Yuxarı

Akif Səmədə məktub!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salam, Akif bəy! Necəsiz?

Sizə laap uzaqdan yazıram. Bir zaman insanların sizi incitdiyi, dostların əsil dost olmadığını anladığınız həmin o şəhərdən yazıram. Sizə sevdiklərinizin yanından yazıram, bəy.

Burda hər şey qoyub getdiyiniz kimidir. Bir az insanlar böyüyüb, bir az şəhər dəyişib. Əksinə olsaydı, nə gözəl olardı. Hə? Şəhər böyüyüb, insanlar dəyişsəydi... Amma təəssüf ki, insanlar dəyişə bilmirlər, bəy! Yaxşılar da çox qalmır. Hamısı tələsirmiş kimi siz olan ölkəyə qaçır.

İlk bu şerinizi oxumuşdum

Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Sonra sizin haqqınızda maraqlanmağa başladım. Mənə maraqlı gələn məqamlardan biri də o oldu ki, hamı elə böyük sevgiylə, qəribə bir gözəlliklə danışırdı ki sizdən! Ən gözəli isə odur ki, kimdən soruşdumsa, hamı bir ağızdan “Mərd adam olub!” dedilər. Nadir adamlar olur ki, hamının yaddaşında eyni cür qala bilir. Çünki insanlar hamını eyni cür qəbul etmirlər. Biri yaxşı, biri pis, biri mərd, biri dürüst kimi tanıyır. Demək ki, necə var imişsinizsə, elə də görünürmüşsünüz. Nə kiməsə xoş getsin deyə dürüst ola bilmisiniz, nə kiməsə xoş olsun deyə mərhəmətli görsənibsiniz. Elə hamıyla olduğunuz kimi olmusunuz - Mərd. Ona görə də bu gün hamı sizi bu sözlə xatırlayır: "Mərd adam olub!”

Bu yaxınlarda İbrahim İlyasli mənə sizin ölümünüzdən sonra çapdan çıxmış bir kitabınızı hədiyyə etdi. Mən onda daha yaxından tanıdım sizi. Şeirlərinizin çoxunu oxudum və oxuduqca anladım ki, bəzi insanlar özləri həyatda olmasa da, sözləri belə bir külək kimidi. Bəzən meh olur, sənin ruhunu dincəldir, bəzən də dəli külək olub dünyanın altını üstünə çevirə bilir. Sözləri ilə yaşayırlar yəni. Sizin kimi.

Məncə, vücud ruhun geyimidir. Allah bəzən ruhumuzu elə geyindirər ki, baxarsan, cındırından cin ürkər, amma ruhun zənginliyini görərsən və sadəcə olaraq qarşısında diz çökərsən. Bəzən də geyim ruhu tamamlayar, ya da tam əksi. Ruhunuzla, geyiminizlə bir şəxsiyyəti xarakteriza edən sizin o balaca insan ürəyinizin prizmasından böyük dünyaya baxmaq cəhdinizə həqiqətən heyrətləndim.

Şeirləriniz bir dağı xatrlatdı mənə. Hər zaman varlığını görüb belə qorxmadan yaşamaq olar.

Sizin yazdığınız, həm də yazmaq istədiyiniz həsrətin yaşı çoxdur, lap çox...

Yüz illərin o başından boy göstərən həsrətin şəklini çəkmək istəyir bu yazılar.

Bəy, burda hər şey qoyub getdiyiniz kimidir. Bilirəm, narahat olduğunuz bir də Ulucay var. Sizə bənzəyir o da. Özünü üzülmürmüş kimi görsədir. “Yaxşıyam” sözünü yamayıb dilinə. Əslində içi sızıldayır, bilirəm. Nə vaxtsa gələcəyinizə inanır. Bu bir nağıl kimidir. Gerçək olmadığını bilir, amma yenə də inanmaq ona xoş olur. Sizinlə də fəxr edir. Elə gözəl danışır ki, sizdən. Adam elə hey sizi ondan dinləmək istəyir. Yaxşıdı. Rahat olun. Siz ona ən gözəl mirası – insanlığı qoyub getmisiniz.

Bu gün bütün sizi sevənlər pərişandır. Çünki bu gün tam 12 il ötür. 12 il öncə tərk etdiniz bu şəhəri də, bu insanları da. Bütün dostlarınız bikefdir bu gün. Günəş də, ağaclar da, otlar, çiçəklər, yamaclar da qəmlidiir bu gün. Hər birinin həmin günlə bağlı öz xatirəsi var. Hanı bir söz var, deyərlər ki, “bəzən elə yanarsan ki, içdən, özdə tüstülənə-tüstülənə”. Baxın, bu gün sizin ölümünüzə dostunuz günəş də elə yanır. Hətta istisi bizi də qarsır. Sizin yoxluğunuza günəş qədər yanıb istisini içlərinə udan insanlar da var.

Bu gün sizi sevənlər hamı sizdən yazır, bəy. Hamı bacardığı qədər yazılarında da olsa, sizi çəkməyə çalışır. Amma bilmirlər ki, göz yaşıyla şəkil çəkməzlər! Göz yaşının rəngi olmur.

Məktubumu burda tamamlıyıram. Bəy, mən inanıram sizlərin bizi gördüyünə. Hərdən babama da belə məktub yazıram. Burda olanlardan, o gedəndən sonra baş verənlərdən. Mən məktublarımda babama “Daşlaşmış sevgim” deyə müraciət edirəm. Sizə də daşlaşmış şairim desəm olarmı, bəy?

Allah sənə rəhmət eləsin, Daşlaşmış Şairim!

Tarix
2017.07.06 / 23:27
Müəllif
Çinarə Ömray
Şərhlər
Digər xəbərlər

Səmayənin profil şəkli...

Birdən Kamal Abdulladan mesaj gəldi...

Qubadlıdan borcumu istəyirəm...

Tanımayanlarla Allahı tanış edə bilərəm... - Qaraişıq

İki Fatihə, bir İxlas, iki Fatimə, bir İlyas...

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Atam ölür, dua eləyin...

Dəhşət: Çernobıl Bakıda - Foto

“Atam bizi atıb cəbhəyə yollandı…”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla