Kitab oxumaq uzun illərdən bəridir ki, mənim gündəlik işimin
mühüm bir parçasına çevrilib və oxumaq məsələsində mənim konkret
bir rejimim yoxdur. Səhər, axşam, maşında, təyyarədə... İmkan
daxilində bütün oxumaq vasitələrindən yararlanıram - əlyazılarından
tutmuş ənənəvi və elektron kitablara qədər.
Oxuduğum kitabların coğrafiyası da çox genişdir. Bu da illər
uzunu formalaşmış çevrədir. Bədii ədəbiyyatla yanaşı müxtəlif
elmi-kütləvi nəşrlər, tarix, fəlsəfə, etnoqrafiya.
Ən az oxuduğum janrlardan biri detektivdir və maraqlıdır ki, son
oxuduğum kitab da nədənsə bu janrdan olan əsərdir. İngilis yazıçısı
Simon Bekettin "Ölümün kimyası" adlı detektiv romanı. Bu müəllif
bizdə az tanınsa da, Avropada çox məşhurdur və ən çox oxunan
yazıçılardan biridir, kitabları otuza yaxın dilə çevrilib. Oxuduğum
romanı da bu janrın ən gözəl nümunələrindən biri hesab edirlər.
Ümumiyyətlə, mən "indi hansı kitabı oxuyursunuz" sualına cavab
verməyə həmişə çətinlik çəkmişəm. Çünki evdə, işdə, maşında həmişə
əlimin altında yeni kitablar olur və mən onları çox vaxt paralel
oxuyuram. Çox dəbdə olan yazıçıların əsərlərini pis bir vərdiş
olaraq, nədənsə, sona saxlayıram. Məsələn, dünyada çox məşhur olan
əfqan yazıçısı Xalid Hüseyninin "Min möhtəşəm günəş" romanını
oxumayan yazıçı az tapılar. İki-üç ildir ki, qardaşlarım bu romanı
mənə təbliğ edirlər, ancaq qəribədir ki, oxumağa heç cür hövsələm
çatmırdı. Yalnız indi "Ölümün kimyası"nı oxuyanda həmin romanı da
başladım və ingilis yazıçısının kitabını yarıya çatdırana qədər onu
oxuyub bitirdim. Əslində, o da ölüm haqqında bir romandır - ancaq
ölümün siyasəti, böyük güclərin bir xalqı məhkum etdikləri ölüm
haqqında ("Kulis.az").