Yuxarı

Mən elə bilirdim, Sən bizi unutmusan…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadığımız son 1 ilin hər gününü, hər saatını, hər anını yadıma salmağa, gözümün önündə canlandırmağa çalışıram. İlahi, bu qədər xoşbəxt, bəxtəvər, sevincli, məğrur olduğumuz neçə il, neçə gün olub həyatımızda? Son 30 ili anbaan xatırlaya bilərik, xatırlamaq istəyərik?! Ömür idimi, yük idimi çiynimizdə, nə yaşayış idi o?!

Biz nəhayət, 30 illik iztirablardan, əzab və işgəncələrdən sonra sözün əsl mənasında, nə qədər xoşbəxt olduq, İlahi! Adam nə ağlına sığışdıra bilir, nə təsəvvüründə canlandıra bilir bu sevincin, bu qürurun miqyasını, ölçüsünü, çəkisini...

Mümkün deyil!

Ağıldan da, xəyaldan da, arzudan da daha ötə bir şey oldu həyatımızda. Mən adına Qürur deyirəm. QÜRUR - sözün gözəlliyinə baxın. 44 gün, 44 əsr də keçsə, unuda bilməyəcəyimiz o möhtəşəm 44 gün bizim ömrümüzdən, günümüzdən, taleyimizdən bir parçadır. Çox qiymətli, çox dəyərli, çox əziz parça. Tarix üçün bəlkə də andır, epizoddur, detaldır, amma bizim üçün, elliklə, toplum olaraq, millət olaraq nə qədər böyükdür, nəhəngdir, ağlasığmaz dərəcədə ənginlikdir...

Adına Zəfər deyirik bu günün, Zəfər Günü, Zəfər bayramı... Amma Vətən günü də deyə bilərik, Şuşa günü, Qarabağ günü, Sevgi günü, Qovuşmaq günü, Şükranlıq günü, Qəhrəmanlıq günü, İlahi Ədalət günü...

Doğum günü də deyə bilərik əslində. Çünki məhz bu gün, məhz noyabr ayının 8-də sanki doğulduq, yenidən doğulduq. Yenidən Şuşalı olduq, Kəlbəcərli olduq, Laçınlı, Ağdamlı, Cəbrayıllı olduq. Yenidən Qarabağlı olduq! Yenidən İnsan olduq, daha gözəl, daha fərqli, daha güclü, daha məsud!

Xudafərinli olduq...

Xudafərin – sanki Tanrı ilə aramızda Körpü oldu, Sevgi oldu, Vətən oldu, Şövq oldu! İlahi, bu qədər Sevinci birdən-birə, birdəfəyə verərlərmi?! Birnəfəsə çəkdik başımıza bu məğrurluğu, bu şərəfi, ya Rəbb! Sən nələrə qadirsən, qadirmişsən. Mən elə bilirdim, Sən bizi unutmusan, bu yurdu, məmləkəti tərk etmisən. Mən elə düşünürdüm, Sən bu insanlardan incimisən, qırılmısan, soyumusan. İlahi, bu boyda Qələbə olar?!

Biz yenidən Murovlu olduq. Murov kimi ucaldıq, dünyaya Murovdan baxdıq, o yüksəklikdən dünyanın əsrarəngizliyinə yenidən kəşf edirmişcəsinə heyranlıqla tamaşa etdik...

Biz dünyaya Murovdan baxırıq, Kəlbəcərdən baxırıq...

Nə gözəl hisslərmiş. Nə gözəlmiş Qələbə! Nə böyük şərəfmiş Ədalətli və Qalib olmaq!

İnsanın içindən yalnız dua etmək, şükr etmək gəlir. Biz 30 il ərzində çox şeyi, həddən artıq çox şeyi arzu etmişdik, xəyal qurmuşduq, türlü-türlü planlar cızmışdıq qəlbimizdə, ruhumuzda, düşüncəmizdə, amma... Bu qədərini xəyal belə etməmişdik. Bu sürətlə, bu tezliklə, cəmi 44 günə Şuşaya qayıtmaq varmış qədərdə?! İlahi, Prezidentin tvitlərini, TV çıxışlarını, müraciətlərini necə səbirsizliklə gözləyirdik, zəfər xəbərləri ard-arda düzülürdü, çatdırıb, qəbullanıb, özününküləşdirib, sevinc libasına bürünüb bir xəbəri sinirməmiş, ikincisi, üçüncüsü, dördüncüsü... gəlirdi. Heyrətamiz idi. Heyrətamiz dərəcədə gözəl idi, füsunkar idi, möcüzəvi idi. Qarabağ kənd-kənd, oba-oba, şəhər-şəhər geri alınırdı...

Ən möcüzəvisi isə mənəviyyat qalamızın, ruhumuzun paytaxtının azad olunmasıydı. Şuşa...

Yaradana şükürlər olsun!

Şəhidlərimizə şükürlər olsun!

Ordumuza şükürlər olsun!

Ali Baş Komandanımıza şükürlər olsun!

Biz səni nə çox sevmişik, sənsizliyin ağrısını, işgəncəsini nə çox çəkimişikmiş, Şuşa! Bilirsən, bu necə ifadəolunmaz, sözəgəlməz ağrıydı, təsəvvür belə edə bilməzsən. Etmə də. Sanki beynində, ruhunda, qəlbində minalar partlayıb. Sən də parça-parça, tikə-tikə, zərrə-zərrə bölünüb ətrafa dağılmısan. Amma ölməmisən, ölə bilmirsən, dirisən. Toparlanmaq, hissələrini toplayıb yenidən əvvəlki görkəminə qayıtmaq istəyirsən, cəhd edirsən. Amma bacarmırsan, toplaya bilmirsən özünü, parçalarını, zərrələrini. Dağıntılarına tamaşa edirsən, iqtidarsızlığın, hünərsizliyin, təpərsizliyin səni daha da dağıdıb darmadağın edir...

Sən indi həyatsan, Şuşa! Sən nəfəssən! Sən gücsən! Sən çox böyük Gücsən! Sən Zəfərsən! Sən Zəfər yolusan! Hər şey səndə başlayır, hər şey səndən başlayır. Sən möcüzəsən...

Mən indi – bu əziz Gündə yalnız dua edirəm bizi həyata qaytaranlara, bizə nəfəs verənlərə, gücsüzlüyümüzə güc qatanlara! Keçilməz sıldırımlardan, insan ayağı dəyməmiş qayalıqlardan, ucalıqlardan keçib Şuşaya ilk ayaq basan cəngavərlərimizə!

Onların qarşısında bir ömürlük borcumuz var! Onlara borcluyuq Qarabağımızı, Qələbəmizi.

Bizim Qələbəmiz çox bahalı, çox dəyərli, çox qiymətli Qələbədir. 3 min Şəhid vermişik o 44 gündə. 3 min dünyanın ən yaraşıqlı, ən igid, ən qorxmaz oğulunu, ciyərparalarımızı, xınalı quzularımızı vermişik. On minlərlə Qəhrəman Qazimizin sağlamlığını vermişik. Ağır qurbanlarımız var...

Çox ağır...

Amma mən əminəm ki, 3 min Şəhidimin ruhu şaddır, diridir, sağlamdır. Onlar bizi eşidirlər, görürlər, hiss edirlər. Onlar çox sevinirlər. Bu gün onlar çox xoşbəxtdirlər. Çünki bu Zəfər günü daha çox onların bayramıdır. Ölümün gözünə dik baxan o şərəfli oğulların...

Onlar daha da çox sevinəcəklər...

Onlar daha da xoşbəxt olacaqlar...

Onların uyuduğu torpaq müşk-ənbər qoxuyur...

Qələbəmiz mübarək!

Qarabağımız mübarək!

Qürurumuz mübarək!!!

Tarix
2021.11.09 / 18:38
Müəllif
Aynur Camalqızı
Digər xəbərlər

Xocalı alındı... Sən getdin

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla