"Bu gün Rusiya üçün əsas
hədəflərdən biri Gürcüstan və Azərbaycandır".
Bu barədə Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux
Məmmədov deyib. Onun sözlərinə görə, Rusiya bütün tərəfləri
provokasiyaya çəkmək istəyir:
"Rusiya üçün Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi
qəbuledilməz olaraq qalır. Bu isə o deməkdir ki, Rusiya növbəti
addımını atmaq üçün sadəcə zamanın gəlməsini gözləyir. Bu gün
Rusiyanın əsas hədəflərindən biri Gürcüstan və Azərbaycandır. Biri
Avropa, digəri isə Asiya qapısı olan bu coğrafi bölgə strateji önəm
daşıyır. Rusiya beynəlxalq güclərlə mövqe mübarizəsində çox
gerilədiyi üçün daxilinə çəkilərək, köhnə postsovet məkanında
güclənmək istəyir. Bunun yolunu isə işğalda görür. Bizdə olan
informasiyaya görə, Rusiya tarixdə ilk dəfə olaraq Ermənistan
ərazisində "Qafqaz 2015-2016" kod adı altında ən böyük hərbi və
kəşfiyyat təliminə hazırlaşır. Bu yeganə təlimdir ki, orda sadəcə
Müdafiyə Nazirliyi əsgərləri deyil, həmçinin Federal Təhlükəsizlik
Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı kəşfiyyat
qrupları, Daxili İşlər Nazirliyinə tabe qoşunlar iştirak edəcək.
Bunun bir məqsədi var – Cənubi Qafqazı işğal etmək. Rusiyanın bu
təlimi öz ərazisində deyil, məhz Ermənistanda keçirməsi buna
işarədir. Bunun iştirakçı sayına görə ən böyük təlim olacağı da
deyilir. Qərb artıq bu barədə məlumatlıdır və Gürcüstan dövlətinə
xəbərdarlıq edilib ki, istənilən provokativ addımdan uzaq
dursunlar. ABŞ istəyir ki, Gürcüstanı bu təhlükələrdən qorumaq üçün
onun Alyansa qəbulunu sürətləndirsin. Bu baş verəcəyi halda
Rusiyanın Cənubi Qafqazı işğalı mümkünsüzdür. Rusiya isə Gürcüstanı
Alyansa qəbulundan öncə işğal etmək niyyətindədir. Artıq tərəflər
açıq şəkildə prosesdən xəbərdardırlar. Əgər 2016-ci ildə NATO
Gürcüstanla bağlı əsaslı qərar qəbul etməsə, o zaman Rusiyanın
müdaxilə imkanı genişlənəcək".
Qeyd edək ki, bu gün Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli
Gürcüstanın NATO-ya üzv olmayacağı təqdirdə bunun Tiflis üçün əsl
faciəyə çevriləcəyini bildirib. Bundan başqa bir neçə gün öncə
Rusiyanın dəstəyi ilə Gürcüstanın iki kəndi alınaraq Cənubi
Osetiyaya qatılıb. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi
Cənubi Osetiyanın tərkibinə daxil edilib.
Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri isə bir neçə gün öncə
İrəvana səfər edib. Onun bu səfərinin cəbhə xəttində vəziyyətin
gərgin olduğu günə təsadüf etməsi bir çoxlarında Rusiya ilə bağlı
yeni sualların meydana gəlməsinə səbəb olub.