Yuxarı

Səmayənin profil şəkli...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan beyni hər zaman yeniliklərə açıqdır. Bəzən o yenilikləri qəbul edər, amma istifadə qaydasını bilmərik. Məsələn, hər birimizin həyatına sürətlə daxil olan, çoxumuzun yaşam tərzinə çevrilən sosial şəbəkələr...

Onların bizə nəyi sunduğunu və bizim onlardan necə istifadə etməyimizdən danışaq. Təbii ki, yeni informasiya, yeni tanışlıqlar evimizə, həyatımıza sürətlə daxil olur və ayrı bir maraq, rəng qatır.

Amma biz Rusiyaya işləmək niyyəti ilə gedib oradan alıb gətirdiyimiz xanımlara müsəlmanlığı qəbul etdirib, uzun yubka geyindirən, mental dəyərlərimizi qoruyan, qapımızdan içəri girən hər bir şeyi azərbaycanlılaşdırmağı bacaran millətik. İndi Votsapı, Feysbuku, İnstaqramımı özümüzküləşdirməyəcəyik?

Hə, elə isə gəlin milli İnstaqram, Feysbuk və Votsaplarımıza bir nəzər salaq. Bildiyimiz kimi, Votsapda profil şəkli qoymaq və status yazmaq mümkündür ki, bunu sənin telefonunun nömrə siyahısında olan hər kəs görə bilər. Hə, sizə Votsapla qeybətləşməkdən, bir-birinə səs göndərib, sonra öz səslərini dəfələrlə dinləməklərindən yox, məhz həmin profil şəklindən danışacağam.

Deməli, belə bir şeyə rast gəldim, sizin də başınıza gəlməmiş olmaz, kimin ad günü olursa, nəsildə nə ki Votsap işlədən var, profil şəklinə o adamın şəklini qoymalıdır, status yerinə də bir ürək, ya da bir gül atıb "təbrik edirəm" yazmalıdır. Bu, artıq bəzi nəsillərdə adət halını alıb. Məsələn, bu gün bibin nəvəsinin ad günüdür, həddin nədi onun fotosunu profilinə qoymayasan. Pəhh, günortayacan gözləyər, günortadan sonra yazar. "Aaazz, bizim sizə nə pisliyimiz dəyib? Neynəmişik sizə? Mənim nəvəmin sənin qızından nəyi əskikdi? Niyə mən sənin qızının ad günündə onun şəklini profilə qoya bilirəm, sənin qızın mənim nəvəmin şəklini qoymur? Bayaqdan baxıram, nəsildə hamı qoyub, sənin qızından başqa".

Hələ bunun üstündə bir ay küsülü qalanlar var. Bir ay nədi e, gələn ad gününü gözləyənlər var. Acıq çıxmaq üçün o da bunun şəklini həmin gün profil şəkli etmir və intiqam alınmış olur.

Axşam girisən Votsapa, baxırsan, kontaktda 45 qohumun varsa, 45-i də eyni şəkildədi. Çaşdırırsan kimin kim olduğunu. Görürsən, bıyy, bircə Səmayənin profil şəkli başqadı. Tez baxırsan ki, ad günü olanın anasıyla Səmayə onlayndı. Artıq kadrarxası söz-söhbəti tutursan. Tez bir qrup yaradıb müzakirə açırsan, Səmayəni də, ad günü olanın anasını da atırsan o qrupa ki, nə danışdıqlarını hamı bilsin. Heç kimin ürəyi partlamasın.

Hamı bilir ki, mən bir az məsuliyyətsizəm, ona görə anam axşamdan başlayaraq tez-tez xatırladır ki, Mətişin gəlininin ad günüdü, tez onun şəklini qoy profilaa, məni qana salma.

Eh, hələ profildən qız bəyəndirmək-filan. Vallah, bu Votsapı icad etməklə deyil e, oğul ona deyərəm ki, onu bu cür məqsədlərlə, xeyr işlərlə idarə edə bilsin.

Keçək Feysbuka. Sizə keçən dəfə Feysbukda yas mərasimlərindən danışmışdım. Bu, bir qismi idi. Burda status yazaraq bir-birinə söz atmalar, şərhlərdə davalar, aşiq olmalar, nələr və nələr. Bir gün dinlə bağlı bir status yazmışdım. Yazıb yatdım, sabahı oyandım ki, Azərbaycanda nə ki din aşiqi var, hamısı bu statusun altında toplaşıb. Bir qrup dinin insanların bir-birini didişdirməsinə səbəb olmadığını iddia edir, bir qrup əks fikrin tərəfindədir, bir qrup məni lənətləyir, bir qrup da bu yerdə qalan üç qrupla dalaşır. Təsəvvür edin, məscidlər bomboş qalıb, mənim statusumun altında molla qaynayır. Bunlara əhəmiyyət verməyib işimə davam etdim, bir də gördüm, bu əhəmiyyətsizlik bunları daha da hiddətləndirib, artıq şəxsi mesaj qutusunda təhdidlərə keçiblər. Girib yeni status yazdım: "Mən dünən axşam o statusu, sadəcə, elə-belə yazmışdım. Amma sizin cavablarınızı, sonra şəxsi mesaj qutuma yazdıqlarınızı oxuyub başa düşdüm ki…" Day ardı elə qutudaca qalsın, açıb-ağartmayaq.

Bu cür maraqlı hadisələr tez-tez gəlir başıma. Bir gün də hissə qapılıb "Ölmək istəyirəm" yazıb, yatmışdım. Sabahı ayıldım ki, 3 molla mənə dostluq göndərib.

Bu yaxınlarda isə "Canlı yayım" deyə yeni bir funksiya da açıblar. Biz olaq və bundan yetərincə istifadə etməyəkmi deyirsiz? Olarmı elə şey?

Peşmansan feysə girəsən: hamı canlı yayımdadı. Elə bil milli çayxanaya girirsən. Bir dayday canlı efirə çıxıb. Yazıb: "Baxın, Mamedi nətər qazdıyıram" və canlı yayımda nərd oynayır Mamedlə. Hə, bu canlı efirin bir özəlliyi də var ki, retrikalı qızların bazarını öldürdü (Retrika - Android telefonlar üçün nəzərdə tutulmuş foto proqramı. Həvəskar çəkilmiş şəkilləri daha işıqlı, daha qeyri-adi çəkir. – red.). Məsələn, qızlar bir-birinə "Retrikayla şəkil çəkdirib paylaşmaqla deyil e, duxun var, canlı yayıma çıx", - deyirlər. Əvvəllər bu, az olurdu, amma indi evdə oturursan, "dınq!" bildiriş gəldi: "filankəs canlı yayıma çıxdı". Ardınca "dınq, dınq, dınq, dınq" bildirişlər gəlir: filankəs də canlı yayıma çıxdı, filankəs də. Ə, belə cərə çıxsın, cəhənnəmmə çıxsın, maa nə, bax maa nə?

Hələ günlük canlı yayıma çıxacağı vaxtları bəribaşdan sts edib yazanlar var.

Vallah, bu gedişlə bunlar canlı yayımda namaz da qılacaqlar. Sonra demədi deməyin.

… Əmimin bir telefonu var, başıfənərli. O gün gəlib deyir:

- Qızım, al, maa burda bir STOQRAM aç.

Deyrəm, əmi, o nədi elə? Deyir, o şəkil qoyursan e, onnan.

- Ay əmi, İnstaqram?

- Yox e, bala, mənimki cavanlıqdan sto qramdı. Ölçüm oduye.

- Ay əmi, camaat litoqrama keçib, sən sto qramda qalmısan?

Əşi, biz millət olaraq yeniliklərə açığıq. Təki yenilik olsun, biz olaq…

Tarix
2016.09.15 / 08:00
Müəllif
Çinarə Ömray
Şərhlər
Digər xəbərlər

Akif Səmədə məktub!

Birdən Kamal Abdulladan mesaj gəldi...

Qubadlıdan borcumu istəyirəm...

Tanımayanlarla Allahı tanış edə bilərəm... - Qaraişıq

İki Fatihə, bir İxlas, iki Fatimə, bir İlyas...

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Atam ölür, dua eləyin...

Dəhşət: Çernobıl Bakıda - Foto

“Atam bizi atıb cəbhəyə yollandı…”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla