Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən qadın
məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən
Quliyeva Lamiyə Sahib qızının övlad dünyaya gətirməsi barədə
yayılan xəbərlərə münasibət bildirilib.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov
açıqlamasında adıçəkilən məhkumun şəxsi istəyi ilə övlad dünyaya
gətirdiyini deyib: "Ona qarşı hər hansı zorakılıq faktı qeydə
alınmadığı, cəzaçəkən şəxs özü ilə bağlı məlumatların
ictimailəşməsini istəmədiyi və nəhayət Azərbaycan qadını olduğu
nəzərə alınaraq Lamiyə Quliyevanın şəxsi həyatına, şərəf və
ləyaqətinə hörmətlə yanaşıldığı üçün bu məsələ Ədliyyə Nazirliyinin
Penitensiar xidməti tərəfindən qabardılmayıb.
Təəssüf ki, vətəndaş cəmiyyəti təşkilatları içərisində səmərəsiz
fəaliyyəti ilə seçilən, ictimaiyyətə heç bir töhfə verməyən və
yalnız görülən işlərə ikrah hissi ilə yanaşaraq ictimai fikri özünə
cəlb etməyə çalışan bir sıra QHT rəhbərləri və KİV nümayəndələri
məhkum Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi xəbərindən şou
yaratmağa cəhd edirlər.
Məhkum hamilə olduğu müəyyən edildiyi vaxtdan Tibb Baş İdarəsi
tərəfindən həkim nəzarətinə götürülüb, onun zəruri tibbi qayğı ilə
əhatə olunması təmin olunub. Lamiyə Quliyeva ötən il oktyabrın
16-da Bakı şəhəri 2 saylı Doğum Evində oğlan uşağı dünyaya gətirib.
Cəza çəkdiyi müddətdə ana olmuş digər məhkumlar kimi Lamiyə
Quliyevaya də xəstəxanadan çıxdıqdan sonra qanunun tələblərinə
uyğun olaraq cəzaçəkmə müəssisəsindəki uşaqlı analar üçün nəzərdə
tutulmuş yataqxanada xüsusi şərait yaradılıb.
Onun dünyaya gətirdiyi uşağın atasının kimliyinə gəlincə,
bununla bağlı araşdırma aparılır. Məhkum həbsdə olduğu müddətdə
istər 4 saylı cəzaçəkmə müəssisəsində, istərsə də İstintaq
təcridxanasında, məhkəmədə və müalicə müəssisəsində dəfələrlə
qohumları, yaxınları və dostları ilə görüşüb, həmçinin qısa və uzun
müddətli görüşlərdə olub. Məsələ ilə bağlı hazırda tibbi ekspertiza
tədbirləri həyata keçirilir".
Y.İsakov qeyd edib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
tabe qurumlarında saxlanılan qadın məhkumların hamiləliyi və övlad
dünyaya gətirmələri Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin və
Penitensiar xidmətin nəzarətindədir və buna xüsusi dövlət qayğısı
var: "Hazırda qadın müəssisəsində 5 nəfər azyaşlı uşağı olan məhkum
saxlanılır. Penitensiar Xidmət aidiyyəti dövlət qurumları və
qeyri-hökumət təşkilatları ilə bu sahədə sıx əməkdaşlıq edir. Həmin
qadınların saxlanma şəraiti, ailələri ilə bağlı problemləri,
müxtəlif rəsmi sənədlərinin hazırlanması kimi bütün qayğıları Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatının və müxtəlif QHT-nin diqqət
mərkəzindədir. Azyaşlı uşağı olan məhkumların saxlanma şəraitinin
KİV-də işıqlandırılmasına Penitensiar Xidmət tərəfindən dəfələrlə
şərait yaradılıb, QHT və KİV-lərin bu təşəbbüsləri təqdir edilib.
Penitensiar Xidmət həmçinin cəzaçəkmə müəssisələrində keçirilən
nikah mərasimləri, məhkumların öz yaxınları ilə qısa və uzun
müddətli görüşlərinə yaradılan şəraitlə bağlı ictimaiyyətə geniş
məlumat verib.
Penitensiar Xidmət bir daha bildirir ki, övlad dünyaya gətirmək
bütün qadınlar kimi törətdikləri cinayətə görə cəza çəkən
qadınların da haqqıdır. Azadlıqdan məhrum edilmələrinə baxmayaraq,
ölkə qanunvericiliyinə görə, bu şəxslər ana olmağa hazırlaşdıqları
müddət ərzində və övlad dünyaya gətirdikdən sonra tam dövlət
qayğısı ilə əhatə olunur, müvafiq rejimdən azad edilir və cəzaçəkmə
müəssisəsində yaradılmış hərtərəfli şəraitlə təmin olunurlar" .
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə
həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və
317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının
normal fəaliyyətini pozma) maddələrinə əsasən təqsirləndirilən L.
Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir
rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə
yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair
İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə
Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Qeyd edək
ki, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürən
qadın barəsində Axar.az İşgəncələr Əleyhinə Komitənin sədri Elçin
Behbudova istinadla xəbər yaymışdı.
Penitensiar Xidmətin açıqlamasından belə məlum olur ki, 3 ay
öncə dünyaya gələn uşağın atasının kimliyi barədə araşdırma davam
edir. Bura hamiləlik dövrünü də əlavə etsək, atanın kimliyini
müəyyənləşdirmək üçün kifayət qədər böyük zamanın olduğunu görmək
mümkündür.