Milli musiqimizin xarakterik xüsusiyyətlərindən biri
odur ki, öz zəngin ənənələrinə əsaslananda daha böyük uğurlara nail
olur və irəliyə doğru inkişafda bənzərsizliyini sübuta yetirir.
İfaçılıq sənətimizin də gözəl ənənələri olmuş və təbii ki, bu
ənənələrin yaşaması və inkişafı musiqi ifaçılarımızdan çox asılı
olub.
Azərbaycan incəsənəti tarixində tar məktəbinin layiqli
nümayəndəsi Sərvər İbrahimovun da ifası məhz ənənəyə sadiqlik
baxımından uzun illər sevilə-sevilə dinlənilib, zövqləri oxşayıb,
xoş ovqat yaradıb. Sərvər İbrahimov 40 ildən çox bənzərsiz ifası
ilə, muğamlarımızı gözəl bilməsilə əsl sənətkardan gözlənilənləri
xalqa çatdırıb.
İbrahimov Sərvər Rza oğlu 13 fevral 1930-cu ildə Şuşada anadan
olub. Atası Rzanı Şuşada tanımayan yox idi. Şirni bişirib
satdığından adına Şirniçi Rza deyərdilər. Atasının nə musiqi
savadı, nə də bir alətdə çalmaq qabiliyyəti vardı. Amma həyat
yoldaşının, yəni Sərvərin anasının qarmon çalmağını çox xoşlayardı.
Sərvərin də uşaq ikən musiqi ilə maraqlandığını görüb "ana tərəfə
çəkmisən" deyə zarafat edərmiş. Anası kimi dayıları da musiqini
yaxşı bilirdilər. Onlardan biri sonralar respublikanın əməkdar
incəsənət xadimi olmuş bəstəkar Zakir Bağırov idi.
Atasının təkidi ilə dayısı onu 10 yaşında ikən Şuşa pionerlər
evinin tar dərnəyinə yazdırır. Bir il sonra müharibə başlayır.
Həmin il İbrahimovlar Bakıdakı evlərinə köçürlər. Tay-tuşlarından
fərqli olaraq Sərvər günün çoxunu tar çalmaqla keçirirdi. O, 14
yaşında ailələrinin dostu Əhməd Bakıxanovun məsləhəti ilə
sənədlərini Asəf Zeynallı adına musiqi texnikumunun tar şöbəsinə
verir və qəbul olunur. Həmin gün bütün qohumlar gözaydınlığı vermək
üçün Sərvərgilə yığışmışdılar. Əhməd müəllim "Oğlum, sən daha uşaq
tarı ilə məktəbə gedə bilməzsən. Bunu sənin üçün almışam.
Sadıqcanın tarıdır, onu qoru. Mən əminəm ki, bu tar sənə başucalığı
gətirəcək", - deyərək onun alnından öpür. Sərvər sonralar
xatırlayırdı ki, "O günü sevincimdən yata bilmədim. Sədəfli tara
baxmaqdan doymurdum".
Lakin həyatı boyu bir çox haqsızlıqlarla üzləşən, ümidsizləşən
Sərvər çox sonralar Əhməd müəllimin bağışladığı tarı, 46 illik
sənət dostunu taleyin kəcrəftarına dözməyib satır. Tarzən özü bu
barədə ağlayaraq deyirdi:
"Əhdə vəfasız çıxdım. Mən onu çörək pulu üçün satmadım. O məni
yaşatdı, mənsə onu..."
Sərvər İbrahimov 1944-1950-ci illər ərzində A.Zeynallı adına
Orta ixtisas Musiqi məktəbində təhsil alaraq tar ifaçılığı
sənətinin incəliklərinə yiyələnir, müəllimləri Əhməd Bakıxanov,
Mirzə Mansur və Adil Gəraydan tarın xəlvəti bəyanlarını, qaranlıq
xallarını öyrənir.
Gənc Sərvər musiqi məktəbində oxuya-oxuya Əhməd müəllimin
rəhbərlik etdiyi radionun xalq çalğı alətləri ansamblına, az sonra
isə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının
instrumental qrupuna işə qəbul olunur. Məmmədağa Muradov (tar),
Qulam Qasımov (tar), Məmmədağa Ağayev (qarmon), Tələt Bakıxanov
(kamança), xorun solistlərindən Məmməd Salmanov, Səyyarə Hüseynova
kimi sənətkarlar onun gənclik illərində ilk sənət dostları
olmuşdur. Hər şey Sərvərin gözlədiyindən də yaxşı gedirdi. Səhərlər
dərs, günorta məşq, axşamlar konsert. Onun bir dəqiqə də olsun boş
vaxtı qalmırdı. Başqa ansambllardan fərqli olaraq, bu kollektivdə
işləmək instrumental qrupdan böyük ustalıq, yüksək texnika,
tarzəndən isə möhkəm bilək tələb edirdi. Sərvərin gələcək
uğurlarında bu ansamblın böyük rolu olmuşdu.
Bir gün Səid Rüstəmov onu yanına çağırıb radionun xalq çalğı
alətləri orkestrində solist işləməyi təklif edir. Bu təklif Sərvər
üçün gözlənilməz olduğundan həmin anda nə cavab verəcəyini bilmir.
Orkestrdə solist işləmək 16-17 yaşlı gənc üçün böyük etimad idi.
Burada çalışaraq gənc tarzən həm məharətini göstərir, həm də
respublikanın ən tanınmış müğənniləri - Gülağa Məmmədov, Şövkət
Ələkbərova, Sara Qədimova, Əlibaba Məmmədov, solistlərdən Əhsən
Dadaşov, Baba Salahov, Bəhruz Zeynalov, Habil Əliyev və s. kimi
sənətkarlarla çiyin-çiyinə işləmək şərəfinə nail olur. O vaxt
orkestr muğam, rəng, dəramədlər də ifa edərdi. Ayrı-ayrılıqda hər
ifaçı muğamın bir hissəsini çalardı... Beləcə sənət yolunda
cilalana-cilalana Sərvər İbrahimov Səid müəllimin sevimli
solistlərindən birinə çevrilir.
Lakin gənc tarzənin sənət yolundakı uğurlarını, onun pillə-pillə
yüksəlməsini gözü götürməyən bəzi bədxahları öz məkrli planlarını
həyata keçirməyə başlayırlar.
1957-ci ildə Moskvada VI Ümumittifaq Gənclər festivalı
keçirilirdi. Respublikadan bu mötəbər tədbirə gedəcək tanınmış
incəsənət xadimləri siyahısına Sərvərin də adı salınmışdı. Artıq
son məşq gedirdi. Səid müəllim 10 dəqiqəlik fasilə elan edir. Tarı
kürsünün üstünə qoyub bayıra çıxan Sərvər qayıtdıqdan sonra onu
yerində görmür. "Bəlkə kimsə zarafat edib", deyə özünü ələ alır.
Tarın həqiqətən itdiyini biləndə isə dünya gözlərində
qaralır...
Keçirdiyi sarsıntıya baxmayaraq, Sərvər İbrahimov bu festivalda
uğurla çıxış edir. Festival gənc tarzənin yaddaşında dərin iz
salır. Şərq xalqları mahnılarının ifası üzrə münsiflər heyətinin
sədri böyük müğənnimiz Bülbül olan bu festivalda Sərvər İbrahimov
ilk dəfə bir daha milli musiqimizin nələrə qadir olduğunun canlı
şahidi, həm də iştirakçısı olur. O vaxt tələbə olan, sonralar
tanınmış alim-musiqişünas Vəli Məmmədovun həmin festivalda Sərvər
İbrahimovun müşayiətilə oxuduğu "Kürdü-Şahnaz" və "Heyratı"
muğamları ürəkləri riqqətə gətirir. Tamaşaçılar onlara bir möcüzə
kimi baxırdılar. Onlar isə sadəcə olaraq Azərbaycan milli muğamını
ifa etmişdilər. Vəli Məmmədov həmin festivalın qızıl medalını alır.
Sərvərin də tar çalmağı yüksək qiymətləndirilir. Sərvər İbrahimov
festivaldan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə qayıdır. Bu, onun
ilk qələbəsi, həyatının ən xoş anı olur.
Bir il sonra 1958-ci ildə "tar oğurluğu" ikinci dəfə təkrar
olur. Və ən nəhayət, 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan
incəsənəti dekadasına hazırlaşdığı vaxt eyni hadisə üçüncü dəfə
təkrarlanır. Artıq "tar" əməliyyatının təsadüf olmadığına Sərvərin
şəkk-şübhəsi qalmır. Amma o, bu imtahandan da üzüağ çıxır.
Dekada günlərində Sərvər İbrahimov Bülbül, Xan Şuşinski, Şövkət
Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov və bir sıra tanınmış
incəsənət xadimləri ilə birgə Moskva tamaşaçıları qarşısında
maraqlı konsert proqramları ilə çıxış edir. Ən yadda qalanı isə
sonuncu gün Böyük Teatrda Xan Şuşinskinin, Şövkət Ələkbərovanın,
Sara Qədimovanın ifa etdiyi "Qarabağ şikəstəsi" olur.
Moskvadan qayıtdıqdan sonra bir qrup incəsənət xadimlərinə fəxri
adlar verilir. Siyahıda Sərvərin adı olsa da, fərman qəzetdə dərc
olunanda onun adı çıxarılır.
Sərvər İbrahimovun 1975-ci ildən sonrakı sənət taleyində əcnəbi
ölkələrə qastrollar unudulmaz və yaddaqalandır. Bu ölkələrdə
sənətkarın sənət dünyasının pozulmaz səhifələri yazılıb. Onun Habil
Əliyev, Cəbrayıl Abbasəliyev və Çingiz Mehdiyevlə konsertləri hər
yerdə hərarətlə qarşılanıb. Əcnəbilər ecazkar Azərbaycan
musiqisinin qüdrətinə baş əyiblər.
İstedadlı tarzən uzun illər Bülbül adına orta ixtisas musiqi
məktəbinin tar sinfində dərs deyib, bilik və bacarığını gənc
nəsildən əsirgəməyib.
Sərvər İbrahimov ömrünün çoxunu Azərbaycan Dövlət
Filarmoniyasının xalq çalğı alətləri ansamblında işləyib, buradan
da təqaüdə çıxıb. Bu illər ərzində ustad tarzənin ifasında 10-dan
çox muğam və bəstəkar mahnıları lentə alınıb, radionun "Qızıl
fond"unda saxlanılır. Onlardan "Orta Mahur", "Segah zabul",
"Çahargah", "Şüştər", "Bayatı Kürd", "Çoban Bayatı", mayestro
Niyazinin "Arzu", S.Ələsgərovun "Küsmərəm", C.Cahangirovun "Aylı
gecələr", Montinin "Çardaş" və s. əsərləri göstərmək olar. Bir
məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, bu əsərlərin
çoxunu Sərvər İbrahimov 61 yaşında çalıb. Bəziləri artıq bu
yaşlarda tar sənəti üçün yaş məhdudiyyətinin başlandığını, biləyin
gücdən düşdüyünü söyləyir. Xüsusən Montinin "Çardaş"ı ifaçıdan
yorulmaz bilək, yüksək texnika tələb edir. O zaman Sərvərin
ifasında çoxları bunu fenomen hadisə kimi qarşılamışdı.
Sərvər İbrahimovun tar çalmağının xeyli hissəsi xanəndələri
müşayiətlə bağlıdır. Tarzən məşhur sənətkarlardan Bülbülü, Xan
Şuşinskini, Seyid Şuşinskini, Zülfü Adıgözəlovu və başqalarını
müşayiət edib. O özü bu barədə deyərdi: "Məlahətli zil səsi, şaqraq
zənguləsi olan və bu səsin imkanlarını düzgün qiymətləndirib
yaradıcılıqla oxuyan klassik xanəndələri çox xoşlayıram. Müşayiət
etdiyim xanəndə ürəyimcə oxuyanda elə bilirəm ki, bax, bu, musiqidə
mənim edəcəklərim idi, ancaq xanəndə səsi ilə çatdırdı".
S.İbrahimovun çaldığı hər hansı muğam, yaxud melodiya düzgün tar
ifaçılığına yaxşı nümunə idi. Həm də o, sadəcə olaraq bu vəzifəni
texniki cəhətdən yerinə yetirmir, improvizəsi, şirin barmaqları ilə
onu daha da zənginləşdirirdi. Musiqiyə bələd olan elə bir adam
tapılmaz ki, ilk "barmaq"lardan S. İbrahimovu tanımasın.
"Çahargah", "Bəstə-nigar", "Mənsuriyyə", "Segah", "Şikəsteyi-fars",
"Əraq", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Şur", "Simayi-şəms",
"Qatar", "Rast", "Hüseyn" və digər muğam çalğıları S.İbrahimovun
barmaqlarından süzülərək lent yaddaşında əbədiləşib.
Sənət dərsini Qurban Pirimov, Bəhram Mansurov kimi tarzənlərdən
alıb sənətkar əsl ifaçılığı ənənəyə sədaqətdə, zövqsüz dinləyicinin
səviyyəsinə enməməkdə görürdü. Ağsaqqal tarzən deyirdi: "Tarın
özünəməxsus çalınma qaydası var. O çalınma qaydası ki, başqa simli
alətlərə xasdır, onu tara zorla qəbul etdirməyin heç bir adı
yoxdur. Tar özü kimi çalınanda daha qiymətlidir, ifası daha
əzəmətlidir. Tarda edilən dartma, alt-üst mizrabları, forşlaqları,
silkələmələri düzgün mənimsəyib, ifa olunan musiqi parçasının
dinləyiciyə daha yaxşı çatdırılmasına nail olmaq lazımdır. Mən tar
çalanda daim buna çalışıram".
İstedadlı tarzən vətən musiqimizin səs ansamblını pozan, milli
səs zənginliyini, uyarlığını yabanı, kobud səslər içində əridib heç
edən gitara kimi yad alətlərə qarşı da mübarizə aparırdı. O, muğam
dilimizi, sənət səsimizi bayağılaşdırmamaq naminə gitaranı şüurlu
surətdə ansambldan kənar etməyi məsləhət görürdü.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, ömrünün 46 ilini
Azərbaycan incəsənətinə həsr etmiş, dünyanın 20-dən artıq ölkəsində
musiqimizi təbliğ etmiş, Qurban Pirimovun, Bəhram Mansurovun
davamçısı olan sənətkara zamanında layiqli qiymət verilmədi. Xalq
tərəfindən o çoxdan öz layiqli adını almışdısa da, onun Azərbaycan
incəsənətindəki əməyi dövlət tərəfindən uzun illər
qiymətləndirilməmiş qaldı. Sonuncu dəfə 1989-cu ildə bir çox
incəsənət xadimlərinə fəxri adlar verilərkən Sərvərin adı
birincilər sırasında olub. Naməlum səbəb üzündən onun adı sonradan
bu siyahıdan da çıxarılıb.
İfasına görə mükafatını yalnız dinləyicisinin ondan razı
qalmasında görən Sərvər ömrünün sonunadək bütün istedadını
tarzənlik sənətinin yaşarılığına sərf edib.
Taleyin kəcrəftarı ilə barışa bilməyən, özünü unudulmuş insan
hesab edən qocaman tarzən ömrünün son illərini ömür-gün yoldaşı
Lətifə xanımla bərabər tənhalıqda keçirir, düçar olduğu ürək
xəstəliyilə mübarizə aparırdı. Yalnız Azərbaycan Respublikasının
Prezidenti, ulu öndər Heydər Əliyevin fərmanı ilə 2000-ci ildə,
ölümündən 2 il öncə Sərvər İbrahimova respublikanın əməkdar artisti
fəxri adı verilir.
Görkəmli tarzən 2002-ci ilin may günlərinin birində dünyasını
dəyişir. Tar Sərvərin ömrü idi. Sərvər də tarı ona görə yaşadırdı
ki, o xalqındır.