"İndi mən papağımı nə
cür qoyum ki, qızın xoşuna gəlsin? Əgər belə qoysam, onda qız
məndən qorxar, elə bilər ki, Bakı qoçusuyam. Yox, belə qoysam, onda
da qız məndən hürkər, elə bilər Qarabağın lopabığ bəylərindənəm.
Yaxşı, əgər belə qoysam, qızın məndən lap zəhləsi gedər ki, elə
bilər Gəncə qumarbazıyam. Belə qoysam, vay-vay-vay, onda da lap
Şamaxı lotusuna oxşayaram ki".
Məşədi İbadın güzgünün qarşısındakı bu monoloqunu elçi getdiyi
Gülnaza özünü bəyəndirmək cəhdi kimi də izah edə bilərik. Axı o
dövr üçün papaq azərbaycanlı kişilərin əvəzolunmaz atributu idi.
Ancaq "O olmasın, bu olsun"un bu qəhrəmanı sonra qızın qarşısına
papaqsız çıxmaq qərarına gəlib, "Başıaçıq daha yaxşıdı. Onda qız
elə bilər abrazovonskiyəm", - deyir. Görünür, XXI əsrin gəncləri də
özlərini "obrazovonski" göstərməyə çalışırlar.
"Obrazovonski" kişilərin bəyənmədiyi
papaqlar
Elə bir papaqçı ilə söhbətim də köhnə kişilərin kişilik rəmzi
olan milli papaqlarımızın gələcək aqibəti, papaqlara olan maraq və
indiki durumundan oldu.
Papaq ustası Hafiz dayı əvvəlcə müsahibə vermək istəmədi: "Ay
qızım, axı indi dəbdə olmayan bir şey kimi maraqlandırır ki,
yazırsız", - desə də, bizə papaqlar haqqında hər şeydən
danışdı.
Hafiz dayı deyir, vaxtilə Bakıda hər addımbaşı papaqçı dükanı
vardı. Çünki papaq alan kişilər də çox idi o vaxtlar. Ancaq: "İndi
Bakıda 1-2 papaqçı dükanı qalıb ki, ora da nə gələn var, nə gedən.
Ustalar da papaqların satılmadığını, bu işdə bir xeyir olmadığını
görüb, bağlayırlar dükanı. Axı heç alan da yoxdu bu papaqlardan.
Gərək bu papağı başında daşımağa layiq adam olsun ki, alsınlar da.
İndikilər "kepka", "beysbolka" taxır. Kişinin kişi papağı var.
Kepka nə müsəlman, nə Qafqaz, nə də Azərbaycan kişisinə
yaraşar".
Usta deyir, tikdiyi papaqlar aylarla rəflərdə qalır. Qışda bəzən
alıcı olur, yayda isə ümumiyyətlə gələn olmur. Alanlar isə təmiz
quzu dərisindən olan papaqlardan almır, çünki təmiz dərindən olan
papaqlar nisbətən bahadır: "Quzu dərisindən də papaq tikirəm,
qeyri-təbii parçalardan da. Alıcılar da elə qeyri-təbii mala qaçır.
Ucuz olduğu üçün daha çox ona üstünlük verirlər".
Hafiz dayının sözlərinə görə, quzu dərisindən olan papaqlar
qaldıqca köhnəlir. Belə olduqda biz də məcbur olub papağı uzuc
satırıq: "Bu, təbii dəridi. Qaldıqca öz keyfiyyətini itirir. Dəri
elə də ucuz deyil. 200 manata alıb zəhmətlə papaq hazırlayırıq.
Ancaq satanda bəzən heç dərinin pulunu çıxara bilmirik. İndi nə
papaqçı qalıb, nə papaq geyən, nə də papağa hörmət".
Papağını göstər, haralı olduğunu deyim
Bir çox papaqçı dükanlarında şahidi olduğum bir məqamla burada
rastlaşmadım. Bəzi ustalar papaq satışından gəlir əldə edə
bilmədikləri üçün divara "papaqla şəkil çəkdirmək 1 manat" yazılı
lövhə vururlar. Ancaq Hafiz dayının dükanında belə bir lövhəyə rast
gəlmədim. O, deyir mən əlimin zəhmətilə pul qazanıram. Papaqçılığı
atasından öyrənən usta 15 yaşından 30 ildir ki, həvəslə bu işlə
məşğul olduğunu deyir: "Atam babamın, mən isə atamın sagirdi
olmuşam. Ancaq indi mənim davamçım yoxdu. Mən öz peşəmi sevirəm.
Həvəslə də çalışıram. Alıcının olmaması da məni ruhdan salmır.
Əlimdən bundan başqa heç nə gəlməz".
Ancaq papaq ustasının bir arzusu var. O, milli papaqlarımızın
keçmişə qarışıb yox olmasını istəmir. Deyir ki, milli papaqlarımız
mədəni irs, nümunə kimi qorunsun: "İndi bu papaqlardan taxmasalar
da, heç olmasa bilək ki, unudulmayacaq. Gələcək nəsil bilsin ki,
köhnə kişilərin belə papaqları olub".
Papaqlarla bizi tanış edən usta deyir ki, bəy papaqları balaca
olur. Eynən H.Z.Tağıyevin papağı kimi. Papağın forması bölgələrə
görə də fərqlənirmiş. Usta deyir ki: "Bəzi bölgələr var ki, 12
sm-lik papaq taxır. Bakıdan kənara çıxıb şimala getdikcə papaqların
hündürlüyü də artır. Səbəbini bilmirəm ancaq Qarabağ, Şəki xanları
da bir qədər böyük və uzun papaqlar geyiblər. Vaxtilə haralı
olduğunu papağının formasından biliblər".
Doğulmamış quzu Sibir tülküsündən
qiymətlidir
Dükanda divardan balaca quzu dəriləri asılmışdı. Onlar da öz
növbələrini gözləyirdi. Görəsən, o balaca quzulardan neçə bəyin
başına papaq hazırlanacaq?..
Əlimizə alıb daha yaxından baxdıq dərilərə. Usta deyir ki, bu
dərilər doğulmamış quzu dərisidir. O dəri quzu hələ ana bətnində
olarkən götürülür və tam hazır olandan sonra papaq hazırlamaq üçün
satılır.
Əslində xoşagəlməz bir şey olsa da, həqiqətdir ki, keşmiş bəylər
bəyliklərindən qalmayaraq hələ doğulımamış quzu dərisindən də papaq
tikdirirmiş.
Dükanda diqqət çəkən digər papaqlar isə Sibir tülküsünün
dərisindən hazırlanan papaqlar idi. Usta deyir, indi daha çox
xanımların bəzək xətrinə çiyinlərinə atdığı Sibir tülküsünün
dərisindən gözəl və isti papaqlar da lazırlanır.
Bəy papaqlarının bəylərə layiq qiyməti
Qiymətlərinə gəlincə isə, quzu dərisindən olan papaqlar daha
bahadır. Qiymət 80 manatdan başlayaraq 150-200 manat arasında
dəyişir. Tülkü dərisindən olan papaqlar isə 50-100 manat
dəyərindədir. Süni dəridən olanlar isə 30-20 manatdan baha deyil.
Ən bahalı papaqlar quzu dərisindən hazırlananlardır.
Papaqların növlərindən və tikilmə qaydalarından da danışan usta
bu işin sevgi və əmək tələb etdiyini deyir. Bir papağın tikilməsinə
elə də çox vaxt sərf olunmasa da, usta burada da diqqətin mütləq
olduğunu bildirdi: "Bir papağı bir günə də tikmək olar, 3 günə də.
Sənin diqqətli və cəld olmağından asılıdır. Ancaq vaxt çox olanda
daha rahat və incəliklə işləyirsən. Papağın təkcə üstü deyil, onun
içini, astarını da diqqətlə tikmək lazımdır. Bir-iki tikiş atıb
satsam, baxan deyər, bu, heç papaqçı deyil ki?"
Sonda usta deyir ki, əsl insan nə ilə məşğul olmasından asılı
olmayaraq işini vicdanla görməlidir:
"İstər müəllim ol, istər həkim, istər papaqçı, istərsə də
çəkməçi. Əsas vicdandır. Hər kəs öz işi ilə sevərək və vicdanı ilə
məşğul olsa, kifayət edir".
Sonda... cibimizdə ustadan quzu dərisindən olan papaq alacaq
qədər pulumuz olmasa da, hər biri ilə şəkil çəkdirib bəy havasına
girdik.