Biz faciəmizi də,
dərd-sərimizi, sevincimizi də adam balası kimi yaşaya bilmirik.
Məsələn, yas mərasimi.
Deməli, kiminsə evində yas düşəcəyini isti-isti Feysbukdan
öyrənirik. Birinin atası can verir, tez telefonu, ya planşeti əlinə
alıb bir status guppuldadır ki, bəs "atama dua edin, can verir!"
Guya bu feysbukdakılar Allahın yaxın qohum-əqrəbasıdır və Allah
keçəmməyəcək də bunların sözündən, bunun Fb dostlarının hesabına
atasına 5-6 il təzədən yazacaq ki, get, şellən. Nəysə, üstündən bir
neçə saat keçir, məlum olur ki, Allah bunun dostlarının duasını heç
belə vejinə də almadı, öz bildiyi ilə getdi və... fatihə...
Deyirəm, qızdakı fərasətə bax ki, "uspet" edib girir Fb-yə, bir
dənə qap-qara şəkil yapışdırır örtük fotosuna, atasının da
qabaqcadan fotoşopda düzəltdiyi şəklini də profil edib yazır ki:
"Atam keçindi. Di hələlik, mən getdim ağlamağa, xurmayla çay
fasiləsində gələcəm".
Mənim anam kimisi də elə bir ayağı startda dayanır ki, görüm, bu
gün kim öldü. Qaçır ərinə xəbərə: "Ə, filankəs öldü getdiyee..."
Hətta mərhumun qızının "Dua edin!" statusunu görən professional
fb-çilər günorta evdə yemək də bişirmirlər ki, axşama filankəsgildə
pendir, göyərti, çörək yeyəcəyik, kişi ancaq axşama keçinər. Və
qızın profilini ciddi izləməyə alırlar.
Hələ ölü evinə nəzər salsaq, ağlaşmanın qızğın yerində
kişilərdən biri gəlir ki: "Bəs, dədəmin bir şəklini verin, aparım
böyütdürüm gətirim, baxıb yaxşı ağlıya biləsiz dənə".
Qızı dil deyə-deyə başlayır: "Ə-əə qardaş-ş-ş, qar-da-ş-ş-ş, get
gir Feysbuka, orda kişini profil şəkli-mə-ə-ə-ə qoymuş-a-a-a-a-m
göt-ü-ü-ü-r, böyüt-dü-r, qar-da-ş-ş-ş , qar-da-ş-ş-ş..."
Ya da qız atasına ağı deyir: "Camaat dirisinə 5 layk yığammır,
ölümüynən 500 layk yığan hörmətli atam, a layla!.."
Vallah, mənim anam kənddə kim can verir, hamısını ordan öyrənir.
Deyir, qoy girim, görüm filankəsin atasına o gün dua eləmişdim,
təsiri olub, yoxsa ölüb?
Keçid alırıq mağara, yəni "Mərasim evinə". Burda da çox şeylər
baş verir. Biri də budur: bir qadın (molla) gətirirlər ki, sən
Allah, al bu 70 manatı, bizi ağlat. Bu xala da özünə bir əl qatır
ki, vallah, gəl görəsən. 70 manatdan ötəri özünü bir həlak edir,
bir həlak edir! Biri deyir, "halaldı, qəşəy ağladır adamı". O biri
deyir: "Bu lap 100 manatlıq ağladır e, mən də çağıracam öz
yasımıza". Molla xala da yerdən bu söhbətləri eşidib səsini bir az
da qaldırır, vallah, "Ana segahına" nətər başlayırsa, gözləyirsən
ki, ardı "Leyli can, Leyli"yə çevirəcək, amma nədənsə çevirmir.
Vallah, bu gedişlə gözləyirəm, bir azdan yaslara rəqqasə də
dəvət edələr. Ağır havaya qəmli-qəmli meyitin ətrafında yallı
getmək üçün. Hələ fotoqraf da çağıran olacaq: Feysbuka şəkil qoymaq
istəyən olar birdən. Təsəvvür edin, fotoqrafa yaxınlaşırsan ki:
- Atam, şəkil neçəyədi?
- Bacımsan, mərhumla 10 AZN, mərhumun yaxın qohumlarıyla 5 AZN.
Tək, qırağı qara lentli isə 3 AZN.
- Çox sağ ol, atam.
Hələ mollanın vizitka paylamağı var, pəəhh.
Hə, yeri gəlmişkən, 3 dəqiqə bundan qabaq da Filankəs xalanın
qayınanası rəhmətə gedib. Qohum əqrəbaları da statusa "halaldı sən
kimi gəlinə ki, qayınanana belə qiymət verirsən", "O evi başacan
yeyəsən bala", - kimi şərhlər yazıb və yas evinə yollanıblar. Başın
sağ olsun, Filankəs xala. Halaldı, əlli gəlinsən…