Ana səhifə Yazarlar |
"Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır"…
Ürəyimi titrədən bu başlığı bir az öncə Axar.az-da gördüm. Möcüzəvi xəbər, möcüzəvi başlıqdır. Adam qanad da açar bu xəbərin gözəlliyinə, doğmalığına...
Son günlər Xocalı deyəndə ağlıma ilk olaraq Mirşahin Ağayevin Xocalıdan son reportajı gəlir. O nə səs idi – qeyri-adi. Televiziyaçılar o səsə "interşum" deyirlər, yəni kənar səslər, amma mən o səsi, o səsləri - qəribə bir uğultu, hava axını, sanki nəyisə anladan, nədənsə bəhs etmək istəyən, nəyəsə işarə edən, nədəsə israr edən - səsləri məhz ayrı bir bir aləmdən, ayrı bir yerdən, ayrı bir Xocalıdan - qeybdən gəlirmiş kimi alqıladım. Ruhuma, zehnimə, şüuruma məhz o cür köçdü, özünə əbədi yer elədi; şəhid xocalıların öz yerini sezdirirmiş kimi, sanki "biz də burdayıq" ismarışı kimi. Onların heç vaxt susmayacaq səsi kimi, heç vaxt keçməyəcək ağrısı kimi, heç vaxt unudulmayacaq iztirabı kimi, özləmi, üzgünlüyü kimi…
Və bunlarla yanaşı, sevinci, fərəhi kimi, şövqü, sevgisi kimi…
Və bunlarla yanaşı, Qəhrəmanımızı - qəhrəmanlarımızı alqışlamaları kimi...
"Titanik" filminin sonunda bir epizod var: məlum hadisədə okeanda batmış, həyatını itirmiş şəxslər - onların ruhları - sonda toplanaraq əl çalırlar, əsas qəhrəmanların qovuşma anını alqışlayırlar...
Təxminən, elə bir səhnə gəldi gözümün önünə; sanki onlar da nələrdənsə, kimlərdənsə agah idilər. Sanki onlar da alqışlayırdılar...
Mən qətiyyən sirli, mistik nəsə axtarmıram və heç o situasiya da deyil. Xocalı - həqiqətən ayrı bir yerdir. Ayrı bir yaradır. Ki, o yaranın qanı həmişə axır, sısqa bulaq kimi, narın yağış kimi. Həmişə axacaq.
Sadəcə, pafossuz-filansız xatırlatmaq istəyirəm hamıya, hamımıza, özümüzə… Ki, dolu-dolu sinilər qoydular önümüzə. Bir-birinin ardınca qələbə xəbərləri, zəfər xəbərləri ilə gözümüzü, könlümüzü, ömürümüzü dopdolu doldurdular, doyurdular, elə bil, Qələbə Okeanına qərq olduq - əldə etdiklərimizin nəhəngliyini, əzəmətini yadımıza salmaq üçün işlədirəm bu ifadəni – çox fərəhləndik, çox pərvazlandıq, çox ruhlandıq, o günlərdə xoşbəxtliyin səviyyəsini ölçən bir cihaz olsaydı, yəqin ki, dünyanın ən bəxtəvər insanları biz azərbaycanlılar olacaqdıq… Bəzən nəfəs dərməyə belə zamanımız olmurdu…
Və indi reaksiyalar adekvat deyil sanki o nəhəngliyə. Sanki vərdiş yaranıb hamımızda; yəni hər nə baş verirsə, sıradan bir hadisədir, qeyri-adi deyil, cazibəsi azalır. Dünyaya Cıdır düzündən baxmaq da, Xankəndidə Hərbi Parad da, yaralı Xocalı da… sanki 30 il o cəhənnəm əzabında biz qovrulmamışıq. Son 3 ildə hər nə baş veribsə, “film kimi” yaşanıb keçib…
Bütün qələbələr bir gün tarix olur. Olmalıdır da. Amma Xocalı fərqlidir. Məncə, çox fərqlidir və unudulmamalıdır. “Xocalıya Ədalət” kampaniyası da hər il davam etdirilməlidir. Biz Xocalını işğaldan azad etmişik, amma Xocalıya bütün dünyanın ədalətli qiymət verməsinə hələ nail ola bilməmişik.
Xocalıda muzey yaradılmalıdır, soyqırım qurbanlarını xatırladan hər şey qorunub saxlanılmalıdır. Gələcək nəsillər bu hekayəni özlərindən sonrakılara ötürməlidir. Ki, Xocalı məhz o şəhərdir ki, bir gecə silahlılar öz evində, öz yatağında yuxuda olan günahsız insanları ağlasığmaz vəhşiliklərlə qətlə yetirib. Xocalı hadisəsi - o dəhşətli gecədə baş verənlər bir soyqırımdır, qətliamdır, terrordur!
Xocalı azad ediləndən sonra orada “boz ərazi”gördük – soyqırımdan sonra doğulanlara necə anladaq bunu?!. Halbuki, 30 il öncə burda bir əyalət şəhəri olub. Amma əsgərlərimiz o torpağa ilk qədəmlərini basanda gördük ki, O Xocalı yoxdu. Nə qədər acı, canyaxıcı da olsa, gördük ki, əslində 1992-ci ildə adamları ilə birlikdə Xocalının özünü də qətl ediblər.
Şükür bu günə ki, artıq Xocalı azaddır, bizimdir. Şükür Allaha ki, dövlətimiz artıq sağ qalan, həyatda olan Xocalı sakinlərini öz doğma yurduna köçürmək üçün çalışır...
Toyluq-bayramlıq xəbərlərdir. Adam sonsuzadək şükr etmək istəyir: Allaha, Orduya, Ali Baş Komandana! İlham Əliyev Azərbaycanı elə bir səviyyəyə, elə bir müstəviyə qaldırıb ki, o ucalığın, o yüksəkliyin misli-bərabəri yoxdur. Anlayaq o yüksəkliyin dəyərini, qiymətini, qələbəmizdən danışanda tərəzinin bir gözünə işğaldan azad edilən bütün torpaqlarımızı qoyaq, o biri gözünə yalnız Xocalını. Xocalını alan, bizə, Xocalı insanlarına qaytaran adam böyük adamdır, nəhəng adamdır, gözümüzün işığıdır, qəhrəmanımızdır, Azərbaycan üçün əvəzolunmazdır…
Mən fevralın 7-də o Əvəzolunmaz Adama – İlham Əliyevə səs verəcəyəm!
Tarix
2024.02.05 / 16:48
|
Müəllif
Aynur Camal
|
Oxunub
36 459
|