Dünya şöhrətli müğənni Enrike İqlesias Formula-1
çərçivəsində keçirilən konsert proqramı ilə Bakıdakı fanatları ilə
görüşdü.
Konsertin başlamasından bir saat keçmədi ki, bütün sosial
şəbəkələrdə balaca, cılız qızcığazın ifaçının üstünə atılma
səhnəsinin əks olunduğu video paylaşılaraq müzakirəyə qoyuldu.
Videoda görünür ki, azyaşlı qız səhnəyə atılaraq öz kumirini
qucaqlayır. Müğənni isə bütün dünya ölkələrində verdiyi çoxsaylı
konsertləri zamanı yaşadığı və artıq adət etdiyi bu rəftarı
görər-görməz, fanatına qarşılıq verir. Hətta mühafizəçiləri də
kənarlaşdırır və qızcığazın arzusunu reallaşdırmasına imkan
tanıyır.
Bu adi, səmimi mənzərənin müzakirə olunduğu səhifələrə nəzər
saldım – balaca qıza tənqidlər, onu əxlaqsızlıəqda suçlamalar,
tərbiyə görmədiyi barədə şərləmələr… Heç inanmazdım ki, cəmiyyət
azyaşlı bir qızcığazın ailə üzvlərini, mənliyini, nəslini,
varlığını bu qədər təhqir edə bilər.
Bu qeyrət dağarcıqları doğrudanmı bir qızcığazı bu şəkildə
sındırmaqla onun həyatı ilə oynadıqlarının fərqində deyillər? Hər
kəsə məlum olan şəkildə, nümayişkəranə əxlaqsızlıqla məşğul olan
məşhurlarımızı başının tacı edən, ən xoş günlərinə gəlmələri üçün
onlara ətək-ətək pul xərcləyən bu cəmiyyət bir yeniyetməni hansı
meyarla əxlaqsızlıqda suçlayır?
Sosial şəbəkədə "Azərbaycan qızına yaraşmaz" yazan adamların
profilinə girdim. Bəyəndikləri səhifələr içində Azərbaycan xanımı
adına ləkə olan bütün müğənnilərin səhifələri var idi. Niyə? Məgər
qeyrət anlayışı bu qədər sürüşkəndir? Şəkil dəyişə bilir? Kumirinin
qucağına atılan uşağa pozğun deməyə dili gələnlər niyə bəlli
məşhurları xalqın qəhrəmanı kimi sevib əzizləyir?
Adını bilmədiyim o kiçik qız, yəqin ki, uşaqlıqdan Enrikenin
mahnılarını dinləyir. O qız, yəqin ki, illərdir kumirinin Bakıya
gələcəyi xəyalı ilə yaşayır. Yəqin, Enriki ilə təmas o qızın balaca
dünyasının ən böyük arzusu olub. Burda qınağa çevriləsi, bir
yeniyetməni özündən, həyatdan, cəmiyyətdən küsdürəcək nə var? Bu,
ictimai qınaq deyil, bu - ictimai natamamlıqdır.
Bu ictimai natamamlığın səbəbi isə oxumadığınız bədii kitablar,
tamamlamadığınız təhsiliniz, sahib olmadığınız dünyagörüşünüz,
cılız və çərçivəli kiçik dünyalarınızdır.