"Anne girmem bu oyuncak
dükkanına
Orda toplar, tayyareler, tanklar var".
Cahid Irqatın bu şeiri bir uşağın dilindən müharibə, qan-qada,
şiddət əleyhinə ən yaxşı şeir sayıla bilər. İndi Suriyada körpələr
oyuncaq dükanlarına həsrətdirlər - 2011-ci ildən bəri.
Onlar oyuncağa çevrilmiş bir qanlı, alovlu müharibənin
içərisində yanırlar. Və canını qurtarmaq istəyənlər çadırlarda
böyüyəcəklər.
Haçansa onlar Dəməşqin, Hələbin çilçıraqlı küçələrində
valideynləri ilə gəzişəndə yuxularına da girməzdi ki, günün birində
başkəsənlər ölkəyə soxulub, onları didərgin salacaq.
Uzaqbaşı o uşaqlar hansısa qorxulu filmlərdə, animasiyalarda
əjdahabaşlı mifik obrazları görə bilərdilər. Suriyalı uşaq olmaq...
nə məktəbə getmək, nə kola içmək, nə "maşa i medved"ə
baxmaqdır.
Bəşər Əsəd tiranlığını devirmək istəyən xalq indi prezidentə
bərk-bərk sarılıb ki, "Allahu əkbər" deyib baş kəsənləri ölkədən
qovsun.
Bu dörd ildə isə bir çoxu zülmdən qurtuluş üçün qaçarkən xilas
ola bilməyib - 3 yaşlı Kobani qaçqını Aylan Kürdi
kimi…
İsveç Xarici İşlər naziri Marqot Vallström bu talesiz
körpənin Bodrum sahillərindəki cansız bədəninin fotosunu görəndə
göz yaşlarını saxlaya bilmir. Xanım Marqot, çox gecdir,
çox… ağlamaq üçün…
***
"Qərb bizi xilas edəcək" - Ostap Bender vaxtilə sarkazmla
demişdi. İndi qərbli bir nazir xanım sadəcə, göz yaşları içində
suriyalı körpənin cəsədinə tamaşa etməkdədir. Necə ki eyni tamaşaya
kondisionerli otel otaqlarında viski içərək Fələstində, İraqda,
Əfqanıstanda, Liviyada baxıblar.
Və qətl edilən müsəlmanlara əlini yox, silahını Yəməndə uzadan
Səudiyyə Ərəbistanı indi suriyalı qaçqınlara qucaq açan
avropalılarla çoxdan qardaşlaşıb-əxiləşib.
Küveyt, Qətər, Oman, Birləşmiş Ərəb Əmirliklərindən müsəlman
birliyi gözləmək isə idiotluqdur.
Bu dövlətlərin şeyxləri Avropada futbol klubları almaq,
boinqlərə, holdinqlərə, otellərə yiyələnmək, şahin ovlamaq, 50-60
arvada sahiblənmək, ABŞ-ın neft "krant"ını idarə etmək kimi
prioritet işlərlə məşğuldur.
Dalğalar isə aylanların cəsədlərini sahilə hələ çox vuracaq…