Bu da 40... Bu 40 nağıllardakı
40 gün-40 gecə...
Yox, bu günün 40-cı günü, 40-cı gecəsi çox fərqlidir.
Bu 40 gün-40 gecədə ancaq tənhalıq yaşanıb, həyatdan bezikmək və
həyata daha çox bağlı olmaq yaşanıb...
40 günün arxasında qalan nakam arzular gerçəkləşəcək nə vaxtsa,
əminəm buna. Amma bu arzuların bir qəlbdən təkrarlanacağı
mümkünsüz. Narahat ruhun sevinməsi isə mümkün olacaq.
40 gündür ki, dostum Anarın mənzilinin qapısı nağıllardakı 40-cı
qapı timsalında... Açsın, açmasın...
Xəyallarına köçən gerçəyin yoxluğu o qapının arxasında daha çox
gözə girəcək, qəlb ağrıdacaq. O, onun durduğu yerdə duracaq, onun
baxdığı səmtə baxacaq, işlətdiyi əşyanı sığallayacaq, çay dəmlədiyi
çaydana belə qəmlənəcək... Qapı üzünə açılacaq – sözsüz ki, əvvəlki
kimi yox.
Bir cüt göyərçin balanın sifətində, gözlərində ata gəlişinin
kədər dolu sevincinin arxasındakı özləri tərəfindən nə vaxtsa
veriləcək cavablara körpə baxışların verdiyi suallar: "Ata, anamız
hanı?"
Pörtmüş sifətin, parçalanmış ürəyin, qurumuş, lal olmuş dilin
səssiz cavabı, nə? Cavab yoxdu, qayğı, diqqət var - əvvəlkindən
çox. Növbə ilə uşaqları bağrına basmaq və qapalı gözlərlə 40 günün
arxasındakı günləri görmək, anları yaşamaq...
40 günün arxasında qalan həmən məşəqqətli gün mən onun, o
atanın, dostum Anarın düzlərini döydüyünü gördüm. Dizlərim
göynədi.
Başını ovuclarının arasına alıb sıxdığını gördüm... Başını
itirmişdi bu dərddən, bu itkidən... Başını əllərinin arasında
saxlamaq istəyirdi.
Bu 40 gündə dostum günlərin uzanmasını istəyirdi, mənə elə
gəldi. Evə gec getmək, Həyatının kimsəsizliyini evinin içində gec
görmək üçün...
Mənə elə gəlir ki, bu 40 gündə Tarixin çarxını geri
fırlada-fırlada, ötənlərə qayıda-qayıda yaşayıb və dözüb Anar.
Bu 40 gün 40 il qədər ağır olub onu üçün. Amma 4 gün, 4 saat
qədər tez ötüb. Bu 40 günün ağırlığı, əzabı 4 saat bundan qabaq baş
vermiş ağrı kimidir...
40 gündür ki, bir mənzilin açılan qapısının arxasındakı adamın O
olmayacağını bilə-bilə, onun açmasını gözləyir.
O, "itirdiyi" xanımının gözlərinin, mülayim səsinin açmağa
tələsmədiyi qapının arxasından boylanacağı ümidi ilə evə tələsir.
Bu "tələskənlik" əslində özünü süni gecikdirmənin gerçəkliyindən
bilinir.
40 gün öncə...
Səhər işə gəlməyəcəyini bilirdik. Həyat yoldaşını əməliyyat
edəcəkdilər... Pərviz elə belə də demişdi: "Sənin başın qarışıqdır.
İnşallah, əməliyyat qurtarsın, yəqin belə olmaz".
Mənsə: "O, həkimi yaxşı tanıyırsan, İnanırsan? - deyə
soruşmuşdum, - başqa həkimlər də var ha", - demişdim.
İnanırdı, həkimlə dost olmuşdu... İndi də kirayədə yaşadığı
ömrünün bir-neçə ilini onun kirayənişini olmaqla keçmişdi..
Pərviz, Anara telefon açdı. Əməliyyat çoxdan başlamalı idi...
İndicə alacağımız şad xəbərin, uğurla nəticələnən əməliyyatın göz
aydınlığını verəcəkdik Anara...
Əməliyyat nəzərdə tutulan vaxtdan çox gec "başladı..."
Nahar fasiləsi zamanı
Pərvizin əlindən bir tikə çörək sıçradı stolun üstünə. İkinci
tikənin "sıçrayışında" – "Bu nədir belə", - dedi. "Sevinəcəksən
yəqin, qonağın gələcək, tikən sevinir", - dedim. Ardınca Pərvizin
ağzında dişləri də qırıldı... Bu bir mistika idi, ya nə?
Tez Anara zəng etdim: "Vəziyyət necədir?" Telefonun o başından
Anarın sanki kirayə götürdüyü, özünün olmayan səsi gəldi: "Pisdi,
çox pisdi".
Ardınca olunan zənglərə isə cavab vermədi....
Dostumuzun xanımı, istedadlı ədəbiyyat adamı Elnarə Tofiqqızı
ailənin həkim dostunun səriştəsizliyinin qurbanı olmuşdu...
Mən dəhşətli, sarsıdıcı xəbəri Sahibə Rəşiddən eşitdim, zəng
etmişdi, titrək səslə: "Bu nə xəbərdi? Bu bizim Elnarə
xanımdır?"
Tələbələri çox, lap çox üzgün idi...
Elnarənin – Anarın "Elişinin" - gözlərini əbədi qapadığı lənətə
gəlmiş "Medi Sina"nın həyətində kimlər yox idi?..
Yadımdadır
AYB-də tanış olduq. Münasibətlərimiz o qədər doğma idi ki! Bir
müddət sonra AYB-dən "yoxa çıxdı". Bir də dostum Anarın toyunda
gördüm Elnarə bacımızı. Ağ gəlinlik donunda. Necə də
yaraşırdılar... O toyda onlara çox alqışlar, dualar olundu. Qol
götürüb oynadıq, şənləndik.
Olunan arzuların əksəriyyəti çin olmadı, arzuları ürəklərdə
qaldı... Elnarə bu dəfə Anarının, göyərçin xanım-xatun balası
Xatununun, incidən də inci olan İncinin həyatından "yoxa çıxdı".
Mələk kimi göylərə uçdu.
Ruhu isə balalarının başının üstündə dolanacaq...