Rauf Qaraişıq Sumqayıt şəhərində doğulub-böyüsə də,
2008-ci ildən İngiltərədə yaşayır. Yenicə çapdan çıxmış "77 şeir"
kitabının müəllifidir. Zaman-zaman şeirləri, kiçik esseləri ilə də
Azərbaycan mətbuatında çıxış edir. Yəni özü Azərbaycanda olmasa da,
sözü Azərbaycandadır.
- Rauf bəy, ciddiyyət, ya səmimiyyət?
- Səmimiyyətlə ciddiyyət...
- Necəsiniz, şeirləriniz necədi?
- Yaxşıyam. Şeirlərim... Köhnə şeirlərin keyfi kökdü, bir ildi
ki, "ev-eşik" sahibi olublar - kitaba düşüblər. Təzə şeirlərim
Feysbukda, "kirayədə" qalırlar.
- "Ən yaxın dostum İqbaldı,
Ən böyük dostum – Allah", - deyirsiniz. İqbal
necədir?
- Ən yaxın dostum İqbaldı. Sumqayıtda çox adam tanıyır onu.
Demək olar, hər gün danışırıq. Yaxşıdı. İndi Azərbaycandadır. Ən
böyük dostum Allahdı. Onu tanıyanlar tanıyır, tanımayanlar isə
istəsələr, qiyabi də olsa, tanış edə bilərəm...
- Kitab adamı olub dünyanı gəzmək gözəldi, ya dünya
adamı olub kitab yazmaq?
- Dünyanı gəzmək gözəl şeydi. Dünya adamı olmaq da gözəldi.
("Hara getsən vətəndir!" misrası düşdü yadıma. 77 şeirdən biri.
Hələ gəzə-gəzə kitab da yaza bilsən, bu, lap əla olar. Onu da deyim
ki, özümü kitab adamı saymıram.
- Bu boş küçə
Ürəyim kimi boş, kimsəsiz.
Sərilib üzüqoylu yerə.
Bu boş küçə, borclu küçə
On ildi bir görüş borcludu mənə.
Sevgili görüşü.
Bu boş küçə, borclu küçə
Min il keçə
Borcundan çıxa bilməz.
Bu boş küçə
Ürəyim kimi boş, kimsəsiz… - O boş küçə borcunu
qaytara bildimi sizə?
- Hələ min il keçməyib axı.
- Niyə məhz daş, ağac və kəpənək?
- O şeiri 25 yaşında ən doğma adamını itirib özünə sui-qəsd
etmək istəyən bir gənc yazıb... 4 cü mərtəbədən nə görünürsə, onu
da yazıb...
- Ölmüşdüm…
Bir cüt sarıca yarpaq
Bir cüt quruca yarpaq
Qondu qaraca gözlərimin üstə.
Elə bildim… əllərindi!
Açdım gözlərimi!
Yoox…
Əllərin deyilmiş sənin
O bir cüt sarıca yarpaq,
O bir cüt quruca yarpaq.
Heyf dirilməyimə,
Heyf!.. - O bir cüt sarıca yarpaqla, quruca
yarpaq çoxmu aldadıb sizi?
- Yarpaqlar hər il aldadır məni... Payızda dilxor edirlər məni
tamam! Öpüşüb-görüşüb ayrılırıq. Bir də yazda görürəm ki, budur,
durub gəliblər yenə...
- Sarı, qaşqa, təpəl, şəkil günlərdən nə
xəbər?
- Sarı, qaşqa, təpəl, səkil günlərimin günü azdı bir az burda.
Neynəyim, "başqa təpəl, şəkil günüm" yox... Şükürlər olsun, hələ
ki, yola gedirlər günlərim.
- 77 şeir. Niyə? 7 müqqədəs rəqəmdi, ona görə? İki yeddi
- ikiqat müqəddəslik?
- Qızlarıma söz vermişdim ki, 2015 də şeir kitabımı çap
etdirəcəm. Hə, şeirlərimi yığdım bir yerə, dedim, yəqin bir 100
dənə olar da... Cəmi 77 dənəsini bəyəndim... Həm də o arada kitaba
ad axtarırdım. Elə qərara gəldim ki, kitabın adı "77 Şeir" olsun. 7
rəqəmindən, ümumiyyətlə, xoşum gəlir...
- Kitabınızı tənqid edən oldumu?
- Eşitməmişəm. Bizdə müəllifi tənqid edirlər (ya da
tərifləyirlər), kitabı yox... Təəssüflər olsun. Bu təəssüf sözünü
yazana qədər adam 100 dəfə üff eləyir...
- Sizcə, bizdə tənqid inkişaf edə bilib?
- Tənqid inkişaf edə bilməz. Tənqid ya var, ya yox! Ədəbiyyat da
onun kimi. Ədəbiyyatı inkişaf etdirmək mümkün deyil, onu yaratmaq
lazımdır - sətir-sətir, misra-misra! Rusiyada "Qızıl ədəbiyyat "
dövrü yaranmamışdan öncə, "Qızıl tənqid" yaranmışdı o vaxt. Tənqidi
Böyük Zövqü olan adamlar yaratmalıdır. Elmi adla əlaqəsi yoxdur.
İstedadlı, xoş niyyətli, imanlı və işinin ustası olsa bir adam, nə
yazır-yazsın, gözəl olar! Məncə.
- Bu ədəbiyyatla Nobelə çata bilərik?
- Biz öncə öz mükafatımızı, deyək ki, ümumtürk mükafatı
yaratmalıyıq. Məsələn: Nizami mükafatı! Elm, ədəbiyyat,
mühəndislik, tibb və s. Ondan sonra o mükafatı alan adamın
əsərlərini, elmi işlərini, ixtiralarını dünyada güclü reklamla və
siyasi, yəni, yumşaq güclə (soft power) aparıb Nobel komissiyasına
təqdim etmək olar. Özümüzü tanımasaq, bizi heç kim tanımayacaq,
məncə.
- Sizi daha çox hansı incidir – yanınızdakı, ya
qəlbinizdəki?
- Mən hər şeydən inciyən adam deyiləm. Məni incitmək bir az
qəliz məsələdir. İncisəm də, o saat bir-iki dənə şeir yazıram,
vəssəlam. Düzdü, qəlbində bir fayl qalır, delete eləmək olmur,
bəzən...
- O, indi hardadı?
- Bizdə olur...
- Azərbaycanda olanda qarabağlı olursunuz, Southamptonda
olanda azərbaycanlı. Bu, necə hissdir?
- Azərbaycanda olanda sumqayıtlı oluram, burda olanda
qarabağlı... Maraqlı hissdir... Əgər adamı mobil telefona
bənzətsək, hara gedirsən get, başının siqnalı, batareyanın enerjisi
və balansının konturu olsun həmişə gərək.
- Bizə hələlik son sözünüz?
- Sizə 3 şey arzulayıram:
1. Ruhunuz (siqnal) güclü,
2. Canınız (batareya) sağlam,
3. Qəlbiniz (balans) dolu olsun. Bunlara çatmaq üçün isə ən
böyük və ən etibarlı "mobil operator"a - Allaha bağlanmaq
lazımdır!..