Xaqani Qayıblı imzası çoxlarına qərib gələ bilər. Olsun.
Qəriblikdə, qürbətdə yaşayan bir imza üçün təbiidir. Amma diqqətli
oxucu bu imzanın adına, izinə düşüb də Xaqani Qayıblı imzası olan
şeirləri ruhlarına çiləyə bilərlər. Bu şeirlərdə həm də qürbətin
ab-havasını duyarlar.
"Axar.az"ın "Soraq" rubrikasında şair Xaqanı Qayıblının izinə
düşdüm. Bakıda 50 yaşının yubiley törənində söhbət etmək imkanı
əldə edə bilmədim. Onu Estoniyada tapdım. Sorağına gəldiyimi
dedim.
Vətən məni yola salıb
- Belə də... "allah qürbətin belini qırsın" – deyimində bir
qədər nisgil vardı. Hər halda kim olursansa ol, qürbət əlini adamın
saçına yox e, ürəyinə çəkir, kövrəldir onu..
- Az öncə vətəndə idiniz. Uzaqlardan necə görünür vətən?
"Toxunma, qardaşım, bir himə bəndəm, Boşalam qürbətdə, dolam
qürbətdə" - demisiz bir şeirinizdə. Qürbət yuxularızı gerçəkdən
ərşə çəkir?
- Hər dəfə vətənə gedib-gəldikdən sonra, vətən təlaşımın və
həyəcanımın içindən əl edərək məni yola salıb - çünki qədərincə
vaxtım olmur ki, bütün əzizlərimə baş çəkəm, dostlarımdan hal-əhval
tutam... Sonda da xoş, ərkyana "umu-küsülər" dumanında bir müddət
vətənin şəklini çəkirəm gözlərimlə... Elə indi də o cür... Təbii
ki, qürbət yuxuları ərşə çəkir... hələ gecə yarı yuxudan hövlank
durmağı demirəm hələ. Bu günlərdə ulu babam Molla Vəli Vidadinin
"Ağlarsan" şeirini yenidən oxudum. Elə bil hər misrası mənim üçün
yazılıb...
- Lütfən deyin M.V. Vidadi sizin mənəvi babanızdır,
yoxsa qan qohumluğunuz var?
- M.V.Vidadi mənim şərəflə daşıdığım Qayıblı soyundandır. Bəzi
yerdə Qaib, yaxud Qayıb və Qayıbzadə yazılır. Bizim soyumuzdan ən
görkəmlilərindən biri də Qafqazın Müftüsü Hüseyn Əfəndi Qayıbovdur.
Hər halda eşitməmiş olmazsınız.
Dəfələrlə rastlaşmışam o sonuncu adamla
- Dünyanın sonuncu adamına ağı demisiz. Demisiz ki:
"Səni ağlayası adam tapılmaz". Dünyanın sonuncu adamlarına çoxmu
təsadüf etmisiz?
- O şeir cismən dünyanın sonuncu adamına yazılmadığını
tutduğunuza görə sağ olun. Rast olmuşam, həm də dəfələrlə
rastlaşmışam o sonuncu adamla.
Həm də dünyanın hər yerində - Tartuda, Bakıda, Çikagoda,
İstanbulda, Peterburqda... hamısı da bir-birinin eynisi...
İnsan ömründə unudulan günlərin sayı-hesabı
yoxdu
- Xəqani bəy, "qərib bir şəhərdə tünlük olan bir küçədə"
nələr yaşamısız ki, ötən günün acısını çəkib, yas saxlaya
bilməməsiz?
- Hə, yadıma düşdü "yas saxlamaq olmur hər ötən günə..."
misrasını deyirsiniz... elə deyilmi?
- Elədir…
- Hər günə şənlənməyin mümkün olmadığı kimi, hər ötən günə də
yas saxlamaq olmur axı... İnsan ömründə unudulan günlərin
sayı-hesabı yoxdu, amma elə günlər var ki, o günləri heç bir zaman
unutmaq mümkün deyil. Bax o gün də həmin günlərdən biri idi...
Moskvada... aləm bir gün idi... həyatın acımasız, dünyanın fani...
insanın aləmlərin əşrəfi olduğunu təsdiqləyən bir gün idi.
Mənim nə həddimə ki…
- Şeirlərinizdə qürbət boy verir. Qürbətdə hiss etdim özümü sizi
oxuyanda. Əzbərimdə qalan şeirlərinizdə əsasən bu şeirlər oldu.
Estoniyada siz Azərbaycanı qürbətdə kövrələn birisi kimi tanıdarsız
ha, birdən…
- Mən hələ qürbətə gəlməmişdən belə bir misra dilimə
gəlmişdi:
"Bəxtimlə düşdüyüm əlbəyaxadan,
Əlimdə qürbətin yaxası qalıb!"
Qürbət mənim iç dünyamda görünən boyuma biçilib. Yəni bunu
yalnız könül dünyamı duyanlar hiss edir. O ki qaldı mənim hər kəsin
görə biləcəyi tərəfimə, bu, heç də dediyiniz kimi, kövrək,
sentimental birisi kimi görünmür. Əvvəla, mən adı bəlli Qaraçöpdə
dünyaya gəlmişəm və mənim xarakterim bir qaraçöplü kimi formalaşıb
- dediyindən dönməyən, qabağından yeməyən.
Digər tərəfdən, bir Azərbaycan türkü olaraq mənim nə həddimə ki,
Azərbaycanı kövrələn birisi kimi tanıdam.
- Xaqani bəy, şeirlərinizdə duyğusallıq, həzinlik var.
Qürbətdə yaşamın təsiridir, məlum. Deyin, Qaraçöpdə doğulmanız,
qonşuluqda yaşasaq da, yeniyetmə və gənclik illərinizdə Azərbaycana
baxışda bir qürbət havası keçirdimi içinizdən, Vətənin qıraqda
qalan parçasında yaşamış kimi hiss vardımı sizdə?
- Xeyr! Əsla! Başqasını deyə bilmərəm, amma mənim içimdə elə bir
duyğu olmayıb. Ola bilsin, mən səkkizinci sinfi bitirdikdən sonra
orta məktəbi Qazax rayonunda oxumuşam, bundan qaynaqlana bilər,
amma sonralar da vətəndən qıraqda yaşayırammış kimi bvir duyğu
içimdən keçməyib. Sonralar isə heç keçməyib, çünkü məndən ötrü
Vətən Qaraçöpdən, Başkeçiddən başlayıb, Zənganda qurtarır.
Vətən üçün içimdə darıxıram
- İstərdim oxucularımıza bir qədər ətraflı tanışlıq
verək. Qürbətdə vətənçün darıxmaqdan, şer yazmaqdan savayı nə işlə
məşğulsuz?
- Bilirsiz, mən vətən üçün içimdə darıxıram və bunu hər qarşıma
çıxandan mümkün qədər gizləmişəm. Hətta Estoniyada yaşayan
soydaşlarımız daxil, çox yerdə (Eston ədəbi mühiti xaric) mənim
şair olduğumu bilmirlər və mən buna heç ehtiyac da duymamışam. "Nə
işlə məşğulsunuz" sualnınıza qısaca cavab versəm, belə deyərdim -
Estoniyaya gələndən Tartu Universitetinin divarlarından kənara
çıxmamışam, ilk illərdə tələbə idim, son illərdə isə müəlliməm.
Vallah, nə deyim, adam özü haqqında çox danışa bilmir axı...
Mən üç prezidentə
tərcüməçilik etmişəm
- Bilirik ki, Estoniya prezidentinin tərcüməçisi kimi
fəaliyyət göstərirsiz. Onunla Azərbaycan, Qarabağ həqiqətləri haqda
söhbət etmisizmi heç?
- Mən üç prezidentə tərcüməçilik etmişəm. 1996-2001 arası
Lennart Meri (amma L.Merinin prezidentlik müddəti 1992-2001 olub),
2001-2006 arası Arnold Rüütel, Toomas Hendrik İlvesə isə 2001-dən
indiyə qədər. Azərbaycan və Qarabağ həqiqətləri haqqında hər üç
prezidentlə söhbətlərimiz olub. Daha çox rəhmətlik Lennart Meri və
T.H.İlveslə bu haqda söhbətimiz olub. L.Meri özü yazıçı idi və mən
onunla hələ prezident olmamışdan tanış idik. Türkiyəyə rəsmi
səfərlərimizdə, hətta uçaqda söhbətlərimiz olub. L.Meriyə bəzi
kitablar da vermişdim. Bu haqda bir rəsim də olmalıdır, tapsam
göndərərəm. Arnold Rüütel hər zaman Azərbaycanın tərəfində olub və
indi də hər tədbirimizdə canla-başla iştirak edir. T.H.İlves ilə
biz çoxdanın tanışlarıyıq. Avropa Azadlıq Radiosu hələ Münxen
şəhərində fəaliyyət göstərəndə T.H.İlves eston şöbəsinin müdiri idi
və mən onunla 1992-ci ildə Münxendə tanış oldum. O vaxtdan da
zaman-zaman görüşmüşük və əlaqələrimiz hər zaman səmimi olub.
Qarabağ haqqında şeirlə
danışmağın əleyhinəyəm
- Torpaqları işğal olunmuş bir
ölkənin nümayəndəsi kimi Qarabağ problmini necə çatdırmısız?
Şeirləmi paylaşmısız?
- Mən Qarabağ haqqında ümumiyyətlə şeirlə danışmağın əlehinəyəm
və bu mövzuda qətiyyən sentimentallığa yol verməmişəm. İstər
Estoniyada olsun, istər Almaniyada, istərsə də Belçikada -
Brüsseldə Avropa Parlamentində parlamentar dostlarımın köməyi ilə
həyata keçirdiyim dəyrimi masalarda. Çünki bu mövzu qətiyyətlilik
və faktlara əsaslanan daha rasional mövqenin sərgilənməsini tələb
edir. Bu mövzu ətrafında poetik ifadələr deyil, geniş bilgi və
qarşınızdakını inandıracaq gücə malik bir diskussiya tələb
edir.
Ermənilər Estoniyada təmsil
olunmur
- Siz Azərbaycan, yoxsa Türkiyə türkcəsində tərcüməçilik
edirsiz?
- Hər iki dövlətin - həm Azərbaycanın, həm də Türkiyənin rəsmi
nümayəndələri gəldiyində və ehtiyac olduğunda tərcüməçilik edirəm.
Bu, prezidentlər səviyyəsində də olub, parlament rəhbərlərinin
səviyyəsində də.
Gərəkdiyi təqdirdə ümumi bilgilərin formalaşması üçün lazım olan
məsləhətlər də olub.
-Bəs Estoniya hakimiyyətində ermənilər hansı səviyyədə
təmsil olunur?
- Estoniya hakimiyyətində adını çəkdiyiniz millət heç bir
şəkildə təmsil olunmur. Ən azı mən eşitməmişəm, yaxud da hər hansı
bir yüksək səviyyəli görüşlərdə rastlaşmamışam - nə banketlərdə, nə
də rəsmi görüşlərdə.
Bir ucu gedib Kamal Abdullaya çıxır
- Xaqani bəy, sonda çox istərdim, Azərbaycan
ədəbiyyatının qıraqdan necə görünməsini deyəsiniz. Bizi kənarda
necə tanıyırlar?
Daha öncə də demişdim, təkrarçılıq olmasın, amma görünən budur
ki, son illər Azərbaycan ədəbiyyatı qıraqdan nəsr şəklində görünür.
Bunun da bir ucu gedib Kamal Abdullaya çıxır.
Xaqani bəylə söhbətimiz burada yekunlaşmadı. Sadəcə bəzi
suallarım vardı ki, cavablandırmaq istəmədi, təvəzökarlıq etdi:
- Özüm haqqında nə məlumat verə bilərəm ki, Faiq bəy?
Əfvinizə sığınaraq deyirəm haa. Bir daha xahiş edirəm, bu ifadəm
başqa cür anlaşılmasın…