Ədəbiyyatın gözü itidir, hər
şeyi görür, dəyərləndirir, minilləri aşıb gələn saf bir duyğuyla
sevir, sevdirir, insan ömrünün vəfasızlığına, dərdin tükənməzliyinə
yanır, yandırır; tarix boyu davam edən inadkarlıqla insanlığın
yüksəlişinə, dünyanın xilasına çalışır.
Ədəbiyyatın çeşidli adlar altında dövrləşdirilməsi şərtidir.
Əslində, son 150 illik Azərbaycan ədəbiyyatının ən başlıca özəlliyi
Milli Varlığımız Uğrunda Mübarizədir! Müxtəlif izmlər və ədəbi
cərəyanlar işin üslubi və formal tərəfidir, ifadə tərzləri müxtəlif
olsa da, mahiyyət birdir.
Di gəl, bu qədər yazı, qəzet, dərgi, saysız-hesabsız kitab,
qəhrəmanlıqla sürdürülən qələm savaşı, bu qədər, Mirzə Cəlil demiş,
maarif topu yatmış vicdanları tam oyada, milli ləyaqət duyğusunu
dirildə, cəhalət dumanını dağıda, fanatizmi durdura bilmir. 150
ildir xalqının qayğısını çəkə-çəkə qayğı görməyən dahilərin yorğun
əlləri bu millətin ruhuna Vətən Sevgisi toxumu səpir, danabaşları
danə başlara çevirməyə çalışır, şeyxnəsrullahçılığın,
qurbanəlibəyliyin, ustazeynallığın, iblisliyin, ərəbpərəsliyin,
farspərəstliyin, ruspərəstliyin kökünü kəsmək istəyir, tarixin
böyük qəhrəmanlıq ənənələrinin, milli birlik və türklük şüurunun
dirçəlişi uğrunda mübarizə aparır.
Təəssüf! İtkilərlə, məğlubiyyətlərlə barışmaq psixoloğiyası hələ
də davam edir. Özəlliklə ruh və mənəviyyatda, yaşam və düşüncə
tərzində gəlişmə azdır. Bir ömürdür eyni dərdləri yazırıq; ümid
müstəqilliyəydi, ancaq elə bil daşa-divara deyilir yazıçı sözü. Bir
görünməz divar kəsib milli özünüdərkin, özünə dönüşün, dövlət
dilinə sayğının, milli soyada dönməyin, öz adına, tarixinə,
hafizəsinə sahiblənməyin, qorxaqlıqdan, boyun əyməkdən xilas
olaraq, nəfsinə sahib çıxaraq, hürr və ədalətlə yaşamağın
yolunu...
"Biz niyə beləyik?" 26 il öncə yazdığım bir yazının başlığıydı.
Ancaq bu, M.F.Axundzadədən, Zərdabidən, Mirzə Cəlildən, Əli bəy
Hüseynzadədən başlayaraq bütün böyüklərimizi düşündürmüş
sorudur...
Bəlkə bütün işğalların, parçalanmaların, assimilyasiya və
yadlaşdırma siyasətləri üçün sınaq meydanına çevrilməyimizin
səbələrindən biri də budur. Bizi öyrənirlər, zəif yerlərimizi
müəyyənləşdirib ordan vurur, ordan dağıdırlar.
Burda əsərləri dövrünün güzgüsü olan Lev Tolstoyun "Hacı
Murad"ından bir səhnə düşür yadıma. Yazıçı müşahidəsinin və xırda
bir epizodla tarixə işıq tutmaq qabiliyyətinin dahiyanə örnəyidir:
"...Ertəsi gün Hacı Murad Vorontsovun yanına gələrkən knyazın qəbul
otağı adamla dolu idi. ...Alayın ticarət işlərinə xəyanət
etdiyindən məhkəməyə verilmək qorxusu olan alay komandiri də burda
idi; ölkə daxilində araq alıb-satmaq hüququnu dövlətdən satın almış
zəngin erməni də burada idi; doktor Andreyevskinin
təhti-himayəsində olan bu adam müqavilə müddətinin uzadılmasını
xahiş etməyə gəlmişdi; olub-olmazını əlindən çıxarıb müflis olmuş
gözəl milli geyimli gürcü knyazı da burada idi; o da kilsənin
ixtiyarından çıxmış torpaqlardan ona pay verilməsini xahişə
gəlmişdi; Burada bir nəfər də xan var idi, onun da gəlməkdən
məqsədi ancaq bundan ibarət idi ki, sonra evinə qayıdanda knyazın
yanında olduğunu nağıl eləsin!"
Klassika budur! Ancaq adamı heyrətləndirən Tolstoyun bu bir
abzasda Qafqazın bütün o dövrkü durumunu, Qafqaz xalqlarının
xarakterini göstərə bilməsindən daha çox, milli "xarakterlərin"
davamlılığı, mühafizəkarlığı, xəstə bir inadkarlıqla zamana meydan
oxuyaraq dəyişilməməsidir. 21-ci yüzildə də, 19-cu yüzildə olduğu
kimi, rus yenə bizim düşmənlərimizə silah paylamağında, erməni
ticarətlə varlanmağında, gürcü müflis olsa da milli geyimini
qorumasında, xanların nəvə-nəticələri olan bizlər də əli cibində
lovğa qurubəyliyimizdə və iş görməkdənsə, boş danışıqla vaxt
keçirməyimizdə...
Biz niyə beləyik?
Gərək bu sualı hər gün səsləndirək və cavabını axtaraq!..