Salam Qubadlı. Bu gün məni məhv etməyindən 23 il
keçir... Sən necəsən?
Bilirsən, artıq kimsə sənin işğal günündə asta-asta bayatı deyib
ağlamayacaq. Çünki səni deyə-deyə, onların hərəsi bir xəstəlik
tapıb öldü. Bu gün biz varıq. Səni qınayanlar. Bax, biri mən.
Təəccüblü gəldi, hə? Düzdü, axı sən öyrəşmisən bu 23 ildə hamının
özünü qınayıb, sənin qarşında günahkar kimi ağlamasına. Yox,
Qubadlı, yox. Sən mənə borclusan, mən sənə yox!
Sən mənə sənin dərdindən için-için əriyib yox olan nənəmi,
babamı borclusan.
Sən mənə başını ovuclarının arasına alıb saatlarla üzü üstə
yatan əmimi borclusan.
Sən mənə anamın evin bir küncünə çəkilib xısın-xısın ağladığı
günlərini borclusan.
Sən mənə bir uşaqlıq borclusan, Qubadlı, bir böyük uşaqlıq.
Sən heç bilirsən, altı yaşlı uşağın məktəbə getmək sevinci
nədir?
Sən heç bilirsən, məktəb çantası, ayaqqabısı, saç lenti hazır
olan bir qızın sevinci nədir?
Bəs yaxşı, bilirsənmi, məktəbə barmaq sayı günlər qalmış həmin
yeni məktəb formasını geyinib, məktəb çantasına isə dəyişək bir
neçə paltar yığıb dərsə yox, başqa şəhərə qaçmağın nə demək
olduğunu? Bax, onda sənə nifrət edirdim, deyirdim, kaş canlı
olardın, özüm boğub öldürərdim səni.
Deyirdim, nolardı, 1-2 həftə də dözərdi. Heç olmaya, mən 1 dəfə
bu paltarımı geyinib, çantamı taxıb dərsə gedərdim. Sonra nənəmin,
babamın, atamın, anamın səni nə qədər çox sevməsini görüb səni
bağışlayırdım.
Sənə bir söz də deyim? Nənəm səndən elə yana-yana danışırdı ki,
mən o odun səsin eşidirdim. Hərdən də uşaq ağlımla sənə acıyırdım
da. Bir gecə də yuxudan hıçqırıqlar içində oyanmışdım. Babamın
qucağına girib, qulağına demişdim ki, yuxuda Qubadlını görürdüm.
Döyürdülər onu, əzirdilər. Ağlamağını eşitdim Qubadlının, eynən
nənəm kimi ağlayırdı e, ay baba. Babam da məni qucub ağlamışdı.
Böyüdükcə ha yaddaşımı yenilədim, səninlə bağlı yaxşı heç nə
xatırlaya bilmədim. Bax, "sən" deyəndə dağın döşündəki evimiz,
gecələr güllə səsi, sənin üzündən mərmiylə vurub aşırtdıqları tut
ağacımız, itimiz Vazgen, bacımın pişiyi, həmişə xəyalını qurduğum,
amma heç vaxt qapısından ayağımı içəri qoya bilmədiyim məktəb, Suya
nənə, Qiyas baba, bir də uşaqlıq dostum Minəbəyim gəlir,
vəssalam.
Bilirsən, Qubadlı, sənin üzündən başımıza gəlməyən qalmadı. Eh,
sən haradan biləsən ki, mən 1 il sonra 7 yaşımda 1-ci sinfə gedəndə
o qədər böyümüşdüm, 5-ci, 6-cı sinfə gedirmiş kimi adi gəlirdi o
gün mənə. Adam da 1 ilə 5-6 yaş böyüyərmiş?
Kaş ki, canlı biri olsaydın da, qarşına keçib hesab sora
bilsəydim sənə. Səndən gələn çoxuna Sumqayıt qucaq açdı. Bilirsən,
əslində, məndən soruşsalar, o, daha mehribandı səndən. Vallah.
Hə, yazmışkən bir şey də danışım sənə. Bu yaxınlarda məni
Sumqayıtda yerləşən Qubadlı İcra Hakimiyyətinə çağırmışdılar. İlk
dəfə idi orda olurdum. Düzü, soruşsan, heç bilmirəm icra hakimimiz
kimdi. O da məni tanımır, təbii ki. Amma nənəm deyirdi ki, Qubadlı
sağ olsaydı, o, mütləq məni tanıyardı. Nəysə, onsuz da bizimki
səninlə əvvəldən düz gəlməyib, ta əlimdən ilk dərs günü həyəcanımı
alıb, məni onsuz böyüməyə məcbur etdiyin gündən.
Hə, yazdığım bir yazıyla bağlı çağırmışdılar Qubadlı İcra
Hakimiyyətinə. İlk dəfə binanın həyətinə girəndə nə üçünsə çox
kövrəldim. Bilirsən, elə kədərli idi o bina! Nənəmin səsindəki
kədər də, babamın baxışlarındakı qüssə də hamısı o binada
toplaşmışdı. Çantası çiynində qaçqın düşən, arzularından barıt
qoxusu gələn 6 yaşlı qız uşağı kimi kədərli idi o bina. O bina sən
idin... Bəlkə o çanta yanğısıdı ki, mən bu yaşımda hələ də çiyin
çantamı az qala yatanda da çıxarmıram...
Xəbərin var, nənələrim, babam sənin adını deyə-deyə canlarını
tapşırdılar. Bunu izlədikcə sənə daha çox qəzəblənirdim.
Bu gün sənin işğalından düz 23 il keçir. Sənin üçün ağı deyib
ağlayanların hamısı dünyasını dəyişib. Səndə doğulan son körpənin
23 yaşı var. Onu da Sumqayıt böyüdüb. Hərdən Sumqayıta "yetimlər
atası" deməyim gəlir. Bilirsən, onda neçə rayonun kədərli "icra
nümayəndəliyinin binaları" yerləşir?
Düz 23 il! Amma bu gün sənin üçün nənəmgil kimi içdən,
tüstülənə-tüstülənə ağlayan bəlkə də 23 nəfər ancaq taparsan.
Bilirsən, nə düşünürəm? Sənin azad olunacağın günü. Kaş biləsən,
həmin gün neçə nəvən çiynində məzardan çıxarılmış baba-nənə nəşi
gələcək səndə gömülməyə. Səndə doğulanlar səndə nə görübsə, hamısı
son nəfəsində alındığın gün məzarlarından çıxarılıb səndə gömülməyi
vəsiyyət ediblər.
Mənə məhv etdiyin 23 ilimi borclusan, Qubadlı! Mən də borcunu
qaytarmağa gələcəyəm sənə...