılaşmaya
bilərsən. Amma tarixin hökmüylə razılaşmaqdan başqa çarən yoxdur.
Bu gün dünya qaynayır. Əlli il bir yana, on ildən sonra dünyanın
mənzərəsinin necə olacağını təxmin etmək çətindir. İranın üstündəki
göy gurultularını eşitməmək mümkün deyil. Bizim heç kimlə
düşmənçiliyimiz yoxdur. Amma Güney Azərbaycanı yatmış, ərimiş,
bitmiş sayanlara da veriləcək bir cavabımız var! Dünya gec də olsa
dərk edəcək ki, bizim bölgəyə sülh, əminamanlıq, güclərin
tarazlaşması yalnız Güney Azərbaycanın azadlığıyla gələcək!
O şərəfli gələcəyə sarsılmaz inamla...