İnsan beyni hər zaman
yeniliklərə açıqdır. Bəzən o yenilikləri qəbul edər, amma istifadə
qaydasını bilmərik. Məsələn, hər birimizin həyatına sürətlə daxil
olan, çoxumuzun yaşam tərzinə çevrilən sosial
şəbəkələr...
Onların bizə nəyi sunduğunu və bizim onlardan necə istifadə
etməyimizdən danışaq. Təbii ki, yeni informasiya, yeni tanışlıqlar
evimizə, həyatımıza sürətlə daxil olur və ayrı bir maraq, rəng
qatır.
Amma biz Rusiyaya işləmək niyyəti ilə gedib oradan alıb
gətirdiyimiz xanımlara müsəlmanlığı qəbul etdirib, uzun yubka
geyindirən, mental dəyərlərimizi qoruyan, qapımızdan içəri girən
hər bir şeyi azərbaycanlılaşdırmağı bacaran millətik. İndi Votsapı,
Feysbuku, İnstaqramımı özümüzküləşdirməyəcəyik?
Hə, elə isə gəlin milli İnstaqram, Feysbuk və Votsaplarımıza bir
nəzər salaq. Bildiyimiz kimi, Votsapda profil şəkli qoymaq və
status yazmaq mümkündür ki, bunu sənin telefonunun nömrə
siyahısında olan hər kəs görə bilər. Hə, sizə Votsapla
qeybətləşməkdən, bir-birinə səs göndərib, sonra öz səslərini
dəfələrlə dinləməklərindən yox, məhz həmin profil şəklindən
danışacağam.
Deməli, belə bir şeyə rast gəldim, sizin də başınıza gəlməmiş
olmaz, kimin ad günü olursa, nəsildə nə ki Votsap işlədən var,
profil şəklinə o adamın şəklini qoymalıdır, status yerinə də bir
ürək, ya da bir gül atıb "təbrik edirəm" yazmalıdır. Bu, artıq bəzi
nəsillərdə adət halını alıb. Məsələn, bu gün bibin nəvəsinin ad
günüdür, həddin nədi onun fotosunu profilinə qoymayasan. Pəhh,
günortayacan gözləyər, günortadan sonra yazar. "Aaazz, bizim sizə
nə pisliyimiz dəyib? Neynəmişik sizə? Mənim nəvəmin sənin qızından
nəyi əskikdi? Niyə mən sənin qızının ad günündə onun şəklini
profilə qoya bilirəm, sənin qızın mənim nəvəmin şəklini qoymur?
Bayaqdan baxıram, nəsildə hamı qoyub, sənin qızından başqa".
Hələ bunun üstündə bir ay küsülü qalanlar var. Bir ay nədi e,
gələn ad gününü gözləyənlər var. Acıq çıxmaq üçün o da bunun
şəklini həmin gün profil şəkli etmir və intiqam alınmış olur.
Axşam girisən Votsapa, baxırsan, kontaktda 45 qohumun varsa,
45-i də eyni şəkildədi. Çaşdırırsan kimin kim olduğunu. Görürsən,
bıyy, bircə Səmayənin profil şəkli başqadı. Tez baxırsan ki, ad
günü olanın anasıyla Səmayə onlayndı. Artıq kadrarxası söz-söhbəti
tutursan. Tez bir qrup yaradıb müzakirə açırsan, Səmayəni də, ad
günü olanın anasını da atırsan o qrupa ki, nə danışdıqlarını hamı
bilsin. Heç kimin ürəyi partlamasın.
Hamı bilir ki, mən bir az məsuliyyətsizəm, ona görə anam
axşamdan başlayaraq tez-tez xatırladır ki, Mətişin gəlininin ad
günüdü, tez onun şəklini qoy profilaa, məni qana salma.
Eh, hələ profildən qız bəyəndirmək-filan. Vallah, bu Votsapı
icad etməklə deyil e, oğul ona deyərəm ki, onu bu cür məqsədlərlə,
xeyr işlərlə idarə edə bilsin.
Keçək Feysbuka. Sizə keçən dəfə Feysbukda yas mərasimlərindən
danışmışdım. Bu, bir qismi idi. Burda status yazaraq bir-birinə söz
atmalar, şərhlərdə davalar, aşiq olmalar, nələr və nələr. Bir gün
dinlə bağlı bir status yazmışdım. Yazıb yatdım, sabahı oyandım ki,
Azərbaycanda nə ki din aşiqi var, hamısı bu statusun altında
toplaşıb. Bir qrup dinin insanların bir-birini didişdirməsinə səbəb
olmadığını iddia edir, bir qrup əks fikrin tərəfindədir, bir qrup
məni lənətləyir, bir qrup da bu yerdə qalan üç qrupla dalaşır.
Təsəvvür edin, məscidlər bomboş qalıb, mənim statusumun altında
molla qaynayır. Bunlara əhəmiyyət verməyib işimə davam etdim, bir
də gördüm, bu əhəmiyyətsizlik bunları daha da hiddətləndirib, artıq
şəxsi mesaj qutusunda təhdidlərə keçiblər. Girib yeni status
yazdım: "Mən dünən axşam o statusu, sadəcə, elə-belə yazmışdım.
Amma sizin cavablarınızı, sonra şəxsi mesaj qutuma yazdıqlarınızı
oxuyub başa düşdüm ki…" Day ardı elə qutudaca qalsın,
açıb-ağartmayaq.
Bu cür maraqlı hadisələr tez-tez gəlir başıma. Bir gün də hissə
qapılıb "Ölmək istəyirəm" yazıb, yatmışdım. Sabahı ayıldım ki, 3
molla mənə dostluq göndərib.
Bu yaxınlarda isə "Canlı yayım" deyə yeni bir funksiya da
açıblar. Biz olaq və bundan yetərincə istifadə etməyəkmi deyirsiz?
Olarmı elə şey?
Peşmansan feysə girəsən: hamı canlı yayımdadı. Elə bil milli
çayxanaya girirsən. Bir dayday canlı efirə çıxıb. Yazıb: "Baxın,
Mamedi nətər qazdıyıram" və canlı yayımda nərd oynayır Mamedlə. Hə,
bu canlı efirin bir özəlliyi də var ki, retrikalı qızların bazarını
öldürdü (Retrika - Android telefonlar üçün nəzərdə tutulmuş foto
proqramı. Həvəskar çəkilmiş şəkilləri daha işıqlı, daha qeyri-adi
çəkir. – red.). Məsələn, qızlar bir-birinə "Retrikayla şəkil
çəkdirib paylaşmaqla deyil e, duxun var, canlı yayıma çıx", -
deyirlər. Əvvəllər bu, az olurdu, amma indi evdə oturursan, "dınq!"
bildiriş gəldi: "filankəs canlı yayıma çıxdı". Ardınca "dınq, dınq,
dınq, dınq" bildirişlər gəlir: filankəs də canlı yayıma çıxdı,
filankəs də. Ə, belə cərə çıxsın, cəhənnəmmə çıxsın, maa nə, bax
maa nə?
Hələ günlük canlı yayıma çıxacağı vaxtları bəribaşdan sts edib
yazanlar var.
Vallah, bu gedişlə bunlar canlı yayımda namaz da qılacaqlar.
Sonra demədi deməyin.
… Əmimin bir telefonu var, başıfənərli. O gün gəlib deyir:
- Qızım, al, maa burda bir STOQRAM aç.
Deyrəm, əmi, o nədi elə? Deyir, o şəkil qoyursan e, onnan.
- Ay əmi, İnstaqram?
- Yox e, bala, mənimki cavanlıqdan sto qramdı. Ölçüm oduye.
- Ay əmi, camaat litoqrama keçib, sən sto qramda qalmısan?
Əşi, biz millət olaraq yeniliklərə açığıq. Təki yenilik olsun,
biz olaq…