Yuxarı

Sosial şəbəkələr məhdudlaşdırılır? Harda yazılıb?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Media haqqında” qanun layihəsi ötən həftə Milli Məclisdə millət vəkilləri və media qurumlarının rəhbərlərinin iştirakı ilə müzakirə edildi. Amma əlbəttə ki, müzakirə yalnız qanunverici orqanın divarları daxilində deyil: ona qədər də müxtəlif müzakirələrdən keçib, layihənin elan edilməsi ilə isə bu müzakirələr pik həddə qalxıb.

Müzakirələrin əhatəliliyi anlaşılandır. Çünki media cameəsində uzun illərdir ki, belə bir qanunun qəbul edilməsinin vacibliyi cidd-cəhdlə vurğulanırdı. Gec də olsa, bu yükə Media Agentliyinin çiyin verməsi təqdirəlayiqdir və zənnimizcə, ortada olan boşluqların nəhayət, doldurulması naminə qanunun qəbulu prosesinə məhz media nümayəndələri dəstək verməlidirlər.

Amma təəssüf ki, layihə haqda sosial şəbəkələrdə manipulyasiyaya yol verilir. Burada məqsədli və axına qoşulanlar olmaqla iki təbəqə var. Birincilər maraqlı qruplardır və onların hələ layihə formasında olan qanunu “alt-üst etmələri” təəccüblü deyil. İkincilər media sahəsindən uzaq, ümumiyyətlə, qanun layihəsində nələrin əks olunduğundan xəbərsiz formada birincilərin yanlış təqdimatına aldananlardır.

Həqiqi media adamları isə kənarda qalıb, daha doğrusu, hay-küy o qədərdir ki, doğru sözü qulaq eşitmir. Və süzgəcdən keçirilmədən, bir çox hallarda reallıqla qətiyyən uzlaşmayan suallar səsləndirilir.

Məsələn, əksəriyyəti narahat edən bunlardır:

1. Sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılırmı?

Qanun layihəsində nələrin əks olunduğuna baxmadan belə bu suala elə sualla cavab vermək olar: axı niyə? Dövlət hansı zərurətdən belə addım atsın? Və niyə məhz “Media haqqında” qanunla?

Bizim ölkədə bəzən müxtəlif şəxslər tərəfindən ortaya atılan, sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu kimi fikirlər heç vaxt dövlətin informasiya siyasətini, mediaya yanaşmasını əks etdirməyib və dövlət əhalinin əksəriyyətinin istifadə etdiyi bu platformalara müdaxilə etmək fikrində olmayıb - hər nə qədər bu platformalar cəmiyyətin də, dövlətin də təhlükəsizliyinə təhdidlər yaratsa belə.

Öncə bunu xüsusi qeyd edək ki, “Media haqqında” qanun layihəsi ümumiyyətlə, sosial şəbəkələrə və “blogerlik” fəaliyyətinə aid deyil və layihə qəbul olunarsa, bu sahələr qanunla tənzimlənməyəcək. Yəni yenə hər kəs sosial şəbəkələrdən istədiyi kimi istifadə edə, istəyəndə daxil ola, istəməyəndə çıxa biləcək.

2. İnternet TV-lərə lisenziya?

Bu sual ətrafında yanlış müzakirə açanlar sübut etməyə çalışır ki, sosial şəbəkələr (Feysbuk, Yutub və s.) üzərindən yayımlanan TV-lər də lisensiyasız fəaliyyət göstərə bilməyəcək. Halbuki belə bir addım elə sosial şəbəkələrin məhdudlaşdırılması kateqoriyasına daxildir və yuxarıda qeyd etdiyimiz kimi, bu kimi yanaşma nə dövlətin siyasətində, nə də bu siyasəti özündə ehtiva edən qanun layihəsində yer alır. Layihədə yalnız audiovizual media subyektlərinin fəaliyyətinin tənzimlənməsi var və onların təqdim edilən konkret siyahısına internet TV-lər daxil deyil.

3. Media Reyestri jurnlistlərin fəaliyyətini məhdudlaşdırır?

Bu iddia üzərindən təbliğat aparanların “arqumenti” belədir ki, hansı jurnalistin adı Reyestrdə yoxdursa, onun fəaliyyətinə – informasiya toplamaq, dövlət orqanlarına müraciət etmək və s. – imkan verilməyəcək. Halbuki layihədə yaradılması təklif olunan Media Reyestrinin mahiyyəti tamamilə fərqlidir:

Birincisi, Reyestr könüllülük prinsipinə əsaslanır: istəyən media resursu, eləcə də jurnalistlər Reyestrə daxil ola, istəməyənlər öz jurnalist vəsiqəsi ilə fəaliyyət göstərə bilər və bu, jurnalist fəaliyyətinə hər hansı məhdudiyyət yaratmır;

İkincisi, Reyestr media resurslarına, ümumilikdə jurnalistlərə güzəşt və imtiyazların yaradılması məqsədi daşıyır: Reyestrə daxil olan jurnalistlər vahid jurnalist vəsiqəsi ilə təmin edilə biləcək və bu vəsiqə əsasında üstünlüklərə malik olacaqlar.

- dövlət mülkiyyətində olan mədəni mərkəzlərə (muzeylər, qalereyalar və s.) ödənişsiz daxil ola biləcəklər;

- informasiyaların əldə olunması işi daha da asanlaşa biləcək;

- dövlət orqanlarının rəsmi elan və sosial reklamlarının əldə edilməsi daha da asanlaşacaq;

- kreditlərin alınmasından tutmuş maddi təminatının yaxşılaşdırılmasına qədər bir çox maliyyə güzəştindən yararlana biləcəklər və s.

“Media haqqında” qanun layihəsinin əsas özəlliyindən biri də məhz jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına dövlət dəstəyinin cəlb edilməsidir.

Belə demək mümkünsə, dövlətin mediaya dəstək siyasətindən məsul olan qurumlar jurnalistlərə güzəşt və imtiyazlarla bağlı təklif irəli sürür. İstəyən bundan yararlana, istəməyən yenə istəməyə bilər.

Bəs, niyə Media Reyestri?

1. bu, vahid jurnalist vəsiqəsinin (könüllülük prinsipi ilə) verilməsi üçün lazımdır;

2. dövlət güzəşt və imtiyazı nə qədər jurnalistə şamil edəcəyini bilməlidir.

Təcrübə deməyə əsas verir ki, belə bir Data Baza olmadan güzəşt və imtiyazların tətbiq edilməsi qarışıqlığa, yenə kimlərinsə kənarda qalmasına, yenə yersiz söz-söhbətlərə, problemlərə yol aça bilər.

Qanun layihəsi hələ qəbul edilməmiş onun haqqında yanlış rəy formalaşdırmağa çalışanlar əsasən bu istiqamətlər üzərindən manipulyasiya etməyə cəhd göstərirlər və layihəyə baxmaq, eləcə də azacıq da olsa, qərəzli olmamaq gerçəyi görməyə imkan verir.

Əksinə, qanun layihəsində alqışlanacaq məqamlar daha çoxdur. Onlardan biri, bəlkə də ən birincilər sırasına daxil olanı müəlliflik hüququnun qorunmasının sərtləşdirilməsidir. Bu gün peşəkar medianın ən çox əziyyət çəkdiyi məqamlardan biri budur: xəbəri, yaxud hansısa mövzuda araşdırmanı, jurnalist məqaləsini və s. əziyyətlə hazırlaya bilərsiniz, amma heç kim zəmanət vermir ki, sizin materialınız başqa media resursunda, yaxud sosial şəbəkələrdə başqalarının adı və ya başqa media resursunun materialı kimi təqdim olunmayacaq, müəlliflik hüququnuz pozulmayacaq. Yeni qanun buna zəmanət verə bilər.

Və əsas sual: yeni qanuna niyə ehtiyac var?

“Kütləvi informasiya vasitələri” haqqında qanun 1999-cu ildə qəbul edilib və həm zaman, həm də mahiyyət etibarilə köhnə əsrdə qalır. Ən vacib məqam isə bu qanun əsasən çap mediasının fəaliyyətini tənzimləyir, hətta indiyə qədər 79 dəfə dəyişikliklər edilməsi belə onu müasir dövrlə, yeni media tendensiyaları ilə uzlaşdırmağa imkan verməyib.

İndi XXI əsrdir və medianın da öz trendləri, öz çağırışları var. Ötən əsrdə əsas informasiya təminatı çap mediası idisə, indi onlayn media, hətta əlimizdəki smartfonlardır. Yeni media mövcud qanunun məsuliyyət çevrəsindən uzaqdır: informasiyaya düzəliş, təkzib və cavab verilməsi, qanunun pozulmasına görə məsuliyyət fəsillərində də yeni mediaya şamil olunan məqamlar yoxdur, yaxud konkret göstərilməyib. Və görünən budur ki, mövcud qanunda əks olunan hüquq və vəzifələrin yeni mediaya aid olmaması jurnalistikada əlavə fəsadlara da yol açır, xüsusilə dezinformasiyaların “istehsalı” və medianın yerini sosial şəbəkələrin alması baxımından. Məsələ sosial şəbəkələrdə paylaşılan məlumatlar yox, bu məlumatların ciddi media resurslarının doğru informasiyalarından daha “inandırıcı” olmasıdır.

Sosial informasiya platformaları sürətlidir, amma dəqiq deyil və reallıq budur ki, insanlar sürətlə yayılan istənilən informasiyanı ilk oxuduğu kimi qəbul edir. Bu, həm də mövcud “KİV haqqında” qanunun boşluğundan qaynaqlanır, çünki qanun yeni medianı tənzimləmir və nəticə etibarilə informasiya məkanı təhdidlərə açıq vəziyyətdədir. Pandemiya dövründə də, Vətən müharibəsində də Azərbaycan bunun şahidi və hədəfi oldu. Məhz bu amillər yeni qanunun qəbul edilməsini heç olmadığı qədər zəruri edir. Və ən böyük gözləntimiz ciddi medianın nüfuzunun bərpa edilməsi, informasiya təhlükəsizliyindəki boşluqların aradan qaldırılmasıdır.

Ümid edirik ki, yeni qanunla peşəkar media öz nüfuzunu bərpa edə biləcək və həqiqət həmişə öndə olacaq.

Tarix
2021.12.13 / 13:12
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla