Azərbaycanda qadın olaraq dünyaya gəldinsə, demək,
həyata 1:0 uduzmuş halda doğulmusan. "Qadın böyük qüvvədir" deyimi
tam bizim ölkə üçün ölçülüb-biçilmiş bir deyimdir. Nənəm demişkən,
elə bil boyuna ölçüblər.
Bineyi-qədimdən bizdə qıza duz yükü kimi baxıblar. Aşağı-yuxarı,
elə indi də. Həmişə evin qızı qardaş, əmi, dayı oğlanlarından bir
pillə aşağıda dayanır, qorxaq, gözüqıpıq böyüdülür. Evdə, nəsildə
nə qədər erkək varsa, hamısına o qızın üstə ağalıq etməyə haqq
verilir, nəslin namus, qeyrət ağacına çevrilir qız. Bu, indiki
zamanda da 80% ailələrdə belədir. Qızı oxutmazlar, oxutsalar da,
"oxutdum qudurdu" deyib aşağılayarlar.
Elə ki, qız başını bir az qaldırdı, tez əli çörəyə çatan birini
tapıb bu duz yükü ağırlığında olan qızı ona verib, bu ağır Naxçıvan
yükünü çiyinlərindən boşaltmış olarlar. Qızdan fikrini də
soruşmadan duz yükünü itələyib başqa bir qapıya atmaqla valideynlik
borcundan çıxmış, namus yükünü layiqincə daşıyıb estafeti oğlan
evinə vermiş kimi rahatlayıb, dərindən nəfəs alarlar. Yox,
haqsızlıq etməyək, arada qızdan da fikrini soruşan olar, amma qız
razı olmayınca, dövrəyə xalalar, bibilər girər. Orta məktəbi
qardaş, əmi, xala oğlanlarının yumruğu, qorxusu altında gözüyumulu
bitirən qızı "sən bilmirsən, ay bala, əsas oğlan səni sevsin, sonra
özünü sənə sevdirəcək", "bax, mən də sevməyib getmişəm, gör nə
xoşbəxtəm", "get qardaşlarının yumruğundan canın qurtarsın, ağ günə
çıx da, ay dəlibaş", "bax, evi də var, maşını da" sözləri ilə elə
doldurarlar ki, qız bir də ayılıb görər, artıq qırmızı gəlin
xələtindədi.
Qohum-əqrəba da toyda bir az "Vağzalı"ya kövrəlib, bir dövrə də
"Leyli can, Leyli"yə oynamaqla öz missiyalarını yerinə yetirib
qələbədən həzz alar.
Hə, bir də belə bir qayda olur. Qız ata evindən çıxdısa, ancaq
ağ kəfəndə qayıda bilər ora. Başa düşmürəm, ta ağ kəfəndə ora niyə
qayıdır ki? Dindirmə otağı-zaddı ora?
Səbəb? Səbəb bu: "Bəs el-oba nə deyər?"
Evdə söz-söhbət olanda da yenicə çiyinləri duz yükündən azad
olan valideynlər gələrlər, söhbətin səbəbini araşdırmadan qızlarını
çəkib bir-iki şillə vurar, qız anası "həyatda ana, qayınana, gəlin
ola bilmək üçün dözmək lazımdı", - deyər, qəhrəmanlıq edibmiş kimi,
hələ bir fəxrlə özünü də qızına misal çəkər və gedər.
Bir sözlə, qızlarına təhsil, elm yerinə iki Fatihə, bir İxlas
öyrədib, ər evinə yola salır, bir müddət sonra yazıq qız iki
Fatimə, bir İlyasla qalır ortalıqda.
Bunca işgəncələrdən sonra intihar edən qızın arxasınca olmazın
sözlərin danışmağa da çəkinməzlər. "Dözə bilmədi, intihar etdi"
deməzlər, "nə zibilisə vardı ki, ört-basdır etmək üçün intihar
etdi" deyərlər.
Düz deyirlər, qadın böyük qüvvədir. Böyük qüvvədir ki, bunca
şeylərə dözə bilir.