Yuxarı

Uzaqdan gələn doğma qadın...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görmədiyin, səsini eşitmədiyin adam bəzən sənə çox doğma gəlir. Onunla daha sərbəst olursan, fikirlərini bölüşə bilirsən, söhbətdən sakitləşirsən, rahatlanırsan. Hamının dinlənməyə ehtiyacı olan bu səbirsiz dünyada o səni daha yaxşı anlayır. Nə səs var, nə qışqırıq. Şəkillə danışan kimi danışırsan. Sözün sükut pıçıltısı, hərflərin dili var.

Elə məqamlar olur ki, orda münasibətin yaxınlığı, uzaqlığı olmur. Səmimiyyət, doğmalıq olur.

Beləcə, uzaqdakı adam səninlə doğmalaşır. Bu görmədiyin doğma adamın səsinə, sözünə, özünə darıxırsan...

İlk dəfə gördüyün bu adamla min illərin doğması kimi görüşürsən. Mehribancasına. Səndən qabaq görüşən, danışan baxışlar xəyalları, ümidləri məkana daşıyır. Ani susqunluq da bunlar üçün bir aralıqdır.

Vətən, yurd ağrısını yaşayan adamı sükutundan, baxışlarından anlamaq olur. Hisləri, duyğuları olduğu kimi izah etmək çətindir. Yaşananı ifadə etməkdə söz də, qələm də acizdir. Çatdıra bilmir dəyişən halın sürətinə. Gərək onu yaşayasan. Özününkü kimi. Bu, həmdərdlinin dərdini onunla birlikdə yaşamaqdır, bölüşməkdir.

Adam həsrətin hər çırpıntısından titrəyən, tənhalıqdan boynunu bükən çiçəkdir. Vətənin hər xoş xəbərindən açılan, bəd xəbərinə bükülüb yığılan, içinə çəkilən, içinə qısılan gecə çiçəyidir. Tez açıldığı kimi də tez sönə bilir. Qəfil sərt küləkdən diksinir. Tənhalıqdan isti bir nəvazişə ehtiyac duyur. Ruhunu oxşayan, onu tərpədən ifadəyə ürək sözlərini qatır. Yanğısı ilə, sevinci ilə. Düşüncəsi üst-üstə düşən sözə, ifadəyə xoş qatqısını qatmağı özünə mənəvi borc bilir. Yaxşı hər şeyə sevinir. Ağrına, kədərinə dərddaş olur. Onu səninlə birgə çəkir.

Vətən, Qarabağ həsrətli şeirlərə özünün yaşadığı hislərlə bir qərib baxışı qata bilir. Olanları yaşayırmış kimi.

Bəlkə də düşüncələrimizin, yaşadıqlarımızın oxşarlığıdır bizi bu qədər biri-birimizə doğma edən. Ruh qohumları kimi. Ruh qohumluğu qan qohumluğundan daha doğmadır. İlahidən gələn gözəldir. Üzünü görmədiyin, səsini heç vaxt eşitmədiyin bir insan sənə doğmadan da doğma olur. Ən əziz adam kimi. Elə Çiçək xanım kimi.

Çiçək Tağıyeva uzaq Ukraynada – Kiyevdə yaşasa da, vətəni Azərbaycanı çox sevir. Onunla nəfəs alır. Ürəyi vətənlə döyünür. “Sabah geri dönürəm”, - deyərkən göz yaşlarına hakim ola bilmir. Nə ayrılmaq istəyir, nə qala bilir. Bölünmək bütün hallarda çətindir.

Qarabağ ağrısını yaşadığımdan bu ağrılar, acılar mənə tanışdı. Doğma yerlərə uzaqdan baxmaq çox çətindir. Çox...

Sənətindən, peşəsindən, vəzifə və mövqeyindən asılı olmayaraq, əsas olan İnsanlıqdır. İnsan olmaqdır. Vətəndaşlıqdır. Mənə görə hər şey ondan sonra gəlir.

Çiçək Tağıyevanın kitabının adında “vətən” sözünün olacağına mütləq inanırdım. Çünki vətəni Azərbaycanı bu qədər sevən insan kitabının adında mütləq onu vurğulamalı idi.

Əlimdə Çiçək Tağıyevanın “Vətən ətirli çiçək” kitabıdır.

Kitabdakı şeirlərdə sevgi var, ayrılıq var, həsrət var, ağrı var. Vətəndaşlıq var. Çiçək xanımın özü var.

Vətənə həsrətəm, elə həsrətəm,

Elə pərişanam, elə həsrətəm,

Əynimə geymişəm həsrət donunu,

Görən elə bilir elə həsrətəm.

və ya

Dilimin qubarı Vətən sözündən,

Yaxamı kənara çəkə bilmirəm.

Bu dünya Vətənsiz heçdi gözümdə,

Qürbətdə özümə gələ bilmirəm.

“Vətən ətri gəlmir qürbət gülündən” söyləyən Çiçək xanım, bənövşəyə nələr pıçıldayır:

Həsrətmi böynunu büküb, bənövşə,

Hicranmı xal salıb tər ləçəyinə?

Bu yaz da ötüşdü, gələ bilmədim,

Yenə həsrət qaldım dağ çiçəyinə.

Həsrətdən sızlayır qərib ürəyim,

Vətən sevgisindən heç zaman doymur.

Ətirli olsa da qürbət çiçəyi,

Vətən çiçəyi tək gözümdə olmur.

“Vətən ətirli çiçək” kitabı vətənsevər Çiçək Tağıyevanın həsrətlə yazılmış iç dünyasıdır.

“Əlincə” şadlıq sarayı. Xatirələrin məkanı...

Çiçək xanımın özü kitabı kimi oxunur. Dinlənilir.

Yazılarında görünənlər, duyulanlar gözlərindən oxunur. Sözlərə sığmayan görüşün sevinci təbəssümdə, gülüşdə, baxışda ifadə olunur.

Çiçək xanımın özünün ifadə etdiyi kimi vətəndən uzaqda ikili həsrət yaşayır. Ona görə də vətən həsrətinə, həsrətli yazılara, şeirlərə biganə qala bilmir. Çox duyğuludur. Həssasdır. Sözlə, misrayla pərvazlanır.

Uzatmaq istədiyin zaman uşaq ürəyinin döyüntüləri kimi döyünür. Hər çırpıntıda bir həsrət, ayrılıq; insan, vətən sevgisi. Bölünmüş, parçalanmış ürəyin sözə çevrilən yazıları vərəqəmi düşür, başqa bir ürəyəmi qonur, onu ancaq yaşayanlar bilər.

Xatirələrin içində qurğuşun xatirələr də var. Daşınması və unudulması çətin olan xatirələr. Bəlkə, əsl xatirələr elə onlardır. Həsrətin, ayrılığın özü kimi xatirələri də ağır olur. İnsan çiynində, kürəyində götürə, daşıya bilmədiyi ağrıları içində daşıyır. Onunla qol-boyun yaşayır...

“Bəzən elə düşünürük ki, ömür əbədidir. Həyatın, ömrün vəfasızlığını düşünmürük. Deyiləcək arzuları, ürək sözlərini deməyə tələsmirik. Bəzən bilərəkdən, ya bilməyərəkdən kiminsə qəlbinə toxunuruq. Sonra peşimanlıq çəksək də, artıq gec olur...

“Bir xoş deməyə, bir könül şad etməyə tələsin! Sonra gec olacaq!” - söyləyən insan uçaq qanadlarla gəldiyi kimi, həsrətin, ayrılığın ürək çırpıntılarını ərməğan edib, saatların kölgəsində iz buraxan xatirələri yığıb, həmin qanadlarla da uçub getdi. Bilmədik, gətirdiyi çox idi, yoxsa apardığı. Onu bilirəm ki, dostlar üçün qalanlar çox oldu.

Dəqiqələrdə, anlarda yaşayan xatirələri bizimlə baş-başa qoydu...

Xoş gördük, uzaqdan gələn doğma Adam!

Tarix
2019.11.05 / 15:35
Müəllif
Rəfail Tağızadə
Şərhlər
Digər xəbərlər

Hamı Ağdamda keçirdiyim hissləri soruşur...

Ağdamda 10 ballıq erməni zəlzələsi...

Onu dinləmək sevincdir…

Tək ayağın addım səsi...

Qarabağ videoları bizi izləyir, utanırıq...

Ölüləri basdırmağa yer axtarıram...

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

“Rey” kod adlı döyüşçü nələr yazdı?

Amansız müharibələr əfsanəvi qadının gözü ilə...

Ürəyə gedən yol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla