Vilayət Quliyevin kitablarını vərəqlərkən
Çağdaş filologiyamızı bəsit sosioloji şərhçilikdən,
resenziyaçılıqdan, tərifnamə və mədhiyyəçilikdən xilas edib ictimai
düşüncəmizin, elmi-nəzəri fikrimizin qabaqcıl və mühüm bir qoluna
çevirən alimlərimizdən biri də filologiya elmləri doktoru,
professor, tanınmış ictimai-siyasi xadim, diplomat, dəyərli
ziyalımız Vilayət Quliyevdir.
Məncə, Yaşar Qarayevdən, Asif Atadan başlanan yeni nəsil (keyfiyyət
anlamında) filoloq alimlərimiz, Vilayət Quliyev də onların
arasında, son qırx ildə yüksək nəzəri hazırlıq və təbii istedad
sayəsində ədəbi tənqidimizi öz əsl təyinatına yaxınlaşdırmış, onu
ədəbiyyatın müstəqil, ciddi ictimai- fəlsəfi yüklü bir sahəsi kimi
xeyli inkişaf etdirmişlər.
Ömrünü yalnız məhdud bir mövzu ətrafında fırlanmağa və ya bir
müəllifin tədqiqinə sərf edən elmlər namizədləri və doktorlardan
fərqli olaraq bu alimlər məhdudiyyət tanımadılar. Araşdırıcılıqdan,
mətnşünaslıqdan, ədəbiyyatşünaslıqdan, nəzəri-fəlsəfi fikirdən
başlayaraq – milli tariximizin üzləşdiyi problemlərə, onların bədii
ədəbiyyatımızdakı əksinə, ədəbiyyat və milli ideologiya
məsələlərinə qədər geniş bir meydanda nəfəslərini qısmadan
fəaliyyət göstərdilər. Lakin Vilayət Quliyev milli ideallarımızın
ədəbiyyata yansımasını araşdırmaqla yanaşı, həm də bu idealların
reallaşdırılması yolunda mübarizələrə qatıldı, ən ağır günlərdə
millət vəkili oldu; müharibə şəraitində təklənmiş ölkənin xarici
işlər naziri kimi çətin, lakin şərəfli vəzifənin ağırlığına
qatlaşdı, Avropa ölkələrində Azərbaycan Respublikasının böyük
elçisi olmaq missiyasını daşıdı. Bu baxımdan taleyimizdə bizi
doğmalaşdıran ortaq cəhətlər də var.
Ömrünün bu mərhələlərinin heç birində onun qələmi dayanmadı.
Konyuktura və ədəbi dəb havasına yazanlardan, danışanlardan olmadı;
onun öz "mühiti", ədəbi proqramı var; kitablarını gözdən keçirəndə
bu "proqramı"n bəzi özəlliklərini görmək mümkündür.
Alim dostum araşdırıcılıq işinə Azərbaycanın mənəvi pasportu
olan, milli simamızı müəyyənləşdirən böyük şəxsiyyətlərin - böyük
maarifçilər nəslinin öyrənilməsi, onlar haqqında monoqrafiyalarını
oxuculara təqdim etməklə başlamışdı. Lakin bununla yanaşı, o
filologiyaya, həm də - ədalətin bərpası, unudulmuşların yada
salınması, haqqı tapdalananların haqqının verilməsi, milli
dirçəlişimizdə, dövlətçilik tariximizdə xidməti olanların
xatirələrinin əbədiləşdirilməsi, Azərbaycan çağdaş tarix
düşüncəsinin və ictimai fikir qaynaqlarının üzə çıxarılaraq
layiqincə dəyərləndirilməsi vəzifəsi kimi baxır. Bunu bir
vətəndaşlıq borcu sayır, ömrü boyu da sakitcə, reklamsız,
təmənnasız, qəhrəmanları olan ziyalıların səviyyəsində dayanan bir
kamillik və təmkinlə bu borcunu yerinə yetirir.
Böyük şəxsiyyətlərə sayğısı və onlar haqqında həvəslə yazmasına
baxmayaraq, yaradıclıq vicdanı onu həm də milləti millət edən
"divar daşlarının", sıravi insanların, "mütəvazi" ziyalıların,
ilkinlərin, cığır açanların üzə çıxarılması işinə yönəltmişdir;
əsas istəyi, iddiası öz dediyi kimi, "naməlumluqları – dəryanı
oluşduran damlaları üzə çıxarmaq" olmuşdur.
Vilayət Quliyev ardıcıl yazan və nəşr olunan, daha doğrusu,
yaradıcılıq işini öz ömrünün əsas məqsədi hesab edən qələm
sahiblərindəndir. Kitablarının sayını bilmirəm. Məncə, iyirmiyə
yaxın iri həcmli kitabı çıxmışdır; məndə onların yalnız bir hissəsi
var və bu qeydlərimi də elə əlimin altındakı kitablara əsasən
yazıram, təəssüf ki, son kitablarından xəbərim yoxdur. Lakin heç bu
kitablar olmasaydı da yalnız mətbuatdakı yazıları bu söhbətin nə
qədər ciddi bir alimdən, möhtərəm bir ziyalıdan, ürəyi yurd, millət
sevgisi ilə dolu olan qeyrətli bir vətəndaşdan getdiyini sübut üçün
yetərli olardı.
Vilayət bəyin mətbuatda dərc olunan məqalələri ədəbi-ictimai
maraq dairəsinin genişliyi ilə heyrət doğurur: ədəbiyyat tarixi,
folklor, ümumtürk mədəniyyəti, bədii tərcümə problemləri, Nizamidən
üzü bəri bir çox böyüklərimizin yaradıcılıq aləmi, ədəbi əlaqələr,
Rusiya-Azərbaycan ilişkiləri, XIX-XX yüzillərdə yaşamış və çağdaş
Azərbaycanın mənəvi, siyasi qurucuları olan ziyalılarımız, XIX əsr
Azrbaycan mədəniyyəti və ictimai fikri, milli tariximizin
nəsrimizdə əksi, Azərbaycan Demokratik Respublikasının tarixi və
qurucularının taleyi, çağdaş ədəbiyyatımız, milli ideologiyamızın
problemləri, dünya ədəbiyyatı... Hamısını yazıb bitirmək mümkün
deyil.
Onun samballı kitablarından bir neçəsinin adını çəksəm, alim
dostumun yaradıcılıq coğrafiyası daha yaxşı görünər: "Mirzə Kazım
bəy", "Ağaoğlular", "Azərbaycanda erməni zülmü", "İsa Sultan
Şahtaxtinskinin qəribə həyatı", "Azərbaycan filoloji fikri və rus
ədəbi-ictimai mühiti", "Tarixdə iz qoyan şəxsiyyətlər", "Böyük
əkinçi", "Açıq sözün hikməti", "Tariximiz, taleyimiz..." və s.
Məncə, yalnız bu sadalamanın özü alim fədakarlığı barədə müəyyən
qənaətə gəlməyə bəs edir. Çünki bunların heç biri asan mövzu
deyildir; çoxu indiyədək araşdırıcıların diqqətindən kənarda
qalmışdır; bu mövzularda obyektiv söz demək üçün yalnız nəzəri
hazırlıq, alim təfəkkürü yetərli deyil; arxivlərdə işləmək, əski
əlifbayla yazılmış ilk mənbələri, kitabları, qəzet və dərgiləri
incələmək lazımdır, iradə, səbr, vaxt lazımdır.
Vilayət Quliyevin adı çəkilən kitablarının bəziləri haqqında
rəylər, məqalələr yazılıb, onun yüksək elmi təfəkkürlü alim
olduğunu filoloqlar arasında hər kəs bilir. Lakin mənə belə gəlir
ki, bu epizodik münasibətlər onun ədəbi və ictimai fikir
tariximizin öyrənilməsi sahəsindəki böyük xidmətini layiqincə
dəyərləndirmək baxımından yetərli deyildir.
Dövlət qulluğunda çalışmaq, nazir, səfir, millət vəkili olmaq
kimlərinsə işinə yarayır – nəşriyyatların, teatrların, elmi
qurumların qapıları üzlərinə daha geniş açılır; layiq olan-olmayan
əsərlərinin reklam kompaniyaları ara vermir.
Bəzən də tərsinə olur, millətinin, dövlətinin taleyi üçün
gərəkli olan rəsmi, – bəzən hərbi xidmət kimi borc saydığın, işlərə
başın qarışdığından – qeyri-peşəkarların, diletantların sənin
haqqını necə tapdaladıqlarından, ədəbi yekunlarda, poeziyanın,
nəsrin, ədəbi tənqidin ümumi mənzərəsində səni necə arxa plana
keçirməyə, unutdurmağa çalışdıqlarından xəbər tutmursan; ardınca
gələnlərin, səni müəllimləri sayanların birincilik yarışları
başlanır.
Buna öyrəşmişik. Ciddi qələm sahibləri bu xırda oyunbazlıqlara
yuxarıdan, acı təbəssümlə baxırlar.
Xoşbəxtlikdən rəsmi vəzifələr Vilayət Quliyevin filologiyaya
sərf edilməli vaxtından kəssə də, ona yeni yaradıclıq, araşdırma
imkanları da vermişdir. Hansı ölkədə görəv daşımışdırsa, ilk
növbədə o ölkəylə ədəbi körpülər qurmağa çalışmış, mövcud olmuş
ilişkiləri incələyərək, əvvəllər ortaya çıxarılması müşkül görünən
bəlgələri-sənədləri oxuculara çatdırmışdır. İşlədiyi ölkələrdə həm
də Azərbaycanın akademik araşdırıcılıq, ədəbi-mədəni körpülərin
bərpaçısı vəzifəsini daşımışdır. Bu baxımdan onun Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi, milli dövlətin qurucularının Avropa
ölkələrindəki fəaliyyəti, o cümlədən Məmməd Əmin Rəsulzadənin
Polşadakı fəaliyyəti ilə bağlı araşdırmaları çox dəyərlidir.
İşləyi ölkələrdə Azərbaycanın izlərini öyrənib üzə çıxarmaq,
eyni zamanda Azərbaycan ədəbi abidələrini o ölkələrin dillərinə
çevirtdirib nəşr etdirmək, gənc dövlətimizin mədəni sərvətlərini
təbliğ etmək baxımından xarici ölkələrdəki səfirlərimizdən Vilayət
Quliyevlə yanaşı, tariximizlə bağlı dəyərli kitablar yazan Həsən
Həsənovun, ədəbiyyatımızın Avropa dillərinə tərcümə və nəşrində
xeyli əmək sərf etmiş Eldar Həsənovun da xidmətləri yüksək hörmətə
layiqdir və başqa böyük elçilərimiz üçün də örnək
olmalıdır.
Vilayət bəyin yaradıcılığının mühüm sahələrindən biri
Azərbaycan-Rusiya ədəbi əlaqələrinin az öyrənilmiş sahələrini
ardıcıl və indiyədək üzə çıxmamış sənədlər, məlumatlar əsasında
tədqiq edib, oxuculara çatdırmasıdır. Bu baxımdan Azərbaycan
filologiyası ilə rus ədəbi-ictimai fikri arasındakə əlaqələr
haqqında fundamental monoqrafiyası və rusca "Rusiya
şərqşünaslığında Azərbaycan məktəbi" kitabı ayrıca qeyd
olunmalıdır. "Mirzə Kazım bəy" monoqrafiyasından sonra adları
çəkilən kitabları alimin bu sahəyə marağının səbəblərini və mövzunu
necə peşəkarlıqla və yüksək ədəbi səriştə ilə yazıb ortaya
qoyduğunu göstərir.
Vilayət Quliyevin ədəbi əlaqələr tarixinə yanaşmasını
fərqləndirən cəhət - ədəbi-mədəni təsir məsələsinə qarşılıqlı bir
proses kimi baxmasındadır, yəni Rusiya tərəfindən işğal edilmək
Quzey Azərbaycanı Avropaya yaxınlaşdırdığı, inkişafına təsir
göstərdiyi kimi, Azərbaycan və Cənubi Qafqazın türk dili və
mədəniyyəti də Rusiyaya təsirsiz qalmamışdır. Öz sözüylə desək:
"məsələ burasındadır ki, "mədəniləşdirici funksiya" ilə Azərbaycana
nüfuz edən Rusiya işğalçı kimi gəldiyi ölkədə daha qədim və zəngin
mədəniyyətlə üzləşmişdi".
Bu fikir – Vilayət bəyin Rusiya-Azərbaycan ədəbi-mədəni
ilişkilər tarixinə baxışının əsas fəlsəfi təməlini təşkil etməklə,
onun alim – vətəndaş mövqeyini müəyyənləşdirir. Haqlı olaraq
"...yalnız dil və mədəni mühit deyil, həm də ideya-məzmun, tədqiqat
prinsipləri və metodologiyası baxımından filoloji fikrimizin
inkişafında tamamilə yeni mərhələ" hesab etdiyi XIX yüzil
filologiyamızın əsas özəlliklərindən bəhs edən müəllif bu
kitablarında "şimaldan əsən rüzgar"la yanaşı, "cənub küləyi"nin
ilıq nəfəsinin nəticələrini də ortaya çıxarır: "Beləliklə,
Azərbaycan filoloji fikrinin bir sıra nümayənədləri XIX əsrin ilk
onilliklərindən etibarən Rusiyanın elm, tədris və inzibati
mərkəzlərində bir tərəfdən öz dillərini və ədəbiyyatlarını mövcud
mədəni mühitin kontekstində öyrənir, o biri tərəfdən isə kitab və
məqalələri, mühazirə və dərslikləri ilə Rusiyaya Şərq
filologiyasını öyrədir, daha geniş mənada şərqşünaslıq elmini
yaradırlar".
Həmin dövrdə vətəndən kənarda yazıb yaratmış Mirzə Cəfər
Topçubaşov, Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli
Axundzadə kimi – filoloji fikir nəhənglərinin yaradıcılıq və
elmi-pedaqoji fəaliyyətini də müəllif məhz bu mövqedən
araşdırır.
O haqlı olaraq qeyd edir ki, son illərdə arxivlərdən, tarixi
filologiyadan uzaqlaşma meyli duyulur, halbuki "...faktları,
mənbələri öyrənmədən, sistemləşdirmədən ədəbiyyatın nə mükəmməl
tarixini, nə də nəzəriyyəsini yaratmaq mümkündür".
Onun özəlliklə M.C.Topçubaşovu, Mirzə Kazım bəyi ilk dəfə əsaslı
şəkildə tədqiq etməsi, o dövrdə rusca yazmış müəlliflərin qiymətli
irsini üzə çıxarması da məhz bu işə - XIX yüzildən yeni bir
mərhələyə qədəm qoymuş ədəbiyyatımızın tarixini və nəzəriyyəsini
yaratmağa, zənginləşdirməyə və tamamlamağa xidmət edir.
Azərbaycan Əlyazmaları İnstitutu, Gürcüstanın, Qazaxstanın,
Tatarstanın, Leninqradın, Moskvanın, digər elm mərkəzlərinin
arxivləri... V.Quliyevin çalışdığı bu arxivlərin coğrafiyası alim
dostumuzun ədəbi əlaqələr tarixini necə dərindən öyrəndiyini və bu
kitabların hansı böyük zəhmətin nəticəsi olduğunu aydın
göstərir.
Vilayət Quliyevin filologiya elmindəki yerini, mövqeyi və
xidmətlərini görmək və dəyərləndirmək baxımından onun iki ayrı
kitabı da qeyd olunmalıdır. Onlardan biri "Açıq sözün hikməti"
adlanır. "Ədəbiyyat söhbətləri", "Ədəbi əlaqələr", "Mirzə Fətəli
Axundov haqqında on yazı", "Polemika", "Publisistika", "Rekviyem"
adlı altı fəsilə bölünmüş bu kitab müəllifinin ciddi nəzəri
hazırlığını, klassik və çağdaş ədəbiyyatımızın ədəbi-estetik
vəhdətini duymaq və ümumiləşdirmək qabiliyyətini nümayiş
etdirməkdədir. Bu kitabda XIX-XX yüzillər ədəbi irsimizlə bağlı
araşdırmalar da davam etdirilir. Müəllif sanki öz - əvvəlki
monaqrafiyalarındakı xırda boşluqları doldurmağa və ya
qəhrəmanlarının taleyi ilə bağlı yeni tapıntılarını üzə çıxarmağa
çalışır. Kitabın xüsusiyyətlərindən biri həm də çağdaş
ədəbiyyatımızın bir sıra mühüm problemlərinə aydınlıq gətirməsində,
qələm dostlarının yaradıcılığı barədə sanballı fikir
söyləməsindədir.
Müasir ədəbi nümunələrdən danışarkən də Vilayət bəy öz
prinsiplərinə sadiqdir. Yeni ədəbiyyatımızı böyük ənənələrimiz
kontekstində təhlil edir.
Məncə, onun yaradıcılığının qeyd olunmalı keyfiyyətlərindən biri
də aydın vətəndaşlıq mövqeyini əks etdirən və ictimai həyatımızın
bir çox sahəsini əhatə edən publisistikasıdır. O, publisistikasında
da dəqiq elmi mənbələrə, zəngin təcrübəyə söykəndiyinə görə etiraz
doğurmayacaq bir şəkildə açıq danışır, cəsarətlidir, hadisələrin
mahiyyətini görür, dünya siyasətində nələrin baş verdiyindən
xəbərdardır, səmimidir və gəldiyi nəticələr oxucunu inandırır.
Vilayət Quliyev harda yaşayıb işləməsindən asılı olmayaraq
müasir ədəbi prosesi daim izləyir və imkan daxilində bu barədə
yazır.
"Tariximiz, taleyimiz" kitabında da müəllif tariximizin nisbətən az
öyrənilmiş, diqqətdən kənarda qalmış səhifələrinə, az təhlil
olunmuş məqamlara üz tutur. Bu cəhəti müəllif kitaba yazdığı öz
sözdə dəqiq ifadə etmişdir: "Tarixi yalnız onun lokomativi
adlandırılan böyük şəxsiyyətlər yaratmır, ədalətli və obyektiv
tarixdə hər kəsin öz yeri olmalı, hər kəsin haqqı
tanınmalıdır".
Bu sözlər həm də Vilayət bəyin gözəl insani keyfiyyətlərini,
həssaslığını göstərən sözlərdir.
Bütövlükdə, Vilayət Quliyevin elmi əsərləri Azərbaycanın
ədəbi-ictimai fikrinin dərin qaynaqlarını və zənginliyini
göstərmək, müstəqil dövlətimizin memarları olan şəxsiyyətlərin
böyük fədakarlıqlarını xatırlatmaq və milli təfəkkürü formalaşdıran
ədəbi ənənələrin bütün qatlarını təsəvvür etmək baxımından son
dərəcə əhəmiyyətlidir. Əslində, bu kitablar Vilayət Quliyevin
özünün də son iki əsrdə yetişmiş böyük maarifçi, demokrat, filosof
ziyalılarımızdan biri olduğunu göstərir.
Bu yazıda Vilayət bəyin çoxcəhətli yaradcılığını bütövlüklə yox,
hətta ən ümumi və yığcam şəkildə gözdən keçirmək, dəyərləndirmək
cəhdim, niyyətim yoxdur və bu mümkün də deyildir.
Bir bayram təbriki də sayıla bilən bu yazımla köhnə dostuma üz
tutub demək istədiyim budur ki, o öz ömrünü, istedadını tariximizin
layiqli səhifələrinin, böyük şəxsiyyətlərinin və millətimiz üçün
son dərəcə önəmli mərhələlərinin öyrənilməsinə sərf etdi; heç vaxt
xalqın taleyindən, sevinc və kədərindən kənarda qalmadı, "iş
deyiləndə işə, savaş deyiləndə savaşa" getdi, bir-birindən dəyərli
kitablar yazdı və bundan sonra da yazacağına əminik. Geniş ədəbi və
ictimai-siyasi fəaliyyəti ona böyük oxucu sevisi qazandırmışdır.
Yeni ilə qədəm basarkən millətinin qarşısında alnıaçıq, üzüağdır.
Belə bir həyat yoluyla və yorulmaz fəaliyyətlə təkcə özü yox,
dostları da qürur duyur.