Uzun illər Ədalət
Partiyasının mətbuat xidmətinin rəhbəri olmuşam, bu səbəbdən də
mətbuat xidmətlərinin işinin necə qurulmasının yaxşı və pis
tərəflərini, çətinliklərini dəqiqliyi ilə bilirəm.
Bunu Axar.az-a dövlət qurumlarının mətbuat xidmətlərinin
fəaliyyəti barədə danışan Strateq.az saytının baş redaktoru Elxan
Şükürlü bildirib. Onun sözlərinə görə, mövcud dövlət qurumlarının
hər hansı birində özlərinin tətbiq etdiyi iş üslubunu görmür:
"Mətbuat xidməti bir qurumun güzgüsü, sifətidir. Mətbuat xidməti
təmsil etdiyi qurumu cəmiyyətdə qısa zaman ərzində hörmətə, şöhrətə
də mindirər, onu rüsvay da edər. Kimsənin xətrinə dəysə də,
deməliyəm ki, mən dövlət qurumlarının hər hansı birinin mətbuatla
münasibətlərini düzgün qurduğu qənaətində deyiləm. Düzgün
qursaydılar, cəmiyyətdə bu qədər problem olmazdı".
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Mədəniyyət
Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi,
Baş Prokurorluq, Gənclər və İdman Nazirliyinin mətubat
xidmətlərinin normal çalışdığı qənaətindədir:
"Son bir ildəki göstəricilərə görə, Əmək və Əhalinin Sosial
Müdafiəsi və Müdafiə Nazirliklərini də yaxsi isləyənlər sırasına
aid etmək olar.
İnformasiya almaqda çətinlik çəkməmişik, amma Hərbi
Prokurorluğun, MTN-nin mətbuat xidmətləri sıfır səviyyəsində
isləyir".
"Ədalət" qəzetinin informasiya şöbəsinin müdiri Ədil Ədilzadə
müntəzəm əlaqə saxladıqları bəzi mətbuat xidmətlərinin fəaliyyətini
yüksək dəyərləndirir:
"DSMF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ARDNŞ, Milli
Məclisin mətbuat xidmətinin rəhbərlərini nümunə göstərə bilərəm.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun
fəaliyyəti də qənaətbəxşdir".
Azxeber.com xəbər portalının baş direktoru Əfsələddin Ağalarov
isə bəzi mətbuat xidməti rəhbərlərini məmurlaşmaqda qınayır:
"Bura redaksiyalarda geyindiyi yerli kostyumu nazirliyin mətbuat
katibi təyin olunduqdan sonra italyan kostyumuna dəyişən insanlar
aiddir. Bu məmurlaşmış mətbuat katibləri mənim gözümdə keçmişini
pozanla silməyə çalışanlardır. Məsələn, onlar öncələr
redaksiyalarda müxbir, redaktor işləmələrinə baxmayaraq, vəzifəyə
təyin olunduqdan sonra jurnalistləri hər zaman pisləyirlər və
onları günahlandırırlar. Bu adamlar təkcə ictimaiyyət üçün yox, elə
o nazir üçün də təhlükəli adamlardır.
Bəyənmədiklərim də var, bəyəndiklərim də. RYTN-nin mətbuat
katibi Müşfiq Əmirovu, ASAN-ın mətbuat katibi Anar Hüseynovu, Dini
Qrumların ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadovu,
DSMF-nin mətbuat katibi Əmrah Fəqanoğlunu, Müdafiə Nazirliyinin
mətbuat katibi Vaqif Dərgahlını, XİN-nin mətbuat katibi Hikmət
Hacıyevin fəaliyyətini bəyənirəm və düşünürəm ki, onlar bu sahədə
öz potensiallarını sonuna qədər xərcləyən, məmurlaşmamış mətbuat
katibləridirlər".
Report.az informasiya agentliyinin iqtisadiyyat üzrə müxbiri
Tural İbadlı Azərişıq ASC, Energetika Nazirliyi, Vergilər
Nazirliyinin mətbuat xidmətlərinin fəaliyyətindən razıdır:
"Beynəlxalq qurumlardan Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma
və İnkişaf Bankı və Dünya Bankını da bu sıraya aid etmək olar".
"Günəlik Teleqraf" qəzetinin əməkdaşı Bəxtiyar Məmmədlinin
fikrincə, bir müddət əvvəl müxtəlif dövlət qurumlarının mətbuat
xidmətləri onların tənqid edilməsindən nəticə çıxararaq normal
fəaliyyət göstərmək üçün müəyyən addımlar atıblar:
"Amma son dövrlər onların fəaliyyəti haqqında xoş söz demək o
qədər düzgün olmaz. Təbii ki, bu fikirləri bütün dövlət
qurumlarının mətbuat xidmətlərinə şamil etmirəm. Ancaq necə
deyərlər, qurunun oduna yaş da yanır. Bu gün qane edəcək mətbuat
xidmətlərindən Metropoliten, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət
Dəstəyi Şurasının adını çəkmək olar".
"Fineko" informasiya agentliyinin müxbiri Ülviyyə İsmayılova isə
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin fəaliyyyətindən tam razı
deyil. Onun fikrincə, nazir və nazir müavinləri ilə danışmaq,
mətbuat xidməti ilə danışmaqdan asandır.
"Həftə İçi" qəzetinin reportyoru Tural Turan Müdafiə Nazirliyi,
MTN, Rabitə Nazirliyindən, eləcə də Vergilər Nazirliyinin mətbuat
xidmətindən narazılığını dilə gətirib: "Çünki olduqca passivdirlər
və mətbuatla işləmək istəmirlər. Məsələyə vaxtında münasibət
bildirmirlər. Ona görə də sosial və internet mediada bir sıra
təsdiqlənməmiş yalan xəbərlər yayılır".
"İki Sahil" qəzetinin əməkdaşı Ceyhun Piriyev də digər
həmkarları kimi Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin
fəaliyyətindən gileyləndi: "Bu şəxsi yerində tapmaq müşkül
məsələdir. SOCAR, Azərsu, DSMF-nin mətbuat xidmətləri ilə əlaqə
yaratmaq isə tək mənim üçün yox, çoxları üçün olduqca rahatdır.
Digər qurumların mətbuat xidmətlərinin fəaliyyətləri qənaətbəxşdir.
Yəni təmsil etdikləri qurumların fəaliyyətinə uyğun olaraq işlərini
qura bilirlər".