Yaşı 40-ı keçmiş əksər sovet adamlarının əfsanəvi Maksim İsayevə bənzəmək istəyi indiki gəncliyimizi qətiyyən təəccübləndirməməlidir. Bəli, Hitler Almaniyasına qalib gəlmiş bir ölkənin Qızıl Ordusu ilə eyni rəşadəti göstərən "gizli cəbhə"nin görkəmli simaları döyüş meydanlarında hərbçilərimizlə birgə ölüm risqili missyanı həyata keçirirdilər.
Onların əksəriyyəti xəyanətdən uzaq duraraq ən çətin şəraitdə
Vətənə xidmətlərilə müharibənin teleyini dəyişmiş simalardır.
Yulian Semyonovun "Baharın 17 anı" filmini milyonların
sevimlisinə çevirən qəhrəman Ştirlits obrazının nə qədər mifik
xarakter daşıması heç kimi maraqlandırmırdı, əsas məsələ Fürerin
dünya ağalığını durdurmağa çalışanların nə qədər böyük təhlükələrə
sinə gərdiyini görmək, qiymətləndirməkdən ibarətiydi.
Maksim İsayevə - əslində isə Vsevolod Vladimirova "xalqlar
atası"nın verdiyi tapşırıqlar jukovların, rokossovskilərin hərbi
öhdəliklərindən heç də geri qalmırdı. Nasional-sosializmin
hakimiyyətə gəlməsi sovet çekistlərinin müxtəlif örtüklər altında
düşmən sıralarına yeridilməsi zərurətini ortaya çıxarmışdı və
sonralar bəlli olacaqdı ki, həmin agentura mənbələrinin verdikləri
qiymətsiz məlumatlar, eyni zamanda, həyata keçirdikləri pozuculuq
tədbirləri faşizmin sarsıdılmasında həlledici xarakter
daşıyıb.1943-45 ci illərdə isə Ştirlits Himmlerin, Müllerin,
Şelenberqin, Bormanın, Kaltenbrunerin və daha neçə-neçə SS
generalının əhatəsində faşizmin son silahının - atom nüvə
bombasının hazırlanmasına bir tərəfdən mane olmalı, o biri yandan
da dəhşətli işgəncələr altında çalışan sovet fiziklərini zəruri
informasiyalar, mürəkkəb elmi-texniki proqramlarla təchiz
etməliydilər. İndi hər kəs Fürerin nüvə silahına, həm də öz
alimlərinin günahı üzündən necə çata bilmədiyindən yaxşı
məlumatlıdır, lakin o zaman Reyxstaqın siyasi və hərbi hücrələri
içərisindəki dolaşıq salınmış nüvə işinə daha kimlərin əlinin
bulaşdığı da indi mübahisəsiz qəbul olunur.
Stalin Ştirlitsi müharibənin sonunda Qərb koalisiyası ilə
Himmler arasında gedən danışıqları pozmaq üçün görəvləndirmişdi.
Axı Almaniyanın bölüşdürülməsi və qənimət kimi yağmalanması planı
anti-Hitlerçilərin çoxdankı arzusuydu və məhz o zamanlar Amerika
məxfi xidmət ordusunun yeni parlayan ulduzu-Allen Dalleslə yolları
kəsişən Maksim İsayev kəşfiyyat qüvvələrinin mənsub olduqları
dövlətlərinin həyatında nə qədər önəmli rol oynadıqlarını
təsdiqləmişdilər.
Düzdür, uzun illər ailəsindən uzaq düşən Ştirlitsi tale
postmüharibə dövründə həbsxanaya qədər gətirib çıxaracaq, sonra
bəraət alanda isə doğmalarına çatdıra bilməyəcəkdi, lakin elə o
vaxtdan soyuq müharibənin əsasını qoymuş Çörçill də, faşizm
üzərindəki qələbədə böyük əməyi olsa da, xəstəlikdən həyatını
itirən Ruzvelt də, sonralar qalib gövdəsi ilə dünyaya yayılan
Varşava paktı da "gözəgörünməz cəbhə"nin necə böyük sürət
götürdüyünü yaxşı görürdülər. Ona görə də əslində Sovet-Amerika
savaşı siyasi rəqabətdən, iqtisadi diversiyalardan və ideoloji
toqquşmalardan daha çox, yenidən qurulmuş Mərkəzi Kəşfiyyat İdarəsi
və Dövlət Təhlükəsizlik Komitəsi arasında gedən ölüm-dirim
mübarizəsindən başqa bir şey deyildi.
Bəs, nəhəng və əzəmətli kölgəsi ilə imperializmin qarşısında
duran sovet kəşfiyyat ierarxiyasında əyalətlər hansı yeri
tuturdular? İş elə gətirmişdi ki, SSRİ-də partiya elitası ilə
çekistlər arasında bərabərlik işarəsini də, süngülü mübarizə
xəttini də bolşevizm hakimiyyətə gələndən Dzerjinskinin "xaç atası"
Leninin özü qoymuşdu və yalnız 50-ci illərdə Beriyanın həbsindən
sonra mərkəzi orqanların səlahiyyətlərini nisbətən periferiyalara
doğru dağıtmaq barədə qərarlar meydana çıxdı.
Azərbaycan DTK-sına Mircəfər Bağırovdan sonra milli şəxsin
birinci adam sifətilə başçılığı qeyri-rəsmi yasaq edildiyindən,
digər müttəfiq respublikalarda yaşanan praktikanı təkcə Heydər
Əliyev şəxsiyyəti özündə təcəssüm etdirdiyindən Azərbaycan yalnız
1969-cu ildə yemelyanov, quskov və sviqunlardan xilas oldu. Bəli,
düz 37 illik fasilədən sonra.
Nəhayət, Moksva qarşısında yalnız İran və Türkiyə ilə
münasibətlər üçün deyil, daha geniş məkanda siyasətə və neft
iqtisadiyyatına görə əhəmiyyət daşıyan bir cənub şəhərinin rolu və
statusu dəyişdi, onun inkişafı və kadr potensialının
formalaşdırılması üçün yeni bir dövr başlandı.
Dəmir iradəsi, yüksək intizamı, genişmiqyaslı baxışları və
misilsiz təhlil qabiliyyəti ilə Əliyev o zamankı ideoloji mərkəzin
ehkamlarını ötüb keçir, onların standartlarından irəli çıxırdı və
bu mənada adamlar "general Əliyev"in obrazını əsl Maksim İsayevlə
bir tutmağa çalışırdılar. Axı onun müstəqil olmayan bir
respublikada önə çıxması mənsub olduğu xalqın məğlubiyyəti və ona
qarşı qəsdlərlə deyil, tamam ayrı fenomenlə izah oluna bilərdi.
Əliyev hər bir sistemdə insanlara xidmətin mümkünlüyü aksiomunu
yaratmaqda əvəzsiz idi.
O, xalqının potensialını hərəkətə gətirməyi, təşəbbüskarlıqda
bulunarkən ətrafını inandırmağı bacarır, ən başlıcası, millətin
önündə gedən ziyalıları qoruyub saxlayırdı. Əbülfəz Elçibəyi, yaxud
ədəbi dissident ola biləcək Bəxtiyar Vahabzadəni mərkəzin cəza
aparatından xilas edən də o olmuşdu. Hər halda millətin kütləvi
şüurunda Əliyevin Mərkəzi Komitənin birinciliyinə gedən yolu və
sovet elitasına daxil olarkən karyera pilləkələrində yüksəlməsi bir
millətin gücünü,qüdrətini artıran hadisə kimi qalıb.
Amma əksinə olanlar da vardı. SSRİ dağılandan sonra yeni
almanlar "Ştazi"nin başçısından uzun müddət əl çəkməmişdilər.
Berlin divarlarının bu tərəfində yaşanan şiddət, izləmə,
satqınçılıq və qərbli qardaşlarına qarşı yürüdülən təxribatlar
siyasətində Markus Volfun rolunu aşkara çıxaran minlərlə sənəd
məxfi qrif altından işıq üzünə çıxmışdı.
Azərbaycanda Əliyevdən sonra hakimiyyətə onun siyasi inkarçıları
gəlsələr də, indi Ukraynanı "lüstrasiya qanunu" altında
desovetləşməyə məruz qoyanların bizdəki sələfləri siyasi
rəqiblərinin yolunu kəsmək üçün böyük rəhbərin və sistem adamının
əleyhinə cinayət faktları tapa bilməmişdilər. İndi daha aydın
görünür ki, Əliyev də hakimiyyətə yenidən qayıdandan sonra bəlkə də
yeni Azərbaycanın dövlət sütununu qisas və inkarçılıq üzərində
deyil, humanizm ənənələrində qurmaqda maraqlı olduğunu göstərmək
naminə keçmiş təhlükəsizlik təmsiliçilərinə və xəfiyyə qüvvələrinə
qarşı dava açmamışdı. Halbuki Vaqif Hüseynovun da, sonralar Nəriman
İmranovun da günahlarını təsdiq edən onlarca antidövlət əməllərini
inkar etmək mümkün deyildi. Lakin əgər onlar həbsə atılsaydılar,
həmin qurumun çox təhlükəli bir dövrdə xalq içərisində müsbət
obrazını formalaşdırmaq mümkün olmayacaqdı.
Qəzet redaktorluğundan gizli xidmət orqanlarına daxil olmuş
Namiq Abbasov da uzun illər birgə çalışdığı Əliyevdən yalnız
silahlı düşmən qruplarını, separatizmə yoluxmuş dəstələri və ilk
neft müqavilələrinə qarşı vuruşan xarici dairələri ifşa etmək
tapşırığını alırdı.
Bir sözlə, Azərbaycanda heç vaxt bir dövlət orqanının adı və
abbreviaturası indiki qədər ləkələnmədi, onun mifik gücü və mundiri
üzərinə belə total hücumlar baş vermədi. İndi xalqın qiyabi
mühakiməsi qarşısında olan bir struktur, hətta sovet NKVD-sinin
yeni dövrə transformasiyası zamanı məruz qaldığı linç etmə
əməliyyatından daha çox ictimai nifrət və qınağa tuş gəlib. Halbuki
müstəqilliyini əldə edəndən sonra xarici agenturaların çənginə
düşməmək üçün o bina vətəndaşın və dövlətin güvəncinə görə müqəddər
bir yerə çevrilməliydi.
Eldar Mahmudovun tərcümeyi-halından danışanların tez-tez onu
aşağılamaq üçün işlətdikləri OBXSS-in əslində sovetlərin hakimiyyət
nərdivanında layiqli yer tutduğunu unutmaq olmaz. Bolşeviklər
əvvəlki çarizm irsini dağıdıb yenisini quranda ağıllarına gəlməzdi
ki, onların quruluşuna qarşı qəsdi elə həmin entuziazmla leninçi
balaların özləri edəcəklər.
Saxta pul istehsalına, xalq təsərrüfatının bütün sahələrində baş
verən yeyintilərə və rüşvət əməliyyatlarına, konkret desək, gizli
iqtisadiyyatın yaranmasına qarşı mübarizə tədbirlərinin nəyi pis
idi ki? Bəzən onların işini məxfi xidmət qurumlarından ayıra
bilmirdilər. Hətta belə bir lətifə də qoşulmuşdu ki, OBXSS işçisi
"keqebeşnik"dən soruşur ki, onlar nəylə məşğuldular? Cavab: "Biz
SSRİ-dən narazı olanlarla vuruşuruq"."Bəs siz", - deyə sovet
iqtisadi millisindən sual edəndə isə, o , "biz də razı olanlarla
məşğuluq" deyirdilər. Doğrudan da tarixin ironiyasına görə həqiqət
əslində beləydi.
Mahmudov işə başlayanda keçmişdə vahid bir struktur halında olan
həmin iki təşkilatın üzvi birləşməsindən doğulduğunun fərqindəydi.
İndi çoxlarını belə bir sual düşündürür - o, fəaliyyətə başladığı
ilk gündənmi sadəcə nağıllardakı kimi yenilməz qüvvəyə çevrilmək,
durduğu pilləkənin verdiyi yükəsklikləri və hamı üzərindəki
hakimiyyəti nümayiş etdirmək fikrinə düşmüşdü, yoxsa bu çox
sonralarmı baş verdi?
Cavab vermək çətindir. Çünki cəza aparatını minlərlə insan
üzərində sınamazdan əvvəl, kəşfiyyat diliyə desək, o xeyli
əfsanələr yarada bilmişdi.
MTN-nin təhlükəsizlik funksiyasını uğurla yerinə yetirdiyini
imitasiya etmək üçün bir sıra örtük tədbirləri həyata keçirilirdi.
Ulu Öndərə sədaqətlərini hər addımda gözə soxur, gözəgərüməz
səngərlərdə təkbaşına deyil, proessionallarla məsləhətləşdiklərini
qabartmaq naminə Ziya Yusifzadəni - şəxsiyyəti hörmət və ehtiram
doğuran insanı zirehə çevirərək ekranların məhdud obkeytivinə
gətirirdilər, əsl peşəkarlar kimi susmağı bacarır, istər böhranlı,
istərsə də uğur anlarında bir dəfə də olsun ictimai nəzərə çıxaraq
boy göstərmirdilər. Xüsusilə də nazir vahiməyə və ilğıma çevrilən
hansısa obrazı təkrarlayırmış kimi guşənişinlikdə qalmağı sevirdi.
Digər tərəfdən, gah İranda, gah Rusiyada Azərbaycan əleyhinə
təfriqə düyünlərini açmaqla geniş diapazonda əməliyyat şəbəkəsi
qura bildiyini göstərən "ugur hekayəsi" qurulurdu.
Üstəlik, ölkəmizə qarşı həyata keçirilən "ağ ölüm"
kampaniyasının demək olar, hər gün ifşası bizim 1-ci çekistimizin
millətin həqiqi təhlükəsizliyi qayğsına qaldığı mənzərəsini
yaradırdı. Lakin bunlar uzun sürmədi və bir müddət sonra o mistik
binanın yanından keçən adamlar oraya sovet NKVD-sinə nifrətlərindən
daha betər hislərlə yanaşmağa başladılar.
2008-ci ildə Özbəkistanda olarkən Namiq Abbasovla görüşümüz
zamanı ondan çalışdığı ölkənin daxili vəziyyəti hqqında fikirlər
sormağa çalışmışdım. Bəlkə də başqa dövləti işlərində səhvə yol
vermiş Abbasov pıçıltı ilə cavab verərək söyləmişdi ki, orada
qonşular danışarkən bir-birlərindən xoflanırlar. Onda anlamışdım
ki, kəşfiyyat, casusluq, cəmiyyətə total nəzarət dünyanın hər
yerində qibtə və sitayiş ünvanına elə-belə çevrilmir, lakin həmin
sahəyə başçılıq edənlərin bir millət sevgisinə dayanan böyük
ürəyi,sürətlə inkişaf edən kommunikasiya qurğularından baş çıxarmaq
qabiliyyəti, deşifrə makinası və dərin zəkası olmasa, istənilən
halda əldə etdiyi məhdud daxili məlumat bankından şəxsiyyəti
ikiləşəcək və təmsil etdiyi təşkilatı cəza alətinə döndərəcəkdir.
Çünki Allah olmaq iddiasında deyilsənsə belə, əlində olan resurslar
minlələrlə şəxsin yaşayışı, durumu, əlaqələri, gizli servisləri,
müqavilələri, qanunsuz əməlləri və digər hərəkətlərinə nəzarət
imkanı verdiyindən sən bunlardan dövlət və millət naminə istifadə
etməsən onda monstra, gerçək əzrayıla çevriləcəksən.
İndi dünya Fransa xalqı ilə birgə yasa batıb, lakin hər kəs
xəfiyyə qurumlarının nədən ayıqlığı itirdiklərini soruşur. Hər gün
izləndiyi, bütün yazışmalarına və danışıqlarına əl qoyulduğuna
xəyalən əmin olan bütün fransızlar niyə terrorçuların birgə
hərəkətinin, əməliyyat planlarının,şifrəli dillərinin vaxtında
açılmadığını və parollarının qırılmadığını sual edirlər. Bəs bizim
çekistlər minlərlə insanın ah-naləli dindirmələrini təşkil edərkən
ölkənin təhlükəsizlyi əleyhinə bölgədə və dünyada qurulan
planlardan necə xəbərdar olublar?
Eldarovşinanın sadəcə dövlət mundiri geyinən inkivizitor
sifətini sübuta yetirən əməllərin siyahısı o qədər çoxdur ki,
Konstitusiyanın onlarla maddəsini ona qarşı yönəltmək mümkündür.
Bəlkə də Beriyanın xofundan qurtula bilməyən insanların yaşadığı
sindromu ruhlarında daşıyanların çoxu hələ indinin özündə də həmin
repressiya qurbanları kimi haqları uğrunda mübarizə üçün dövlətin
ən ali orqanlarına müraciətdən çəkinirlər.
İnsanlara qənimət kimi baxan və cazasızlıq eyforiyasına qapılan
bu saxta generallar dəstəsinin üzvləri hər parıltılı ulduzu yeni
bir cinayət növünə görə qazanıblar.
İndi MTN-lə sinonim sözlərin sırasına baxın – ilişmək, hesaba
oturmaq, mal varlığına əl qoyulmaq, ada keçirmək, yağmalamaq,
susdurulmaq, mülkünü verməklə canını qurtarmaq, şəxsi həbsxanaya
salınmaq kimi orta əsr davranışlarını təyin edən ifadələr...
Bunları dövlət adından edənlərin təkcə insanlara yox,
müstəqilliyimizə necə qənim kəsildiklırini sübuta yetirməyə ehtiyac
qalırmı? Halbuki bu ölkənin düşmənlərini heç bir məmur bu qədər
sevindirməmişdi. Saxta generalların hansı hünər hesabına belə
mükafatlandırıldığını isə indi sıravi vətəndaşlar da əzbər bilir.
Hər halda onlar Ermənistanla Gercüsatın arasında diplomatik, siyasi
qalmaqal yaratmağa nail olmayıblar, Şimali Qafqazın əhalisi
içərisində Azərbaycana yer etmək və maraqlarımızı irəlilətmək üçün
gecələrini gündüzə qatmayıblar, ruslarla ermənilərin arasında nifaq
toxumu əkməyiblər, nəhayət, ərazilərimzi işğal edən tərəfin
prezident aparatından məxfi qovluqları siyasi elitamıza
daşımayıblar, hərbi sirləri ələ keçirərək qoşunlarımıza taktiki
üstünlük qazandırmayıblar, yaxud diversiya qruplarının ifşasında ad
çıxarmayıblar. Axı gizli cəbhənin adamlarının hər rayonda başçı
təyin olunan nümayəndələrinin adicə diş poliklinikasının üstünə
qoyduğu haqqın müqabilində onlar hansı xarici təhlükəyə diş qıcaya
bilərdi ki?!
Hitler yəhudiləri bütün müharibələrdən qazanmaqda qınayır. Eyni
şəraitdə bizim mundirli işbazlarımızın Qarabağ savaşından da
bəhrələnmədiyinə şübhə yeri qalmır.
Qarşımda "N" saylı hərbi hissənin bölük komandirinin məktubu
dayanıb. O, hazırki şəraitdən öz xeyrinə yararlanaraq revanş
götürmək istəyənlərə bənzəmir. Cəbhə xəttinə yaxın olan hissədə
xidmət keçən zaman Ə.B. və daha 5 nəfər əskəri düşmənlə hansısa
şübhəli əlaqədə suçlandırıblar. Bunu müxtəlif maddələrlə həyata
keçirdiklərini və onların günahlarını necə boyunlarına qoyduqlarını
məktubda açıq göstərən keçmiş komandir özü "birtəhər azadlıqda qala
bilib". İndi vicdanının səsi ilə həmin saxta işə yenidən
baxılmasını xahiş edir.
Baş Prokurorluğa göndərəcəyimiz məktubun üzərindən, o cümlədən,
gedib ermənilərlə əməkdaşlıq edərək buraya-öz qardaşlarına zəng
vuran qatillərin haqqında eşitdiklərimizdən belə qənaətə gəlmək
olur ki, adamları şantaj etməyin ən yaxşı yarlığı ermənilərə
işləmək, yaxud onlarla əməkdaşlıq olub.
Həbs olunmamaq üçün üzərlərinə quyulmuş fantastik rəqəmlərdən
təkcə insan taleləri qırılmayıb, yaxud ailələri dağılmayıb,
həmçinin sümürgənlərin qanunsuz varlanması iqtisadi
təhlükəsizliyimiz əleyhinə qəsd planı kimi müəyyən xarici xidmət
orqanlarının bizim müvafiq şəxsləri öz təsir dairələrinə saldıqları
qənaətini daha da möhkəmləndirir. Çünki belə cəbr aparatını bir
adamın başı ilə qurmaq mümkün deyildi.
Azərbaycanda qlobal iqtisadi böhranın xarici təsirlər hesabına
baş vermədiyini indi daha rahatlıqla söyləmək mümkündür. Əgər
"Sədərək"dən "Karvansaray"a,"Bayraq meydanı"ndan Azərbaycanın
"kiçik Küveyti" adlanan Şəmkir rayonuna qədər yüzlərlə iş adamı
üzərinə külli miqdarda bac-xərac və töycü qoyulubsa, ölkəmizin
xarici ticarət dövriyyəsində kiçik və orta sahibkarlığın tutduğu
yerə və ÜDM-dəki payına rəğmən, bağlanan iş yerlərinin və azalan
büdcə ödəmələrinin başlıca səbəbinin məhz MTN adından həyata
keçirilən banditimiz fəaliyyəti olduğuna heç bir şübhə yeri qalmır.
İnsanlara dəymiş milyardlarla manat ziyan həm də xalqın kisəsindən
gedir. Çünki kapitalını kənara çıxarmaq məhkumluğuna düçar olan hər
kəs buradakı yüksək inkişaf içərisində yer alan qurdların yeminə
çevriliblər.
Axı hər kəs təsdiq edir ki, ötən illər ərzində bu ölkə müharibə
keçmişini bir kənara qoyaraq böyük bir yol qət eləyib, humanitar
fəlakəti və işğal gerçəkliyini prezdent İlham Əliyevin ağlı, gücü,
çevikliyi ilə aradan qaldırıb. Hətta verdiyi son qəraralarından
öncə keçirdiyi müşavirədə bir daha ona edilən xəyanətlərə nə qədər
dözümlə tab gətirdiyini və şəxsi edam hissindən uzaqda durduğunu
nümayiş etdirən dövlət başçısının səbrini daşıranlar, dövlətin
nəhəng orqanizmində özünə yer tutmuş parazitlər isə hakimiyyəti
süfrəyə çıxarmağa hazır görünürdülər.
Eldarovşina dövləti, nazirləri və vətəndaşları eyni entuziazmla
şantaj edib, onları komrpomat seli əhatəsində vahimədə saxlamağa
çalışıb. Bu zaman artıq saray dəhlizlərində onun ziyanına cərəyan
edən istənilən xətti bloklamaq bəlli səbəbdən çətin olmayıb.
Üstəlik, dövlətin əsas maliyyə - kredit siyasətini həyata
keçirdiyi Beynəlxalq Bankın resursları da onun sərəncamına
verilibsə, deməli, "Sprut" mənzərəsi tam qarşımıza çıxır. Bütün
provayderlər üzərindən internet resurslarına total nəzarəti həyata
keçirərək təhlükə qüvvələrini axtarmaqdansa, kimin varı-dövləti 1
milyona qədərdir, yaxud ondan yuxarıdır, belə bir kvota əsasında
gündəlik canavar əqidəsi ilə axtarışa çıxan orqan başçısı indi
MTN-i ümumxalq təpkisinin ortasına atıb və evində dustağa çevrilib.
Belə qiyabi müttəhimlik vəziyyəti ilə qazanılmış gizli milyardları
büdcəyə qaytamaq mümkün olacaqmı, onu zaman göstərəcək.
Lakin adamların hər gün işdən kənarlaşdırılan daha bir çekistə
dair vəcdə gəlməsi fonunda bu millətin təhlükəsizliyi üçün düşünən
hər kəs içəridən ağrıyır. Ekranlarda suçlanan o binanın günahını
yuyub,oradakı yeni insanları ayağa qaldırmaq, düşmənlə savaşda
xalqın yanına gətirmək, böyük ürəklə o müqəddəs işə can atanların
yeni ordusunu formalaşdırmaq və ən nəhayət, o binanın bir
addımlığında uyuyan böyük Heydər Əliyevin ruhunu sevindirməyə bizim
gücümüz çatacaqmı?
Axı kəşfiyyatçılarımızın keçmiş qara səhifələri qapadaraq, tamam
yeni simada səngərə çıxmaları xeyli zaman aparacaq və onu təkcə
sistem adamları deyil, toplumun hər bir üzvü təmin etməli
olacaqdır.
Bu gün müsəlman aləmində bəlkə də yeganə sabitlik məkanına
çevrilmiş Azərbaycanın güclü Liderinin imzaladığı qərarı
canı-dildən müdafiə etmək üçün adamlar mandat qorxusu yaşamadan
səslərini çıxarıb danışmırsa, guya deputat olmadan təhlükəsizlik
qayğısını yaşamırsa, onların hansı kresloları qoruduğuna heyrət
edirsən. Halbuki, Birinci Şəxsin imzasını və qərarlarını mülklərini
itirmək qorxusu yaşamayan sadə vətəndaş məmur və deputatlardan daha
yaxşı edir. Gördüyünüz kimi, bir vaxtlar qənimət kimi yığılmış
ləl-cəvahiratlar keçmiş naziri xilas etmir, onu millətin
məhkəməsindən kənarda qoymur.
Bir vaxtlar gizli dünyanın kralı kimi yaşayan və dövləti içindən
udacağını düşünən, şaxələnib digər qurumları da öz ağuşuna alan bir
adam indi bir neçə kvadratmetrlik hücrəyə sığışa bilir. Bax, ən
böyük cəza budur - evinin həbsxanaya çevrilməsi, bütün
təzimetəmlərdən və gündəlik daxiolmalardan məhrum olması,
doğmalarından yadlıq görməsi, ən başlıcası, səndən qorxanların
gözlərindəki intiqamı hiss etməkdən dəhşətli heç nə yoxdur.
Ona görə də bizi yeni həbslər dalgası sevindirməməlidir. Bütün
dəyən ziyanlar, nə qədər qeyri-peşəkar olsalar da, bir qurumun
adına - deməli, dövlətin bel sütununa dəyir.
Bəli, bu ölkədə təhükəsizlik də, birgəyaşayış da bir Liderin
xarizmasına, adına, böyük əməllərinə dayanaraq duruş gətirib! Ona
görə də generalları elə onların metodu ilə yağmalamağa çalışmayın,
onların daşıdıqları gizli kasetlərdən yeni elşadların yaramasına
yol verməyin,həmin şəxslərin informasiya daşıyıcıları olduqlarını
nəzərə alaraq bütün cəmiyyətdə qarşılıqlı nifaq törətmək üçün hər
sefydə - hər kitab rəfində patronlarının olduğuna rəğmən dindar
kütlələrinin ayağa qaldırılmasına da, qiymətlər üzərindəki
manipulyasiyalara da soyuqqanlı yanaşın. Axı bizlər kiminsə
gilyotinaya göndərilməsindən həzz alan sadistlər deyilik.Yeni bir
milli "Vikiliks"in yaranmasına yol vermək olmaz. Ona görə
oktapodların sonunu görmək heç də maraqlı tamaşa deyil. Hər halda,
Səhiyyə Nazirliyinin ağ xalatlıları mühakimə olunmur. Məhkəmə
qarşısına çıxan bizim təhlükəsizliyimizdir. Biz o mundiri və
rütbələri həqiqi qazanmış adamları lenincəsinə çirkli suya qatılıb
atılan uşağa çevirməli deyilik!
Bilirsiz, Çovdarovu ilk dəfə qəzetdə görəndə onun ağır çəkili
obrazını kiminlə müqayisə edim, deyə düşünmüşdüm. Lakin belə çekist
forması hər halda xəyalımda qalmamışdı. Onun adı üzərindən hər kəs
Selincerin "çovdarlıqda uçurumdan qoruyan" əsərini xatırladı.
Gerçəkdən də bu cür dənlərin birinin belə torpağa düşməsi bizi
yenidən zəhərləyə bilər. Həmin romanda deyildiyi kimi,Amerika öz
cəmiyytindəki eybəcərlikləri danışaraq, yazaraq, mühakimə edərək
irəliyə gedə bildi. Ona görə Selincer qədim misirlilərin sifətləri
mumulyalanmış adamalrını müasir dünyamıza gətirərkən iki fərqli
formasiyanın adamlarını müqayisə etməyə çalışmışdı.
Cənablar, sizi mumiyalayıb tarix dərslərində xalqa pislik
nümunəsi kimi təqdim etmək belə bizim havamızı, suyumuzu
çirkləndirir.
Ulu öndər bir dəfə prokururluq orqanlarındakı ab-havanı
göstərərək, "o pəncərələri açın, yeni hava gəlsin" demişdi. İndi
bizim maksim isayevlər bəlkə də yeni binada Heydər Əliyevin tunc
heykəli qarşısında təzədən and içməyə borcludular!
Dzerjinskinin dediyi kimi, çekistin təmiz əlləri, soyuq ağlı,
qaynar ürəyi olmalıdır, cənablar!