Azərbaycan Xəzəri necə
yaşayır - poetik nümunələrində, ədəbi əsərlərində, yaxud kino
sənətində? Deyəcəksiz ki, o boyda Nəbi Babayev təxəllüsünü Xəzri
seçərkən özünün ilham pərisini nədən aldığını göstərməyibmi, yaxud,
Rəsul Rza və İslam Səfərlinin mavi suların döyüntüsündən,
fırtınalarından, kükrəyən, yaxud sığal çəkən dalğalarından, qağayı
və qırçınlı ləpirlərindən hər birimizə pay düşməyibmi?
Xeyr, qələm adamlarımızın ruhunu oxşayan Xəzəri millətimizə
sevdirmək üçün onu yalnız istismar və sənaye şəhərinin ünvanı kimi
görməyimizin müqabilində əsrlərdən gələn dəniz səsimiz çox
zəifdir!
Sadəcə "Dalğalar"ı zümzümə etməklə, yaxud, "neft daşlarını"
tikən insanların kiçik əmək rəşadətini bədiiləşdirməklə iş bitmir.
Dağlar bizi düşməndən qoruduğuna və qalaya çevrildiyinə görə
Koroğlu dastanlarına uymağımız bizi ingilislər kimi dənizsevər
olmağa qoymayıb.
Baxın, tarixdə britaniyalıların əfsanələrlə dolu olan hünəri həm
də dünyanın ən güclü donanmasını yaratmaları ilə ölçülüb və bütün
dövrlərin savaşlarını qazanarkən dəniz orduları savaşın önündə
gedib. Yaxud Troya ilə qədim romalılar arasında aparılan
müharibələrin həm də dəniz üzərindən gerçəkləşməsi yalnız Homerin
əsatir yaradıcılığının məhsulu deyil.
Elə isə vətənimizin ayrılmaz hissəsi olan Xəzəri dənizçi və ya
neftçi sifətində niyə yalnız ayrı-ayrı qazma idarələrinin sahəvi
meydanlarına vermişik və onu ümumxalq məhsuluna çevirmək ağlımızdan
keçməyib? Yəqin hər yerdə olduğu kimi burada da dövləti,
təşəbbüslərin gərəkliyini qabardacaqsınız.
Halbuki Şəhidlər Xiyabanının ünvanını xalq seçmişdi, sovet
qəhrəmanlarını ideologiyanın yeminə çevirməkdən öncə çoxlu yazıçı
və şairimiz Kamonu, Baqramyanı, yaxud hətta rus Razini
əbədiləşdirmək üçün şəxsən Stalin yoldaşa saysız-hesabsız zəhmətkeş
məktubları göndərirdilər.
İndi millətimizin hüznlü günlərində içərisində qəhər olan on
minlərlə insanımız dənizin udduğu adamların əvəzində bir ehtiram və
ziyarət ünvanı axtarır ki, onlara mənəvi borcunu qaytarsın,
xatirələrini yad etsin. Varmı belə ünvan?
Azərbaycanı yüz illərdir dünyanın mərkəzinə çevirən neftin və
neftçinin çarizmin vaxtından istila edilmiş Bakının bütün simasını
dəyişən bir sərvətə, onu xalqınkı edən neftçi ordusuna bir abidəni
belə çox görməsi heyrətamizdir. Yəqin bütün dünyanın gözünü çəkən
bir sərvətin bəlalarından və xalqı tənbəlləşdirən "lənətlənmiş
resurs" olması haqda uydurmalardan çıxış edib çoxları
təhtəlşüurunda onu "bədbəxtlik gətirən nemət", işçiləri isə
ağaların qulları saydıqlarından "köləlik nişanəsi"ni xatırladan
simvollardan qaçıblar. Halbuki, dəniz dövlətin və millətin
varlığıdır - neftsiz olsa belə.
Orda çəkilən yolların Vətən torpaqları üzərindən inşa edilmiş
qovuşuqlardan və ya körpülərdən heç bir fərqi yoxdur. Ona görə də
dənizi "ölüm ünvanı" kimi deyil, hünəri ilə xarüqələr yaradan,
tufanların içərisində əsil döyüşçüyə çevrilən və "qara qızılı" bir
millətin mülkiyyətinə çevirən insanları qəhrəmanlıq yeri olaraq
tanımaq, onu bir xalqın abidəsinə döndərmək lazımdır!
Hər halda qərənfilləri dənizə axıdanları görüb içərisində onsuz
da o sulara qatdığımız yüz cür qatqıdan sonra bizim əməyi və
rəşadəti ilə öyünmək istədiyimiz adamlara borcumuzu qaytarmalıyıq.
Dəniz qurbanları ilə təkcə nisgil yerimiz deyil, "Günəşli"ni quran
yaradıcı əlləri, "Neft daşları"nı və onlarla estakadanı tikib
dənizin ürəyində özünə yer edənləri qəlbimizdə yaşatmaq üçün bir
simvolun kölgəsinə yığılmaya ehtiyacımız var.
Bizim başımızı uca edən neftçilərin qarşısında ildə bir dəfə
başımızı endirməliyik!