Sartr və Yılmazın - "Divar"ı
"Yer və iqlimin qidalanmaya
çox mühüm təsiri var. Hər yerdə yaşamaq hər adamın işi deyil"
- Nitsşe "İnsan necə
özü olur" kitabında zərgər dəqiqliyi ilə yazır.
Yazmaq üçün tez-tez yer dəyişmək lazımdır. Şəhər-şəhər,
küçə-küçə… daha çox gəzmək, səyahət etmək, bir kitabı yanına alıb
təbiətə çıxmaq... Somerset Moem də belə edərdi. İngilis yazıçı
"Kitab dolusu torba" təhkiyə-hekayəsində bu detala xüsusi toxunub.
Odur ki, günlərdir bu səbəblər yazmağıma ciddi əngəl yaradırdı.
Sonra Binəqədi faciəsi ovqatımızı sarsıtdı, əl qələm (klaviatura)
tutmadı. İndi də yayın cırhacırı başlayıb, Seyran Səxavət demişkən,
yayda sözdən də tər iyi gəlir. Di gəl, nə etməli, yarımçıq
əlyazmanı başa vurmaq lazım idi – mövsüm finalı üçün…
***
Bu onun sağlığında sonuncu filmi olur. Qürbətdə vətən həsrəti
ilə ölən rejissor - bütün zəmanələrin fövqündə dayanan Yılmaz Güney
bircə dəfə də olsun mühacir ömrünə görə ölkəsini qınamır.
Bizimkilərdən fərqli olaraq...
Əksinə, gecə-gündüz çarpışaraq kino sənəti ilə Türkiyəni təmsil
etməkdən qürur duyur. Sonra nəhəng Kann festivalında "Yol" filmi
mükafata layiq görüləndə, bu, kürd əsilli türkiyəlinin necə
qiymətli ziyalı olduğunu toplum da dərk etməyə başlayır.
Yılmazın həyat hekayəsi çox uzundur: inqilabçılıq, dövrün solçu
gəncliyinə dəstək, gerilla başçısı Mahir Çayanı evində gizlətmək,
söyüş üstündə qətlə görə 11 illik həbs həyatı - əsl "Çirkin kral".
Bu zəngin bioqrafiyaya məhbəsdə jurnal çap etmək, filmlərin
ssenarisini yazmaq, onların bayıra gizli şəkildə göndərib
ekranlaşdırmaq və nəhayət, bir gecə ailəsinə baş çəkmək icazəsi ilə
həbsdən çıxıb geri qayıtmamağı əlavə etmək lazımdır.
Onu bir də Fransada mühacir kimi görürlər, burada isə cəmi 4 il
yaşaya bilir. Elə bu "Yol" filmindən sonra da ağır şərtlər altında
mühacir rejissorun Fransada çəkə bildiyi sonuncusu - "Divar" olur,
hər şey öz çılpaqlığı ilə...
***
"Həyatımda 25 türmədə olmuşam. Məni bir yerdə davamlı
saxlamırdılar. Çünki məhkumları təşkilatlandıracağımdan
çəkinirdilər. Bu filmdə bir az Kayseri, bir az İsparta, bir az
Ankara zindanı var", - əcnəbi jurnalistə müsahibəsində belə danışır
Yılmaz. Onun yanında filmdə çəkilmiş dostu, əfsanəvi Tuncel Kürtizi
görmək olar.
Hər şey ondan başlayır ki, 1976-cı ildə Ankarada cəza evindəki
uşaq koloniyasında qiyam qalxır. Məhbus Yılmaz divarın o tayından
hadisələrin şahidi olur və təsirlənərək qələmə alır. Romanın adı
belədir: "Soba, pəncərə və iki çörək istəyirik".
Rejissor həbsdən qaçaraq Fransaya sığınandan sonra əsərin
ssenarisi əsasında "Divar" filmi ərsəyə gəlir. Film illərlə
Türkiyədə qadağan olunur. Bu gün də qeyri-rəsmi qadağa var.
"Divar"da hadisələrin episentri uşaq koloniyası olsa da,
inqilabçıların və qadınların koloniyası da canlandırılır – işgəncə,
şiddət, ümidsizlik, göz yaşı, ağrı-acı. Kəsəsi, güclü entuziazmla
ekranlaşdırılmış bir sənət əsəri.
Yılmaz hər zamankı kimi son filmdə də fərqli, senzurasızdır;
vulqar sözlər, bəzi epizodlarda açıq söyüş, aqressiya, qabarıq
fikirlər, sadist səhnələr də görmək olar. O, hardasa koreyalı
həmkarı Kim Ki Dukun üslubunu xatırladır - dəlisov rejissor heç bir
sərhəd tanımır, hər nə varsa incəsənət adınadır.
***
"Divar"da baş verənlər Oruellin "1984" əsərindəki anti-utopiya
janrına daha yaxındır. Yəni, mümkün olmayan, ən ağlasığmaz məşəqqət
bu uşaq koloniyasında yaşanır. Pedofiliyadan tutmuş üzəduranlığa
qədər, fiziki istismardan rüşvətə kimi hər şey açıqca filmdə lentə
alınıb; aclıq, baxımsızlıq, riyakarlıq, həbsxana rəisinin
işgəncələri və bu uşaqların tək istəyi var – əzabların daha az
olduğu, sakit bir türməyə köçürülmək.
Qiyam zamanı həbsdən qaçmağa cəhd edənlərdən kimisi öldürülür,
kimisi planı ifşa edir, döyülən döyülür, qalanları isə başqa
həbsxanaya köçürülür. Ancaq mahiyyət dəyişmir, onların yerini
yeniləri əvəzləyir.
Dövrün anti-demokratik Türkiyəsində bayırla içərinin fərqi
olmadığı tamaşaçıya çatdırılır. İçəridə vaxt çox, yer az, bayırda
məkan hüdudsuz, zaman yox...
***
...Və bizi Sartrın "Divar"ı qarşılayır. Hekayədə faşist Franko
tərəfdarları tərəfindən tutulan bir respublikaçı öz dostunun
təsadüfən tutulmasına səbəb olur. Bu sarkastik novellanı heyrət
içində, bir nəfəsə oxumamaq mümkün deyil; həyəcan, eyforiya,
isterik vəziyyət, tir-tir əsən yeniyetmə Xuanın hər an döyüləcəyini
gözləməsi, gözlərində qorxu, vahimə və ağzından "süd iyi gələn" bu
növcavanın qardaşını ələ verməsi - "yəqin ki, bilirsiniz, qardaşım
Xose anarxistdir. İndilik buralarda deyil. Mənə gələndə isə
siyasətlə maraqlanmıram, heç bir partiyanın üzvü də deyiləm. Mən
tamamilə günahsızam. Başqalarının cəzasını bölüşmək kimi niyyətim
də yoxdur".
Onun artıq dili-dodağı əsirdi. Mühafizəçi ona susmağı əmr
edərək, oradan çəkib aparır. Hekayədə Xuanla birlikdə bu istintaq
zirzəmisində Tom və soyuqqanlı, təcrübəli İbiyyeta var. İbiyyetadan
dostu Ramon Qrisi xəbər alırlar, harada gizləndiyini soruşurlar və
təbii ki söyləmir.
Onların bu "kamera" adlandırdıqları yer əslində, xəstəxananın
zirzəmisi imiş. Ora dəhşət soyuq idi və hər tərəfdən yel çəkirdi.
Bütün gecəni soyuqdan dişləri biri-birinə dəyir, heç gündüz də
sümükləri isinmir nəmişlikdən. Xuanla Tomu güllələyirlər. Növbə
İbbiyetanındı!!!
***
"Mən, əlbəttə ki, Qrisin yerini bilirdim. O, şəhərdən dörd
kilometr aralıda, xalası oğlanlarıgildə gizlənirdi. Onu da dəqiq
bilirdim ki, mənə işgəncə versələr də, yerini deməyəcəyəm". Az
sonra, həşərat və siçovulu ona göstərirlər:
"Hə, onun yerini bilirəm. Qəbristanlıqda gizlənib. Ya
qarovulçunun daxmasında, ya da ki, sərdabədə. Bununla mən onları
dolamağı düşünürdüm. Bu yaramazlar otaqdan hay-küylə çıxandan sonra
mən əsgərlərin nəzarətində qaldım.
Onların qan-tər içində qəbiristanlığa necə qaçdıqlarını gözlərim
önündə canlandıranda ixtiyarsız irişirdim. Yarım saat sonra
töşbərçə geri döndü. Həmin andaca güllələnəcəyim haqda əmr
verəcəyini umurdum".
Axşamüstü həyətə onlarla yeni məhbus gətirirlər.
Bunların arasından İbbiyeta çörəkçi Qarsianı tanıyır. O, Qrisin
ələ keçdiyini xəbər verir: "Öz axmaqlığı ucbatından. Çərşənbə günü
xalaoğlusuyla dilləşdiyindən onun evini tərk edib. Sığınacaq təklif
edən çox olsa da, o, heç kimə yük olmaq istəməyib. Mənə isə demişdi
ki: "Əgər İbbiyetanı həbsə atmasaydılar, onun evində gizlənəcəkdim.
Odur ki, qəbiristanlıqda gizlənəsi oldum".
Qarovulçunun daxmasında yaxalanan Qris atışmada öldürülür.
İbbiyeta gözlərinin önündəki hər şey ilğıma döndüyü üçün yerə
sərilir, dəli kimi qəhqəhələr çəkdiyindən gözlərindən yaşlar sel
kimi axır...