Öz canları yananda anlayırlar
Fransa ayaq üstədir, "Şarli Hebdo" redaksiyasına basqından sonra
antiterror əməliyyatı ara vermədən davam edir, ağlıkəsən hər kəs
terror qurbanlarına yanır, milli matəm elan edilmişdir, yüzminlərlə
insan etiraz yürüşünə çıxmış və bu yürüş gün ərzində dünya
televiziyaları ilə göstlmişdir, neçə ölkə başçısı, ünlü
şəxsiyyətlər Fransanın kədərini bölmək əziyyətinə qatlaşmışlar,
dünyanın hər yerində fransız səfirlikləri qarşısında tünlükdür, baş
sağlığı verməyə gələnlərin arası kəsilmir, fransız xalqına təsəlli
verən məktubların sayı-hesabı yoxdur...( Birini də mən yazmışdim
Fransanın Azərbaycan səfirliyinə).
Bunlar hamısı insanların bir-birinə canıyananlığını, şərə qarşı
mübarizədə həmrəyliyi göstərən, duyğusal və insanlıq borcu olan
işlərdir. Paris küçələrindən reportaj verən jurnalistlər insanları
bu günlərdə daha çox QİSAS, terrora KİN və nəhayət, HƏMRƏYLİK
hissinin topladığını xüsusi qeyd edirdilər. Təəssüf ki, qisas və
kin öndə gəlir. Halbuki birinci sırada həmrəylik dayanmalıdır, ilk
növbədə terrorizmə qarşı mübarizədə vahid cəbhə yaratmaq lazımdır
ki, kinə, qisasa və yeni qanlara ehtiyac qalmasın...
İnsanın insan əli ilə öldürülməsi ağır faciədir. Yaşından,
irqindən, peşəsindən, cinsindən, dərisinin rəngindən asılı
olmayaraq. Buna görə də Fransadaki qətliamının dünyanı bu şəkildə
ayağa qaldirması yaxşı hadisədir və kimsə buna etiraz edə bilməz.
Biz də o cümlədən. Lakin burda bir "əmma" var və onu deməmək də
doğru olmaz...
Bu da dünyanın, o cümlədən Avropanın hətta faciəyə, terrora
münasibətdə də saxta, ikiüzlü və riyakar olmasıdir.
Say önəmli deyil. Bir insan, on insan... Hə, adamın öz taleyi və
Allah tərəfindən verilmiş yaşamaq haqqı var.
Ancaq Fransada bu faciə baş verəndə dünyanin başqa yerlərində də
buna bənzəyən və ya bənzəməyən, hər halda günahsız insanlarin
ölümü, qətlə yetirilməsi ilə nəticələnən qanlı terror hadisələri
baş vermişdi. Elə həmin gün İraqda, Suriyada, Ukraynada da onlarla
insan terrora, bir çoxu Qərb tərəfindən idarə edilən və ya
ilhamlandırılan münaqişələrə qurban getmişdi. Dünyanın ən ideal və
inkişaf etmiş ölkələrindən birinə çevrilmək imkanı olan Türkiyə
otuz ildir Qərbin insan azadlığı, azlıq haqları maskaları ilə
bəzədiyi, xaç atalığı etdıyı terrorçu təşkilatların zülmünü çəkir,
otuz min şəhid verib, ağılasığmaz dərəcədə böyük miqdarda pullar
xərcləyib... Avropa ölkələri min illər qardaşcasina iç-içə yaşamış
xalqları bir-birinə qarşı qoyan, dinlər, məzhəblər. sivilizasiyalar
arasında düşmənçilik təbliğatı aparan "sərsəm sözün" - xəstə
mətbuatın, televiziya və radioların isti yuvasına dönüb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafinda daha yeddi
rayonumuz terroru dövlət siyasətinə çevirmiş Ermənistan tərəfindən
işğal edilmişdir, bu münaqişədə iyirmi beş mindən çox azərbaycanlı
şəhid olmuşdur. Onların arasında onlarla qələm əhli, jurnalist var
idi. Ermənistandan və Qarabağdan bir milyon azərbaycanlı vəhşiliklə
qovulmuşdur, qaçqınlıq məhrumiyyətləri minlərlə insanin ömrünə son
qoymuşdur. Bütün bunların və Bakı metrosunda, avtobuslarda onlarla
insanın ölümüylə nəticələnən terror aktlarının arxasında erməni
terror təşkilatlarının, o cümlədən Asalanın, Daşnaksütyunun
dayandığını Qərb bilmirmi?
İnsanlığın bütün faciələrinin ilk şahidləri və olayları
yaddaşimiza köçürənlər, ən ağır şərtlər altında öz peşə və insanlıq
borclarını yerinə yetirənlər- jurnalistlərdir. Həyatı müharibə
alovları içində keçən və terror qurbanı olan, yüz cür təzyiqlərlə,
həbslərlə, fiziki təzyiqlərlə üzləşən jurnalistlərin sayıni
müəyyənləşdirmək çətindir. Təxmini hesablamalara görə dünyada hər
il yüzdən çox jurnalist bu yolda qurban gedir...
Dünyada bu faciələrin, qanunsuzluqların qarşısını almaq üçün
hansı ciddi iş görülmüşdür?
Sosialist düşərgəsi dağılandan, soyuq müharibə bitəndən sonra
NATO-nun rəsmən bəyan etdiyi mübarızə hədəflərdən biri terrordur.
Amma nədən Amerikadakı, Avropadakı terror olayları bütün dünyanı
silkələyən etirazlarla qarşılandığı halda müsəlman ölkələrində
törədilən bənzər və bir az da ağır faciələr, terrordan fərqi
olmayan hərbi əməliyyatlar, işğalçılıq müharibələri bu qədər sakit
və gizli bir məmnuniyyətlə qəbul edilir. Bəlkə, Ermənistanda və
Qarabağda öldürülən azərilər, Əfqanstanda, Fələstində, İraqda,
Suriyada, Türkiyədə amansızlıqla qətlə yetirilən əfqanlar, ərəblər,
türkmanlar, türklər insan deyil? Bəlkə, Avropa özünküləri ali insan
saydığı halda Asiyada, Afrikada öldürülənləri çəyirtkə hesab edir?
Beş min, on min və ya İraqdakı kimı, bir milyon ölsün, fərqi
yoxdur... Hamı ölə, öldürülə bilər, amma Avropalı, Amerikalı
qorunmalıdır... Çünki dünyada bunların xüsusi statusu var! Ancaq o
statusun nədən ibarət olduğunu kimsə bilmir...
Bəşəriyyətin sonunu yaxınlaşdıran dəhşətli silahları icad
eləmələrimi, kosmosdan evlərimizin içini də nəzarətə götürmələrimi,
100 milyon insanin həyatına son qoyan dünya müharibələrimi, yoxsa
ATƏT-in Minsk Qrupu kimi sülhməramlı missiyalar yaradıb
riyakarlıqla on illər boyu terrorçu Ermənistan dövlətini müdafiə
etməkmi?
Özünü üstün sivilizasiya daşıyıcıları sayanlar İraqda dünyanın
ən qədim mədəniyyət abidələrini, ən ilkin sivilizasiyanın
nişanələrini vəhşicəsinə məhv etdilər.
Bəli, söz azadlığı insanın təməl haqlarından biridir və mütləq
qorunmalıdır. Lakin insanlığın inkişafına, nizam və barış içində
yaşamasına xidmət edən müqəddəs dəyərlərin, peyğənbərlərin lağa
qoyulub, ardıcıl şəkildə alçaldılmalarının, karikatura mövzusuna
çevrilmələrinin söz azadlığına nə dəxli?
Yaxud İrandakı kimi, bütün bir millərin-Azərbaycan türklərinin
həşarata bənzədilib təhqir edilməsinə hansı söz azadlığı məntiqiylə
haqq qazandırmaq olar? Bunların qarşısını qanunla almayanlar özləri
terrora şərait yaratdıqlarını niyə düşünmürlər? Niyə unudurlar ki,
tarixən belə olub: qanun işləməyəndə silah işləyir...
Bu haqsızlıqların, ikili standartların bumeranq kimi geri
dönəcəyini yalnız səfeh adamlar nəzərə almaz!
Əgər Fransa üçün söz azadlığı bu qədər dəyərlidirsə, onda hansı
haqla "erməni soyqırımı olmamışdır" deyənlərə cəza tətbiq edəcək?
Fransız "azad söz" deyə bilər, türk deyə bilməz?
Peyğəmbərləri söyən, müsəlmanları təhqir edən, "qəzet
mücahidləri"nin cəsarətləri çatırsa, qoy öz dövlətlərinin dünyanı
qarışdıran siyasətlərini ifşa etsinlər. Axı, Qərb hələ tamamilə
yıpranmayıb və orda kifayət qədər vicdanının səsiylə danışan
var...
Onlardan biri, İngiltərə dramaturqu, Nobel mükafati laureatı
Harold Pinterin dediyi kimi, bu ölkələrdə siyasətçilər "həqiqətin
söylənməsində deyil, hakimiyyəti əllərində saxlamaqda"
maraqlıdırlar: "...Nəhəng korrupsiyalar və hərbiçilər ələ
keçirdikləri hakimiyyətdən ləzzət alanda siz telekameraların
qarşısına çıxaraq hamıya məlumat verirsiniz ki, demokratiya qələbə
çaldı..."
Bəli, Qərb ölkələrinin demokratiyaya münasibəti bu sözlərlə hələ
on il bundan öncə çox dəqiq ifadə edilmişdir. Böyük yazıçının ABŞ
və onun "miskin quzusu" olan Böyük Britaniya haqqında söylədikləri,
əslində bütövlükdə Qərbin son otuz-qırx ildə Yaxın Şərqdə apardığı
siyasətin iç üzünü açır. O yazır: "İraqa hücum banditizm aktı,
dövlət terrorizminin aşkar nümunəsi idi və beynəlxalq hüquq
məlumatına tam nifrət nümayiş etdirirdi... Əməliyyatın məqsədi
Yaxın Şərq üzərində hərbi-iqtisadi nəzarətin möhkəmləndirilməsi
olsa da, ...bunu azadlıq ərməğanı kimi təqdim etdilər. Minlərlə
günahsız insanın qismətinə çevrilən ölümə və şikəstliyə haqq
qazandıran hərbi qüdrətin dəhşətli təsdiqi!... İraq xalqına biz
işgəncələr, kosetli bombalar, kasadlaşdırılmış uran, təsadüfi
insanların çoxsaylı qətllərini, bədbəxtlikləri, tənəzzülü və ölümü
gətirərək, bunu "Yaxın Şərqdə azadlıq və demokratiyanın təmin
edilməsi" adlandırdıq.
Bəli, işğali və talançılığı- demokratiya; insanların,
millətlərin təhqirini- sız azadlığı saymaq Qərbin, o cümlədən
Fransanın dünyada baş verən hadisələrə bütövlükdə ikili
standartlarla yanaşması ilə nəticələnir və bu da onların nüfuzuna
ciddi zərbə vurur.
Çağdaş Avropa qanunun aliliyi, yüksək mədəniyyəti, insan
haqlarının qorunması ilə bir örnək yaratmışdır; savaşsız, sərhədsiz
bir gələcəyə açılan qapıya bənzəyir, ümid yeridir və onun bu
keyfiyyətinin qorunması dünyanın gələcəyinin qorunması
deməkdir.
Təəssüf ki, əsil demokratik ruhlu liderlərin azalması, kor dini
təəssübkeşlık, başqa dinlərə dözümsüzlük, modern fanatizm, insanı
insan edən bəzi əxlaqi dəyərlərə sayğısızlıq, ailə dayaqlarının
sarsılması Avropanın- dahi söz ustalarinin, filosofların, alimlərin
misilsiz əməyi ilə qurulmuş iç dünyasını boşaltmaqdadir.
Terrorizmə yox demək, nifrət eləmək azdır, gərək, onu doğuran
şərait, onun siyası və maliyyə dəstəkçiləri də aradan
qaldırılsın.